Məhkəmə qərarları › İş №1(099)-541/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-541/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-541/2022 11.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 01 avqust 1994-cü ildə Biləsuvar rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqarından artıq miqdarda ümumi çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində daşıyıb saxlamış, Sabirabad RPŞnın əmkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 29 yanvar 2022-ci il tarixdə saat 1 radələrində Sabirabad rayonu Ətçələr kəndi ərazisində sərnişin qismində əyləşdiyi taksi sürücüsü Şahid8 məxsus “Toyota Prius” markalı **-YB-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sağ yan cibində bir ədəd polietilen kəsiyin içərisində 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,922 qram, 0,941 qram, 0,382 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram ümumi çəkisi 2,326 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmiş, yalnız həmin Məcəllənin 234.1-ci maddəsilə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonunda valideyinlərinin yanında yaşayan hamilə arvadının xəstəxanaya yerləşdirildiyini bilmiş və təcili olaraq rayona getmək üçün “Bolt”dan taksi sifariş etmiş, saat 23 radələrində Bakı şəhərindən, Balaxanıda yaşadığı evdən çıxmış, həmin taksi ilə yola düşmüşdür. Taksi sürücüsü yolda ona Sabirabaddan da müştəri götürəcəyini demiş, buna etiraz etməmiş və arxada yatmışdır. Yanvarın 29-da gecə saat 1.30 radələrində maşında arxada yatarkən Sabirabad rayonunda polis əməkdaşları tərəfindən oyadılmış, üzərində axtarış aparılmış, şalvarının cibindən üç bükümdə istifadə etdiyi “patı”nı çıxarıb onlara göstərmiş və bükümlərin şəxsi istifadəsi üçün özünə məxsus olduğunu demişdir. Sonra rayon polis şöbəsinə aparılmış, orada İlqar adında polis nəfəri Sabirabada nə üçün gəlməsini və narkotik satışı ilə məşğul olubolmamasını soruşmuş, ona cavabında Biləsuvara gedəcəyini və heç kimə narkotik satmadığını, cibində olan metamfetamini şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra İlqar adında polis ona demişdir ki, “bu bir bükümü də götür, səni buraxacam”.Onun sözlərinə inanmış və 3 bükümdən əlavə İlqarın ona verdiyi bükümü də götürərək ona məxsus olduğunu yalandan demişdir ki, şöbədən onu buraxsınlar. Lakin sonradan aldadıldığını başa düşmüşdür. Üzərində yalnız 1 qram metamfetamin olmuşdur. Metamfetamini xırda bükümlərdə saxlamaqda məqsədi hər hansı bir şəxsə vermək və ya satmaq olmamış, müxtəlif vaxtlarda şəxsi istifadəsi üçün xırda bükümlərdə özündə saxlamışdır. Rəydə göstərilən çəki ilə razı deyil. Heç kimə narkotik və ya metamfetamin satmamışdır. Bundan başqa o, əlavə olaraq göstərmişdir ki, narkotik istifadəsiçidir. Narkotiki “İnstagram”da tanış olduğu, “Whatsapp”la danışdığı özünü iranlı kimi təqdim edən adını bilmədiyi şəxsdən almışdır. Sonuncu dəfə 24 yanvar 2022-ci il tarixdə həmin tanımadığı şəxsdən “Whatsapp” vasitəsilə öz istifadəsi üçün “patı” istəmiş və 150 manat pulu onun kartına göndərmiş, həmin şəxsin göndərdiyi bir bükümdə 1,5 qram “patı”nı Sumqayıt şəhərində “Lukoyl” yanacaqdoldurma məntəqəsinin arxasında olan küçədə ağacın dibində olan daşın altından götürmüş, az miqdarda istifadə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının 29-da gecə saat 01 radələrində Sabirabad rayonu Ətcələr kəndi tərəfdə polis əməkdaşları Şahid5 və Şahid4lə xidmətdə olarkən qaranlıqda şübhəli “Toyota Prius” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı maşının dayandığını görmüş, həmin maşina yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman sürücü maşından düşmüş, həmin vaxtı maşında arxada oturan adını sonradan bildiyi Heydər maşından düşərkən sol əli ilə nəyisə maşının arxa təkərinə tərəf atmış, dərhal həmin bükümü yerdən götürüb ondan bükümdə nə olduğunu soruşmuş, sonuncu isə həmin bükümün içində öz istifadəsi üçün saxladığı az miqdarda “patı” olduğunu və uşağı doğulduğu üçün Biləsuvara getməli olduğunu bildirərək ona köməklik etmələrini xahiş etmişdir. Orada olan sürücü isə narkotikdən məlumatı olmadığını demişdir. Heydər cibindəki siqaret qutusunda olan “patı”nı çıxarıb ona göstərmişdir. Sonra Heydər əlindəki bükümü də götürüb, siqaret qutusunun içinə yerləşdirib cibinə qoymuş və onları rayon polis şöbəsinə aparmışlar. Şöbədə Heydər cibindəki siqaret qutusunun içindəki bükümləri çıxararaq stolun üstünə qoyub həmin maddənin hamısının özünə məxsus olduğunu bildirmiş və polis əməkdaşı İlqar müəllimdən ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı stolun üzərində 4 büküm metamfetamin olmuş, onlardan 3-ü sellofan paketdə, 1-i isə kağız bükümdə olmuşdur. Daha sonra İlqar müəllim ona bildirmişdir ki, qoy qutusuna, dursun cibində, müstəntiq və vəkilin gələr aydınlaşdırarsınız. Şifahi sorğu zamanı Heydər həmin metamfetminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İlqar müəllimin Heydərin üzərinə bir bükümdə metamfetamin qoymasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını görməmiş, bu barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın əməkdaşları Şahid3, Şahid4 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı cins şalvarının cibindən 1 ədəd sarı rəngi sellofan bükümün içərisindən 3 ədəd polietilen bükümlərin və 1 ədəd kağız bükümlərin aşkar edildiyini, həmin bükümlərin içərisində cəmin 2,326 qram metamfetaminin olduğunu, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını, verməsini görmədiyini, bu barədə hər hansı bir əməliyyat məlumatının daxil olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə gecə saat 2 radələrində adını şöbədə bildiyi Heydər adında saxlanılan şəxsin üzərində rayon polis şöbəsində aparılan şəxsi axtarışda hal şahidi qismində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cins şalvarının cibindən 1 ədəd sarı rəngli sellofan bükümün içərisində 3 ədəd polietilen bükümlərdə və 1 ədəd kağız bükümdə 2,326 qram çəkidə metamfetamini çıxarıb təqdim etmiş və onu şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını, bükümlərdəki metamfetamini his-hissə müxtəlif vaxtlarda qəbul edəcəyini göstərmişdir. Axtarışda vəkil də iştirak etmişdir. Protokol tərtib edilmiş, tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 18/119 №li ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 1 ədəd kağız paketdə 01 ədəd polietilen kəsiyinin içərisində 03 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,922 qr, 0,941 qr, 0,382 qr, 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,081 qr, ümumi çəkisi- 2,326 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli, 18/798 №-li ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş: Təqsirləndirilən şəxs məxsus 04 ədəd bükümdə olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2132 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinsiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyinin içərisində 03 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,922 qr, 0,941 qr, 0,382 qr, 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,081 qr, ümumi çəkisi - 2,326 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 4 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd polietilen kəsiyinin içərisində 03 ədəd polietilen bükümlərdə –ayrı ayrılıqda təmiz çəksi 0,922 qram, 0,941 qram, 0,382 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram tədqiqatdan sonra ümumi təmiz çəkisi 2,126 qram olan psixotrop maddə metafetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində şəxsi istifadəsi üçün üzərində aşkar olunan az miqdarda 4 büküm metamfetaminin yalnız 3 bükümü özünə məxsus olması, digər bir ədəd kağız bükümün isə Sabirabad RPŞ-də İlqar adında polis əməkdaşının onun üzərinə qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin üzərinə bir büküm metamfeatminin İlqar adında polis əməkdaşı tərəfindən qoyulması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə bir bükümdə 0,081 qram psixotrop maddə metamfetaminin Sabirabad RPş-nın əməkdaşı Şahid1 və ya digər şəxslər tərəfindən qoyulması ilə bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılmış, prokurorluğun 31 may 2022-ci il tarixli qərarı ilə Sabirabad RPŞ-nın əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (cild 1 i.v. 149-153) Həmin qərardan istər Təqsirləndirilən şəxs, istər də onun vəkilinə, yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Sabirabad Rayon Məhkəməsinə şikayət vermək hüqularının olması izah edilsə də , lakin həmin şəxslər tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan hər hansı bir şikayət verilməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə bir kağız bükümdə 0,081 qram metamfetaminin polis əməkdaşı Şahid1 tərəfindən qoyulması ilə bağlı gətirdiyi dəlil əsassız hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində 4 büküm deyil, yalnız 3 bükümdə ümumi çəkisi 2,326 qram metamfetaminin aşkar olunması ilə bağlı göstərdiyi xüsusat onun üzərində aparılan şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmə belə nəticəyə gəlir ki, bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsasən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi)”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin çəkisi külli miqdar və 4 büküm təşkil etsə də, iş materiallarında onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə etməsini qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, psixotrop maddəni Sumqayıt şəhərində tanımadığı şəxsdən əldə etməklə, həmin metamfetamini ibtidai araşdırma zamanı və məhkəmə istintaqında verdiyi izahat və ifadələrində öz istifadəsi üçün əldə etdiyini bildirmiş və özünü CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində narkomaniyadan əziyyət çəkməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Biləsuvar RPŞ-nın 26 iyul 2022-c il tarixli 20091-1222 №-li əməliyyat tapşırığının cavabında və Sabirabad RPŞnın 28 iyul 2022-ci il tarixli raportundan görünür ki, bunula bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş , lakin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Bundan başqa, "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli 6055 №-li məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, xx.xx.2021-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif mobil telefon nömrələrindən onun mobil telefonuna daxil olan və çıxan SMS-lərin yazılı mətnlərdə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması və ya verməsinə dair yazışmaları müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 2,326 qram psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq çəkisi 2,326 qram metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi ona istinad etmişdir ki, onda aşkar olunmuş psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından dəfələrlə artıq - külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiəüçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 2,326 qram metamfetaminin külli miqdarda olmasına görə şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin metamfetamini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər subutlar müəyyən edilmədiyindən ibtidai istintaq oraqının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi tövsif edilməli və ona həmin maddə ilə ona cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən və 26 may 2022-ci il tarixli 315 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3, xx.xx.2013-cü il təvəllüdlü qızı Rüqəyya, xx.xx.2014-cü il təvəllüdlü qızı Mirrəhimə və xx.xx.2022-ci il təvəllüdlü oğlu Mirəhməddən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin məhkumluq haqqında arayışından görünür ki, Qasımlı X1 Rayon Məhkəməsinin 11 may 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə və 1000 (bir min) manat cərimə cəzalarına məhkum edilmiş, bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 4 (dörd) ay azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzalarına məhkum edilmişdir . Məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzası 5 (beş) il 6 (altı) aya endirilmişdir. Məhkəməyə təqdim olunmuş 5 saylı Cəzaçəkmə Müəssisəsinin kassa mədaxil orderinin qəbzindən görünür ki, 7 may 2020-ci il tarixdə ona təyin olunmuş 1000 (bir min) manat cərimə cəzası tam olaraq dövlət büdcəsinə ödənilmişdir. Məhkəməyə təqdim olunmuş 11 saylı MTCM-nın arayışından görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2021-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Azərbycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda bir il keçmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1 -ci maddəsinin tələblərinə görə cinayətlərin residivini yaradır. Odur ki, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. 29 yanvar 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sabirabad Rayon Məhkəməsinin 30 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Sabirabad RPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2,126 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cazası təyin edilsin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sabirabad RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2,126 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar