Məhkəmə qərarları › İş №1(099)-537/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-537/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-537/2024 20.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 22-də qeydiyyatda olub və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd kisənin içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmin çəkiləri-1820,0 qram. 1450,0 qram, 1050,0 qram olan, ümumi təmiz çəkisi 4320,0 qram xüsusi ilə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri-1130,0 qram, 2030,0 qram, 2175,0 qram və 2030,0 qram olan, ümumi təmiz çəkisi 7365,0 qram külli miqdarda tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib onun bu cinayətkar əməlindən məlumatı olmayan tanışı Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da Cəlilabad rayonu Fərzili kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və RPŞ-nin cərimə meydançasında Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin narkotik vasitə heroin və qurudulmuş marixuana avtomobilin arxa oturacağındakı idman çantasından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs iş üzrə özünü ona elan olunmuş ittihamla bağlı qismən təqsirli bilərək qeyd etmişdir ki, o, 25 fevral 2024-cü il tarixdə evdə olduğu zaman istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng gəlmiş, adının Əli olduğunu və İran İslam Respublikası vətəndaşı olduğunu bildirən bir nəfər şəxs ona Cəlilabad rayonu ərazisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni lazım olan ünvana çatdıracağı halda ona 700 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. O da maddi vəziyyəti yaxşı olmadığından təkliflə razılaşmışdır. Daha sonra özünü Əli kimi təqdim edən şəxs ona 26 fevral 2024-cü il tarixdə narkotik vasitəni Cəlilabad rayonundan götürüb dediyi ünvana çatdırmalı olduğunu bildirmişdir. Oraya getmək üçün tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid4 əmisinin Cəlilabad rayonunda yaşadığını bildirərək, onu maşını ilə Cəlilabad rayonuna aparmasını, əmisindən pul götürəcəyini və pulu götürdükdən sonra yenidən Bakıya gətirməsini xahiş etmişdir. Şahid4 100 manat müqabilində onu Cəlilabada aparıb gətirməklə razılaşmış, onlar Şahid4 “Opel Astra” markalı avtomobili ilə Cəlilabad rayonuna yola düşmüşlər. Saat 12 radələrində Cəlilabada çatmışlar və sonra narkotikin qoyulduğu yeri öyrənmək üçün “Əli” ilə danışmış, o da Təqsirləndirilən şəxs narkotikin yerləşdirildiyi yer barədə istiqamət vermişdir. Onun “Əli” ilə danışıqlarından Şahid4 xəbəri olmamış, Şahid4 sadəcə taksi sürücüsü kimi onunla həmin ünvana getmişdir. Onlar Cəlilabad şəhərinin ətrafında olan yaxın bir kəndə yaxınlaşandan sonra orada bir həyətin küçəsində İmranı saxlatdıraraq, ona avtomobildə gözləməsini, özü isə əmisigildən pulu götürüb birazdan qayıdacağını demiş, daha sonra “Əli”nin dediyi yaşayış evinin yaxınılığında olan zibil qutusunun yanından narkotik vasitələri götürmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü Əli kimi təqdim edən şəxs ona qurudulmuş marixuana növündə narkotikin 200 qram olduğunu demişdir, amma dediyi yerdəki narkotik vasitələrin miqdarı çox olmuşdur. Narkotik vasitə olan çantanı götürüb yola düşəndən 2-3 dəqiqə sonra Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yolda saxlanılmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, içində narkotik vasitələr olan çantanı gizlədilən yerdən götürən zaman onun çəkisinin deyiləndən artıq olduğunu görmüş, lakin çantanın ağzının bərk bağlandığı və onu açmağın vaxt aparacağını anlayıb, çantanın içini yolda gedərkən də yoxlaya biləcəyi düşüncəsi ilə çanta ilə birlikdə avtomobilə minib yola düşmüşdür. Maşına mindikdən dərhal sonra həmin çantanın razılaşdıqları həcmdən artıq olduğunu bildirmək məqsədilə içərisində narkotik vasitələr olan çantanın şəklini çəkib Əli adlı şəxsə göndərmiş, lakin Əli adlı şəxs ona cavab vermədən onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, Cəlilabad rayonuna həmin 200 qram qurudulmuş marixuananın bir qismini özü üçün əldə etmək, qalanını isə Əli adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə qoymaq üçün getmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olmuşdur. Bir neçə il əvvəl narkotik vasitə heroin qəbul etmiş, 25 fevral 2024-cü il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” bölməsinə tanımadığı İran İslam Respublikasına aid nömrədən yazılı mesaj gəlmiş, həmin mesaj yazısında özünü onu tanıyan şəxs kimi təqdim edən biri olmuş, o da ona mesaj yazaraq kim olduğunu xəbər almışdır. Bundan bir neçə dəqiqə sonra həmin nömrədən ona zəng gələrək adı Əli olduğunu və İranda yaşadığını demişdir. Telefonda ona özünü Əli kimi təqdim edən şəxs ona Cəlilabad rayonunda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni götürüb lazımi ünvana çatdıracağı halda ona 700 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini demişdir. O da razılaşmış, Əli ona 26 fevral 2024-cü il tarixdə narkotik vasitəni Cəlilabaddan götürməsini demişdir. Ona görə də 26 fevral 2024cü il tarixdə saat 09 radələrində onunla eyni qəsəbədə yaşayan taksi fəaliyyəti ilə məşğul olan əvvəlcədən tanıdığı Şahid4 ilə görüşərək onu idarə etdiyi avtomobillə Cəlilabad rayonuna gətirməsini, İmrana yalandan Cəlilabad rayonunda əmisi yaşadığını, əmisindən pul götürəcəyini və sonra onu Bakı şəhərinə qaytaracağını demişdir. Şahid4 onu idarə etdiyi avtomobillə Cəlilabad rayonuna gətirməsinə sonra da Bakı şəhərinə qaytarması üçün 100 manat yol haqqı istəmiş, o da İmrana 100 manat yol haqqı verməsinə razılıq verərək yol haqqını da əmisindən pulu götürəndən sonra verəcəyini demişidir. İmran da onun sözünə razılıq verərək sonda onun idarə etdiyi “Opel Astra” markalı avtomobilinə əyləşərək yola düşmüşlər. Saat təxminən 12 radələrində Cəlilabad rayonuna çataraq Əli ilə telefonla danışaraq Əli ona telefonda istiqaməti deyərək o da həmin istiqamət üzrə İmrana yol göstərmişdir. Lakin İmran onun kimlə danışdığını bilməmiş, onlar Cəlilabad şəhərinin ətrafında olan yaxın bir kəndə yaxınlaşandan sonra orada bir həyətin küçəsində İmranı saxlatdıraraq ona avtomobildə gözləməsini, özü isə əmisigilə dəyib birazdan qayıdacağını demişdir. İmran da onun doğurdan da əmisi evinə getdiyini bilmişdir. Avtomobildən düşüb aralandıqdan sonra yenə Əli ilə telefonla danışaraq Əlinin dediyi bir yaşayış evinin yaxınılığında olan bir zibil qutusunun yanında içərisində narkotik vasitələr olan bir ədəd böyük qara rəndli çantanı götürərək qayıdıb İmranın avtomobilinin arxa sərnişin oturacağında əyləşərək çantanı da yanına qoyaraq İmrana qayıdıb Bakı şəhərinə getmələrini demişdir. İmran çantada nə olduğunu bilməyərək elə başa düşmüşdür ki, həmin çantanı da əmisigildən gətirmişdir. İmran Avtomobilini işə salıb onlar yola düşəndən təxminən 1-2 km uzaqlaşandan sonra yolda polis əməkdaşları İmrana avtomobilini saxla işarəsi vermiş, ona görə də İmran avtomobilini saxlamışdır. İmran avtomobilini saxlayandan sonra bir neçə nəfər mülki geyimli şəxslər yaxınılaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onda narkotik vasitə olub-olmadığını xəbər almış, o polis əməkdaşlarına avtomobildə olan çantada narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları Şahid4 və onu İmranın avtomobili ilə birlikdə Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim olunaraq üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən yalnız “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Bundan sonra isə videoçəkiliş vasitəsilə Şahid4 avtomobilinə baxış keçirilmiş, o da avtomobilin arxa oturacağında içərisində narkotik vasitə olan çantanı çıxardıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları çantanı açıb baxarkən çantanın içərisində olan kisənin içərisindən 4 bükümdə narkotik vasitə marixuana və 3 bükümdə narkotik vaitə heroin aşkar olunaraq götürülmüş, aşkar olunan narkotik vasitələr elektron tərəzidə çəkilərək kisəyə qablaşdırılmış, bu barədə də protokol tərtib olunmuş, protokol ucadan oxunmuş o da digər iştirakçılar kimi kisənin üzərini və protokolun doğruluğunu imza etmişdir.(i.v. 93-95) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, ibtidai istintaq zamanı dindirilərkən, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə dindirilərkən 200 qram qurudulmuş marixuana götürmək üçün Cəlilabad rayonuna getməsi barədə bildirməməsini polis əməkdaşlarının fiziki təzyiqlər və təhdidlərinin nəticəsi olması ilə əsaslandırmışdır. Bildirməsinə görə o, polis əməkdaşlarına cəmisi 200 qram qurudulmuş marixuana götürmək üçün gəldiyini bildirsə də, polis əməkdaşları ona bu barədə şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən qeyd etməməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs sonda məhkəmədən 200 qram qurudulmuş marixuananı əldə etmək niyətini, həmçinin azyaşlı övladlarının olmasını, əməlindən səmimi peşman olduğunun nəzərə alınaraq, aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisindən külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair əməliyyat qrupu yaradılmış o da qrupun rəhbəri təyin olunmuş, sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra o, qrupun digər üzvləri RPŞ-nın CAB-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nun əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfərləri Tural Ağayev və Famil Dadaşovla birlikdə X1 rayonu ərazisində olması ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü onlar saat 14 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Fərzili kəndi ərazisində sərnişin qismində əyləşdiyi “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görərək əməliyyat müşahidəsinə götürmüşlər. Təxminən 10 dəqiqə sonra həmin avtomobili Fərzili kəndi ərazisində saxlatdırıb avtomobilə yaxınlaşaraq özlərini təqdim edib arxa oturacaqda əyləşən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs yanında olan çantada narkotik vasitə olduğunu demiş, ona görə də onlar sonradan kimliyini bildikləri avtomobilin sürücüsü Şahid4, onun avtomobilini və avtomobildə olan Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-yə gətirmişlər. Bundan sonra sənədləşmə aparılaraq, dəvət olunmuş vəkilin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli hər-hansı əşya və ya predmet aşkar olunmamış, sonra Şahid4 təqdim olunmuş vəkilin iştirakı ilə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən də hər-hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onların özlərinin və vəkillərinin iştirakı ilə videoçəkiliş vasitəsilə Şahid4 avtomobilinə baxış keçirilənkən Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağının üzərindəki çantanı təqdim edərək çantanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Çanta açılıb baxılarkən çantanın içərisindəki kisənin içərisindən 3 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, 4 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğunu görmüşlər. Aşkar olunmuş 3 ədəd bükümdə heroinə oxşar maddə və 4 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək kisəyə qablaşdırılmış, kisənin ağzı möhürlənmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 3 ədəd bükümdəkinin narkotik vasitə heroin, 4 ədəd bükümdəkinin isə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin tapşırığı əsasında Cəlilabad rayonu ərazisindən götürdüyünü, Şahid4 narkotik vasitədən məlumatı olmadığını, Şahid4 taksi sürücüsü kimi 100 manat yol haqqına gəldiyini bildirmişidir. Baxış zamanı Şahid4 avtomobilindən əlavə olaraq narkotik vasitə, cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat qrupunda 5 nəfər polis əməkdaşı olmuşlar. Onlar Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 10-15 dəqiqə müşahidə edib, sonra şübhəli şəxs qismində saxlamışlar. Ancaq onu narkotik vasitələri yerləşdirildiyi yerdən götürərkən görməmişlər, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs M. Əhmədov saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən üzərindən aşkar olunmuş çantadakı narkotik vasitənin miqdarını mübahisələndirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 və Şahid3 ifadəsinə uyğun ifadə verərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin yerləşdirildiyi yerdən götürərkən görməmişlər, onlar təqsirləndirilən şəxsi müşahidə altına alanda şəxs artıq narkotik vasitəni götürmüş və maşınla hərəkətdə olmuşdur. O, həmiçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən Cəlilabad rayonuna 200 qram narkotik vasitə qurudulmuş marixuana üçün getməsi ilə bağlı bildirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Əmircan qəsəbəsində taksi sürücüsü işləyir. Hadisə günü Təqsirləndirilən şəxs müştəri kimi götürmüş, əvvəllər tanımamışdır. Cəlilabad rayonuna gedib qayıtmaq barədə Məmmədlə yol pulunu 100 manata razılaşmışlar. Danışıqlarına əsasən Məmməd 100 manatı ona qayıtdıqdan sonra verməli idi. Qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Nə üçün saxlanıldıqları barədə məlumatı olmamışdır. Saxlanıldıqdan sonra Cəlilabad rayon polis şöbəsinə aparılmışlar. Şahid4 suallara cavabında bildirmişdir ki, Məmmədi əvvəllər tanımamış, özü narkotik vasitə istifadəçisi deyil. Məmməd ona Cəlilabbada əmisigilə getdiyini bildirmişdir. Avtomobildən aşkarlanan narkotik vasitədən məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən özünə qarşı təzyiq olunmamış, Məmmədə qarşı təzyiq olunmasını da görməmişdir. Narkotik aşkarlanan zaman Məmmədin polis əməkdaşlarına narkotik vasitənin çəkisi və özünə aid olmaması barədə etiraz etməsinin şahidi olmamış, Məmməd ümumilikdə saxlanılan andan etibarən özünü sərbəst aparmış, hər şeyi etiraf etmişdir. Bundan əlavə, onlar saxlanılarkən polis şöbəsinə Təqsirləndirilən şəxs polis əməkdaşlarının maşınında, o isə öz maşınında aparılmış, içərisində narkotik vasitə olduğunu sonradan bildiyi çanta Təqsirləndirilən şəxs qoyduğu yerdə, yəni, arxa oturacaqda qalmış, o, özü çantanın yanında oturmuş, yolda polis əməkdaşları çantaya müdaxilə etməmiş, avtomobilə baxış keçirilən ana qədər çantanın olduğu yerin dəyişdirildiyinin və ya digər formada müdaxilə edildiyinin şahidi olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Bakı şəhər sakini Məmməd adlı şəxsin Cəlilabad rayonu ərazisindən külli miqdarda narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istifadəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və o, Şahid4 ilə birlikdə Cəlilabad RPŞ-yə aparılmışdır. (i.v 5,12) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 34) İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 4(073)- 25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 101-104) İşdə olan 26 fevral 2024-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokdan və videodiskdən görünür ki, Şahid4 “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağının üstündə olan Təqsirləndirilən şəxs məxsus qara rəngli çantasının içərisindəki kisənin içərisindən 03 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, 4 ədəd bükümdə isə narkotik vasitə qururdulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülərək 1 ədəd bağlamada qablaşdırılıb 141 nömrəli möhürlə möhürləndikdən sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs çantadan aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, İmra Vahabovun çantanın işərisində nə olduğundan məlumatı olmadığını və müdafiəçisinin sualına cavab olaraq polis əməkdaşları tərəfindən fiziki təzyiq və ya hər hansı formada hədə-qorxu gəlinmədiyini bildirmişdir. ( i.v. 55-56,videodisk) İşdə olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 27 fevral 2024-cü il tarixli, 19/190 nömrəli rəyindən görünür ki, “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1820,0 qram, 1450,0 qram, 1050,0 qram, olmaqla ümumi təmiz çəkiləri 4320,o qram olan görünüşlərinə və kimyəvi komponent təkiblərinə görə bir-birləri ilə eynidirlər, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1130,0 qram, 2030,0 qram 2175,0 qram 2030,0 qram olmaqla ümumi təmiz çəkiləri 7365,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Orqanileptik əlamətlərinə görə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ümumi təmiz çəkisi 4320,0 qram heroindən, cəmi tədqiqatda 0,3 qram sərf edilərək ( hər obyektdən 0,1 qram) 4319,7 qram qalıq qalmış, ümumi təmiz çəkisi 7365,0 qram marixuanadan isə cəmi tədqiqatda 0,4 qram sərf edilərək ( hər obyektdən 0,1 qram) 7364,6 qram qalıq qalmışdır. ( i.v. 68- 71) İşdə olan 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra çəkisi 4319,7 qram qalan narkotik vasitə heroin və tədqiqatdan sonrakı çəkisi 7364,6 qram qalan narkotik vasitə qurudulmuş marixuana iş üçün əhəmiyyətli olduğuna görə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞnin maddi sübutları saxlama anbarında saxlanılması üçün raportla RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır( i.v. 105) İş üzrə keçirilmiş ampulator- məhkəmə psixiatrik ekspertizasının 11 mart 2024-cü il tarixli, 677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb, törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni 26 fevral 2024-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Onun əməli Azərbaycan Respublikası CM-in 21 maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhükəliliyini dərk etmək və onları idarə etmək etmək iqtidarındadır, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. ( i.v. 156-157 ) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli 366 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 167) İşdə olan Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 mart 2024-cü il tarixli, 5- 20/2-2-24/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olub. ünvan 4 ünvanında qeydiyyatdadır. Ailəlidir, iki az yaşlı övladı var. Ailə üzvlərindən X3 12 oktyabr 1991-ci il, oğlu X4 28 yanvar 2012-ci il və digər oğlu X5 24 iyun 2015-ci il təvəllüdlüdür. Yaşadıqları ərazi üzrə müsbət qiymətləndirilmişlər. (i.v. 119-121) İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 132) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin, iş üzrə şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan, məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək, sübut kimi qiymətləndirir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (ona məxsus çantadan aşkar olunmuş narkotik vasitələrdən 200 qram qurudulmuş marixuanadan artıq hissəsinin və eyni zamanda heroinin ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, çantadan aşkar olunmuş narkotik vasitələrdən 200 qram qurudulmuş marixuanadan bir qismini özü üçün ayırıb, qalan hissəsini Əli adlı şəxsin dediyi yerə qoymaq üçün Cəlilabad rayonuna gəldiyini deməsi ilə bağlı hissələr istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbu edir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni, ona məxsus çantadan aşkar olunmuş narkotik vasitələrdən 200 qram qurudulmuş marixuanadan artıq hissəsinin və eyni zamanda heroinin ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, çantadan aşkar olunmuş narkotik vasitələrdən 200 qram qurudulmuş marixuanadan bir qismini özü üçün ayırıb, qalan hissəsini Əli adlı şəxsin dediyi yerə qoymaq üçün Cəlilabad rayonuna gəldiyini deməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, maddi sübutlar ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ona məxsus çantadan aşkar olunmuş qurudulmuş marixuana və heroin kütlələrinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Belə ki, iş üzrə məhkəmə istintaqında dindirilmiş polis əməkdaşları olan şahidlərdən əlavə, Təqsirləndirilən şəxsla eyni maşında olan Şahid4 məhkəmə istintaqında verdiyi ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda çantadan aşkar olunmuş narkotik vasitənin miqdarını mübahisələndirməmiş, əməlini səmimi etiraf etmiş, çanta saxlanıldıqdan Cəlilabad RPŞ-yə aparılana qədər polis əməkdaşları tərəfindən çantaya hər hansı formada müdaxilə olunmamış, çanta yalnız maşına baxış keçirilən zaman şahidlərin gözü qarşısında videoçəkilişlə açılmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Müdafiə tərəfinin fikrincə, ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Cəilabad Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib özünün Bakı şəhərində yaşadığını, mobil telefonla tanımadığı İİR vətəndaşının təklifi ilə Cəlilabad rayonuna gəlib həmin içərisində narkotik vasitə olan çantanı Cəlilabad rayonu, Fərzili kəndi ərazisindən götürdüyünü, həmin çantanı Bakı şəhərinə aparmalı olmasını, əməlindən peşman olmasını bildirmişdir. (i.v. 101-104) Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxs də həmçinin, məhz hansı polis əməkdaşının ona hədə-qorxu gəldiyini məhkəməyə bildirməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin, avtomobilə videoçəkilişlə baxış keçirilərkən müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən öz müdafiəsi üçün dəlillər gətirməmişdir. ( i.v.187) Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Bundan əlavə, məhkəmə şahid ifadələrinin mötəbərliyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid4 Təqsirləndirilən şəxs saxlanılan andan etibarən əməlini səmimi etiraf etməsi, çantanın içərisindəki narkotik vasitələrin bütövlükdə ona məxsusluğunu mübahisələndirməməsi, polis əməkdaşları tərəfindən ona psixi və ya fiziki zorakılıq edildiyinin şahidi olmamasına dair bildirdikləri həm digər şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, həm də avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs özünün bildirdikləri ilə uzlaşdığından, iş üzrə dindirilmiş şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən qurudulmuş marixuana narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi külli miqdar, 50.000 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə 4320 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla xüsusilə külli miqdar, 4 ədəd bükümdə 7365 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda heroin və külli miqdarda qurudulmuş marixuana əldə edib bu maddəni çəkilib ayrı-ayrı hissələrə bölünüb çoxsaylı (7 ədəd) xırda bükümlərdə qablaşdırılmış vəziyyətdə həmin bükümləri üzərində saxlamaqla yaşadığı ərazidən bilavasitə kənarda daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). AR CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə qanunvericilikdə 8 ildən 15 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini və əməlinə tənqidi münasibətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 26 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7364,6 qram narkotik vasitə qurudulmuş marixuna və 4319,7 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 il 6 ay (doqquz il altı ay) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 7364,6 qram qalmış narkotik vasitə qurudulmuş marixuna və 4319,7 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətinin veridiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar