Məhkəmə qərarları › İş №1(099)-536/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-536/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-536/2022 07.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi- hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Musayev Aqil əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, "xxxx" iş mərkəzi MMC-də işləmiş, evli, Füzuli rayonu, Araz Dilağarda kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs “Həmzə” adlı İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri məlum olmayan İİR vətəndaşları külli miqdarda narkotik vasitə və külli miqdarda güclü təsir edən maddəni dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 02 mart 2022-ci il tarixdə Həmzə adlı şəxs cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs “Vatsap” vasitəsilə məlumat verdikdən sonra, o, «VAZ 2107» markalı, «AZ **-BK-***» dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən 2 ədəd bağlamada külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni həmin gün saat 21 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr-ümumi təmiz çəkisi 1977,2 qram tiryək, ümumi təmiz çəkisi 4971,7 qram qurudulmuş marixuana, 1900 ədəd həb şəklində təsir maddəsinin miqdarı 76 qram metadon və 290 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 87 qram olan külli miqdarda güclü təsir edən maddə “Gabaprel 300 Pregabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iranlı Həmzənin atasını 1992-ci ildən tanımışdır. Sonradan Həmzə ilə münasibətləri yaranmış, gediş-gəlişləri olmuşdur. İrana gedəndə Həmzənin evində qalmışdır. Saxlanılmamışdan bir neçə gün əvvəl Həmzə ona zəng edərək qaçaq yolla “dərman” göndərəcəyini, bağlamanı başqa bir şəxsə çatdırmalı olduğunu demiş, onunla razılaşmışdır. Həmzə 02 mart 2022-ci il tarixdə, saat 18 radələrində İran mobil operatoruna məxsus telefon nömrəsi ilə ona yazaraq İrandan qaçaq yolla Azərbaycan Respublikasına dərman vasitələri keçirdiyini və bağlamanı Beyləqan rayonunun Əmirzeyidli kəndinin ərazisində, üzərinə “Əmirzeyidli kəndi” sözləri yazılmış lövhənin yaxınlığında gizlətdiyini demiş, həmin “dərman” olan bağlamanı oradan götürməsini və özünün deyəcəyi yerdə gizlətməsini istəmişdir. Bundan başqa, Həmzə telefonda danışan zaman Bakı şəhərindən bir nəfər şəxsin gəlib həmin “dərman”ı gizlədəcəyi yerdən götürəcəyini, bu işdə köməklik etsə ona “hörmət” edəcəyini demişdir. Həmzə “hörmət” dedikdə pul nəzərdə tutmuş, lakin nə qədər pul verəcəyini deməmişdir. Həmzə qaçaq yolla keçirdiyi vasitənin narkotik vasitə olduğunu ona demədiyindən o, Həmzənin göndərdiyi qaçaqmalın narkotik vasitə olduğunu başa düşməmişdir. Razılıq verdiyinə görə, Həmzə ona həmin qaçaqmalı gizlətdiyi məkanın fotoşəklini göndərmişdir. Həmin gün saat 20 radələrində Həmzənin göndərdiyi fotoşəkil olan yerə çatmışdır. Avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşüb təqribən 25-30 metr irəlilədikdən sonra, Həmzənin göndərdiyi bağlamaya çatmasına 25-30 metr qalmış hərbi qulluqçular gizləndikləri qamışlıqdan çıxıb onu tutub yerə yıxmışlar. Saxlanılarkən əlində bağlama olmamışdır. Özünün həmin narkotik vasitələrdən xəbəri olmamış, Həmzənin yalnız dərman göndərdiyini bilmişdir. Həmzənin qaçaq yolla keçirdiyi vasitələrin narkotik olduğunu bilsə oraya getməzdi. Saxlanılarkən hərbi qulluqçular tərəfindən ona zor tətbiq olunmuş və xəsarət almışdır. Bundan başqa, o, ifadəsində əlavə olaraq göstərmişdir ki, əvvəllər də narkotik satışına görə 10 il müddətə azadlıqdan məhrum edilmiş, 2005-ci ildə cəzasını çəkib qurtarmış və azadlığa buraxılmışdır. Həmzə əvvəlki işi üzrə də tanışanlarının birinə narkotik göndərmişdir. Özü heç vaxt narkotikdən istifadə etməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N N-li hərbi hissənin hərbi qulluqçusu gizir Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 19:00-dan xx.xx.2022-ci il saat 01:00-adək N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində digər hərbi qulluqçularla birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman xx.xx.2022-ci il tarixdə saat 21:15-də Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndin yaxınlığında dayandığını və oradan bir nəfərin düşərək kolluq ərazidə nəsə axtardığını və orada olan kol bitkilərinin arasından 2 ədəd bağlama götürüb ərazidən uzaqlaşdığını gördükdə uca səslə “Dayan!” çağırış komandası verilmiş, həmin şəxs ərazidən götürdüyü bağlamaları yerə atıb qaçmaq istədikdə ayağı sürüşərək yerə yıxılmış və tərəflərindən saxlanılmışdır. Həmin şəxsi saxladıqları zaman yanında iki ədəd bağlama aşkar edilmiş və adını sonradan bildiyi Tahir hərbi hissəyə aparılmışdır. Tahir saxlanılan zaman yerə yıxılmış və sifətindən xəsarət almışdır. Tahirin götürdüyü bağlamalara baxış keçirildikdə içərisindən müxtəlif növlü narkotik vasitələr və dərman preparatları aşkar edilmişdir. Şifahi sorğu zamanı o, bildirmişdir ki, həmin bağlama ona irandan göndərilmiş, içərisində “dərman”dır, başqa şəxs gəlib ondan həmin dərmanı götürməlidir. Tahirə qarşı hər hansı bir zorakalıq və ya işgəncə halları baş verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N N-li hərbi hissənin hərbi qulluqçusu Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs içərisində külli miqdarda narkotik vasitələr olan bağlamanı götürüb hadisə yerindən uzaqlaşarkən saxlanıldığını, saxlanılan zaman əlindəki torbanı yerə atdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 20-ci sərhəd zastavasının inzibati binasında hərbi qulluqçular tərəfindən saxlanılan adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə və hadisə yerinə gəldiyi avtomobilə baxış keçirilmiş, həmin baxışda Şahid4la birlikdə hal şahidi qismində iştirak etmişdir. Bağlamaların içərisindən lentlə sarılmış bükümlər, həmin bükümlərdə tünd rəngli, kəskin qoxulu, çəkisi 4200 qram təşkil edən heroinə bənzər maddə, kəskin qoxulu, ot şəkilli, çəkisi 5800 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə, tünd qəhvəyi rəngli, kəskin qoxulu, çəkisi 2100 qram təşkil edən tiryəkə bənzər maddə, 1900 ədəd üzərində “M-40” yazısı olan metadon həbləri və 290 ədəd üzərində “Gababrel-300” yazısı olan həbləri aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əraziyə gəldiyi VAZ-2107 markalı **-BK-*** seriya nömrəli avtomobilə baxış keçirilən zaman həmin avtomaşından qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 mart 2022-ci il tarixli 6/1315-7/210 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd bağlamalarda ümumi təmiz çəkisi 4971,7 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 2 ədəd sellofanda ümumi təmiz çəkisi 1977,2 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 4 ədəd bağlamalarda ümumi təmiz çəkisi 3831,8 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Üzərilərində “M-40” göstəriciləri olan ümumi sayı 1900 ədəd metadon həblərin əsas təsiredici maddəsinin miqdarı 76 qram, üzərilərində “Gababrel 300 Pregabalin” göstəriciləri olan ümumi sayı 290 ədəd preqabalin həblərin əsas təsiredici maddəsinin miqdarı 87 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1732 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Beyləqan rayonunun ərazisi, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, Əmirzeyidli kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən iki ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaların içərisindən çəkisi 4200 qram təşkil edən heroinə bənzər maddə, çəkisi 5800 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə, çəkisi 2100 qram təşkil edən tiryəkə bənzər maddə, 1900 ədəd üzərində “M-40” yazısı olan metadon həbləri və 290 ədəd üzərində “Gababrel-300” yazısı olan həblərin olması aşkar olunmuşdur. İş materiallarında olan 07 mart 2022-ci il tarixli qərarla narkotik vasitələr olan 1890 ədəd həb metadon qalığı, 4971,2 qram qurudulmuş marixuananın qalığı, 1977,1 qram tiryək qalığı və 280 kapsul güclü təsir edən maddə olan “Gabaprel 300 Preqabalin” qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Sumsung J2” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini pozaraq İİR-ə keçdiyi üçün xx.xx.1993-cü il tarixdə rəsmi qaydada AR tərəfə, sonra isə müvafiq tədbirlərin görülməsi üçün Horadiz Polis bölməsinə təhvil verilmişdir. Bundan başqa, xx.xx.2015-ci il tarixdə saat 21:30-da 2-ci Sərhəd dəstəsinin 19-cu sərhəd zastavasının 21-ci sahəsində İİR vətəndaşı X1 2 kq 19 qr narkotik vasitə ilə saxlanılmış, qeyd olunan narkotik vasitənin sifarişçisi Təqsirləndirilən şəxs olması müəyyən edilsə də, həmin şəxsin yaşadığı evə baxış keçirilərkən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə, saat 14:22-də “Biləsuvar” SNM-də Azərbaycan Respublikasından İran İslam Respublikasına keçərkən DSX-nin xx.xx.2015-ci il tarixdən “saxla” statusunda olduğu üçün Təqsirləndirilən şəxs saxlanılmış, saat 15:05-də adı məhdudiyyət siyahısından çıxarılaraq dövlət sərhədindən buraxılmışdır. İş materiallarında olan DSX-nın Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs 2011-2019-cu illər ərzində dövlət sərhədindən sonuncu hərəkəti xx.xx.2019-cu il tarixdə olmaqla ümumilikdə 12 halda hərəkəti qeydə alınmışdır. 02 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş mobil telefonda onunla şəxsiyyəti Həmzə kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə danışıqlar qeydə alınmışdır. Həmin danışıqlar zamanı istintaqa Həmzə adı ilə məlum olan şəxsin Təqsirləndirilən şəxs göndərdiyi, içərisində narkotik vasitələr və güclü təsir edən dərman preparatları olan bağlamaların gizlədildiyi yeri izah etmək üçün olan yazışmada “Qaga Bakıdan gələndə əmirzeyidli plakatından don sola. Sağda şumluqda böyük tək ağac. Onun debində. Sola donenden sonra 25 metr içeride boyuk agac”, “məni yıg”, “mene xeber ver gardashim”, daha sonra üzərində “əmirzeyidli” yazısı olan lövhənin və ərazinin “Google MAP” proqramının görüntüsü əks olunmuş görüntülər əks olunmuşdur. 23 aprel 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə şəxsiyyəti məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikası operatoruna məxsus “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə 1 halda “68” saniyəlik daşığın olması, həmçinin qeyd olunan nömrə ilə aralarında “salam gəl vatsapa” və "xxxx" məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. Həmçinin Azercell MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə sorğu edilən müddətdə, yəni 04 dekabr 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək olan müddət ərzində hər hansısa bir mobil operator arasında danışıqlar və SMS yazışmaları qeydə alınmamışdır. İş materiallarında olan 2 avqust 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Həmzə adlı iranlı tanışının ona göndərdiyi bağlamanı götürmədiyini, həmin yerə yaxınlaşarkən saxlanılması, həmin bağlamada narkotik vasitələrin və güclü təsir edən maddənin olmasından məlumatının olmadığı, Həmzənin bağdlamada yalnız “dərman”ların olduğunu deməsi, habelə saxlanılarkən hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı hərbi qulluqçular tərəfindən zor tətbiq olunması və xəsarət alması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, 5 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs DSX əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması halları olmadığından, həmçinin 2 mart 2022-ci il tarixdə saat 21 radələrində onun Beyləqan rayonu Əmirzeyidli kəndində hadisə yerindən qaçan zaman öz ehtiyyatsızlığından yerə yıxılaraq dərəcələri təyin olunmayan xəsarətləri almasında cinayət hadisəsi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs DSX əməkdaşları tərəfindən döyülərək xəsarət almasına dair dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs bağlamanı götürmədiyi, həmin bağlamada narkotik vasitələrin deyil, dərmanların olması ilə bağlı göstərdiyi xüsusatlar hadisə yerinə, bağlamlara baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələrində Təqsirləndirilən şəxs bağlamanı götürdükdən sonra ona “Dayan” əmri verilmiş, o, hadisə yerindən qaçmaq istəyərkən saxlanılan zaman əlindəki bağlamanı kənara atmışdır. Həmçinin, hal şahidi Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus bağlamaya baxış keçirələrkən içərisində külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələr aşkar edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ilkin izahatında da iranlı Həmzənin ona göndərdiyi torbanı götürdükdən sonra saxlanıldığını etiraf etmişdir. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq irandan ona göndərilən külli miqdarda narkotik vasitə və güclü təsir edən maddə olan bağlamanı 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən «Həmzə» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri və güclü təsir edən maddəni qaçaqmalçılıq yolu ilə qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana, metadon və tiryək narkotik vasitələr, Preqabalin isə güclü təsir edən maddədir. Qurudulmuş mariuxanının 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Preqabalinin 5 qramdan artıq hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Həmzə” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni və güclü təsir edən maddəni Təqsirləndirilən şəxs başqa şəxsə çatdırmaq məqsədi ilə Beyləqan rayonu ərazisinə gələrək N saylı hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən kol bitkiləri arasında olan ağacın altından qanunsuz olaraq əldə edib daşıyarkən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Həmzə” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Həmzə”adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Həmzə” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Həmzə” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə Beyləqan rayonu ərazisinə gələrək N saylı hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən kol bitkiləri arasında olan ağacın altından qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Həmzə” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Həmzə” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Həmzə” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Həmzə”yə kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Həmzədən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Həmzəyə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 2 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 4 mart 2022-ci il tarixdə CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 2 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 1997-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri qanunsuz əldə edib daşıyıb, saxlayıb və satdığına görə CM-nin 226-cı maddəsinin 2-ci hissəsi və 71-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2005-ci il tarixli qərarı 1 (bir) il şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyinidən o, hazırda məhkum olunmayan şəxs hesab edilir. İş materiallarında olan Füzuli RİHB Bala Bəhmənli kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək, 240.3.2-ci maddənin sanksiyasında dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət töərtdiyinə görə məhkum olunmasına və məhkumluğu ödənilməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən eyni kateqoriyadan olan qəsdən ağır cinayət əməllərini törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 2 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1890 ədəd həb metadon qalığı, 4971,2 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 1977,1 qram narkotik vasitə olan tiryək qalığı və 280 kapsul güclü təsir edən maddə olan “Gabaprel 300 Preqabalin” qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Sumsung J2” markalı qara rəngli mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 2 mart 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1890 ədəd həb Metadon qalığı, 4971,2 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 1977,1 qram narkotik vasitə olan tiryək qalığı və 280 kapsul güclü təsir edən maddə olan “Gabaprel 300 Preqabalin” qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Sumsung J2” markalı qara rəngli mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar