Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-539/2025 23.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1981-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmamış, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin aprel ayında Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində kollarının içində torpaq sahəsində qanunsuz olaraq əkməklə sonrakı müddətdə külli miqdarda cəmi 43 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi üçün 2025-ci il avqustun 19-da saat 12:11 dəqiqədə Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşadığı evin yaxınlığında saxlanılmış və polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən bağ hissəsindən ümumilikdə 42 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 1 kiloqram 345 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd ümumi təmiz çəkisi 10 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, qurudulmuş marixuana narkotik vasitəsini qəbul edirmiş, dəqiq tarixini xatırlamır, heyvan otaran vaxtı bir kol tapmış, həmin kolu iyləyərkən çətənə kolu olduğunu bilmişdir. Həmin çətənə kolunu evinə gətirib kolda olan tumları yığmışdır. 2025-ci ilin aprel ayında həmin tumları həyətində bağ sahəsində əkmiş, qulluq etməklə suvarmışdır. Nəticədə çətənə kollarından 42-43 ədədi bitmişdir. 19 avqust 2025-ci il tarixdə günorta saatlarında polis əməkdaşları küçədə ona yaxınlaşaraq çətənə bitkiləri əkməkdə şübhəli olduğunu bildirmişlər, o, da etiraf edərək həyətində əkdiyini bildirmiş, bundan sonra həyətinə baxış keçirmişlər. Baxış zamanı 42 ədəd çətənə bitkisi və bir ədəd çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır, ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əkdiyi çətənə kolları müxtəlif ölçülərdə olduğunu, təxmini hündürlüklərinin 70-80 sm olduğunu, çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini, gün ərzində təxminən 4-5 dəfə marixuanadan çəkməklə istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 19 avqust 2025-ci il tarixdə Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuş və bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Həmin gün 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görərək yaxınlaşıb çətənə bitkilərini kultivasiya etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərdiyini etiraf edərək həmin çətənə bitkilərini təqdim edə biləcəyini bildirmişdir. Videoçəkilişdən istifadə edilməklə, aqronomun iştriakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış keçirilərkən o həyətyanı sahəsinin bağ hissəsinə gedərək orada əkib-becərdiyi çətənə bitkilərini təqdim etmişdir. Tərəflərindən həmin çətənə bitkiləri torpaqdan çıxarıldıqdan sonra sayılmış, 43 ədəd olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş bitkilərdən 42-si çətənə bitkisi, biri isə çətənə bitkisinin hissəsi olması müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 avqust 2025-ci il tarixli, 18/607 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada 42 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi - 1345,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 01 ədəd yaş vəziyyətdə, təmiz çəkisi - 10,0 qram bitki hissəsi çətənə (kannabis) bitkisinin hissəsidir, həmin hissənin tərkibində narkotik aktivliyə malik komponentlər vardır. Tədqiqata təqdim edilmiş çətənə bitkiləri və çətənə (kannabis) bitkisinin hissəsi orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Aqronomun rəyinə əsasən təqdim olunmuş - 42 ədəd çətənə (kannabis) bitkilərinə və 01 ədəd çətənə (kannabis) bitkisinin hissəsinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli, 481 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında” protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinin bağ hissəsində əkib becərdiyi 43 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 avqust 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən polis əməkdaşları tərəfindən ümumilikdə 43 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olundu. Həmin çətənə bitkilərinə mütəmadı olaraq aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərar ilə ekspertiza tədqiqatından sonrakı qalıq 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” X11 “Salyan Rayon Mərkəzi Xəstəxanısı” X8 məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayonu Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Yeni Uluxanlı kəndində yaşayır, ailə tərkibi arvadından, xx.xx.2007-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmış, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı azyaşlı uşağından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, iki yetkinlik yaşına çatmayan və 1 azyaşlı övladlarının olmasını, əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və Ambulator məcburinarkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 42 ədəd 1340,80 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd ədəd çəkisi 9,90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi məhv edilməli, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 19 avqust 2025-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müəlicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Salyan Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 42 ədəd 1340,80 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd ədəd çəkisi 9,90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-539/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-539/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver