Məhkəmə qərarları › İş №1(099)-532/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-532/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-532/2024 28.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Lənkəran şəhəri, Firdovsi küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, 26 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri, Böyük-bazar adlanan ərazidə istintaqa və məhkəməyə məlum olmayan mənbədən qanunsuz olaraq 01 (bir) ədəd kağız bükümdə, külli miqdarda -2,041 qram çəkidə, tiryəkdən kustar üsulla hazırlanmış, narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 yanvar 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:40 radələrində Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsində piyada hərəkətdə olarkən saxlanılararaq, rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına dəvət edilib, orada üzərində şəxsi axtarış aparılarkən 2.041 qram çəkidə olan külli miqdarda narkotik vasitə heroin əynində olmuş şalvarın sol yan cibindən kağıza bükülmüş halda aşkаr edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü ilkin dindirmə zamanı təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları onu günün birinci yarısı- səhər çağı, 9-10 radələrində öz küçələrində, yəni, Lənkəran Rayon İcra hakimiyyətinin arxa tərəfində yerləşən küçədə saxlayıblar. Həmin küçədə dükanın qabağında dayanıb siqaret çəkirmiş, siqareti çəkib bitirdikdən sonra dükana çörək almağa gedəcəkmiş. Elə bu zaman bir nəfər ona yaxınlaşıb özünün polis əməkdaşı olduğunu bildirmiş və maşına minib onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişdir. Nəyə görə polis şöbəsinə getməli olduğunu soruşduqda cavab olaraq şöbədə biləcəyi deyilmişdir. Polis şöbəsində ona narkotik alıb istifadə etdiyi deyilmiş, o isə bunların yalan olduğunu bildirmişdir. Ona narkotik almadığı halda, narkotiki kimdən aldığını etiraf etməsə tutacaqları ilə hədələmişlər. Orada nəsə yazıb ona imzalamaq üçün verdikdə o, orada həmin yazılanlarla razı olmadığını yazmışdır. Daha sonra onu prokurorun yanına apardıqda özünü təqsirli bilmədiyini, narkotikin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmiş, həmin gün də onu buraxmışlar. O, əvvəllər metadon istifadəçisi olmuş, həb şəklində qəbul etmiş, daha sonra narkoloji dispanserdə müalicə almışdır. Lakin, üzərindən aşkar olunmuş heroin ona aid deyil. Əgər həmin heroinin dörddə biri belə onun olmuş olsaydı o cəzasını çəkməyə hazır olardı. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsiylə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, AR CPM-in 327.1.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı verilmiş ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələri təsdiq etmir, həmin ifadələrin ona aid olmadığını bildirir. Belə ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək qeyd etmişdir ki, Lənkəran şəhəri, Firdovsi küçəsi ev 19-da yaşayır. 2019-cu ildə CM-nin 206.2 və 234.1-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə həbsdən azad edilmişdir. Bədənində ağrılar olduğu üçün uzun müddət heroin qəbul edir. Üzərində aşkar edilmiş heroin ona məxsusdur. Belə ki, həmin heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük-bazar deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Həmin gün saat 15:40 radələrində Lənkəran şəhər Fikrət Məmmədov küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt şalvarının sol yan cibindən 1 ədəd kağız bükümü çıxartmış və bükümün içərisində kütlənin heroin olduğunu və onu Lənkəran şəhər Böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd büküm təhqiqatçı tərəfindən baxış keçirildikdə, bükümün içərisində heroin aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə heroinin çəkisi 2,30 qram olmuşdur. Sonda həmin Heroin zərfə qoyularaq zərfin ucu möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra imzalanmışdır, törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları təqsirləndirilən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilib iştirakçılarla birlikdə imza etmişlər. Bildirir ki, heroini Lənkəran şəhər Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata almışdır. Heroin aldığı şəxsin hansı ünvanda yaşadığını və ad soyadını bilmir. Heroini əldə edərkən tək olmuşdur. Heroini şəxsi istifadəsi üçün almışdır. Heroindən heç kəsə satmamış və heç kəsə də istifadə etmək üçün verməmişdir. O, mobil nömrədən istifadə etmir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Onun heç bir ciddi və psixi xəstəliyi yoxdur. ( i.v. 50-52, 63-64) İbtidai istintaqdakı ifadəsiylə məhkəmə istintaqındakı ifadəsinin arasında ziddiyyətin səbəbi araşdırılarkən təqsirləndirilən şəxs bildirmişdir ki, o, polis şöbəsində olarkən üzərində narkotik vasitə heroin olmamışdır, o, ümumiyyətlə heroin istifadə etməmişdir, əvvəllər metadon həblərindən istifadə etmişdir, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Polis şöbəsində ona uzun müddət fiziki və psixi işgəncələr göstərildiyindən, və hədələndiyindən, şəxsi axtarış zamanı narkotik vasitə heroinin özünə məxsus olduğunu və cibində saxladığını bildirmişdir, cinayət işinin materialları ilə tanış olan zaman sənədlərə imza edərkən “tanış oldum, vəsatətim yoxdur”, “yazılanları oxudum, mənim sözlərimlə düzgün yazılıb” sözlərini öz xətti ilə yazmışdır, həmin sözlərin “ittihamla razılaşmıram” mənasına gəldiyini düşünmüşdür. Bundan başqa, verilmiş əlavə suallara cavab olaraq vəkilə şəxsi axtarış aparılmazdan əvvəl təzyiqə məruz qaldığını bildirməməsinin səbəbi kimi, vəkilinə təzyiqə məruz qaldığını desə də nəyinsə dəyişməyəcəyini düşündüyünü, başqa vəkil istəmədiyini, istəsə də verilməyəcəyini düşündüyünü, onu döyən polis əməkdaşlarını üzdən tanıdığını, görsə tanıyacağını, üçünün də onu döydüyünü, döyülməyi barədə şifahi olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keşirən prokurora bildirdiyini, yazılı olaraq heç bir orqana şikayət etmədiyini, Lənkəran Rayon Polis Şöbəsində onun üzərinə axşamçağı saat 5-6 arası baxış keçirildiyini və səhər saat 9-dan axşamçağı üzərinə baxış keçirilənə qədər polis şöbəsində olduğunu, həm saxlanılan zaman, həm də polis şöbəsinə aparılan zaman mobil telefonunun ***-***-**-** nömrəsi ilə üzərində olduğunu, onun saxlanılmasında 3 nəfər polis əməkdaşının iştirak etdiyini, hər üçünün onu döydüyünü və videoçəkilişdə iştirak etdiyini, zərbələrin təsirindən bir neçə müddət qulağının eşitmədiyini, cibinə narkotik vasitəni qoyan şəxsin videogörüntüdə ondan arxa tərəfdə dayanan polis əməkdaşı olduğunu, müstəntiqə hadisələr necə baş veribsə hamısını olduğu kimi danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı təzələndikdən sonra verdiyi ifadəsində özünü təqsirli bilərək qeyd etmişdir ki, artıq uzun müddətdir ki, heç bir narkotik vasitədən istifadə etmir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, orada yazılanlar doğrudur, heç kimdən şikayəti yoxdur, ona qarşı heç kim fiziki və psixi təzyiq göstərməmişdir, məhkəmənin birinci baxış iclasında ibtidai istintaqda ona təzyiq göstərilməsi nəticəsində etirafedici ifadə verdiyini bildirməsi ilə bağlı dəlillərini müdafiə etmir, hazırda verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini, bu mümkün olmadıqda isə barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin, CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, çox vaxt üzərində saxlaması, daşıması barədə ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Rahid Əsgərov qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 26 yanvar 2024-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyata o, şöbənin əməliyyat müvəkkilləri Rahid Əsgərov və Şahid3 cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 15:40-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri Fikrət Məmmədov küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Eynulla Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsiaxtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək, bükümün içərisində özünə məxsus heroin olduğunu bildirmişdir. Təhqiqatçı həmin bükümün içərisinə baxış keçirdikdə, bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə bükümün çəkisi 2,30 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroini səhər saatlarında Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata qəbul etmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin olduğu büküm ekspertizaya təqdim olunması məqsədilə təhqiqatçı tərəfindən kağız paketə qoyulub bağlanılaraq möhürlənmişdir. Zərf DİN-in 135 saylı möhürü ilə möhürlənmiş və və üzərinə imzalar qoyulmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya aşkar edilməmişdir. Şəxsi-axtarış zamanı aparılmış videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsi xx.xx.2024cü il tarixdə, saat 15:40 radələrində Fikrət Məmmədov küçəsi ilə Firdovsi küçəsinin kəsişməsində saxlamışlar, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışdır, ona qarşı zor tətbiq etməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 əməliyyat müvəkkli Şahid2 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 3 rdələrində saxlamışlar, şəxsin üzərindən heroinə nənzər kütlə aşkarlanmışdır, Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını bildirmişdir, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə məqsədilə qanunsuz saxlaması barədə olmuşdur, ona qarşı zor tətbiq etməmişdir ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Eyni zamanda Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şahidlərin ifadələrinin tədqiqi zamanı onların həqiqəti danışdığını, ona Lənkəran ŞRPŞ-də psixi və fiziki təzyiq olunmadığını bir daha bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması ilə bağlı 26 yanvar 2024-cü il tarixli raport, qısa müddət ərzində özündə saxladığı və narkotik vasitənin, realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsindən ötrü «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 26 yanvar 2024cü il tarixli qərar, həmin tarixli Lənkəran RŞPŞ-yə gətirilməsi barədə raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş videodisk iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(i.v. 3-9; 31-34, 63-70) -İşdə olan «cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.14) - İşdə olan «şəxsi axtarışın keçirilməsi haqqında» 26 yanvar 2024-cü il tarixli protokoldan və həmçinin şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd kağız büküm çıxararaq təhqiqatçıya təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. ( i.v. 31-33 ) Cinayət işinə əlavə edilmiş -«məhkəmə-kimyəvi ekspertizasının» 27 yanvar 2024-cü il tarixli 19/72 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət: Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdə heroinə bənzər kütlə (2,30) aşkar edildi...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,041 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 45-49) - İşdə olan «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 28 yanvar 2024-cü il tarixli, 4/024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 54-55) - İşdə olan Lənkəran ŞRPŞ-nin 26 yanvar 2024-cü il traixli qərarından və “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmışdir. ( i.v. 13-14) -İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 26 yanvar 2024-ci il tarixli, 431 saylı rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. ( i.v 86-87) -İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2024-cü il tarixli, 443 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasına qeydiyyata alınmasına məsləhət görülür. ( i.v. 67) - İstintaq zamanı Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Əhmədov X2 şəhər Psixatriya xəstəxanasında qeydiyyta olmadığı müəyyən edilmişdir. (i.v 81) -İş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq Cinayət Axtarış Bölməsindən bildirilmişdir ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə onun narkotik vasitə heroin istifadə etməsi barədə məlumatlar əldə edilmişdir. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narktoik vasitələrin satışı ilə məşğul olması barədə CAB-a hər hansı bir məlumat daxil olmamışdır. (i.v. 85) - Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş Azərcell MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinin zənglərin tarixcəsi və anten məlumatlarından görünür ki, həmin nömrənin istifadəçisi xx.xx.2024-cü il tarix, saat 15:37-dək telefonu aktiv istifadə etmiş, telefon xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 15:37-dək “Lənkəran stadionunun yanındakı Bakcell qülləsi”, “Zərifə Əliyeva küçəsi 24” və “Zərifə Əliyeva küçəsi 68” ərazilərində olmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd etsə də, onun əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadəsi də nəzərə alınmaqla, təqsirləndirilən şəxsin özünü daxilən təqsirli bilmədiyi qənaətinə gəlir. Qeyd edilən səbəbdən məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinə dair ifadəsini təsdiq etməsinə baxmayaraq, müdafiə tərəfinin vəsatətinə əsasən təqsirləndirilən şəxsin tutulduğu gün üzərində olduğunu bildirdiyi telefon nömrəsinin anten dairəsinə dair məhkəmənin əldə etdiyi məlumaların tədqiqi zamanı məhkəmə istintaqındakı ilkin ifadəsində olduğu kimi 26 yanvar 2024-cü il saat 10 radələrindən 16 radələrinədək polis şöbəsində olduğunu yenidən bildirməsini də nəzərə alıb, onun bir-birinə zidd olan hər iki ifadəsində qeyd etdiyi dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, psixi zorakılığın təsiri altında etirafedici ifadə verdiyini və cibində saxladığını dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək qeyri-mötəbər sübut kimi qəbul edib, təqsirləndirilən şəxsin sonuncu məhkəmə iclasında özünü təqsirli bilməsinə dair ifadəsini səmimi, iş materiallarına uyğun hesab etməklə, sonuncunu mötəbər sübut kimi qəbul edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilkin məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ilkin məhkəmə baxışı iclasında özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni, onun xx.xx.2024-cü il saat 9 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb Lənkəran ŞRPŞ-yə aparılması, üzərinə təxminən saat 5 radələrində şəxsi axtarış keçirilməsi, həmin müddətdə polis şöbəsində olmasına dair dəlilləri məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Azərcell MMC-dən daxil olmuş yuxarıda qeyd olunan məlumatlarla təkzib edilir. Belə ki, məhkəmə tərkibinin müvafiq qərarının icrası olaraq Azərcell MMC-dən daxil olmuş 8 iyul 2024-cü il tarixli, 14465 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında müdafiəçisinin sualına cavab olaraq özünün bildirməsinə əsasən istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 09:14-də və 10:20-də “Lənkəran stadionunun yanındakı Bakcell qülləsi”, 10:52-də “Zərifə Əliyeva küçəsi 24”, 12:23-də yenidən “Lənkəran stadionunun yanındakı Bakcell qülləsi”, 12:35, 13:18, 15:15 və 15:37-də “Zərifə Əliyeva küçəsi 68” ünvanında olmuşdur. Həmçinin, həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsinin yuxarıda qeyd olunan anten dairələrində göründüyü vaxt o, tutulduğu gün saat 10:20-də ***-***-**-** saylı telefon nömrəsi ilə 89 saniyə, 10:52-də həmin nömrənin istifadəçisi ilə 30 saniyə, 12:23-də ***-***-**-** saylı nömrənin istifadəçisi ilə 52 saniyə, 13:18-də ***-***-**-** saylı nömrənin istifadəçisi ilə 14 saniyə,15:15-də ***-***-**-** saylı nömrənin istifadəçisi ilə 65 saniyə, 15:37-də həmin nömrənin istifadəçisi ilə 113 saniyə telefon danışığı həyata keçirmişdir. Həmin telefon zənglərinin təhlilindən görünür ki, müvafiq telefon zəngləri həm Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən, həm də digər abonent tərəfindən edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına cavab olaraq tutulduğu vaxt və polis şöbəsinə gətirilərkən və orada olarkən ***-***-**-** saylı nömrənin olduğu telefonun üzərində olmasını təsdiq etməsi nəzərə alındıqda, qeyd edilən telefon nömrəsinin Təqsirləndirilən şəxs tutulduğu gün saat 9:00-dan 15:37-dək müxtəlif ünvanlarda olması, müxtəlif telefon nömrələri ilə müxtəlif vaxtlarda danışıqlar həyata keçirməsi, bu zənglərin həm özü tərəfindən, həm də qarşı tərəfdən edilməsi ümumilikdə təhlil edildikdə, onun polis əməkdaşları tərəfindən səhər çağı, saat 9-10 radələrində saxlanılıb polis şöbəsinə aparılması, axşamçağı saat 17 radələrinədək orada saxlanılması, bu müddətdə narkotik vasitənin cibinə qoyulmasına dair ifadəsi tam təkzib edilir. Ona görə ki, təqsirləndirilən şəxsin bildirdiyi kimi, o, tutulduğu gün səhər 9-10 radələrində polis şöbəsinə aparılsaydı, həmin vaxtdan sonra telefonundan siqnal alınmazdı və ya bütün anten dairələri vahid ünvanda görsənərdi. AR CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və Narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və Narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən Heroin Narkotik vasitə hesab edilir. Siyahılara əsasən Heroin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi nəticəsində etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə psixi və fiziki zorakılığa məruz qalması barədə hər hansı orqana müraciət etməmişdir. Həmçinin, işdə olan məhkəmə tibbi ekspertizasının 26 yanvar 2024-ci il tarixli, 431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini törətməsi ilə bağlı irəli sürdüyü dəlilləri əsaslı hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqda verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəməekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə metamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Astara Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministya Qərarının 2.4-cü bəndinə uyğun olaraq, aminstiya qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. ( i.v. 73-74) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 12-16\11-76 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Əhmədov X2 şəhər, Firdovsi küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla yaşamış, hərbi mükəlləfiyyətli, orta təhsilli, bitərəf, ailəli, iki uşaq atası, rəsmi olaraq heç bir yerdə işləməyən, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.89-90) Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladının olmasıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində minimum həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 2 gün cəza müddətinə daxil edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,991 qram olan narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X1 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 1,991 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar