Məhkəmə qərarları › İş №1(099)-534/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-534/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-534/2024 24.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Şirvan şəhəri, Vidadi küçəsi, ev 16-da qeydiyyatda olmaqla, faktiki olaraq Şirvan şəhəri, Vidadi küçəsi, ev 14-də yaşayan, Şirvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 4(032)-35/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Məhkəmə hazırlıq iclasında müdafiəçi X4 vəsatət verərək bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntuya yol verilərək, Cinayət-Prosessual Məcəlləsinin məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması ilə bağlı tələbi pozulmuşdur. Belə ki, 09 fevral 2024-cü il tarixdə fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işini başlamış Şirvan ŞPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X11 ŞPŞ-nin rəisinin 08 fevral 2024-cü il tarixli, 3-13-111/Ə101/24 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yolla əldə etdiyi narkotik vasitələr və psixotrop maddələr saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə daxil olmuş məlumat ilə bağlı yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış baş müstəntiq Xəzər Eldarov tərəfindən aparılmış, baş müstəntiq Xəzər Eldarov Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutmuş, şübhəli şəxs qismində ifadəsin almış, üzərində şəxsi axtarış aparmış, təqsirləndirilən şəxs qismində cəlb etmiş, təqsirləndirilən şəxs qismində ifadəsin almış, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilməsindən ötrü Şirvan şəhər prokuroruna vəsatətlə müraciət etmiş və digər prosessual qərarlar qəbul etmiş, protokollar və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada digər prosessual sənədlər tərtib etmişdir. Yalnız baş müstəntiq Xəzər Eldarov 28 mart 2024-cü il tarixdə «raport»la İB-nin rəisinə müraciət edərək icraatında cinayət işinin çoxluğu ilə əlaqədar olan cinayət işinin ibtidai istintaqının aparılmasının digər müstəntiqə həvalə olunmasını xahiş etmiş, həmin tarixdə cinayət işi İB-nin müstəntiqi, polis kapitanı Pərviz Qasımov tərəfindən icraata qəbul olunaraq istintaqın davam etdirilməsinə dair qərar qəbul olunmuşdur. Göründüyü kimi baş müstəntiq Xəzər Eldarov Cinayət-Prosessual Məcəlləsinin 85-ci madəsində nəzərdə tutulmuş vəzifələrini pozmaqla istintaq aparmışdır. Hansı ki, baş müstəntiq Xəzər Eldarov özü-özünə etiraz etməli idi, əməliyyat qrupuna daxil edilməklə ibtidai istintaq dövründə şahid statusuna düşdüyü halda cinayət işi üzrə ibtidai istintaq aparmamalı idi. Cinayət-Prosessual Məcəlləsinin 85.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəktləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsində göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Cinayət işinin materiallarının 145-147-ci səhifələrində olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı 11 mart 2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə yaşadığı Şirvan şəhəri, Vidadi küçəsində işıqların söndüyü zaman təxminən saat 18:30 radələrində evdən və həyətdən azyaşlı uşaqların qorxudan qışqırıq səsi gəlmişdir. Həyətdə çıxan zaman həyətin hər tərəfində ümumlikdə 10-15 nəfərdən ibarət mülki geyimdə olan şəxslər üstünə cumub ona qarşı fiziki zorakılıq işlədərək ondan şəxsi istifadə etdiyi narkotik vasitəni verməyini tələb etmişlər. Onda narkotik vasitə olmadığını bildirmişdir. Murad adlı polis işçisi Bakı şəhərindən gəldiyini, bu əməliyyatı yuxarı orqana məruzə etdiklərindən burdan əliboş getməyəcəklərini bildirmişdir. Arvadının qolundan tutub sürüyə-sürüyə onun yanına gətirmişlər, ona hədə-qorxu gələrək onların dedikləri ilə razılaşmadığı halda evinə yarım kilo narkotik vasitə qoyub, videoçəkiliş edib onunla birlikdə arvadını da şərləyərək həbs edəcəklərini bildirmişlər. Arvadını belə biabırçı şeylərlə şərləməsinlər deyə polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları bu vaxtı bir ədəd qırmızı qab gətirmişlər, qabın içərisində (qara tiryəkə oxşar) nəsə olmuşdur. Amma polis əməkdaşlarının dediklərinə görə guya (kokos) heroin olmuşdur. Polis əməkdaşları müstəntiqi ora çağırmışlar, çəkilişdən qabaq fiziki zorakılığa məruz qalmış, polis əməkdaşlarının dedikləri kimi müstəntiqin iştirakı ilə aparılmış videoçəkilişdə demişdir. İbtidai istintaq düzgün aparılmamış və əsassız olaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişlər. Polis əməkdaşlarının evindən apardıqları bahalı mobil telefon ona yox, evdə ailə-uşağına məxsus olmuşdur. Ona aid olan ucuz mobil telefon (Samsunq A1) hal-hazırda evdədir. 3 saylı İstintaq Təcridxanasına gələndən sonra evlə telefon əlaqəsi saxlamış və ona məlum olmuşdur ki, polis əməkdaşlarından hansısa qaranlıqdan istifadə etmiş, evə soxularkən arvadının pul kisəsini açıb, orda saxladığı ona və ailəsinə məxsus olan xeyli qızıl-zinyət əşyalarını gizli yolla aparmışlar. Arvadı sonradan xəbər tutub, səhəri gün polis şöbəsinə gedib, qızıl-zinyət əşyalarını kimin götürdüyünü maraqlanmış, lakin polis şöbəsində heç kim boyun olmamışdır. Həmin qızıl-zinət əşyalarına 1 (bir) ədəd üzərində beş ədəd birliyant qaşları olan kişi üçün üzük, 1 (bir) ədəd adi qaşlı qadın üzüyü, 1 (bir) ədəd üzərində əl şəkilli klonu olan nazik sep və sair aiddir. Qeyd etdiklərini nəzərə alaraq, həmin nöqsanların aradan qaldırılması üçün cinayət işi üzrə ibtidai istintaqın aparılmasının başqa müstəntiqə həvalə edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq Pərviz Qasımov tərəfindən Təqsirləndirilən şəxs ifadəsi alınmamış, o cümlədən təqsirləndirilən şəxslə bağlı digər istintaq hərəkətləri icra edilməmiş, Cinayət-Prosessual Məcəlləsinin tələbini pozmaqla ibtidai istintaq aparmış baş müstəntiq Xəzər Eldarovun müəyyən etdiyi hallarla kifayətlənərək cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. X5 baş müstəntiq Xəzər Eldarovun məhkəməyədək icraatı aparan zaman özüözünə etiraz edilməli olduğu halda kobud prosessual pozuntuya yol verib ibtidai istintaq apardığından Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını, məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş baş müstəntiq Xəzər Eldarov barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Tale Səfərov vəsatətə etiraz edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmamasını, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməməsini, X6 tərəfindən verilmiş vəsatətin əsassız olduğundan təmin olunmamasını, məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan halların aşkar olunmadığını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsasların olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsi və məhkəmədə baxılmasını mümkünsüz edən, məhkəməyədək icraatın aparılması zamanı məhkəməyədək icraatın etiraz edilməli və özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılmasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinin kobud pozulması halları müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləyə əsasən cinayət mühakimə icraatının əsas prinsiplərindən biri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan müstəntiqlər və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. X6 tərəfindən verilmiş vəsatətdə göstərilən fakt məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsində göstərilən məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) tələblərinin pozulması hallarına yol verilmişdir. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, X6 tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və özü-özünə etiraz etməli olduğu halda məhkəməyədək icraatı aparan baş müstəntiq Xəzər Eldarov barədə xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.3); Həmin Məcəllənin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 4(032)-35/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma müddəti 08 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-534/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə əlavə istintaq aparılması zərurətini və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində cinayət işinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntunun aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüququ təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.3 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: 1.X1 vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılsın. 4.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar