Məhkəmə qərarları › İş №1(099)-537/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-537/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-537/2022 01.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1971-ci ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətində azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli Qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, Lənkəran rayon Məhkəməsinin 07 sentyabr 2020- ci il tarixli hökmünə əsasən CM-nin 234.1 və 256.2.3 ci maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 2 il müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşamış, 02 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə əvvəlcədən cəzaçəkmə müəssisəsində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Səid adlı şəxs tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilərək X4 rayonunun ərazisində X6 yaxın ərazidə dəniz sahilində gizlədilmiş külli miqdarda narkotik vasitələri yəni, 01 ədəd qəhvəyi rəngli çantasında və həmin çantanın içində ayrı-ayrılıqda çəkisi-1660.0 qram, 1985.0 qram, 1615.0 qram, 1430.0 qram və 1655.0 qram ümumi təmiz çəkisi 8345.0 qram tiryəkdən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan heroini 30 aprel 2022ci il tarixdə saat 20 radələrində satış məqsədilə qanunsuz olaraq oradan götürüb əldə etdikdən sonra həmin narkotik vasitəni götürdüyü yeri tərk edərkən X5 İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq X7 Şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilən zaman ondan külli miqdarda narkotik vasitə olan 01 ədəd qəhvəyi rəngli çantasında və həmin çantanın içində ayrı-ayrılıqda çəkisi-1660.0 qram, 1985.0 qram, 1615.0 qram, 1430 qram və 1655.0 qram ümumi təmiz çəkisi 8345.0 qram tiryəkdən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə əvvəllər cəza çəkərkən tanış olduğu Səid ona zəng edərək razılaşdıqları narkotik vasitəni Astara şəhərində Xəzər Dənizinin sahilində, Astara bulvarının yaxınlığında qoyduğunu demiş və həmin yerin foto şəkillərini ona göndərmiş, o da Astara şəhərinə gedərək, Səidin dediyi yeri tapmış və həmin yerdə qəhvəyi rəngdə çanta görüb, onu götürərək getmək istəyərkən iki nəfər mülki geyimdə olan polis əməkdaşlaı onu saxlayaraq, onu X7 şöbəsinə gətirmişlər. Orada çantaya baxış keçirilərkən çantanın içəridindən 5 ədəd bağlamalar aşkar olunmuş, onların içərisinə baxılarkən bağlamalarda heroin olduğu aşkar olunmuşdur. O həmin heroinin ona tanışı İranlı Səid tərəfindən göndərildiyini və heroinin hər 1 kq üçün 600 manat ona pul verəcəyini vəd etdiyini bildirmişdir. Sonra da heroin elektron tərəzidə çəkilmiş və çanta ilə birlikdə ümumi çəkisi 8885 qram olmuşdur. Sonra da bu barədə protokol tərtib olunmuş, o da heç bir etiraz etmədən protokolu imzalamışdır. O ifadəsində əlavə olaraq göstərmişdir ki, narkotik vasitəni satışı ilə əlaqədar özünü təqsirli bilir, lakin o narkotik vasitəni İrandan özü keçirməmişdir. Ona görə də qaçaqmalçılıqla əlaqədar özünü təqsirli bilmir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılarkən ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində qeyd edilən cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə edilmiş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə X7 Şöbəsinə Lənkəran rayonu, Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və satış məqsədi ilə üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 18 radələrində X4 şəhəri ərazisində X6 yaxın ərazidə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs X4 şəhəri ərazisində X6 yaxın ərazidə Xəzər dənizinin sahilinə gəlmiş və beton daşların yaxınında dayanaraq kənara boylanaraq ətrafa baxmış, sonra da dənizinin sahilindəki beton daşın arasında bir ədəd çantanı götürüb, X8 istiqamətində hərəkət etməyə başlamış, onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini ona təqdim etdikdə, o qaçmaq istəyərkən saxlanılmışdır. Sonra da Elçin X7 şöbəsinə gətirilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkilişlə əvvəlcə üzərində şəxsi axtarış keçirilmişdir. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qəhvəyi rəngli çantanı təqdim etmişdir. Həmin çantaya baxıldıqda içində iki ədəd qara sellofan bağlama və onların içərisində beş ədəd polietilen sellofan bağlamada narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs içərisində heroin olan çantanın İran İslam Respublikası vətəndaşı Səid adlı şəxs tərəfindən qoyulduğunu və həmin narkotik vasitələri götürdükdən sonra Səidin dediyi yerlərə qoyacağını və bunun müqabilində pul alacağını bildirmişdir. Sonra da Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamalar müvafiq qaydada qablaşdırılmış, şöbənin möhürü ilə möhürlənərək bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid6 Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmədə müdafiə və ittiham tərəfin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən şahid Lənkəran XPŞ-nin rəisi Şahid1 ifadəsindən də 30 aprel 2022-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi və satış məqsədi ilə üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olması, həmin tarixdə saat 18 radələrində X4 şəhəri ərazisində X6 yaxın yerdə Xəzər dənizinin sahilində, beton daşların arasında gizlədilmiş çantanı götürərkən saxlanılaraq, X5 İdarəsinin X7 şöbəsinə gətirilərək, orada onun əlində olan çantaya baxış keçirilərkən, içində iki ədəd qara sellofan bağlama və bağlamalartın içərisində beş ədəd polietilen sellofan bağlamada narkotik vasitə heroin aşkar edildiyi, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 30 aprel 2022-ci il tarixdə günorta vaxtı X4 şəhəri ərazisində X6 yaxın ərazidə Xəzər dənizinin sahilinə İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxs tərəfindən qoyulduğunu və həmin narkotik vasitələri Səidin dediyi yerlərə qoyacağını bildirdiyi təsdiq olunur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Su NPİ-nin Lənkəran XPŞ-nin İstintaq qrupunun icraatında olan ********* saylı cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı ilə bağlı Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq hadisə şahidlərini müəyyən etmək mümkün olmamışdır. Lakin, hadisənin görüntüsünü əks etdirən 01 ədəd diskdə olan əməliyyat çəkilişi ********* saylı cinayət işinin materialına əlavə edilməsi üçün təqdim edilmişdir. İşdə olan əməliyyat görüntüsünü əks etdirən video görüntüyə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı video görüntüdə X4 şəhəri ərazisində X6 yaxın ərazidə Xəzər dənizinin sahilində dənizin ləpə döyən hissəsində iri beton daşların yanında dayanmış bir nəfər şəxs Təqsirləndirilən şəxs oxşar olan əynində boz rəngli gödəkcə, göy rəngli cins şalvar, başında papağı olan şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyətli hallar aşkarlanmışdır. Belə ki, həmin mobil telefon “Nokia 5.1 Plus” markalıdır və mobil telefonun“whatsapp” proqramında “İran Turme” adla yaddaşda qeyd olunan kontakla (əlaqədə) 7 ədəd səs yazıları və 6 ədəd foto şəkillərin olması müəyyən edildi. Həmin 6 ədəd şəkil 30 aprel 2022-ci il tarixdə gündüz vaxtı çəkilmiş, həmin şəkillərdə dəniz kənarı və suyun ləpə döyənində iri beton daşlar, həmin beton daşların arasında bir ədəd kapron materialdan hazırlanmış qara rəngli işarə verici əşya və həmin əşyanın yanındakı daşların arasında üstü quru odun parçaları ilə örtülmüş qəhvəyi rəngli çanta əks olunmuşdur. 7 ədəd səs yazıları 0:03 saniyə, 0:10 saniyə, 0:05 saniyə, 0:59 saniyə, 0:58 saniyə, 0:15 saniyə digəri isə 0:45 saniyədir. 22 aprel 2022-ci il tarixdə saat 16:37 radələrində 0:03 saniyə olan səs yazısında “salam qardaş” sözləri əks olunmaqla 22 aprel 2022-ci il tarixdə saat 16:38 radələrində, 0:10 saniyə olan səs yazısında “necəsən qardaş nə var nə yox Elçindi dostun” sözləri əks olunmaqla, 22 aprel 2022-ci il tarixdə saat 16:39 radələrində, 0:05 saniyə olan səs yazısında “bura girəndə mənlə əlaqə saxlada” sözləri əks olunmaqla, 22 aprel2022-ci il tarixdə saat 16:53 radələrində, 0:59 saniyə olan səs yazısında “qaqa bir iki dənə şey sənə tapşırmaq istiyirdim oları özünçün yadda saxlada bir iki üş günə olarıda ötürdə mənə özümə lazımdır 1 list M-40, M-40-lardan, 3 qram patı, 10 qramda kofedən prostu kofenin yaxşısından lazımdır özümə lazımdır özümdə qurtarıb özüm istifadə elediyimdən yaniki bazar malı zadı eləmədə yaxşısından varsa özümçün 10 qram göndər, imkan olsa tez eledə inanırsanki sabahlıq varımdır birisi günə heç zadım yoxdur” sözləri əks olunmaqla səs yazıları Təqsirləndirilən şəxs tərəfindən “İran Turme” adlı kontakta göndərilmişdir. 23 aprel 2022-ci il tarixdə saat 11:46 radələrində 0:58 saniyə olan səs yazısında “salam ağayi Elçin nə cürsən vəziyyət zad hayanlardasan şumaneyədə zəng edirəm telefonu açmırsan quşum qət olmuşdur, ağa gör sənə nə deyirəm gəldi çatdı sənə o əmanət? O az olza bir günə iki günə onu sənə tam göndərərəm narahat olma baba.gör sənə nə deyirəm o şeylər gələcək yük sənə demişdim haa həmin yük dəniznən gələcək dəniznən, ordan sizə xəbər edəyəm götürərsən şəklini zadını atacam sənə baba gedib götüyərsən. 600 manatda hər kilodanda verəcəyəmdə sənə. Sən quşunu açıq qoyda mənə bir xəbər elə gözdüyürəm” sözləri əks olunmaqla “İran Turme” adlı kontaktdan Təqsirləndirilən şəxs göndərilmiş, 28 aprel 2022-ci il tarixdə saat 15:55 radələrində 0:15 saniyə olan səs yazısında “qaqa yadımdan çıxmışdı şəkilləridə atarsanda şəkilləri atarsan puluda sən vurarsanda vurarsan mənim adıma oldu”. 28 aprel 2022-ci il tarixdə saat 18:29 radələrində 0:45 saniyə olan səs yazısında “Səid salam hər vaxtın xeyir. Səid biraz baş qarışıq idi hüzür düşmüşdür sənlə əlaqe saxlaya bilmirdim. Necəsən? qaqa o yüklə bağlı gəlib mənə heçnə çatmadıda onun aqibətini mən bilirəmki tutuldu o adam. Səndə bilərsən hər halda indiyə. Mənə gəlib ordan heçnə çatmadı. Qaldıki bizim o işimizlə bağlı o sənlə danışdığımız qiymətlə götürəcəm hara lazımdır nətər dediyin kimi qoyacamda yəni ona görə narahat olma oldu qaqa” sözləri əks olunmaqla səs yazıları Təqsirləndirilən şəxs tərəfindən “İran Turme” adlı kontakta göndərilmişdir. Baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs bildirdi ki, “İran Turme” adla yaddaşda qeyd olunan kontakda ona narkotik vasitəni İran islam Respublikasından göndərən Səid adlı şəxsdir, səs yazılarında olan 0:58 saniyəlik səs onun səsidir. Telefonda olan şəkillərdə narkotik vasitənin qoyulduğu yer əks olunur. Gündüz vaxtıda çəkilən şəkillər dəniz kənarını və dənizin sahilində iri beton daşlar, həmin beton daşların arasında bir ədəd kapron materialdan hazırlanmış qara rəngli əşya narkotik vasitənin qoyulduğu beton daşın istiqamətini göstərir. “İran Turme” adla yaddaşda qeyd olunan kontakda olan şəkildə ayaq üstə gülümsüyərək çəkilmiş şəkil (qara saçları və arığ bədən qruluşlu) əks olunmuş şəxsin Səid adlı şəxsdir.Qeyd olan məlumatlar Təqsirləndirilən şəxs məxsus (***-***-**-**) saylı mobil nömrədən açılmış “Nokia 5.1 Plus” markalı mobil telefonun “whatsapp” proqramına +98 903 994 0986 saylı nömrədən gəlmişdir. İşdə olan ibtidai istintaq orqanının 03 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs məxsus Nokia 5.1 Plus” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün SU NPİnin Lənkəran XPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 may 2022-ci il tarixli 19/543 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs... sözlər və imzalar olan bir ədəd paketdəki 2 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1660,0 qram, 1985,0 qram- ümumi təmiz çəkisi 3645 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. “Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs... sözlər və imzalar olan bir ədəd paketdəki 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1615,0 qr, 1430,0 qr, 1655 qram- ümumi təmiz çəkisi 4700 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd bağlamada ümumi təmiz çəkisi 8345,0 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İşdə olan ibtidai istintaq orqanının 07 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış, 05 ədəd üzəri yapışqan lentlə bağlanmış sellafonlarda təmiz çəkisi 8344,75 qram tiryəkdən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroini maddi sübut kimi tanınmış və saxlanılması üçün Su NPİ-nin Lənkətan XPŞ-nin maddi sübutların saxlanılan saxlanc anbarına təhvil verilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin NBPİ-nin SU NPİ-nin 10 iyun 2022-ci il tarixli, 5/6- 225-1779-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət sərhəddini 01 yanvar 2022-ci ildən 30 aprel 2022-ci il tarixindək keçməsi barədə məlumat yoxdur. İşdə olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı əks etdirən video diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd qəhvəyi rəngli çantanın içində olan 5 ədəd bağlamada narkotik vasitə - heroini könüllü olaraq təqdim etməsi və həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən qablaşdırılması əks olunmuş görüntülər müəyyən edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs şəxsi axtarışının görüntülərini əks etdirən 1 ədəd DVD disk, əməliyyat çəklişini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs və Səid adlı şəxsin səs yazısı olan 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disklər cinayət işinin materialına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 may 2022-ci il tarixli 609 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 11 may 2022-ci il tarixli, 384 saylı məktubundan görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü, Lənkəran rayonunun, Sütəmurdov kənd sakini Bəşirov X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda dayanmır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 8345,0 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından təxminən min dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə tədiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şahin Məmmədov şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Səid adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında satması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Səid adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Astara rayonu ərazisində qoydurmuş, Təqsirləndirilən şəxs da satış məqsədi ilə həmin narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə heroin ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Səid adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Səid adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmaya Səid adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı Səid adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin İranlı Səid adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirsə də həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirak etmədiyini və ona elan olunmuş ittiham üzrə CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin icraçısı olmadığından onun əməli CM-in 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Onun qaçaqmalçılıq cinayətində köməkçi qismində iştgirak etməsi, özünün məhkəmədə verdiyi ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında, telefon danışıqlarına dair, Təqsirləndirilən şəxs və Səid adlı şəxsin səs yazısı olan 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə tam təsdiq olunduğundan məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 aprel 2022-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər 7 halda məhkum olunmuş, həmin məkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Lakin o Qəbələ rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli Qərarına əsasən 4 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Lənkəran rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1 və 256.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətində azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 12 saylı X2 rayon Məhkəməsinə ünvanladığı 07 mart 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəıməsinin 24 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılmış və o 07 mart 2022-ci il tarixdə cəza müddəti qurtardığından cəzanın sonu ilə azad olunmuşdur. Onun yenidən qəsdən cinayət törətdiyi günə kimi çəkilməmiş cəzası qalmamışdır. CM-nin 18.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ciddi cəzanın üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal olmamaqla ağırlaşdıran halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın cəza təyin edilməsi məqsədə uyğundur. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 30 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və X9 İdarəsinin X7 Şöbəsində saxlanılan qalıq çəkisi 8344,75 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Nokia 5.1 Plus” markalı mobil telefon onun ailə üzvünə qaytarılmalı, 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 150 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Su NPİ-nin X7 Şöbəsində saxlanılan qalıq çəkisi 8344,75 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Nokia 5.1 Plus” markalı mobil telefon onun ailə üzvünə qaytarılsın, 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 150 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar