Məhkəmə qərarları › İş №1(099)-532/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-532/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-532/2025 12.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X3 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Kəlbəcər rayonu, Şaplar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, məhkum olunmamış, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2025-ci il tarixdə saat 12:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 1 may 2025-ci il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə külli miqdarda – 41520 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasında qeydiyyatda olan “X8” şirkətinin tapşırığı ilə həmin ölkədə qeydiyyatda olan “X9 Janbolaghi” şirkətindən Rusiya Federasiyasında qeydiyyatda olan “Sarmant-UG” şirkətinə “təzə qarpız” yükü apardığı “DAF XF 510FT” markalı, 77CQ629/99YE629 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə “təzə qarpız” yığılmış qutulardan 42 ədədinin içərisindəki 84 ədəd qarpızın içərisinə yerləşdirərək saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 1 may 2025-ci il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 2 may 2025-ci il tarixdə saat 11:50-dən saat 15:15-dək qeyd edilən idarədə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı göstərilən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilədək özünə məxsus mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, daha sonra mağazada satış zəif olduğundan dolanışığını təmin etmək üçün yük maşını sürməyə həvəs göstərmişdir. Təxminən beş-altı ay “TİR” sürücülərinin yanında təcrübə keçərək yük avtomobili idarə etməyi öyrənmiş, daha sonra yükdaşıma şirkətlərinə yük avtomobili sürücüsü kimi işləmək üçün müraciət etmiş, lakin sürücülük təcrübəsi olmadığından onu işə götürməmişlər. Bununla belə "xxxx" MMC yükdaşıma şirkətində işləyən qohumu ona şirkətə işçi lazım olduğunu bildirərək iş təklif etmişdir. O, Seymurun təklifi ilə razılaşmış, şirkətə məxsus yük maşını ilə İran İslam Respublikasına gedib yük götürərək geri qayıtmışdır. Həmin vaxt şirkətin müdiri Cavid şirkətdə işləmək üçün ən azı üç dəfə İran İslam Respublikasına sürücü kimi gedib-gəlməli olduğunu bildirmişdir. O, ikinci dəfə də şirkətə məxsus yük maşınını sürərək İran İslam Respublikası getmiş, oradan yük götürərək Bakı şəhərinə geri qayıtmışdır. İran İslam Respublikasında olarkən Cavidin vasitəsilə Kroş adlı iranlı dispetçerlə tanış olmuş, yükləri onun avtomobilinə Kroş yönləndirmişdir. O, üçüncü dəfə yenə şirkətin yük maşını ilə İran İslam Respublikasına getmiş, orada Kroş ona qarpız yükü olduğunu bildirmiş, o, yük barədə Cavidə məlumat vermiş, Cavid yükün götürülməsinə razılıq verdikdən sonra Kroş onu müşayiət etməsi üçün tanımadığı şəxsi təlimatlandırmış, həmin şəxs öndə motosikletlə hərəkət etməklə onu yüklərin olduğu anbara qədər müşayiət etmiş, orada təxminən 450-500 ədəd qutularda qarpızın hazır qablaşdırılmış vəziyyətdə olduğunu görmüş, qutularda olan qarpızların keyfiyyətini müəyyən etmək üçün onlardan bir neçəsini kəsib içinə baxmışdır. Bundan sonra həmin yüklər onun idarə etdiyi yük maşınına yüklənmiş və o, “Pəyanə” adlı dayanacağa hərəkət etmişdir. Növbəti gün yüklərin digər hissəsi də avtomobilin yük yerinə yükləndikdən sonra yük yerinin qapısı möhürlənmiş, o sərhədi keçmək üçün üç-dörd gün növbədə gözləmişdir. O, Azərbaycan Respublikasına daxil olduqdan sonra gömrük yoxlaması zamanı yük yerində olan qarpızlarda narkotik vasitə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, Azərbaycan Respublikasına geri qayıdarkən İran İslam Respublikası ərazisində gömrük yoxlaması zamanı hər hansı çətinliklə üzləşməmiş, 01 may 2025-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası ərazisində gömrük yoxlaması zamanı yük maşını rentgen aparatının yoxlamasından keçərkən yük yerində şübhəli cizgilər aşkar edilmiş, ona yük yerinə baxış keçirilməli olduğu, işçilər növbəti gün gəldikdən sonra yüklərin boşaldılacağı bildirilmişdir. 02 may 2024-cü il tarixdə saat 08-09 radələrində avtomobilin yük yeri boşaldılmış və qeyd olunan narkotik vasitələr aşkar edilmişdir. Qarpızlar hər birində üç-dörd ədəd olmaqla “banan” qutularında qablaşdırılmışdır. Baxış zamanı o, qarpızların kəsilərək içinin oyulduğunu, narkotik vasitələr yerləşdirildikdən sonra kəsilmiş qabığın yerinə qoyulduğunu görmüşdür. İçərisinə narkotik vasitə yerləşdirilmiş qarpızlar avtomobilə ilk dəfə yüklənmiş, hazır vəziyyətdə qutularda qablaşdırılmış qarpızlarda aşkar edilmişdir. O, İran İslam Respublikası ərazisində yükə baxış keçirərkən hər hansı şübhəli məqamla rastlaşmamışdır. İran İslam Respublikasında avtomobilə sonradan onun yanında qablaşdırılaraq yüklənmiş təxminən 300 qutuda olan qarpızlarda isə heç bir narkotik vasitə aşkar edilməmişdir. O, İran İslam Respublikasından 1-ci dəfə kələm, 2-ci dəfə bibər, 3-cü dəfə isə qarpız yükü gətirmişdir. Yükün ümumi çəkisi təxminən 20 ton olmuşdur. Həmin yük Moskva şəhərinə çatmalı imiş. Yükün daşınma haqqı 390000 rus rublu olmuşdur. O, yükü Bakı şəhərinə gətirdikdən sonra həmin yükü Moskva şəhərinə daha təcrübəli başqa bir sürücü aparmalı imiş. Həmin yükün sahibi Moskva şəhərində yaşayan tanımadığı milliyətcə azərbaycanlı olan bir nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs son sözündə heç bir təqsirinin olmadığını, istifadəsində olan yük avtomobilinin qoşqu hissəsində aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin baş inspektoru vəzifəsində işləyən Şahid1 Aftandil oğlu ifadəsində göstərmişdir ki, 02 may 2025-ci il tarixdə növbədə olduğu zaman Təqsirləndirilən şəxs gömrük ərazisinə daxil olduqdan sonra onun sənədlərinə baxış keçirərkən, ona Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində daşıdığı yükdə rentgen aparatı vasitəsilə şübhəli cizgilər aşkar edilməsi barədə məlumat verilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs onun tərəfindən gətirilmiş yükdə qanunla qadağan edilmiş əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkiliş aparılmaqla avtomobilin yük yeri boşaldılmış, yük yerində qutularda olan qarpızlara baxış keçirilərkən qarpızların bir qisminin kəsilərək içərisinin çıxarıldığı, qarpızların içərisinə folqaya bükülmüş formada narkotik vasitə marixuana yerləşdirildiyi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 Aftandil oğlu ifadəsinə davam edərək göstərmişdir ki, narkotik vasitələr əsasən yük yerinin orta hissəsində olan qutularda aşkar edilmiş, içərisində narkotik vasitələr olan qarpızların məhz hansı ardıcıllıqla yerləşməsini unutmuşdur. Vizual olaraq ilkin baxış zamanı içərisində narkotik vasitə olan qarpızlarla, adi qarpızları xarici görünüşcə fərqləndirmək mümkün olmamış, yalnız diqqətlə baxdıqda içərisində narkotik vasitə olan qarpızların qabıq hissəsində bıçaqla kəsilmə izlərini görmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük idarəsində fəhlə işləyir. 02 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yük avtomobili ilə qaraja daxil olmuş, Şahid1 tərəfindən avtomobilin yük bölməsinin qapısının açılması barədə göstəriş verildikdən sonra onlar avtomobilin yük hissəsinin möhürünü daha sonra qapısını açıb orada “banan” qutularında olan qarpız yükünü boşaltmağa başlamışlar. Yük boşaldıldıqdan sonra yüklərə kinoloji it tətbiq edilmiş, kinoloji it qutulara reaksiya verdikdən sonra inspektor Şahid1 yükə yaxınlaşıb qutulara baxış keçirmiş və həmin qutularda olan qarpızın içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, içərisində narkotik vasitə olan qarpızlar yük yerinin qapısı açıldıqdan sonra təxminən on-on beş qutudan sonrakı qutularda qablaşdırılmışdır. Narkotik vasitələr olan qutularla narkotik vasitələr olmayan qutular arasında fiziki görünüşcə fərq olmamış, lakin içərisində narkotik vasitələr olan qarpızların qablaşdırıldığı qutular digər adi qutulara nisbətən çəkidə daha yüngül olmuşlar. Ümumilikdə, yük yerində olan təxminən 800-850 ədəd qutu boşaldılmış, təxminən 50-60 ədəd qutunun içərisindəki qarpızlarda narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir: İşdə olan, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində tərtib edilmiş “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan video görüntülərlə müəyyən edilir ki, 02 may 2025ci il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Rusiya Federasiyasına “qarpız” yükü aparan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 510FT” markalı, 77CQ629/99YE629 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan 808 ədəd qutuda olan “təzə qarpız” yükü yerə boşaldılmış və həmin yükə “Elvis” ləqəbli kinoloji xidmət iti tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 42 ədəd qutuya reaksiya vermiş, bu səbəbdən də həmin qutulara əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı 42 ədəd qutunun içərisindən – 84 ədəd qarpızın içinə falqaya bükülmüş şəkildə 63 kiloqram 417 qram marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, i.v. 10-14;) İşdə olan, invoys sənədləri və qaimədən görünür ki, təzə qarpız yükü 22 (iyirmi iki) ədəd paletdə, 808 (səkkiz yüz səkkiz) ədəd qutududa qablaşdırılmaqla qablaşdırma ilə birgə çəkisi 19250 kq olmuşdur. (Cild 1, i.v. 17-18;) İşdə olan, “şəxsi yoxlama aparılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz predmet aşkar edilməmişdir. (Cild 1, i.v. 21-22;) İşdə olan, “şəxsi əşyaların götürülməsi haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S23” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. (Cild 1, i.v. 38;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2025-ci il tarixli, 19/182 nömrəli məhkəmə bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13 ədəd kisədəki, ümumilikdə 84 ədəd bükülüdə ümumi təmiz çəkisi 41520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (İ siyahı) daxildir. Ekspertiza tədqiqatı zamanı ümumi çəkisi 41520,0 qram olan narkotik vasitə marixuanadan 2,0 qramı sərf edilmiş, tədqiqat sonra qalıq 41518,0 qram qalmışdır. (Cild 1, i.v. 55-59;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 81-82;) İşdə olan, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)- 356/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (Cild 1, i.v. 107-115;) İşdə olan, “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 116-118;) İşdə olan, “əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqu hissəsində aşkar edilmiş 41520 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Galaxy S23” markalı mobil telefon, 25 aprel 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 17500 kq, dəyəri 6125 dollar təşkil edən “təzə qarpız” yükü qeyd olunan cinayət əməlinin törədilməsində istifadə edilmiş vasitə hesab edilərək maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə müvafiq olaraq “təzə qarpız” yükü tez xarab olan mal hesab edildiyindən, uzun müddət saxlanılması məhvinə gətirib çıxaracağından, gələcəkdə xüsusi müsadirənin predmeti ola biləcəyindən göstərilən çəkidə və dəyərdə olan “təzə qarpız” yükünün satışının həyata keçirilərək həmin malın satışından əldə olunacaq pul vəsaitinin depozit hesaba köçürülməsinə qərar verilmişdir. (Cild 1, i.v. 120-123;) İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 16 may 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “***-***-**-**” kimi qeydiyyatdan keçmiş profildən İran İslam mobil operatoruna məxsus +**********47 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Qrow” kimi qeyd edilmiş “Whatsapp” profilində müxtəlif vaxtlarda və məzmunlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir danışıqlar qeyd edilməmiş lakin xx.xx.2025-ci il tarixli saat 11:22 tarixli danışıqda “Qrow” adlı şəxsin Təqsirləndirilən şəxs “Moskva şəhərinə qarpız yükünün olduğunu və 390.000 rus rubulu zəhmət haqqı kimi veriləcəyi haqqında” danışığın olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “***-***-**-**” kimi qeydiyyatdan keçmiş profildən Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “***-***-**-**” kimi qeyd edilmiş “Whatsapp” profilində müxtəlif vaxtlarda və məzmunlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir danışıqlar qeyd edilməmiş lakin, xx.xx.2025-ci il tarixli saat 11:50 tarixli danışıqda Təqsirləndirilən şəxs müdürü Cavidə “Qrow” adlı şəxsin Təqsirləndirilən şəxs “Moskva şəhərinə qarpız yükünün olduğunu və həmin yükün aparılıb-aparılmamasını soruşmuş” Cavid isə ona “Salam yüklə” danışığı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “***-***-**-**” kimi qeydiyyatdan keçmiş profildən Rus mobil operatoruna məxsus +**********1 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “+**********1” kimi qeyd edilmiş “Whatsapp” profilində müxtəlif vaxtlarda və məzmunlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir danışıqlar qeyd edilməmiş lakin xx.xx.2025-ci il tarixli saat 10:59 tarixli danışıqda Təqsirləndirilən şəxs həmin şəxsə “narahat olmamağını və yükün vaxtında çatacağı barədə” danışığın olduğu müəyyən edilmişdir. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hala rast gəlinməmişdir. (Cild 1, i.v. 166-167;) İşdə olan, Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışı üzrə komissiyasının 12 may 2025-ci il tarixli 1G nömrəli protokolundan görünür ki, 17400 kiloqram qarpız hərracda 8700 (səkkiz min yeddi yüz) manata satılmışdır. (Cild 1, i.v. 185;) İşdə olan, xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 1, i.v. 214;) İşdə olan, Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 2959 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, i.v. 258-260;) İşdə olan, “sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 25 aprel 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 17500 kq, dəyəri 6125 dollar təşkil edən “təzə qarpız” yükü realizə edilərək əldə olunan məbləğ Dövlət Gömrük Komitəsinin depozit hesabına mədaxil edilmişdir. (Cild 1, i.v. 300- 309;) İşdə olan, “cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. (Cild 1, i.v. 310-312;) Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş İran İslam Respublikasında şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, külli miqdarda-41520,0 qram qurudulmuş marixuananı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 84 ədəd qarpızın içərisində folqada qablaşdırılmış formada fiziki görünüşcə qarpız formasına salınmaqla gizlədərək Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilinin qoşqusunda qanunsuz olaraq qəsdən saxlaması, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 01 may 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi heç bir sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, işin faktiki halları, şahid ifadələri və iş üzrə toplanmış digər istintaq sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin yük yerində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanı fiziki görünüşcə qarpız formasına salınmaqla 84 ədəd bağlamada gizlədən şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasında Kroş adlı yük dispetçerini yükü daşımaya görə "xxxx" MMC-nin müdiri Cavid Hüseynov vasitəsilə tanımış, daşınması təklif olunan yükün məhz Cavid Hüseynovun razılığından sonra avtomobilə yüklənməsinə icazə vermiş, yükün yüklənməsi, sənədlərin hazırlanması Kroş adlı şəxsin vasitəçiliyi ilə həyata keçirilmiş, yük yükləndikdən sonra avtomobilin yük yeri möhürlənmiş, ona yükün daşıması ilə bağlı müvafiq sənədlər verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı onun təqsirini sübut edən hər hansı səsli və ya yazılı ismarıc, fotoşəkil, videoyazı və sair məlumatlar aşkar olunmamış, əksinə həmin ismarıclardan Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı işin hallarına uyğun, hər hansı digər sübutla ziddiyyət təşkil etməyən ifadələr verməsi müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs qarpız yükünü daşımaya qəbul etməsi əvvəlcədən planlaşdırılmamış, o, Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, orada Cavid Hüseynov vasitəsilə tanıdığı, "xxxx" MMC-yə məxsus yük maşınlarına daşınması üçün yük tapmaqla mütəmadi xidmət göstərən Kroş adlı iranlı dispetçer ona qarpız yükü daşımağı təklif etmiş, o, bu barədə Cavid Hüseynovu məlumatlandırmış, məhz Cavid Hüseynovun razılığından sonra həmin yükü daşımaqla bağlı Kroşun təklifini qəbul etmişdir. O, Kroşun təlimatlandırdığı tanımadığı şəxsin müşayiəti ilə qeyd edilən yükün olduğu anbara gəlmiş, orada yükün böyük qismi – təxminən 500 qutuda əvvəlcədən qablaşdırılmış vəziyyətdə olan yüklər avtomobilin yük yerinə yüklənmiş, yükün digər hissəsi isə növbəti gün onun yanında qutularda qablaşdırılaraq avtomobilə yükləmiş, qutulardakı qarpızlar fiziki görünüşcə fərqlənməmiş, yalnız içərisində narkotik vasitələr olan qarpızların olduğu qutular digərlərindən çəkidə yüngül olmuş, qutular yük yerinə sürücü tərəfindən deyil, fəhlələr tərəfindən yükləndiyindən qeyd olunan fərqlilik obyektiv olaraq Təqsirləndirilən şəxs məlum olmamış, gömrük yoxlaması nəticəsində içərisində narkotik vasitələr olan qapızlar ilkin olaraq yüklənmiş qutuların (əvvəlcədən qablaşdırılmış formada olan) içərisində aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük yerində aşkar olunmuş narkotik vasitədən məlumatı olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. İş materiallarında olan videoçəkilişdən, Təqsirləndirilən şəxs özünün və şahidlərin ifadələrindən məlum olur ki, avtomobil Azərbaycan Respublikasına daxil olarkən yük yeri möhürlü olmuş və möhürün tamlığı pozulmamışdır. Eləcə də, 808 ədəd qutuda olan qarpızları vizual baxış zamanı fiziki görünüşcə fərqləndirmək mümkün olmamış, yalnız rentgen aparatı vasitəsilə yoxlama aparılarkən qarpızların içərisində sıxlığın qeyrimütənasib olması müəyyən edildikdən sonra, yüklər boşaldılaraq baxış keçirilmiş, 42 ədəd qutuya xidməti it tərəfindən reaksiya verildiyindən həmin qutulardakı qarpızlara baxış zamanı 84 ədəd qarpızın içərisində folqada qablaşdırılmış qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin yüklər onun istifadəsində olan avtomobilə yüklənərkən hətta vizual olaraq hər bir qutuya baxış keçirmiş olsaydı belə (ilkin olaraq yüklənmiş qutular əvvəlcədən qablaşdırıldığından vizual baxış imkanları da məhdud səviyyədə olmuşdur), fiziki görünüşcə bir-birindən fərqlənməyən qarpızlarda hər hansı qanunsuz predmet gizlədildiyini müəyyən edə bilməzdi. Avtomobilin yük yerinin möhürlü olması və möhürün tamlığının pozulmaması isə onu deməyə əsas verir ki, avtomobil yükləndikdən sonra sürücü Təqsirləndirilən şəxs avtomobil yük yerinin içərisinə hər hansı fiziki müdaxilə imkanı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 38.3-cü maddəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, beynəlxalq yükü qəbul edən avtomobil sürücüsü (daşıyıcı) yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Yəni, sürücü (daşıyıcı) yükü qəbul edərkən qabların və möhürlərin bütövlüyünü yoxlamalı, say və miqdarda uyğunsuzluq varsa bu barədə CMR qaiməsində qeyd etməli, əgər yükdə zədələnmə və uyğunsuzluq görürsə, qeyd yazmadan imza atmamalıdır. Görünüdüyü kimi beynəlxalq qanunvericilikdə də sürücünün yükləri yalnız vizual yoxlama vəzifəsi təsbit edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtiidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddənin tələblərinə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, eskpertiza tədqiqatından sonra qalıq çəkisi 41518 qram qurudulmuş marixuana materiala əlavə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd “Galaxy S23” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, 25 aprel 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 17500 kq, dəyəri 6125 dollar təşkil edən “təzə qarpız” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul xüsusi müsadirə predmeti ola biləcəyindən (malın qanuni sahibinin əməlində cinayət tərkibinin olub-olmamasından asılı olaraq) həmin məbləğin malın qanuni sahibinə qaytarılması məsələsi hazırki cinayət işində ayrılmış ********* nömrəli cinayət işi üzrə həll edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 41518 qram olan qurudulmuş marixuana materiala əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd “Galaxy S23” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, 25 aprel 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 17500 kq, dəyəri 6125 dollar təşkil edən “təzə qarpız” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun qanuni sahibinə qaytarılması məsələsinin hazırki cinayət işindən ayrılmış Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar