Məhkəmə qərarları › İş №1(099)-531/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-531/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-531/2023 12.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Vaqif oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, evli, Yardımlı şəhəri, Nizami küçəsi, ev 46da qeydiyyatda olmaqla Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi, bina 24, mənzil 1-də yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sonuncunun qeyd etdiyi ünvandan götürüb özündə saxlamaqla sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq 3.000 manat pul vədinə əsasən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda 2205,0 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 2104,784 qram təmiz çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin təlimatı üzrə cinayətin digər naməlum iştirakçısı tərəfindən Lənkəran-Bakı magistral yolunun 58-ci kilometrliyində müvafiq yol nişanının yaxınlığında qoyulduğu yerdən 02 fevral 2023-cü il tarixdə saat 20 radələrində qanunsuz əldə edərək həmin psixotrop maddə metamfetaminin 34,784 qram təmiz çəkidə olan hissəsini öz əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində 01 ədəd sellofan bükümdə, psixotrop maddə metamfetaminin qalan 2070,0 qram təmiz çəkidə olan hissəsini və 2205,0 qram təmiz çəkidə narkotik vasitə heroini 01 ədəd qara rəngli idman çantasında saxlayaraq öz üzərində daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 20 radələrində Ələt- Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində çiynindən asdığı həmin qara rəngli idman çantası ilə birlikdə yolun kənarında piyada hərəkətdə olduğu zaman saxlanılıb DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən 726 saylı stasionar postunun inzibati binasına dəvət edilərək gətirilməklə orada həmin gün saat 21:40-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeyd edilən 34,784 qram təmiz çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisindən, qalan 2070,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamin 01 ədəd sellofan bağlamada və 2205,0 qram təmiz çəkidə narkotik vasitə heroin 01 ədəd sellofan bağlamada olmaqla Təqsirləndirilən şəxs sağ çiynindən asdığı və təqdim etdiyi həmin 01 ədəd qara rəngli idman çantasının içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İnternet vasitəsi ilə «İnstaqram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxslə tanış olmuşdur. İranlı Baba ilə mobil telefonda Whatsapp proqramı vasitəsi ilə bir neçə dəfə telefon danışıqları olmuş, bir-biri ilə əlaqə saxlayıb danışmışlar. Baba ona narkotik vasitə göndərib onun dediyi adama çatdırdıqdan sonra onu pul verəcəyini təklif etmiş, o da razılaşmışdır. Baba onun kartına 30 manat pul ataraq, narkotik vasitəsinin olduğu yerin şəklini ataraq həmin narkotik vasitəsini götürüb onun dediyi adama çatdıracağı təqdirdə ona 3000 manat pul da verəcəyini bildirmişdir. Lakin Baba ona həmin narkotik vasitələrinin 2 kq heroin və 2 kq patı olduğunu bildirmişdir. O, 02 fevral 2023-cü il tarixdə, saat 18-19 radələrində Lənkəran rayonuna gəlmiş, orada Baba onun mobil telefonuna bağlamanın qoyulduğu Lənkəran Bakı magistral yolunun “konumu” (yəni yerləşmə ünvanı) da göndərmişdir. O, taksi ilə həmin yerə çatıb, bir qədər piyada getdikdən sonra körpünün yanına çatmışdır. Lakin o, cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün həmin əraziyə çatdıqdan sonra Babanın göndərdiyi narkotik vasitəsini götürməyərək, həmin yerdə olan körpünü keçib Masallı istiqamətində qayıdarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, narkotik vasitə götürməmiş, polis əməkdaşları onun üzərinə çantada narkotik vasitə qoyaraq, ona təzyiqlər edərək boynuna almasını dedikləri üçün istintaq vaxtı sənədlərə imza etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o, törətdiyi əməli etiraf edərək ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə Baba adlı iranlının göndərdiyi “konum” (yerləşmə ünvanı) üzrə Lənkəran-Bakı maqistralında yol nişanının yanına çatmış, Babanın göndərdiyi içərisində narkotik vasitələr olan bir ədəd idman çantası, həmçinin çantanın yanında bir ədəd sellofan bükümdə metamfetamin qoyulmuşdur. Baba ona əvvəldən bildirmişdir ki, həmin bağlamanın yanında ona pay olaraq bir büküm metamfetamin də qoyduracaqdır. Pay bu mənada ki, istəsə onu özü qəbul edəcəkdi, istəsə də kiməsə satıb pulunu götürəcəkdi. İdman çantasının içində isə Babanın əvvəldən deməsinə görə bilmişdir ki, təxminən 2 kiloqram “kakos”, yəni narkotik vasitə heroin, 2 kiloqram da “patı”, yəni metamfetamin vardır. Həmin idman çantasını və yanındakı kiçik sellofan bükümdə metamfetamini götürmüş, bükümü əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuş, çantanı isə çiyninə keçirib magistral yolun kənarı ilə piyada hərəkət etməyə başlamışdır. Bundan sonra onu polis əməkdaşları saxlamışlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-in Baş Nakotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə işlədiyi Regional şöbəyə Təqsirləndirilən şəxs Masallı rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 02 fevral 2023-cü il tarixdə saat 20 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində çiynindən asdığı qara rəngli idman çantası ilə birlikdə yolun kənarında piyada hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs saxlamışlar. Xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmişlər, həmçinin təkliflərinə əsasən həmin şəxs də özünü təqdim etməklə öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var, əgər üzərində bu kimi qanunsuz maddə varsa bildirsin. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi şəkildə demişdir ki, çiynində olan çantada və öz cibində “kakos” və “patı” kimi tanıdığı maddələr, yəni narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs özləri ilə birgə Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən 726 saylı stasionar postunun inzibati binasına dəvət edib gətirmişlər, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb sağ çiynindən asdığı həmin qara çanta ilə birlikdə baxışa təqdim etmişdir. Sellofan büküm açılmış, baxış keçirilərkən bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmçinin qara çanta da açılıb baxış keçirilərkən çantanın içindən 01 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd sellofan bağlamada isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş həmin maddələr elektron tərəzidə çəkilərək miqdarları müəyyən olunmuş, daha sonra həmin maddələrlə birgə çanta və sellofan büküm götürülüb qablaşdırılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs səmimi danışıb bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan çantanı, eləcə də metamfetamin olan sellofan bükümü “Baba” adı ilə tanıdığı İran vətəndaşı olan şəxs onun üçün Ələt-Astara magistral yolunun kənarına qoydurmuşdur, özü onları həmin yerdən götürüb əldə etmişdir ki, sonradan Bakı şəhərinə özü ilə aparsın və “Baba” adlı şəxsin ona deyəcəyi hansısa bir yerə aparıb qoysun. Təqsirləndirilən şəxs bildirmişdir ki, çantada olan həmin narkotik vasitəni və psixotrop maddəni Bakıda hansısa bir yerə qoymaq müqabilində Baba adlı şəxs ona plastik bank kartı vasitəsi ilə 500 manat pul göndərəcəyini vəd etmişdir, cibindən aşkar edilmiş sellofan bükümdə olan metamfetamini isə özünə götürəcəkdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da oxşar məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 03 fevral 2023cü il tarixli, 19/149 nömrəli rəyində qeyd olunmuşdur ki, , tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 34,784 qram olan ağ rəngli kiçik kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı idman çantasından aşkar edilmiş 01 ədəd bağlamada heroinə bənzər kütlə, 01 ədəd bağlamada metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd qara rəngli idman çantasındakı 01 ədəd bağlamada təmiz çəkisi 2070,0 qram olan ağ rəngli kiçik kristallardan ibarət maddə metamfetamindir, 01 ədəd bağlamada təmiz çəkisi 2205,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə...” və “Təqsirləndirilən şəxs əlində saxladığı idman çantasından aşkar edilmiş 01 ədəd bağlamada heroinə bənzər kütlə, 01 ədəd bağlamada metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan 01 ədəd zərfdəki və 01 ədəd bağlamadakı ümumilikdə 02 ədəd ümumi təmiz çəkisi 2104,784 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in İ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 2104,784 qram olan metamfetaminin cəmi 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq 2104,684 qram metamfetamin, təmiz çəkisi 2205,0 qram olan heroinin 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq 2204,9 qram heroin qalmışdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə haqqında» protokol və videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, Təqsirləndirilən şəxs sağ çiynindən asdığı və təqdim etdiyi həmin 01 ədəd qara rəngli idman çantasının içərisindən isə 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli, 2721 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Androidone” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı “Android” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 901 966 4928 mobil nömrə istifadəçisinin “Azo” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmin nömrə ilə narkotik vasitələrin qanunsuz dövrüyyəsi barədə danışıqların aparılması müəyyən olunur, o cümlədən 02 fevral 2023-cü il tarixdə, saat 13:42-də +98 901 966 4928 mobil nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona “Heç bir problem deyil, deyərəm ödəsinlər....”, saat 15:07-də “Qardaşım, indi qoy danışım onunla, bilirsən də dörd kilo vəsait olacaq da, dörd kilodu, hərəsindən iki kilo olacaq, iki kilo daşdı, iki kilo torpaq” , saat 15:10da “Elədi elədi qardaşım, üç min manat sənin kartına atacam, dörd kilodu, dörd kilonun bir kilonu gətirib ünvana qoyasısan elə birinci, ünvan qoyandan sonra bir kilonu, yarım kilonu ünvan qoyasısan deyəcəm, ondan pulu alıb, ondan sonra üç kilo zad səndə qalacaq mal, onun da pulunu atacam, ondan sonra deyəcəm malın hamısını bir yerə qoy elə, gəlsinlər götürsünlər” mətnli smslər göndərilmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2204,9 qram narkotik vasitə heroin və 2104,684 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 29 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə şəxsi axtarış və götürmə aparılmasınına dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Andriodone”markalı mobil telefon və bir ədəd “Kapital Bank” məxsus plastik kart maddi sübut kimi tanınmış, bir ədəd DVD disk iş materiallarına əlavə edilmiş, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama anbarına təhvil verilmişdir. İş materiallarında 02 iyun 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi iləqeyd edilən maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və göndərilməsi faktlarına görə Azərbaycan Respublikası 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 fevral 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 26 aprel 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə cərimə cəzası 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli Respublika Psixatriya X3 şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli Masallı Rayon Mərkəzi X3 şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda durmur. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı şəhəri, Nizami küçəsi, ev 46-da qeydiyyatda olmaqla Masallı şəhəri, C.Cabbarlı küçəsi, bina 24, mənzil 1-də yaşayır, ailə tərkibi anasından və arvadından ibarətdir, yaşadığı müddət ərzində özünü səmimi və intizamlı aparmış, barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı tanışı iranlı «Baba» adlı şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış, saxlamışdır. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinci və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs oğlu törətdiyi əmələ görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2204,9 qram narkotik vasitə heroin və 2104,684 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Andriodone”markalı mobil telefon və bir ədəd “Kapital Bank” məxsus plastik kart onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasınına dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 02 fevral 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2204,9 qram narkotik vasitə heroin və 2104,684 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus bir ədəd “Androidone”markalı mobil telefon və bir ədəd “Kapital Bank” məxsus plastik kart onun yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılmasınına dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar