Məhkəmə qərarları › İş №1(099)-54/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-54/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-54/2024 11.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir büküm 25,207 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Ağcabədi rayonu, Avşar kəndi ərazisinə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 20 dekabr 2022-ci il tarixdə saat 05.50-də Ağcabədi rayonu, Avşar kəndi ərazisində saxlanılmış, həmin günü saat 07.53-də Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 25,207 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı Ağcabədi rayonu Avşar kəndindəki evdə yatarkən tanımadığı maskalı şəxslər qəflətən evinə yataq otağına daxil olub onu oyadıb yerə yıxıb əllərini arxadan bağlamışlar. Arvadı verdiyi üst paltarlarını geyinmiş və ona zor tətbiq olunaraq Ağcabədi RPŞ-yə aparılmışdır. Cibinə tanımadığı şəxsin nəsə qoyduğunu hiss etmiş, dərhal cibindən paketi çıxarıb yerə atmışdır. Orada polis əməkdaşları tərəfindən döyülmüşdür. Şöbədə olarkən adını bilmədiyi bəstəboy tanımadığı polis əməkdaşı ona narkotik verərək üzərinə götürməsini bildirmişdir. Polis əməkdaşlarının hədəsindən qorxduğundan məcbur olub narkotiki üzərinə götürmüş və istintaq zamanı etirafedici ifadələr vermişdir. Cinayət işində olan etirafedici ifadələrinə məcburi imza etdirmişlər. Saxlanılarkən üzərində və evində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Bu barədə polis əməkdaşlarına bildirdlikdə şöbədə dəyənəklə döyülmüşdür. Özünü yalnız CM-nin 234.1-ci maddəsilə təqsirli bilir. Marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, «Kürdəxanı»ya gəldikdə bədənində xəsarətlər var idi. Saxlanılan zaman evdə ondan başqa arvadı, anası və qardaşı olmuşdur. Döyülməsi ilə bağlı heç bir quruma rəsmi şikayət etməmişdir. Evdən aparılarkən arvadı ona geyinmək üçün verdiyi gödəkçənin cibinə narkotikin qoyulduğunu hiss etmişdir. Üzərində mobil telefon olub. Heç kimə zəng etməmiş, heç kimə sms yazmamışdır. Onu Şahid1 döymüşdür. Gecə saat 4-5 radələrində küçədə yox, evində tutulmuşdur. Müzəffər adında polis əməkdaşı tərəfindən narkotiklə «yüklənmişdir» Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixli şübhəli şəxs və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək bir ildir metamfetamindən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, xx.xx.2022-ci il tarixdə saat 05.50 radələrində Ağcadəbi rayonu Avşar kəndinin yerləşən yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-yə aparıldığını, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarın sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 10 manat pulu təqdim etdiyini, sorğu zamanı üzərində aşkar olunan 1 bükümdə metamfetamini 18 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən heyvanların alqı-satqı bazarından təsadüfən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, törətdiyi əməldən peşman olduğunu, saxlanılan və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiqlərin olmadığını, ona zor tətbiq edilmədiyini, yaşadığı evə baxış keçirilərkən də evdən hər hansı bir qanunsuz əşyanın aşkar olunmadığını, heç kimə metamfetamin və ya digər narkotik vasitələr satmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi özünün xx.xx.2022 və xx.xx.2022 –ci il tarixli etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 19 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Avşar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik özü etmişdir. Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 05:50 radələrində Ağcabədi rayonu, Avşar kəndində saxlanılmış və üzərində axtarış keçirilməsi üçün Ağcabədi RPŞ-yə aparılmışdır. Şöbədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd metamfetamin olan sellofan bükümü, əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu və şalvarın sol yan cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Aslan bildirmişdir ki, metamfetamini 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən heyvanların alqı-satqı bazarından təsadüfən tapdığını və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını etiraf etmişdir. 10 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Samsung” markalı mobil telefon götürülmüşdür. Bundan sonra həmin günü Ağcabədi rayonu, Avşar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, evdən qanunsuz maddələr və əşyalar aşkar edilməmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, heç kim Aslanın üzərinə narkotik qoymamış, onu döyüb incidən olmamışdır. Aslanın kiməsə narkotik vasitə satmasından məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək heç kim tərəfindən Aslanın üzərinə narkotik vasitə qoyulmadığını, onu döyüb incidən olmadığını, Aslanın kiməsə narkotik vasitə satmasından məlumatının olmadığını göstərmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Ağcabədi rayonu Avşar kənd sakini X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işlədiyi şəkər zavodundan evə gəlmiş və 20 dekabr 2022-ci il tarixdə, gecə saat 3-4 radələrində 50-60 nəfər maskalı şəxslər evlərinə daxil olmuşlar. Həyətdə əllərini yuyarkən həmin şəxslər onun əllərindən tutduqda onların kim olduğunu soruşmuşdur. Bir evdə yaşadıqları qardaşı Aslanı evdən apararkən evin pilləkənlərində onunla rastlaşmışdır. Aslanı səhər saat 14 radələrində evə gətirmişlər. Aslanın üzərində xəsarət izləri var idi, onu döymüşdülər, pis gündə idi. Evlərində axtarış aparılmış, evdən heçnə aşkar olunmamışdır. Evlərinə baxış keçirilərkən özü də iştirak etmişdir. Evə ondan başqa heç kimi buraxmamışlar, kəndin icra nümayəndəsi də baxışda iştirak etməmişdir. Həmin gecə yaşadığı kənddən 3-4 nəfəri də polislər narkotiklə bağlı şöbəyə aparmışlar. Evlərində olan səs-küyə qonşusu Elməddinin də gəldiyini görmüşdür. Qardaşı Aslanın qanunsuz həbs olunması və ona işgəncələr verilməsi barədə heç yerə şikayət etməmişlər. Rusiya Federasiyasından deportasiya olunduğu üçün soyadını “Yusifov” a dəyişmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Ağcabədi rayonu Avşar kənd sakini X2 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə, gecə saat 3-4 radələrində evdə yatdığı vaxt səs-küy eşitmiş, qapını açanda evdə maskalı şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər oğlu Aslanı götürüb aparmışlar. Həmin vaxt əri də evdə olmuşdur. Aslanı paltarsız apardıqları üçün ona paltarlarını verilməsini xahiş etmişdir. Həmin şəxslərdən gecə vaxtı niyə onları narahat etdiklərini soruşmuş, cavabında ona «səsini kəs» deyə üstünə qışqırmışlar. Evdə olan səs-küyə qonşuları Elza, Fuad, Elməlddin də gəlmişlər. Polislər heç kimi evə buraxmamışlar. Evlərində axtarış aparılmış, heç nə aşkar olunmamışdır. Polislərin bir hissəsi Aslanı aparmış, digər hissəsi isə evlərində qalmışlar. Aslanı səhərisi günü saat 14 radələrində evə gətirmişlər. Həmin gecə kəndlərindən narkotiklə bağlı 3-4 nəfəri də polislər aparmışlar. Aslanın üzərində xəsarət izləri görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 3 ilə yaxın müddətdir Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışır. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, tanıdığı müddətdə Təqsirləndirilən şəxs barəsində hər hansı kənd sakininin şikayəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanılana qədər kənd ərazisində çayxana və avtoyuma məntəqəsi işlətmişdir. Aslanın evdən tutulub aparıldığını şəxsən görməmişdir, bu barədə məlumatı kənd sakinlərindən eşitmişdir. Buna görə də, vəkilə ünvanladığı məktubda səhvən Aslanın guya evdən tutulduğunu göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7108 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ...” yazı və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 25,207 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 dekabr 2022-ci il tarixli 7738 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 4802/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tramal və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edildi. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 dekabr 2022-ci il tarixli protokola əsasən həmin gün saat 07.53-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 25,207 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan 30 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 25,107 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə DİN-in BMCMİ-nin 19 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşdə olan "xxxx" MMC-dən daxil olmuş 21 fevral 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədən ********** saylı mobil nömrə istifadəçisinə 15 aprel 2022-ci il tarixdə “İndi verdyin sey yaxsdı bunan gotmey olar” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə 12 oktyabr 2022-ci il tarixdə “Birin bas cekey” məzmunlu mesaj göndərmişdir. İşdə olan telefonla aparılan danışıqların "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşdə olan 12 aprel 2023-cü il tarixli qərarla həmin cinayət işindən külli miqdarda psixotrop maddə mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində aşkar olunan metamfetaminin ona məxsus olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub metamfetaminin özünə məxsus olmasına dair yalandan etirafedici ifadə verdiyi, həmin müstəntiqə verdiyi etirafedici ifadəsini təsdiq etmədiyini, Avşar kəndinin ərazisində deyil, həmin kəndə yaşadığı evdə saxlanıldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokurorluğunda araşdırma aparılmış, prokurorluğun 16 fevral 2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalması, döyülməsi təsdiq olunmadığından cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan bu günə kimi nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 1 bükümü və şalvarının sağ yan cibindən 1 ədəd «Samsunq» markalı mobil telefonu çıxarıb təqdim edərək metamfetaminin (patı) özünə məxsus olduğunu etiraf edir, metamfetaminin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya, işgəncələrə məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə, hazırkı iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı yerə dair hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu Avşar kəndinin ərazisində saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində kəndin ərazisində deyil, yaşadığı həmin kənddə evində saxlanıldığını göstərmişdir. Həmin xüsusatı məhkəmədə əlavə şahid qismində dindirilmiş onun anası Pakizə Hüseynova və qardaşı Elşən Yusifov verdikləri ifadələrində göstərmişlər. Məhkəmə hesab edir ki, adları qeyd olunan həmin şahidlərin ifadələrində yaxın qohumları hesab edilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən kəndin ərazisində deyil, yaşadığı evdə saxlanılmasına dair göstərdikləri xüsusat istintaqın səhv istiqamətə yönəldilməsinə və Təqsirləndirilən şəxs müdafiə etmək məqsdi ilə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Odur ki, məhkəmə şahidlər Pakizə Hüseynovanın və Elşən Yusifovun ifadələrində yaxın qohumları olan Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmasına dair ifadələrində göstərdikləri xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul etmir. Habelə, məhkəmə Ağcabədi rayon Avşar bələdiyəsinin və Ağcabədi RİHB Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5 Hüseynovun evində saxlanılmasına dair məktubunu iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, Pənah Kazımzadə məhkəmədə əlavə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, bu barədə o, kənd sakinlərindən eşitmiş, Təqsirləndirilən şəxs evindən polis əməkdaşları tərəfindən aparılmasının şahidi olmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan 20 və 21 dekabr 2022-ci il tarixli verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə metamfetaminin çəkisi külli miqdar – 25,207 qram təşkil etsə də, iş materiallarında onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs digər şəxslərdən öz istifadəsi üçün narkotik vasitə istəyir, kannabinoidlərdən istifadə edir, üzərində saxladığı bir büküm metamfetamini öz istifadəsi üçün əldə etmiş və onların satışı ilə məşğul olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanında və sidiyində təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid”in aşkar edilməsində iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 5 yanvar 2023-cü il tarixli 4802/K saylı rəyi ilə təsdiq olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 427 25 26 saylı mobil nömrədən aparılan danışıqların məzmunundan görünür ki, o, yalnız özünün istifadəsi üçün narkotik vasitə istəyir, digər şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir danışıqlar aparılmır. Bu halda narkotikdən istifadə edən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı xx.xx.2023-cü il tarixli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İbarəsinin əməliyyat tapşırığının cavabından görünür ki, bununla bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, onun narkotik vasitə və ya psixotrop maddələrin satışında iştirak etməsi, yaxın əlaqələrinin müəyyən edilməsi, üzərində aşkar olunan psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddəni əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri ilə bağlı müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 25,207 qram metamfetaminin şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq bir büküm 25,207 qram metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş metamfetaminin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə 25,207 qram metamfetminin külli miqdarda olmasına görə şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin metamfetmini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübatlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli həmin məcəllənin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə və saxlama kimi tövsif edilməli və həmin maddə ilə ixtisaslaşdırılmaqla ona cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. 20 dekabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim olunmuş AZ-İV № 837777 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cihan adında oğul övladı doğulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 25,107 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 25,107 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar