Məhkəmə qərarları › İş №1(099)-533/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-533/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-533/2024 10.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1978-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri, M.Moqamayev küçəsi, dalan 1, ev 5-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,284 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 24 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-2,284 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran şəhəri, M.Moqamayev küçəsi, dalan 1, ev 5-də qeydiyyatda olmaqla yaşamış, tutulan vaxtadək rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada dəmir tullantıları yığıb satmaqla məşğul olmuşdur. Təxminən 2-3 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmiş, metamfetamindən istifadə etməmişdir. 24 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhərində, Ş.Xiyabanı küçəsi ilə “Böyük bazar” adlanan ərazi arasında olan küçədə olarkən bir neçə polis əməkdaşı onu tutub polis şöbəsinə aparmışlar. Tutularkən üzərində narkotik maddələr olmamışdır. Polis bölməsində polislər onu döyüb qolunu sındırmış, sonra Əlvan adlı polis əməkdaşı ona təzyiqlər edərək üzərinə 1 kq narkotik maddəni götürməsini tələb etmiş, lakin o, razılaşmamış, sonra isə CM-nin 234.1-ci maddəsi ilə ona ittiham verilməsinə razılaşmış və Əlvan adlı polis əməkdaşının qarşısına qoyduğu bir bükümdə olan narkotiki (metamfetamini) götürüb cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demiş, sonra belə də ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində metamfetamin olmamış, aşkar olunan metamfetamini üzərinə Əlvan adlı polis əməkdaşı qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotiklərdən istifadə etməyə başlamış əsasən də metamfetamindən istifadə etmişdir. 24 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərində, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən bir bükümdə təxminən 2,5 qrama yaxın metamfetamini 40 manata alıb cibinə qoymuşdur ki, istifadə etsin. Həmin gün, saat 15 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ilə piyada hərəkət edərkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddənin (metamfetaminin) özünə məxsus olmasını, Lənkəran şəhərində “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən tutulub polis bölməsinə gətirilərkən və bundan sonra ona qarşı heç bir fiziki zor və ya təzyiqlər tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində metamfetamin olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuş, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qolu sınmış, bununla bağlı həkimə müraciət etməmiş və müalicə olunmamış, sonra qolu sağaldığından polislərin onu döyməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində həmin metamfetamini üzərinə Əlvan adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi fadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 24 yanvar 2024-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 15 radələrində təxirəsalınmaz əməliyyataxtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılıb (həmin vaxt Təqsirləndirilən şəxs onları görüb qaçmaq istəmiş, lakin onu tutub saxlamışlar) ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Eynulla Məstiyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 24 yanvar 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 yanvar 2024-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə tutulub polis şöbəsinə gətirildiyini və heç bir şikayətinin olmadığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarışın keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Eynulla Məstiyev tərəfindən müdafiəçi Elşən Musazadənin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin metamfetamin olduğunu, Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən bir bükümdə metamfetaminə bənzər kütlə aşkar edildi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-2,284 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,234 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 06 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,234 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşının qoyması, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsi, polis əməkdaşlarının onu döyməsi nəticəsində qolunun sınmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşının qoyması, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsi, polis əməkdaşlarının onu döyməsi nəticəsində qolunun sınmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri (o cümlədən 25 yanvar 2024-cü il tarixli məhkəmə-tibbi eksperitzasının rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir) və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmin metamfetamini tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,284 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, tədqiqat orqanın “Tutulma haqqında” 24 yanvar 2024-cü il tarixli protokolu ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşdə olan, istintaq orqanın “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan, “Axtarışda olan şəxsin tutulması barədə” 08 sentyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 sentyabr 2024-cü il tarixdə, Lənkəran şəhəri, İ.Babayev küçəsində Təqsirləndirilən şəxs tutulub aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər 1 nömrəli İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı məhəllədə sakinlərin hörmətini qazanmış, məhəllədə keçirilən ictimai işlərdə iştirak etmiş və nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmaqla, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,234 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,234 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar