Məhkəmə qərarları › İş №1(099)-531/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-531/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-531/2024 28.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Lənkəran rayonun Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci il maddəsi ilə 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 03 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti bitməklə hazırda ittiham oldunduğu cinayəti törədərkən məhkumluğu ödənilməyən, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 533/2024 saylı, 31 iyul 2024-cü il tarixli Qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 2,323 qram olub külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 10 fevral 2024-cü il tarixdə saat 17:35-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Şiləvar kəndinin girişində, “Şiləvar dörd yolu” deyilən ərazidə saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü sərbəst ifadəsində təqsirli bilərək göstərmişdir ki, səhhətində problemlər olduğuna görə narkotik vasitə istifadə etmişdir, onurğasında 4-cü dərəcə skalyoz vardır. Narkotik vasitə istifadə etməyə ehtiyacı olduğundan, istifadə etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ittiham aktında nə yazılıbsa doğrudur. Törətdiyi əməlin problemlərdən çıxış yolu olmadığını anlayır. Hadisə belə olmuşdur ki, o, həmin narkotik vasitəni yenicə alıb həmin yerdən uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsində sorğu-sual edilərkən əməlini etiraf etmişdir. Çox sorğu-sual etməyə ehtiyac olmamışdır. Demişdir ki, narkotik vasitə onun üzərindədirsə, deməli onundur, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən yeni çıxmışdır, o, cəza çəkdiyi müddətdə narkotik vasitə qəbul edə bilməmiş və narkotik maddə qəbul etmədən dözə bilmişdir. Narkotik vasitə qəbul etmədən dayana bildiyi halda onu azadlığa çıxan kimi qəbul etdiyinə görə əməlindən peşmandır. Narkotik vasitənin istifadəsinə hazırda davam etmir, narkotik istifadə edən olmamışdır, lakin, həmin müddətdə müəyyən çətinlikləri olduğu üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videodiskə baxış keçirildikdən sonra suallara cavab olaraq özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ibtidai istintaqda üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu bildirməsinə dair ifadəsi həqiqətə uyğun olmamışdır. O, mağazadan viski oğurluğuna görə Lənkəran şəhərində “pullu-pulsuz” deyilən yerdə saxlanılaraq, post patrul xidməti əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Cinayətkar olduğuna görə post patrul maşınına minib getməli olduğunu düşünmüşdür, əlində viski butulkası olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini dəyişmir, həmin ifadəni özü vermişdir, sadəcə verdiyi ifadə həqiqətə uyğun olmamışdır. Onun üzərinə polis şöbəsində baxış keçirilən zaman narkotik vasitə aşkar olunmamışdır. Lənkəran Şəhər-Rayon Polis Şöbəsində əməliyyatçılara təhvil verildikdən sonra ona 9 saat ərzində təzyiq olunmuşdur, lakin, xəsarəti olmamışdır, heç bir orqana şikayət etməmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsinə dair sənədlərə imza etməyə məcbur edilmişdir. Saat 14:00 radələrində saxlanılmış, gecə saat 12-ə işləmiş polis şöbəsindən buraxılmışdır. Saxlanıldıqdan 3 saat sonra üzərində şəxsi axtarış aparılmışdır. Saxlanıldıqdan 3 saat ərzində əməliyyatçılardan birinin gəlib onun üzərinə baxış keçirməsini gözləmişlər. Onu polis şöbəsində 9 saat dayanmadan vurmuşlar, o da məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Üzərinə narkotik vasitəni qoyan polis əməkdaşı şəxsi axtarış keçirilən zaman videoçəkilişdə iştirak etməmişdir, əvvəllər 3 aya yaxın müddət metamfetamin növündə narkotik vasitədən istifadə etmiş, cəzaçəkmə müəssisəsində tərgitmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək qeyd etmişdir ki, Lənkəran rayonun Digah kəndində ailəsi ilə birlikdə yaşayır. Bədənində ağrılar olduğu üçün metamfetamin qəbul edir. Üzərində aşkar edilmiş metamfetamin ona məxsusdur. Belə ki, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Kiçik-bazar deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Həmin gün saat 17:30-da Lənkəran şəhər “Şiləvar dörd yolu” deyilən ərazidə yol kənarı ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş. Hüquq və vəzifələri ona izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa, təqdim etsin. O da həmin vaxt şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxartmış və bükümün içərisində kütlənin metamfetamin olduğunu və onu Lənkəran şəhər Kiçik bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd büküm təhqiqatçı tərəfindən baxış keçirildikdə, bükümün içərisində metamfetamin aşkar edilmişdir. Metamfetamin elektron tərəzidə çəkildikdə, çəkisi 2,43 qram olmuşdur. Sonda həmin Metamfetamin zərfə qoyularaq zərfin ucu möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra imzalanmışdır. Şəxs törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları təqsirləndirilən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilib iştirakçılarla birlikdə imza etmişlər. Metamfetamini əldə edərkən tək olmuşdur, şəxsi istifadəsi üçün almışdır. Metamfetamindən heç kəsə satmamış və heç kəsə də istiafdə etmək üçün verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Onun heç bir ciddi və psixi xəstəliyi yoxdur. ( i.v. 51-52, 62-63) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini polis əməkdaşlarının ona təzyiq göstərməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, çox vaxt üzərində saxlaması, daşıması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 10 fevral 2024-cü il tarixdə tərəfindən o, Şahid2 və Rəvan Xəlilovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Təxminən 10-15 dəqiqə müşahidədən sonra, saat 17:35-də Təqsirləndirilən şəxs Lənkəran rayonun Şiləvar kəndinin girişində “Şiləvar dörd yolu” deyilən ərazidə yol ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs də, onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs baş təhqiqatçı Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Rəvan Xəlilov tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək, bükümün içərisində özünə məxsus metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı həmin bükümün içərisinə baxış keçirdikdə, bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə bükümün çəkisi 2,43 qram olmuşdur. Təqsirləndirilən şəxslə bu barədə sorğu-sual edildikdə o, üzərindən aşkar olumuş kütlənin metamfetamin olduğunu və özünə məxsus olduğunu, səhər saatlarında Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata qəbul etmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə kağız paketə qoyulub möhürlənmişdir. Zərf DİN-in 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya aşkar edilməmişdir. Şəxsi-axtarış zamanı aparılmış videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat qrupunda post patrul xidmətinin əməkdaşları olmamışdır, təqsirləndirilən şəxs barəsində oğurluqla bağlı məlumat olmamışdır, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə ona daxil olmuşdur, təqsirləndirilən şəxs çəkiliş aparılan zaman vəkillə təmin olunmuşdur və ünsiyyət üçün çəkilişdən öncə şərait yaradılmışdır, ona zor tətbiq etməmişdir, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il, axşam saat 5-6 radələrində Şiləvar dörd yolu adlanan ərazidə 3 polis əməkdaşı tərəfindən saxlanılmışdır, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində içki butulkası görməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş və suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda post patrul xidmətinin əməkdaşları olmamışdır, təqsirləndirilən şəxs barəsində oğurluqla bağlı məlumat olmamışdır, təqsirləndirilən şəxs çəkiliş aparılan zaman vəkillə təmin olunmuşdur və ünsiyyət üçün çəkilişdən öncə şərait yaradılmışdır, ona zor tətbiq etməmişdir, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il, axşam saat 17:35-də Şiləvar dörd yolu adlanan ərazidə saxlanılmışdır, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində içki butulkası görməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -İşdə olan Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə, narkotik vasitə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması ilə bağlı 10 fevral 2024-cü il tarixli raport, qısa müddət ərzində özündə saxladığı və narkotik vasitənin, realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsindən ötrü «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 10 fevral 2024cü il tarixli qərar, həmin tarixli Lənkəran RŞPŞ-yə gətirilməsi barədə raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş videodisk, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(i.v. 3-8; 29-31) -İşdə olan 10 fevral 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.13) -İşdə olan «şəxsi axtarışın keçirilməsi haqqında» 10 fevral 2024-cü il tarixli protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd kağız büküm çıxararaq təhqiqatçıya təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə metamfetamin olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. ( i.v. 29- 31 ) -İşdə olan «məhkəmə-kimyəvi ekspertizasının» 10 fevral 2024-cü il tarixli 19/107 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə aşkar edildi...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,323 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubliksaının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. ( i.v 34-36) -İşdə olan «təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 12 fevral 2024-cü il tarixli, 5/044 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 54-55) -«İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli, 130 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorlarin qəbulundan yaranan asililiq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. ( i.v. 76) -İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 12 fevral 2024-ci il tarixli 115 saylı rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (77-78) -İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixatriya xəstəxanasında qeydiyyata deyil (i.v 94) -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci il maddəsi ilə 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 03 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. (i.v. 85-86, 95-102) -İşdə olan Lənkəran ŞİHB-nin Şiləvar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası, həyat yoldaşı və 2 azyaşlı övladı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v. 81-82) -İşdə olan müharibə veteranı vəsiqəsinin surətindən və ƏƏSMN Mərkəzləşdirilmiş EİS-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X1 X4 veteranı, gözdən 2-ci dərəcə müddətsiz təyin edilmiş əlilliyi vardır. -Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 10 fevral 2024-cü il tarixdə anten dairəsinin müəyyən edilməsinə dair 28 iyun 2024-cü il tarixli Azercell Telekom MMC-nin cavab məktubundan görünür ki, göstərilən tarixdə qeyd edilən nömrə Azercell şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona təzyiq göstərməsi, üzərindən aşkar olunmuş narkotik vasitə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən hədələnərək cibinə qoyularaq götürülməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və Narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin narkotik vasitə hesab edilir. Siyahılara əsasən metamfetamin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə etirafedici ifadə verməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək, saxlanılan zaman ona qarşı hər hansı fiziki və psixi təsir edilmədiyini bildirib, vəsatətin təmin edilməsinə etiraz etməmişdir. Bundan əlavə, həm özünün məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi, həm də iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə mateamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olması, 59.2-ci maddəsinə əsasən himayəsində X4 veteranı, gözdən 2-ci dərəcə əlil atasının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayəti residiv halında törətməsidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri. Xətai rayon Polis İdarəsində xx.xx.2024-cü il tarixdə AR CM-in 177.2.4 və 234.1-ci maddələri ilə cinayət işi başlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(011)-533/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə qüvvədə olan məhkəmə qərarının mövcudluğu nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). AR CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və ev dustaqlığında saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,273 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(011)-533/2024 saylı Qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, 2,273 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar