Məhkəmə qərarları › İş №1(099)-537/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-537/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-537/2025 08.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, ünvan 1-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, ev 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışını həyata keçirmək barədə özünü İran İslam Respublikasının vətəndaşı Elşən kimi təqdim edən şəxslə və qeyriləri ilə qabaqcadan danışıb razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ona 17 iyul 2025-ci il tarixdə cinayətkar qrupun üzvü tərəfindən üç ədəd kisələrdə 36255 qram narkotik vasitə qurudulmuş marixuananın Ələt-Astara avtomobil yolunun Masallı rayonu Təklə kəndi ərazisindən keçən 82-ci kilometrliyində yerləşən “Alvadı körpüsü”nün yaxınında qoyulması barədə məlumat verildikdən sonra ona ödənilməli olan müəyyən məbləğdə pul müqabilində narkotik vasitəni götürməklə aparıb ona deyiləcək ünvanlara qoymaq üçün idarə etdiyi “Kia Forte” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu istiqamətində yola düşməklə 18 iyul 2025-ci il tarixdə gecə saat 02 radələrində narkotik vasitənin qoyulduğu yerə çatmış, avtomobili orada saxlamış, üç ədəd kisələrdə olan narkotik vasitə qurudulmuş marixuananı götürməklə ümumi cinayətkar niyyətlə əldə edib avtomobilin yanına daşımış, kisələrdən bir ədədini avtomobilin arxa yük yerinə qoymuş, digər iki ədəd kisələri də avtomobilin yük yenrinə qoymaq istəyərkən bu barədə məlumat əldə etməklə əməliyyat-axtarış tədbirləri həyata keçirən polis əməkdaşları tərəfindən saxlanılmış, götürdüyü kisələrə baxış keçirilərkən kisələrdən bir ədədində 15 ədəd bükümlərdə 1520 qram, 1010 qram, 1025 qram, 975 qram, 1000 qram, 1475 qram, 990 qram, 970 qram, 1075 qram, 965 qram, 985 qram, 960 qram, 1065 qram 1035 qram və 1005 qram-cəmi 16055 qram; kisələrdən digərində 13 ədəd bükümlərdə 1135 qram, 1505 qram, 775 qram, 1355 qram, 1330 qram, 1335 qram, 1245 qram, 1220 qram, 1290 qram, 1190 qram, 1365 qram, 1210 qram və 1185 qram-cəmi 16140 qram; digər kisədə 4 ədəd bükümlərdə 995 qram, 1040 qram, 1030 qram və 995 qram-cəmi 4060 qram olmaqla ümumilikdə 36255 qram külli miqdarda, bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 17 iyul 2025-ci il tarixdə günortadan sonra, saat 17-18 radələrində idarə etdiyi “Kia Forte” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Beyləqan rayonu Tatallar kəndinə getmişdir. Tatallar kəndində iki saat müddətində dostu İbadətin evinə olmuşdur. Sonra dostu və başqa bir nəfərlə birlikdə yeməkxanaya gedərək yemək yemişlər. Sonra o, Bakı şəhərinə getməli olmuşdur. Dostu və onun yoldaşı onları da Biləsuvarda düşürməsini xahiş etmişlər. Həmin şəxslərlə birlikdə Biləsuvara getmişlər, onlar Biləsuvarda avtomaşından düşmüşlər. Sonra avtomobili idarə edərək yoluna davam etmişdir. Yolda körpünün üstündə benzinin azaldığını görmüş, dönüb geri qayıtmaqla avtomobilə benzin vurmuş və yoluna davam etmişdir. Mişarçay çayı üzərində “Alvadı körpüsü”nə çatanda ayaq yoluna getməsinə ehtiyac yaranmışdır. Ayaqyoluna getmək üçün avtomobili körpünün altına döndərmiş və avtomaşından düşmüşdür. Bu zaman körpünün altında üç ədəd kisələrin olduğunu görmüşdür. Bu zaman arxadan kürəyinə kimsə təpiklə vurmuş, yıxılmış, üzü yerə dəymiş, xəsarət almış və polis işçiləri onu tutmuşlar. Polis işçiləri onu döymüşlər, kisələrin ona məxsus olmasını bildirmiş, kisələrin yanında durmasını, videoçəkiliş zamanı kisələrin özünə aid olmasını etiraf etməsini tələb etmişlər. Ona görə də orada aparılan videoçəkiliş zamanı üç ədəd kisələrdə olan narkotikin ona aid olmasını etiraf etmişdir. Kisələr onun iştirakı ilə açılıb baxılmış içərisində qara rəngli bükümlərin olduğunu görmüşdür. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, maddi imkanı çətin olduğuna görə pul qazanmaq haqqında düşünmüşdür. Son zamanlar İran İslam Respublikası operatoruna aid mobil telefon nömrəsi ilə ona bir nəfər şəxs zəng edərək adının Elşən olduğunu, ona narkotik vasitə göndərə biləcəyini, narkotik vasitələri qoyulduğu yerdən götürüb onun dediyi ünvanlara qoymaq müqabilində ona pul verə biləcəyini demişdir. O, həmin şəxslə razılaşmışdır. 17 iyul 2025-ci il tarixdə həmin şəxs ona “WhatsApp” proqrammı ilə zəng edərək Ələt-Astara avtomobil yolunun Masallı rayonu Təklə kəndi ərazisindən keçən hissəsində “Alvadı çayı” körpüsünün yanında narkotik vasitə qoyulduğunu, avtomobili ilə gebərək narkotik vasitələri götürməli olduğunu demişdir. O, idarə etdiyi “Kia Forte” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Masallı rayonu istiqamətində yola düşmüş, 18 iyul 2025-ci il tarixdə gecə saat 02 radələrində narkotik vasitələrin qoyulduğu yerə getmişdir. Həmin yerdə üç ədəd kisələrin olduğunu görmüşdür. Kisələri götürüb avtomobilin yanına gətirmişdir. Kisələrdən birini götürüb avtomobilin yük yerinə qoymuşdur. Digər iki ədəd kisələri də avtomobilin yük yerinə qoymaq isdədikdə polis işçiləri ona yaxınlaşmış və onu tutmuşlar. Polis işçiləri onun narkotik vasitələri əldə etmədə şübhəli olduğunu bildirmişlər. Onun üzərinə baxış keçirilmiş, qanunsuz əşya aşkar olunmamışdır. Sonra onun avtomobilin yük yerinə qoyduğu bir ədəd kisəyə və avtomobilin yanında olan iki ədəd kisələrə baxış keçirilərkən kisələrdə ayrı-ayrı bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin maddələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadələri ilə yanaşı məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyul 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Masallı rayonu ərazisində narkotik vasitələri əldə edəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Masallı rayonu Təklə kəndi ərazisində olduğunu öyrənməklə həmin əraziyə getmişlər. 18 iyul 2025-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs Ələt-Astara avtomobil yolunun 82-ci kilometrliyində yerləşən “Alvadı çayı” körpsünün yaxınlığında idarə etdiyi ”Kia Forte minik” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobillə olduğunu görmüş və ona yaxınlaşmışlar. Ona yaxınlaşdıqda Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan bir ədəd kisəni avtomobilin yük yerinə qoyduğunu, iki ədəd kisələri isə avtomobilin yanına qoyduğunu görmüşlər. Təqsirləndirilən şəxs saxlamış, əraziyə narkotik vasitələri götürmək üçün gəlməsi barədə məlumat aldıqlarını bildirmişlər. Şübhəli şəxs kimi saxlanan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya aşkar olunmamışdır. Ancaq avtomobilin yük yerinə qoyduğu və avtomobilin yanında olan torbalara baxış keçirilərkən torbalarda ayrı-ayrı bükümlərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələrin olması aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri özünü iranlı kimi təqdim edən Elşən adlı şəxslə əlaqə saxlayıb əldə etmiş, ona verilməli olan pul müqabilində Bakı şəhərinə aparıb ona telefonla deyilən yerlərə qoymalı olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişlər. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə 18 iyul tarixli protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə gecə saat 02 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu Təklə kəndi ərazisindən keçən 82-ci kilometrliyində “Alvadı çayı” adlanan yerdə narkotik vasitə qablaşdırılmış kisələri “Kia Forte minik” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədiyi zaman polis işçiləri tərəfindən saxlanılır. Polis işçiləri ona yaxınlaşan anda Təqsirləndirilən şəxs kisələrdən birini artıq avtomobilin yük yerinə qoymuş, iki ədəd kisələri isə avtomobilin yanına gətirmişdir. Əşyalara baxış keçirilməsi barədə 18 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş kisələrə baxış keçirilərkən narıncı rəngi sintetik torbada 15 ədəd, ağ-qara sintetik torbada 13 ədəd və qara rəngi sintetik torbada 4 ədəd bükümlərdə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuşdur. Materialların məhkəmə ekspertizasının 18 iyul 2025-ci il tarixli, 19/291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üç ədəd kisələrdə ümumilikdə 32 ədəd bükümlərdə 36255 qram çəkidə olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bükəmlərdə və kisələrdə olan qurudulmuş marixuanalar bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalıq çəkisi 362518 qram olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 18 iyul 2025-ci il tarixli, 520 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ bazu, alın və hər iki diz qapağı nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti müayinə olunduğu vaxtdan 6-12 saat əvvəl əmələ gəlmiş, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında qeydiyyatdadır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il, 04 ay, 02 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, evlidir, himayəsində xx.xx.2011 və xx.xx.2014-cü ildə doğulmuş uşaqları vardır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını və tədqiq edilmiş sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə gecə saat 02 radələrində idarə etdiyi avtomaşınla Ələt-Astara avtomobil yolunun 82-ci kilometrliyində “Alvadı körpüsü” nün yanında avtomobili ayaqyoluna getmək üçün saxlaması və təsadüfən həmin yerdə üç ədəd kisələrin olmasını görməsi, bu zaman polis işçisinin arxadan onu təpiklə vurması, içərisində narkotik vasitə olan üç ədəd kisələrin ona aidiyyətinin olmaması, polis işçiləri tərəfindən həmin kisələrdə olan narkotik vasitəni götürmək üçün həmin yerə gəlməsinə dair ifadə verməyə məcbur edilməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları və digər sübutlarla tam uyğunluq təşkil etdiyindən obyektiv ifadə hesab edir və sübut kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılarkən sağ bazu, alın və hər iki diz qapağı nahiyyələrindən sıyrıq xəsarətləri alsa da, müəyyən edilir ki, o, saxlanılma zamanı yıxılmış və nəticədə göstərilən xəsarətləri almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 36251,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Əməliyyat-axtarış tədbirləri barədə iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 36251,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirləri barədə iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar