Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-541/2025 29.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, - xx xxxx 1996-cı ildə Masallı rayonunun Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (taksi sürücüsü), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 365/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs1; - xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (qapı-pəncərə ustası), məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1-də qeydiyyatda olmaqla, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs2; - xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş (divar kağızı mağazasında işləmiş), Suraxanı Rayon Məhkəməsinin 1(010)-366/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 06 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, ünvan 2-də qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikasının sakinləri və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsindən sonra həmin vasitələri götürüb pul qarşılığında deyilən yerlərə qoymağa kömək edəcəklərinə dair vəd vermiş, daha sonra şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslər tərəfindən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istintaqa və məhkəməyə məlum olmayan vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, məlum olmayan yerdən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçirilib Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsi 7-ci sərhəd zastavasının Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində yerləşən 2-ci sahəsinin arxa tərəfində gizlədilmiş, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verildikdən sonra, birlikdə əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan “Toyota Prius” markalı, AZ **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 21 aprel 2025-ci il tarixdə yuxarıda qeyd olunan külli miqdarda narkotikin gizlədildiyi yer istiqamətdə hərəkət edib, 22 aprel 2025-ci il tarixdə, saat 01 radələrində külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 49 kq 750 qram qurudulmuş marixuana və psixotrop maddə təmiz halda çəkisi 9,520 qram metamfetamini gizlədildiyi yerdən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə 7-ci sərhəd zastavasının Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində yerləşən 2-ci sahəsinin arxa tərəfindən satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə etmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanıldıqları üçün öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək, həmin gün saxlanılmış və qeyd olunan çəkidə, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni qəsdən, satış məqsədilə qanusuz olaraq əldə etməyə cəhd etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən narkotik vasitələrdən istifadə etmiş, bir müddət narkotik istifadəsini dayandırmış, hazırki cinayəti törətməmişdən bir neçə ay qabaq yenidən istifadə etməyə başlamışdır. Psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. İstifadəsi üçün narkotiki İran İslam Respublikasının vətəndaşından almışdır. İranlı ona narkotikin qoyulduğu yerin “konum”unu atmış, o da gedib götürmüşdür. Demək olar ki, narkotiki həmişə eyni şəxsdən almışdır. İran İslam Respublikasının vətəndaşı ona bir müddət rayona qoyduracağı “malı” götürüb pul qarşılığında deyilən yerlərə qoymağı təklif etmiş, o isə hər dəfə bu təklifdən imtina etmiş, lakin günlərin birində narkotik vasitənin təsiri altında razılıq vermişdir. Həmin vaxt yanında olan Təqsirləndirilən şəxs3 də razılaşmadan xəbər tutmuş və birlikdə bu işi görmək qərarına gəlmişlər. Narkotiki götürməyə Pelmanın maşını ilə getmək barədə razılaşalar da, maşının cərimələri olduğuna görə Pelman polislərin saxlama ehtimalı olduğundan uzaq yola çıxa bilməyəcəklərini demiş, Təqsirləndirilən şəxs1 Masallıya öz evinə gedəcəyini biləndə sonuncu ilə birlikdə Masallı rayonuna getmək qərarına gəlmişlər. Birlikdə Masallıya gəlmiş, sonra isə Pelmanla birlikdə Cəlilabad rayonuna getmişlər. Namikin cinayət hadisəsində təqsiri olmamışdır. Birinci dəfə narkotik vasitə əldə etmək üçün Namikin iştirakı olmadan getmişlər. Həmin vaxt Namikin avtomobilini Pelman idarə etmişdir. Lakin həmin gün işləri alınmamış, növbəti günə qalmışdır. Ümumiyyətlə, ilk dəfə idi ki, rayona narkotik dalınca gedirdilər. Namiklə birlikdə narkotik dalınca getmələri də ilk dəfə idi. Sərhəd Qoşunlarının hərbi qulluqçuları silahla yaxınlaşıb onları tutana qədər Namik narkotikdən xəbərsiz olmuşdur. Narkotik ittihamı ilə özünü qismən təqsirli bilməsinin səbəbi hadisə yerində sözügedən narkotik vasitəni götürməməsi ilə əlaqədardır. Belə ki, saxlanılandan sonra Sərhəd Qoşunlarının gecəgörmə dronu ilə sərhədçilər narkotik vasitəni tapmışlar. Onları sərhəd zastavasına aparmış, sonra hadisə yerinə qaytarmışlar. Hadisə yerinə baxış keçirilməsi barədə videoçəkiliş alınmadığı üçün dəfələrlə təkrarlanmışdır. Onlara təzyiq edərək videoçəkiliş aparmışlar. Namik təzyiq altında narkotikdən xəbəri olduğunu demişdir. İranlı qoyduracağı narkotikin çəkisini deməmiş, külli miqdarda olacağını bilmiş, amma bu qədər olacağını gözləməmişdir. Narkotikin çəkisini hadisə günü öyrənmişlər. İttiham aktında tamah niyyəti ilə metamfetamin əldə etmək istədiyi yazılmışdır, lakin iranlı ilə telefon danışığında metamfetaminin şəxsi istifadəsi üçün göndəriləcəyi qeyd olunmuşdur, qurudulmuş marixuananı isə kuryer kimi iranlının deyəcəyi yerlərə atmaq üçün əldə etmək niyyətində olmuşlar. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “Babək” adlı iranlını üç-dörd aydır tanıyırmış. Əvvəllər bir dəfə Bakı şəhəri ərazisində iki kiloqram narkotik vasitə götürməsi kimi əməli olmuşdur. Bağlamalarda əlli kiloqrama qədər narkotik olduğunu hadisə günü bilmişlər və həmin çəkidə narkotiki tək daşıya bilməyəcəyi üçün oraya Təqsirləndirilən şəxs3lə birlikdə getmişdir. Təqsirləndirilən şəxs1 təzyiq altında narkotikdən xəbəri olması barədə ifadə vermişdir. İş başa çatsaydı, Namik narkotik götürdüklərini görə biləcəkdi, amma o vaxta kimi heç nədən xəbəri olmamışdır. Bakıdan birinci Pelmangilə, yəni Masallı rayonunun Türkoba kəndinə gəlmişlər, sonra Namikin maşınını Pelman sürərək Cəlilabad rayonuna getmişlər. Narkotik vasitənin ölkə ərazisinə keçirilməsi baş tutmadığından Türkoba kəndinə qayıdıb, gecəni orada qalmışlar. Sonra Namik Bakıya getməli olmuş, lakin onu yubatdıqları üçün məcbur olub onlarla gəlmişdir. Hava qaralandan sonra hadisə yerinə getmiş və iranlı Babəklə danışmışdır. Hadisə yerində bir neçə saat yubanmış, narkotiki axtarmış, amma tapmamışlar. Sərhədçilər də axtarış edib tapmadıqdan sonra Sərhəd Qoşunlarının dronu ilə olduqları yerdən iki kilometr məsafədə içərisində narkotik vasitələr olan kisələr tapılmışdır. Narkotik 22 aprel, gecə saat 02-03 radələrində tapılmış, onlar isə hadisə yerinə saatlar əvvəl gəlmişlər. Narkotikin tapılmasında uzaqdan iştirak etmişlər. Onları aşkar edilmiş predmetlərlə birlikdə zastavaya aparmış, sonra geri qaytarmışlar. Müstəntiqlə əlaqədə olmaqla videoçəkiliş aparılmışdır. Videoçəkilişdən qabaq zastavaya aparılmışlar. Ayağında “domaşnik” olduğu çəkilişdə aydın görünür, hansı ki, tutulanda ayağında olmamış, ayaqqabıları palçıqlı olduğundan əsgərlər vermişlər. Videoçəkiliş prosesi üç-dörd dəfə təkrarlanmış, nəhayət 22 aprel, gecə saat 01 radələrində aparılmışdır. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə narkotik vasitəni götürmədiyi üçün özünü təqsirli bilmir, götürsəydi, qaçaqmalçılıqda iştirak etmiş olardı. Habelə, narkotik vasitəni sərhəddən keçirmək iranlının gördüyü iş olmuşdur. Hadisə yerinə əliboş getmiş, əliboş da tutulmuşlar. Başqa heç bir qanunsuz hərəkətləri olmamışdır. Pelman heç bir narkotik vasitə götürməmiş, Namiklə birlikdə maşında olmuş, o isə axtarış üçün maşından düşmüşdür. Onu Sərhəd Qoşunlarının dörd əsgəri piyada vəziyyətdə tutmuşlar. Ondan qabaq sərhədçilər Pelmangilə yaxınlaşmış, bundan xəbəri olmamış, həmin vaxt avtomobildən 150-200 metr aralıda olmuşdur. Telefonda iranlı ilə danışmış, İranlının sualına cavab olaraq dediyi yerdə olduğunu bildirmiş, iranlı da “malı” atdıracağını demiş, bir müddət sonra aparatın səsi gəlmiş və bütün bunlar saat 21 radələrində baş vermişdir. Hadisə yerinə çata-çatda iranlı narkotikin 30-50 kiloqram olacağını demişdir. Zastavada onları sorğu-sual etmişlər. Namik narkotikdən xəbəri olmadığını deyəndə onu vurmuşlar, lakin onun özünə ibtidai istintaq zamanı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Zastavada dindiriləndə müdafiəçisi olmamış, Dövlət Sərhəd Xidmətinin inzibati binasında isə videoçəkilişlə müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Müstəntiq ona verilmiş ittihamla özünü təqsirli bilib-bilmədiyini soruşmuş, o da təqsirli bildiyini demiş, amma ifadəsində nə yazıldığını bilməmişdir. Namiklə birbaşa tanışlığı olmuş, onu Pelmanın evində görmüşdür. Namikə işləri olduğu üçün rayona getmək istədiklərini demişlər. Namik onların hansı məqsədlə getmələri barədə ondan soruşmamış, ola bilsin ki, Pelmandan soruşmuşdur. Namikə narkotik götürməyə getdiklərini bildirməmiş, Namik özü də bundan xəbəri olmadığını təsdiq etmişdir. Bu barədə bildirə biləcəyi başqa bir şey yoxdur. Narkotikin hər kiloqramına görə iranlı 400 (dörd yüz) manat pul verəcəyini bildirmiş, bunu müstəntiqə də demişdir. Namikə 1.200 (bir min iki yüz) manat deyil, Bakıya qayıtmaq üçün 120 (bir yüz iyirmi) manat pul verəcəkdilər, çünki, onu qayıtmağa gecikdirmişlər. Əslində Namik günortadan sonra Bakıya yola çıxmalı olmuş, onu gecikdirmişlər. Belə ki, onlar bir gün qabaq işlərini görüb Bakıya qayıtmağı nəzərdə tutmuş və həmin gün Namik Bakıya getməyəcəkmiş. İşləri növbəti günə qaldığına görə və Namik də Bakıya gedəcəyi üçün onları da özü ilə aparmasını təklif etmişlər. Sərhədçilərlə birlikdə narkotik vasitəni piyada axtarmışdır. Həmin vaxt Pelman və Namik maşında saxlanılmışlar. Onu əvvəl başqa maşına mindirsələr də, sərhədçilərə narkotikə görə gəldikləri məlum olanda maşından düşürdüb, birlikdə narkotiki axtarmağa başlamışlar. Narkotik tapılmadığına görə əməliyyatçılar ratsiya ilə məlumat vermiş və dron gətirilmişdir. Əsgər dronla axtarışa başlamış, bir müddət axtarandan sonra onlardan xeyli uzaqda narkotiki tapmış və “cənab leytenant, tapmışam” deyə qışqırmışdır. Narkotik Babəkin dediyi yerdən 250-300 metr məsafədə aşkar edilmişdir. Narkotik tapılanda saxlanılmasından təxminən bir saatdan çox vaxt keçmişdir. Hava qaranlıq olmuş, hamısı da hərbi formada olduqlarından konkret hansı əsgərin narkotiki tapdığını bilməmişdir. Narkotik tapılan anda Namik və Pelman avtomobildə olmuşlar. Rayona getdikləri gün işləri alınsaydı, Namiklə geri dönməyəcəkdilər. Namik özü də rayona gəldiyi üçün onları pulsuz apardığını zənn etmişdir. Bakıya aparılmaları üçün maşınlara mindirilmişlər. Bu vaxt Pelmanın adı sənədlərdə Peyman kimi qeyd olunduğu üçün geri qaytarılmışlar ki, sənədlərdə dəyişiklik edilsin. Orada müstəntiqdən videoçəkilişin qane edib-etmədiyinin soruşulduğunu eşitmişdir. Narkotik götürməyə getdiyinə görə özünü günahkar hiss edir. Sanksiya məhkəməsində ona ünvanlanmış suala cavab olaraq özünü təqsirli bildiyini demişdir. Bir müddətdən sonra ona aydın olmuşdur ki, cinayəti başa çatdırmadığına görə özünü qismən təqsirli bilməlidir. İşləri düz getmədiyinə görə cinayəti başa çatdıra bilməmişlər. Narkotik tapılanda iki kisədə olmuşdur. Sərhədçilər onları boşaltmış, amma yenidən iki kisəyə yığa bilməmişlər, ona görə üç kisə ilə videoçəkiliş edilmişdir. Sonra müstəntiq iki kisə tapıldığı qeyd olunsa da, videoda üç kisə olduğunu bildirdiyindən kisənin birini götürüb kənara qoyaraq yenidən çəkiliş aparmışlar. İşlərinin rahat olacağını, atılan yerdən gedib narkotiki götürəcəklərini düşünmüş, ərazinin qaranlıq olduğunu bilməmiş, gedəndə görmüşdür. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 mobil telefonundan istifadə etmişdir. Əməlindən özünü təqsirli bildiyi hissədə peşimandır. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissədə elan edilmişdir. Həmin ifadəsində o, verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tanışı olan İran İslam Respublikası vətəndaşı Babək adlı şəxs ona zəng vuraraq Cəlilabad rayonunun Şükürlü kəndindən İran İslam Respublikasından Azərbaycan Respublikasına dron uçuş aparatı vasitəsi ilə göndərəcəyi iki ədəd bağlamanın içərisində olan təxminən əlli kiloqrama yaxın narkotik vasitə marixuananı götürməsini, qarşılığında marixuananın hər kiloqramına görə təxminən 400 (dörd yüz) manat məbləğində pul verəcəyini təklif etmiş, Babəkin təklifi ilə razılaşmış, lakin Babək ona bağlamaların ağır olacağını və özü ilə köməkçi götürməsini demişdir. Bu barədə ilk öncə Təqsirləndirilən şəxs3 demiş, onunla razılığa gəlmiş, həmin əraziyə getmək üçün avtomobil lazım olduğu üçün, avtomobili olan tanışları Təqsirləndirilən şəxs1 zəng vurmuş, ona da məlumat verdikdən sonra, razılığa gələrək xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Bakıdan çıxıb saat 16 radələrində iranlı Babəkin əvvəlcədən göndərdiyi Cəlilabad rayonu, Şükürlü kəndinə “konum”da göstərilən yerə gətmiş və oradan olduqları yerin “konum”unu Babəkə yollamışdır. Daha sonra Babək hava qaralana qədər həmin ərazidən uzaqlaşmalarını bildirmiş, bu səbəbdən əvvəlcə Cəlilabad rayonunun mərkəzinə, axşam saat 21 radələrində isə yenidən Cəlilabad rayonunun Şükürlü kəndinə, yəni “konum”da göstərilən yerə getmiş, Babəkə xəbər etmiş və təxminən bir saat gözlədikdən sonra Şükürlü kəndinin müxtəlif istiqamətlərinə hərəkət etmiş, saat 01 radələrində Babək işin sabaha qaldığını demiş, bu səbəbdən Masallı rayonunun Türkoba kəndinə Peymanın qohumlarının yanına gecələməyə getmiş, növbəti gün saat 19 radələrində iranlı Babək “M10” mobil tətbiqinə 100 (bir yüz) manat pul göndərmiş və daha sonra onlar Masallı rayonundan çıxıb Cəlilabad rayonuna getmiş, həmin gün saat 22 radələrində yenidən Cəlilabad rayonunun Şükürlü kəndinə “konum”da göstərilən yerə gedib maşında gözləmişlər. Otuz-qırx dəqiqə gözləyəndən sonra uçuş aparatının səsini və göydən yerə ağır nəyinsə düşdüyünü eşidib bağlamaların olduğunu bilib, Pelmanla avtomobildən enərək ərazidə bağlamaları axtarmağa başlamış, Namik isə maşında qalmışdır. Xeyli müddət aparılan axtarışlar heç bir nəticə vermədiyi üçün Pelman maşına tərəf getmiş, özü isə telefonun işığı ilə axtarışa davam etmiş, 22 aprel 2025-ci il tarixdə, saat 01 radələrində sərhədçilər onu saxlayıb Pelmanla Namikin yanına aparmışlar və ərazidə axtarış tədbirləri nəticəsində saat 02:30 radələrində saxlanıldıqları ərazidə iki ədəd bağlama aşkar olunmuşdur. Mütəmadi olaraq narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən, sonuncu dəfə isə təxminən 19 aprel 2025-ci il tarixdə metamfetamin istifadə etmiş, həmin psixotrop maddəni Babək adlı iranlı şəxsin Bakı şəhəri, Yasamal rayonunda qoydurduğu ərazidən əldə etmişdir. xx.xx.2025-ci il tarixdə əldə etdiyi narkotik vasitənin hər kiloqramına görə istintaqa iranlı Babək adlı şəxs kimi məlum olan şəxs 400 (dörd yüz) manat pul veriləcəyi, həmin pulun tam yarısını Pelmana bu işdə edəcəyi köməklik qarşılığında vəd vermiş, Namikə çatası 1.200 (bir min iki yüz) manat pulu isə Pelmanla birlikdə yarıbayarı verəcəkmişlər. İçərisində narkotik vasitələr olan bağlamları Bakı şəhərinə aparıb iranlı Babəkin deyəcəyi müxtəlif yerlərə Pelmanla birlikdə müxtəlif vaxtlarda büküm-büküm qoyacaqmışlar. Heç vaxt İran İslam Respublikasında olmamış, saxlanılarkən sərhədçilər tərəfindən fiziki, psixi təsirə məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır (cild 01, i.v. 123-126). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ifadəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə onun nə etdiklərindən xəbəri olması barədə demədiyini, ifadəsinə tanış olmadan imza atdığını, ifadələri ilə ittiham aktı verildikdən sonra tanış olmasını, son sözündə müdafiəçisinin çıxışı ilə razı olduğunu, məhkəmənin ədalətinə güvəndiyini, Təqsirləndirilən şəxs1 təqsiri olmadığını bildirərək, barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 on il olar tanıyır, Təqsirləndirilən şəxs1 isə dayısı oğludur, uşaqlıqdan birlikdə böyümüşlər. Səkkiz-doqquz ay bundan qabaq Məhəmməd ona pul qarşılığında narkotik götürmək barədə iş olduğunu, gedib-gəlməyə maşın olmadığını demiş, əvvəl bu təkliflə razılaşmamış, bir-iki ay sonra yenə narkotiklə bağlı söhbət açılmış, bu dəfə Məhəmmədlə razılaşmışdır. İş dalınca getmək vaxtı gələndə avtomobilinin cəriməsi olduğuna görə həmin avtomobillə getmələri mümkün olmamış, maşın lazım olması və həmin ərəfədə Namik rayona getməli olduğundan sonuncunun avtomobili ilə rayona getmək qərarına gəlmişlər. Namikin onların görmək istədikləri işdən məlumatı olmamış, sadəcə rayona getdiklərini demişlər. Rayona gedəndən sonra Namikin maşınını götürmüş və Məhəmmədlə Cəlilabada getmişlər. İşləri alınmamış və növbəti günə qalmışdır. Sabahısı gün Namik Bakıya qayıtmalı olmuş, onlar da Namikin maşınına oturmuşlar. Namikə Məhəmmədin görüşəcəyi adam olduğunu, gedib həmin adamı gördükdən sonra Bakıya getməyi təklif etmiş, beləcə birlikdə Cəlilabad rayonuna getmiş və orada saxlanılmışlar. Təqsirləndirilən şəxs3 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə yerinə hansı məqsədlə getdiklərini bilmişdir. Onlara saxlanılmamışdan iki ay əvvəl maksimum üç-dörd kiloqram narkotik olacağı barədə deyilmişdir. Təqsirləndirilən şəxs2la narkotik dalınca ilk dəfə idi birlikdə gedirdilər. Məhəmmədlə razılaşanda sadəcə maşın sürəcəyini, başqa işinin olmadığını fikirləşmişdir. Narkotikin qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirak etməmişlər. Valideynlərinə rayona nə məqsədlə getdiyini bildirməmişdir. Maye oboy sexində işləməklə 700 (yeddi yüz) manat əməkhaqqı almış, özünü dolandırmışdır. Arabir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Məhəmmədlə birlikdə narkotik istifadə etdiyi də olmuşdur. Adətən istifadə edəcəkləri qədər narkotik əldə etmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildə oturub yol kənarında Məhəmmədi gözləyərkən iki nəfər əməliyyatçı yaxınlaşmış, sonra zastavadan başqaları gəlmişlər. Həmin iki nəfər yaxınlaşıb özlərini təqdim etmiş, onlardan həmin yerdə nə etdiklərini soruşmuş, dostlarını gözlədiklərini demişlər. Sonra əməliyyatçılar zastavanın hərbiçilərini çağırmış, Məhəmmədi tapmış və axtarışa başlamışlar. Dronla axtarış aparılaraq bir-iki saat ərzində narkotik tapılmışdır. Namikin və ya Məhəmmədin hansısa bağlama götürdüyünü görməmiş, ümumiyyətlə, onlar heç nə götürməmişlər. Məhəmməddən gördüyü işə görə 2.000 (iki min) manata yaxın pul alacaqmış. Məhəmmədə nə qədər pul veriləcəyindən xəbəri olmamışdır. Namiklə maşında olanda Məhəmməd ərazidə narkotik axtarmış, lakin tapa bilməmişdir. Narkotik vasitələriin arasında metamfetamin olacağından və kimə veriləcəyindən xəbəri olmamışdır. Onlar saxlanılanda 21 aprel 2025-ci il tarix, saat 23 radələri olmuş, bağlamalar isə əməliyyatçılar tərəfindən gecə saat 01 radələrində tapılmışdır. Axtarış zamanı dronu əsgərlər idarə etmişlər. Hadisə yerində on beş nəfərə yaxın əsgər olduğundan dronu konkret kimin idarə etdiyini bilməmişdir. Cəriməsi olduğu üçün avtomobili ilə şəhərdən qırağa çıxa bilməmişdir. Narkotik götürməyə getmək barədə qabaqcadan Namikə heç bir söz deməmiş, yol boyu maşında narkotiklə bağlı söhbət etməmişlər. Əvvəl Masallıya, sonra Namikin avtomobilini götürüb Məhəmmədlə Cəlilabad rayonuna getmişlər. Məhəmmədə əslində narkotiki daşımaq üçün kömək deyil, avtomobil lazım olmuşdur. Hadisə yerində bir dəfə düşüb axtarış etmiş, Məhəmmədlə kəndin qırağına getmiş, sonra geri qayıtmışdır. Əməliyyatçılar onları saxlayanda Namik onların narkotik dalınca gəldiklərini bilmişdir. Namik onların narkotik istifadə etdiklərini bilmişdir. Onlara yaxınlaşandan sonra əməliyyatçılar Məhəmmədi axtarmışlar. Narkotik tapıldıqdan sonra onları həmin kisələrin yanına aparmışlar. Qolunda göy rəngli xəsarəti olmuş, əməliyyatçılar onu izahat yazan vaxt istədiklərini yazdırmaq üçün vurmuşlar. Prokurorluqdan təcridxanaya gəlib xəsarətini qeydə almış, şikayəti olub-olmadığını soruşanda, şikayət etməklə dəyişən heç nə olmayacağını bildiyi üçün olmadığını demişdir. Namik yolda Məhəmmədin danışıqlarından narkotik dalınca getdiklərini anlamamışdır. Namikə 120 (bir yüz iyirmi) manat yol pulu vermək onun təklifi olmuşdur. Özünü təqsirli bildiyi hissədə əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissədə elan edilmişdir. Həmin ifadəsində o, verilmiş olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin Cəlilabad rayonunun Şükürlü kəndinə İran İslam Respublikasından Azərbaycan Respublikasına dron uçuş aparatı vasitəsi ilə iki ədəd bağlamanın içərisində olan təxminən əlli kiloqram yaxın narkotik vasitə marixuana göndərəcəyini və qeyd olunan narkotik vasitəni götürəcəkləri halda, qarşılığında narkotik vasitənin hər kiloqramına görə onlara veriləcək 400 (dörd yüz) manat pulu tam yarıya böləcəklərini bildirmişdir. Məhəmmədin təklifi ilə razılaşmış, lakin onlara maşın lazım olduğu üçün maşını olan qohumu Təqsirləndirilən şəxs1 zəng vurmuş, birlikdə gedib kömək etməsi nəticəsində 1.200 (bir min iki yüz) manat pul verəcəyini təklif etmiş, sonuncu da razılaşmış, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Namikə məxsus ağ rəngli, “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan çıxıb Cəlilabad rayonuna hərəkət etmiş, saat 16 radələrində Cəlilabad rayonunun Şükürlü kəndinə iranlı Babəkin Məhəmmədə göndərdiyi “konum”da göstərilən yerə gəlib, olduqları yerin “konum”unu Məhəmməd Babəkə yollamış, Babək hava qaralana qədər həmin ərazidən uzaqlaşmalarını bildirmiş, bu səbəbdən Cəlilabad rayonunun mərkəzinə, saat 21 radələrində isə yenidən Cəlilabad rayonunun Şükürlü kəndinə, yəni “konum”da göstərilən yerə getmişlər. Məhəmməd iranlı Babəkə xəbər etmiş və təxminən bir saat gözlədikdən sonra Cəlilabad rayonunun Şükürlü kəndinin müxtəlif istiqamətlərinə hərəkət etmiş, saat 01 radələrində Babək Məhəmmədə işin sabaha qaldığını xəbər etmiş, bu səbəbdən Masallı rayonunun Türkoba kəndinə, Pelmanın qohumların yanına gecələməyə getmişlər. Növbəti gün saat 19 radələrində iranlı Babək Məhəmmədin “M10” mobil tətbiqinə 100 (bir yüz) manat pul göndərmiş və daha sonra onlar Masallı rayonundan çıxıb Cəlilabad rayonuna getmiş, həmin gün saat 22 radələrində yenidən Cəlilabad rayonunun Şükürlü kəndinə, “konum”da göstərilən yerə gedib maşında gözləmişlər. Otuz-qırx dəqiqəqdən sonra uçuş aparatının səsini və göydən yerə ağır nəyinsə düşdüyünü eşidib bağlamaların olduğunu bilib, Məhəmmədlə avtomobildən enərək ərazidə bağlamaları axtarmağa başlamış, Namik isə maşında qalmışdır. Xeyli müddət aparılan axtarışlar heç bir nəticə vermədiyi üçün Pelman maşına tərəf getmiş, Məhəmməd isə telefonun işığı ilə bağlamaları axtarmağa davam etmiş, Namiklə birlikdə avtomobildə oturub Məhəmmədi gözləmişlər. Saat 01 radələrində sərhədçilər onların avtomobilinə yaxınlaşaraq əraziyə gəlişlərinin məqsədini soruşduqda, onlara narkotik vasitələri götürməyə gəldiklərini demiş, daha sonra saxlanıldıqları istiqamətdə axtarış aparılmağa başlanılmış və saxlanıldıqları yerin yaxınlığından iki ədəd bağlama aşkar olunmuş, onların iştirakı ilə həmin bağlamalara baxış keçirilən zaman içərisindən narkotik vasitə aşkarlanmışdır. Mütəmadi olaraq narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin istifadə etmiş, sonuncu dəfə təxminən xx.xx.2025-ci il tarixdə Babək adlı iranlı şəxsin Bakı şəhəri, Yasamal rayonunda qoydurduğu ərazidən metamfetamin əldə edib istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə əldə edəcəkləri narkotik vasitənin hər kiloqramına görə Məhəmmədə çatası 400 (dörd yüz) manat puldan tam yarısı ona çatacaq, Namikə çatası 1.200 (bir min iki yüz) manat pulu isə Məhəmmədlə birlikdə yarıbayarı verəcəkmişlər. İçərisində narkotik vasitələr olan bağlamları Bakı şəhərinə aparıb Babək adlı şəxsin deyəcəyi müxtəlif yerlərə Məhəmmədlə birlikdə müxtəlif vaxtlarda büküm-büküm qoyacaqmışlar. İran İslam Respublikasında qohumları var, beş-altı il öncə İranda olmuş, saxlanılan zaman sərhədçilər tərəfindən ona qarşı nə fiziki, nə də psixi təsir göstərilmişdir və törətdiyi əməldən peşmandır (cild 01, i.v. 142-145). Təqsirləndirilən şəxs3 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, maksimum bir vərəqlik ifadə verdiyini və ifadəsində yazılanların çoxunun onun sözləri olmadığını, onlardan maksimum bir vərəq ifadə alınıb üç vərəqlik ifadə düzəldildiyini, ifadəsində narkotikin hər kiloqramına görə ona 400 (dörd yüz) manat veriləcəyi yazılsa da, əslində belə bir söhbət olmadığını bildirərək, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 bibisi oğludur. Özü taksi sürücüsü işləmişdir. 19 aprel 2025-ci il tarixdə gecə Pelmangilə gəlmiş və onlarda qalmışdır. 20 aprel 2025-ci il tarixdə Pelmangildə Təqsirləndirilən şəxs2 görmüşdür. Onlara nahar vaxtı rayona yola çıxacağını demişdir. Bu vaxt Pelman maşınının cəriməsi olduğunu, rayona gedəndə onları da aparmasını, yol pulunu verəcəklərini bildirmişdir. Pelmanla Məhəmmədi Masallı rayonuna aparmış, sonra maşını Pelmana vermiş, lakin onların haraya gedib-gəldiklərini bilməmişdir. Növbəti gün axşam saatlarında Pelmangilə Bakıya gedəcəyini, gəlirlərsə, onları da aparmasını bildirmişdir. Təqribən on beş dəqiqədən sonra Cəlilabada çatmışlar. Həmin yerdə iki yaşayış evi, ortalarında da əkin sahəsi olmuşdur. Maşını yolun qırağında saxlamış, Pelmanla birlikdə maşında oturmuşlar. Məhəmməd maşından düşəndə tanışına zəng vurmalı olduğunu deyib ondan telefonu istəmiş, o da vermişdir. Ona görə də, mobil telefonunda iranlı ilə danışıqlar özü tərəfindən həyata keçirilməmişdir. On beş-iyirmi dəqiqədən sonra mayor rütbəsində bir nəfər sərhədçi özünü təqdim edib, onlardan olduqları yerdə nə etdiklərini soruşmuş, bir nəfəri gözlədiklərini demişdir. Əməliyyatçı şəxsiyyət vəsiqəsini istəyəndə çıxardıb təqdim etmiş, sonra əməliyyatçı maşına baxış keçirmək istədiyini bildirmış, maşının yük yerini açmış və maşın yoxlanmışdır. Sonra maşına nəzarət etmək üçün iki nəfər əsgər qoyulmuşdur. Məhəmmədi başqa bir qara maşına mindirmişlər. Onu və Pelmanı maşından çıxarmış və narkotik vasitənin aşkar edildiyi yerə aparmışlar. Onların saxlanıldıqları yerlə narkotik vasitələrin aşkar olunduğu yer arasında təxminən 300-400 metr məsafə olmuşdur. Ondan narkotik vasitələrdən xəbəri olub-olmadığını soruşanda, xəbəri olmadığını, bir az təzyiq göstəriləndən sonra isə məcbur qalıb xəbəri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la aralarında pula ehtiyacı olması barədə söhbət olmamışdır. “Toyota Prius” markalı avtomobilinin krediti olmuş, hər ay 900 (doqquz yüz) manat ödəniş etmişdir. “Bolt” taksi xidmətində işləmişdir. Rayona getməklə bağlı təklifi Pelman və Məhəmməd birlikdə etmiş, yol pulunu başqasına verməkdən elə ona verməyi demişlər. Yol pulu olaraq 160 (bir yüz altmış) manat pul istəmiş, lakin 120 (bir yüz iyirmi) manata razılaşmışlar. Özünün rayona getməkdə məqsədi xəstə anasını görmək olmuşdur. Cəlilabada deyil, Masallıya getmək barədə danışıqları olmuşdur. Pelmangilin narkotiklə bağlı söhbət etmələrindən məlumatı olmamışdır. Maşında Məhəmməd arxada, Pelman qabaqda oturmuşdur. Bakıdan rayona gələndə Məhəmmədin kiminləsə telefonda danışdığını eşitməmişdir. Rayonda avtomobilini vermiş və Pelmanla Məhəmməd bir dəfə Cəlilabada getmişlər. Sabahısı gün Bakıya getdiyini deyəndə, onlar Cəlilabada gedib orada bir nəfəri görəndən sonra Bakıya getməyi bildirmişlər. Hadisə yerinin yaxınlığına çatanda Məhəmməd evin yanında maşından düşmüş, o isə maşını sürərək qabaqdan fırlanıb qayıtmış və evin yanında saxlamışdır. Məhəmmədlə Pelman maşından düşmüş, beş dəqiqədən sonra Pelman geri qayıtmışdır. On beş-iyirmi dəqiqə gözlədikdən sonra “KİA Sorento” markalı avtomobildə sərhədçilər gəlmiş, birinci dəfə onlara yaxınlaşanda bir nəfəri gözlədiklərini demiş, ikinci dəfə yaxınlaşıb yenidən niyə gəldiklərini soruşanda Pelman qız qaçırmağa gəldiklərini bildirmiş, bu vaxt Pelmangilin narkotik dalınca gəldiklərindən şübhələnmişdir. Həmin vaxta kimi Pelmangil ona narkotiklə bağlı heç nə deməmişlər. Bu hisədə Məhəmmədlə Pelman doğru ifadə vermişlər. Sərhədçilərin narkotiki tapmaq üçün istifadə etdikləri dronu görmüşdür. Əvvəllər də Pelmangilə gedib gecə orada qalmışdır. Birinci dəfə idi ki, Məhəmmədi Pelmangildə görmüşdür. Yol pulunu verməyi Pelman demişdir. Məhəmmədgilin narkotik dalınca gəldiklərini bilsəydi, maşını sürüb qaçarmış. Sərhədçilər onu döyüb, təzyiq etmişlər. Narkotik vasitənin yanına aparıldığı yerdə ona narkotikdən xəbəri olmasını deməsi üçün təzyiq etmişlər, lakin həmin şəxslərin kimliyini bilməmişdir. Sərhədçilərdən başqa iki nəfər də mülki formada şəxs olmuşdur. Döyülməsini Pelmanla Məhəmməd də görmüşlər. Pelmanın da qolu göyərmişdir. Bədənində xəsarət izi olmamışdır. Onu hadisə yerində vurmuşlar, lakin bu barədə şikayət etməmiş, yalnız valideynlərinə bildirmişdir. Birinci sanksiya məhkəməsində xatırlamasa da, ikinci məhkəmədə günahı olmadığını demişdir. Saxlanılarkən narkotik vasitənin təsiri altında olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissədə elan edilmişdir. Həmin ifadəsində o, verilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs3 və onun dostu Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq söhbət etmiş, həmin vaxt avtomobilin kreditini ödəmək üçün pula ehtiyacı olduğunu demiş, sonuncular ona kömək edəcəklərini, lakin onlar üçün “Renta Car”dan maşın tapmağa kömək etməsini istəmiş, kirayə maşın tapa bilmədikləri üçün onları Cəlilabad rayonuna apardığı halda 1.200 (bir min iki yüz) manat pul verəcəklərini təklif etmişlər. Onlarla razılaşmış və istifadəsində olan **-BK-*** nömrə nişanlı, “Toyota Prius” markalı avtomobillə birlikdə xx.xx.2025-ci il tarixdə günorta vaxtı Cəlilabad rayonu istiqamətində yola düşmüş və həmin gün Cəlilabada çatmışlar. Ora çatdıqda Pelmanla Məhəmməd onları dedikləri yerdə düşürüb getməsini, daha sonra kartına çay içmək üçün pul göndərəcəklərini, özləri dedikəri vaxt isə geri qayıdıb onları düşürdüyü yerdən götürməyi bildirmiş, onları dedikləri yerdə maşından düşürüb getmiş, on dəqiqə keçməmiş Məhəmməd zəng edib onları həmin yerdən götürməsini istəmiş, onların yanına getdikdə Bakı şəhərinə qayıdacaqlarını demiş, Namik isə onlara kəndə gedəcəyini, evlərinə az məsafə qaldığını bildirmiş, beləliklə onlarla birlikdə Masallı rayonunun Türkoba kəndinə getmişlər. xx.xx.2025-ci il tarixdə Məhəmməd və Pelman onları Cəlilabad rayonunun Şükürlü kəndinə aparmağını istəmişlər. Onlarla birlikdə deyilən yerə getmiş, oraya çatanda maşında gözlədikləri zaman Məhəmməd ona olduqları yerə narkotik vasitə götürmək üçün gəldiklərini demiş, onlara onu bu işə qatmamağı bildirmişdir. Bundan sonra Pelmanla Məhəmməd ona maşında qalmasını tapşırıb maşından düşüb getmişlər və təxminən iyirmi dəqiqədən sonra geri qayıdıb avtomobilə əyləşdikdən sonra yaxınlıqda olan mağazaya gedib oradan fənər alacaqlarını demişlər. Avtomobillə Cəlilabad rayonu istiqamətində hərəkət etmiş və mağazanın bağlı olduğunu görüb, yenidən əvvəlki yerə qayıtmışlar. Məhəmməd maşından düşərək narkotik vasitəni axtaramağa getmiş, o isə Pelmanla avtomobildə qalıb, Məhəmədin geri qayıtmasını gözləmişlər. Avtomobildə olduqları zaman saat 01 radələrində sərhədçilər onların avtomobilinə yaxınlaşaraq olduqları əraziyə gəlişlərinin məqsədini soruşduqda, narkotik vasitə götürmək üçün gəldiklərini demişlər. Bundan sonra saxlanıldıqları istiqamətdə axtarış aparılmağa başlanılmış, yaxınlıqda iki ədəd bağlama aşkar edilmiş və onları iştirakı ilə həmin bağlamalara baxış keçirilən zaman içərisində narkotik vasitə olduğu məlum olmuşdur. Arasıra psixotrop maddə olan metamfetamindən istifadə etmiş, İran İslam Respublikasında heç vaxt olmamış, saxlanılan zaman sərhədçilər tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirmişdir (cild 01, i.v. 160-163). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ifadəsində qeyd olunan sözlərin bəzilərini özünün demədiyini, maşının kreditini ödəmək üçün pula ehtiyacı olması, ona 1.200 (bir min iki yüz) manat təklif olunması barədə deməməsini, qorxu altında ifadə verdiyini bildirərək, ifadələri arasında ziddiyyəti ona qarşı fiziki və psixi təzyiq göstərilməsi ilə əlaqələndirmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxslərin qismən etirafedici və şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Məhəmməd Cəfərov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1, 29,234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 2-ci sərhəd komandantlığı komendantının əməliyyat-axtarış işləri üzrə müavini, mayor Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məlum hadisə ilə əlaqədar tanımışdır. 21 aprel 2025-ci il tarixdə, saat 23:50 radələrində Dələli kəndinin girəcəyində leytenant Şahid3la birlikdə 7-ci sərhəd zastavasının 9-cu sahəsinin arxa istiqamətində olan zaman hava fəzasında paraplan səsi eşidib, səsə qulaq asaraq istiqamətini müəyyən etməyə çalışmışdır. Təxminən on dəqiqədən sonra 7-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 onlarla rabitə vasitəsi ilə əlaqə saxlayaraq 7-ci sərhəd zastavasının 18-20-ci sahələri istiqamətində “gözətçi dəstə” xidmətini təşkil edən baş çavuş Şahid2 və əsgər Şahid5 20ci sahə istiqamətində hava fəzasında paraplan səsini eşitdikləri barədə məruzə etmiş, onlar da həmin səsi eşitdiklərini və paraplanın uçuş istiqamətini müəyyən etməyə çalışdıqlarını bildirmişlər. Zastavada olan “PTZ” tipli video-müşahidə kamerası vasitəsi ilə hava fəzasını nəzarətdə saxlamalarına dair göstəriş vermiş, daha sonra paraplanın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdiyini, Cəlilabad rayonunun Şükürlü və Gülməmmədli kəndləri istiqamətindən uçaraq 7-ci sərhəd zastavasının 20-ci sahəsi istiqamətindən geriyə, İran İslam Respublikasına qayıtdığını təxmin edərək sözügedən kəndlər istiqamətinə hərəkət etmiş, Şükürlü və Gülməmmədli kəndləri arasında magistral yolla avtomobillə hərəkət edən zaman yolun kənarında 2-ci sahənin arxa istiqamətində bir ədəd ağ rəngli “Toyota Prius” markalı avtomobilin dayandığını müşahidə etmişlər. Avtomobilə yaxınlaşaraq içərisində iki nəfər şübhəli şəxsin olduğunu müəyyən edib özlərini təqdim etdikdən sonra kim olduqlarını və niyə həmin yerdə durduqlarını soruşmuş, şəxsiyyət vəsiqələrini təqdim etməyi xahiş etmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 kimi təqdim edərək, əsgər yoldaşlarını gözlədiklərini bildirmişlər. Həmin avtomobil kənddən 100-150 metr aralıda dayanmışdır. Onlara yoldaşlarını gözləyirlərsə, evin qabağında gözləmələrini, niyə aralıda durduqlarını bildirmişdir. Onların durduqları yerin sağ və sol tərəfi əkin sahələridir. Həmin vaxt avtomobilin dayandığı istiqamətdən təxminən 200 metr aralıda əkin sahəsində bir nəfər şəxsin əl fənəri ilə axtarış etdiyini görmüşlər. Yenidən onlardan hansı məqsədlə gəldiklərini soruşduqda, bu dəfə qız qaçırmağa gəldiklərini bildirmişlər. Onların qeyri-səmimi cavablarından şübhələnmiş, bundan sonra zastava rəisinə mobil telefon vasitəsi ilə zəng edərək göstəriş vermişdir ki, özü ilə silahlı heyət götürüb olduqları istiqamətə gəlsinlər. Bir müddət sonra “mobil qrup” zastava rəisinin başçılığı altında olduqları istiqamətə gəlmişdir. Gecəgörmə cihazı vasitəsi ilə ərazini müşahidə edərək əkin sahəsində həmin bir nəfər şəxsin olduğunu və gözdən itmək üçün yerə uzandığını bildirərək, həmin şəxsin hansı istiqamətdə yerləşdiyi barədə zastava rəisinə demiş və sözügedən şəxsin saxlanılması üçün göstəriş vermişdir. Saat 01:00 radələrində sərhədçilər bir nəfər şəxsi saxlayıb gətirmişlər. Saxlanılmış şəxsi avtomobilə əyləşdirmişlər və həmin şəxs narkotik dalınca gəldiyini etiraf etmişdir. Həmin ərazidə kəndin əkin sahələri olduğunu, sərhəddən aralıda yerləşdiyini bildirərək, orada necə narkotik ola biləcəyini soruşmuş, Məhəmməd aparatla göydən narkotik atıldığını, axtarsa da tapa bilmədiyini demişdir. Hərbi hissəyə bu barədə məruzə etmişdir. Məhəmmədi saxladıqları yerə aparmış və ondan narkotikin hara atıldığını soruşmuşlar. Məhəmməd özündən sağ tərəfə narkotikin atıldığını bildirmişdir. Əkin sahələrində ot hündür olduğu üçün ərazidə axtarış aparsalar da, bağlamaları tapa bilməmişlər. Bundan sonra dron gətirilərək axtarışlar davam etdirilmiş və Məhəmmədin durduğu yerdən təxminən 70-80 metr əkin sahəsinin içinə doğru narkotik vasitələr tapılmışdır. Namik yeni maşın aldığını, pulunu ödəyə bilmədiyi üçün digər ikisi ilə birlikdə gəldiyini, Məhəmməd isə iranlı ilə özünün danışdığını bildirmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, avtomobildəki şəxslər Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 ərazidə olan Təqsirləndirilən şəxs2 onların dostu olduğunu bildirmişlər. Məhəmməd əlindəki iki telefonla ayaqüstə axtarışda olmuşdur. Məhəmmədi saxlamaqları çox çəkməmiş, təqribən on dəqiqə ərzində sərhədçilər gələrək onu saxlamışlar. Məhəmməd işıqları söndürüb yerə uzanmışdır. Onlar isə gecəgörmə cihazı ilə onu müşahidə etmişlər. İki ədəd kisə bir-birinə “skoç”lanmış vəziyyətdə aşkar edilmişdir. Qabaqcadan onda kimlərinsə həmin əraziyə gələcəyi barədə məlumat olmamışdır. Şəxsləri saxladıqları yer mühəndis çəpərindən, təqribən 3 kilometr məsafədədir. Həmin ərazi girişi qadağan olunmuş ərazi olmamışdır. Belə ki, onlar əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olduqlarından sərhəddən 30 kilometr içəriyə kimi fəaliyyətlərini davam etdirə bilərlər. Paraplan aparatını müşahidə etmək çətindir, hərəkət istiqaməti müəyyən olduğu halda gecəgörmə funksiyası olan müşahidə kameraları ilə aşkar etmək mümkündür. Paraplan aparatını görməmiş, sadəcə səsini eşitmişdir. Paraplan aparatı motor vasitəsilə hərəkətə gətirilir və üzərində paraşütü olur, təqribən 3 kilometr hündürlüyə kimi qalxa və 50-60 km/saat sürətlə hərəkət edə bilir. Xidmət etdiyi hərbi hissədə paraplan aparatı yoxdur, yalnız Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrində vardır. Məhəmmədi sorğusual etdikdə, o, narkotik vasitənin aparatla həmin əraziyə atıldığını, aparatın səsini eşitdiyini bildirmişdir. Uçuş aparatları vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə narkotik vasitələrin keçirilməsi halları əvvəllər də olmuşdur. Sözügedən uçuş aparatı 250 kiloqrama kimi yük daşıma qabiliyyətinə malikdir. Narkotik vasitələrin paraplanla daşındığını görməsə də, iş təcrübəsinə, eşitdiyi səsə və Məhəmmədin bildirdiklərinə görə narkotik vasitələrin paraplan vasitəsilə daşındığını anlamışdır. Namiklə Pelman ayaq üstə dura bilməmiş, avtomobildə əyləşmək üçün icazə istəmişlər. Təcrübəsinə əsasən belə ehtimal etmişdir ki, onlar narkotik vasitənin təsiri altında olmuşlar. Həmin şəxslər özləri narkotik vasitə qəbul etdiklərini bildirməmişlər. Məhkəmədə dindirilmiş şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının manqa komandiri, baş çavuş Şahid2 ifadəsində göstərmişdir ki, 21 aprel 2025-ci il tarixdə, saat 22:30-dan növbəti gün saat 03:00-dək sərhəd naryadının digər üzvü əsgər Şahid5lə birlikdə 7-ci sərhəd zastavasının 18-20-ci sahələrində "gözətçi Dəstə" xidmətinə təyin olunmuş, 22 aprel 2025-ci il tarixdə, saat 00:00 radələrində xidməti təşkil edərkən 20-ci sahə istiqamətində hava fəzasında paraplan aparatının səsini eşidərək, bu barədə dərhal zastava rəisi baş leytenant Şahid1 məruzə etmiş, sonuncu da həmin aparatı nəzarətdə saxlamağı göstəriş vermişdir. Paraplanın səsini əməliyyatçılar da eşitmişlər. Daha sonra məlum olmuşdur ki, əməliyyatçılar və “mobil qrup” sərhəd naryadı tərəfindən üç nəfər saxlanılmışdır. Ölkə ərazisinə narkotik vasitə keçirildiyi məlum olmuş və axtarış başlanılmışdır. Xidmətdən qayıdıb axtarışa cəlb olunmuş, bir müddət sonra iki ədəd bağlama aşkar olunmuşdur. Şahid2 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, adi gözlə qaranlıq vaxt paraplanı görmək olmur, lakin sərhəd zastavasında 10 kilometr məsafədə müşahidə apara bilən “PTZ” tipli kamera mövcuddur ki, termal müşahidə ilə paraplanı müəyyən etmək mümkündür. Saxlanılan şəxslərdən biri narkotik vasitə dalınca gəldiklərini əməliyyat müvəkkilinə bildirmişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən orada olmamışdır. Hadisə yerinə gələndə narkotik vasitə hələ tapılmamış, sonradan dron vasitəsilə tapılmışdır. Narkotik vasitə yol kənarından təxminən 100-150 metr məsafədə aşkar edilmişdir. Narkotik vasitənin kim tərəfindən göndərilməsi barədə ona məlumat verilməmiş, sadəcə olaraq axtarışda iştirak etmişdir. Narkotik vasitələr paraplan vasitəsilə atılmış, dron vasitəsilə isə aşkar edilmişdir. Səlahiyyəti olmadığı üçün saxlanılan şəxslərə narkotik vasitənin mənbəyi barədə sual verməmişdir. Narkotik vasitələrin axtarışına saxlanılmış şəxslərin cəlb edilib-edilmədiyini xatırlamamışdır. Xidmət yeri ilə dövlət sərhəd xətti arasında təqribən 700-800 metr məsafə var. Uçuş aparatının səsini hansı məsafədən eşitdiyini bilməmişdir. Uçuş aparatlarının səsini əvvəllər də eşitmişdir. Xidmət etdiyi hərbi hissədə paraplan uçuş aparatı yoxdur. Uçuş aparatlarına qarşı mübarizə aparılması üçün Dövlət Sərhəd Xidmətinin çevik hərəkət qüvvələrinin heyəti cəlb olunmuşdur. Hadisə vaxtı onlarda zəruri vasitələr olmadığından uçuş aparatını dayandırmaq üçün tədbir görməmişlər. Hadisə baş verən gün dron deyil, paraplan səsi eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə, gecə saatlarında hal şahidi kimi dəvət edilmiş və hadisə yerinə aparılmışdır. Orada özündən başqa Şahid7 adlı kənd sakini də hal şahidi olmuş, onlara qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə keçirildiyi və üç nəfər şəxsin saxlanıldığı bildirilmişdir. Əvvəl narkotik vasitə tapılmamış, sonra dron vasitəsilə axtarılaraq tapılmışdır. Saxlanılmış şəxslər narkotik vasitənin onlar üçün göndərildiyini bildirmişlər, lakin bunu deyən şəxsin konkret kim olduğunu xatırlamır. Bundan sonra hadisə yerində videoçəkiliş aparılmış, daha sonra ərazidən aşkar edilərək götürülmüş iki ədəd bağlamaya baxış keçirilməsi üçün sərhəd zastavasının inzibati binasına getmişlər. Orada həmin iki ədəd bağlama açılaraq içərisinə baxış keçirilmiş və içərisində əlli beş ədəd torba, torbaların içərisində isə marixuana və metamfetaminə bənzər narkotik vasitələrin olması müəyyən edilmişdir. Şahid6 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, zastavanın qonşuluğunda olan kənddə yaşayır. Onu hərbi qulluqçular hal şahidi kimi çağırmışlar. Saxlanılmış şəxslərdən biri sahədə axtarış etmiş, digər ikisi isə avtomobilin yanında qalmışlar. Narkotiki Məhəmməd və zastavanın hərbi qulluqçuları birlikdə axtarıb tapmışlar. Narkotik vasitə paraplan vasitəsilə gəlmiş, dron vasitəsilə tapılmışdır. Hadisə zamanı saxlanılan şəxslərə fiziki, psixoloji təzyiq və ya təsir göstərilməmişdir. Əvvəllər də bir dəfə hal şahidi kimi iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, toplanmış fakt əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-03). Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubu və hərbi hissənin 7-ci sərhəd zastavasının eyni tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:51 radələrində Cəlilabad rayonu Dələli kəndindin girəcəyində 7-ci sərhəd zastavasının 9-cu sahəsinin arxa istiqamətində hava fəzasında pilotsuz uçuş aparatının (drunun) səsi eşidilmiş, daha sonra mühəndis-texniki çəpərdən təqribən 3500 metr aralıda, dövlət sərhəd xəttindən təqribən 5000 metr aralıda, 79 nömrəli əsas sərhəd nişanından təqribən 500 metr sağda, 2-ci sahənin arxa istiqamətində Şükürlü, Gülməmmədli kəndləri arasında magistral yoldan təqribən 100 metr aralıda bir ədəd ağ rəngli “Toyota Prius” markalı, 54-BK- 650 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı müşahidə edilmiş, həmin avtomobilə yaxınlaşdıqda içərisində iki nəfər şübhəli şəxsin olduğu və həmin şəxslərin Masallı rayon sakinləri olması məlum olmuşdur. Qeyd olunan şəxslər özlərini şübhəli aparmış və söhbət zamanı narkotik vasitələri götürmək üçün əraziyə gəldiklərini etiraf etmişlər. Bu barədə 7-ci sərhəd zastavasının rəisinə məlumat verilmiş və zastava dərhal “Silaha” komandasına qalxaraq, saat 00:45 radələrində “mobil qrup” zastava rəisinin başçılığı altında həmin istiqamətə hərəkət etmişdir. Nəticədə saat 01:00 radələrində “mobil qrup” zastava rəisinin başçılığı altında bir nəfər şəxs tərəflərindən saxlanılmış və ərazidə aparılan axtarış zamanı saat 02:30 radələrində iki ədəd bağlama aşkar olunmuşdur (cild 01, i.v. 05-06). N nömrəli hərbi hissənin “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələri əsası ilə inzibati qaydada tutulmuşlar (cild 01, i.v. 16: 19; 22). N nömrəli hərbi hissənin “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 üzərindən “Honor” markalı smartfon telefon, “Chevrolet” markalı avtomobilin açarı; Təqsirləndirilən şəxs1 üzərindən “Honor” markalı smartfon telefon, qara rəngli pul qabı, iki ədəd “Birbank”, bir ədəd “Tamkart” plastik kartları, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və “Toyota Prius” markalı avtomobil açarı, Təqsirləndirilən şəxs2 üzərindən “Birbank” plastik kartı, “Samsung” markalı smartfon telefon və ağ rəngli qulaqlıq aşkar edilərək götürülmüşdür (cild 01, i.v. 17, 20, 23). N nömrəli hərbi hissənin “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə yeri mühəndis-texniki çəpərdən təqribən 3500 metr, dövlət sərhəd xəsttindən təqribən 5000 metr aralıda, 79 nömrəli əsas sərhəd nişanından təqribən 500 metr sağda, 2-ci sahənin arxa istiqamətində Şükürlü- Dələli-Gülməmmədli avtomagistral yoldan təqribən 100 metr olan ərazidir. Həmin ərazidə bir ədəd ağ rəngli “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil, içərisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, həmin ərazidə təxminən 150 metr solda Təqsirləndirilən şəxs2 sərhəd naryadı tərəfindən saxlanılmış, həmin şəxsin saxlanıldığı yerdən təqribən 100 metr sağda iki ədəd bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yerləri əlləri ilə göstərmiş və iki ədəd narıncı rəngli bağlamanın içərisində çəkisi təxminən 50 kq narkotik vasitə marixuana, 15 qram psixotrop maddə metamfetamini əvvəllər tanıdıqları İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxs tərəfindən dron vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini və onlar tərəfindən həmin qeyd olunan iki ədəd narıncı rəngli bağlamanı götürmək üçün Babək adlı şəxsin onlara göndərdiyi “konuma” ağ rəngli “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiklərini bildirmişlər. Aşkar edilmiş iki ədəd bağlama qablaşdırılaraq götürülmüş, bu barədə protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 24-25). N nömrəli hərbi hissənin “aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə yerindən aşkar olunmuş iki ədəd bağlamaya baxış keçirilən zaman içərisində əlli beş ədəd alt hissəsindən üst hissəsinə doğru şəffaf rəngli skoçla bükülmüş halda torba, torbaların içərisində isə ümumi çəkisi bükümlərlə birlikdə 53850 qram marixuanaya bənzər, 15 qram metamfetaminə bənzər narkotik vasitə və psixotrop maddənin olması müəyyən edilmişdir. Həmin predmetlərə baxış keçirilən zaman bağlamaların yararsız vəziyyətdə olması müəyyən edildiyindən, qeyd olunan bağlamaların içərisindən aşkar edilmiş ümumilikdə əlli beş ədəd büküm və bir ədəd balaca bükümdə 15 qram metamfetamin üç ədəd torbaya qoyulub qablaşdırılmış, bu barədə protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/632 nömrəli, xx.xx.2025-ci il tarixli “məhkəmə-bioloji ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş əlli beş ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 49 kq 750 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə 49 kq 744,5 qram marixuana istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (cild 01, i.v. 44-47). Məhkəmə Ekspertizası Mərkəzinin 6/1515 nömrəli, xx.xx.2025-ci il tarixli “materialların məhkəmə ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 9,520 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra 9,420 qram çəkidə psixotrop maddə metamfetamin istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (cild 01, i.v. 48-52). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli qərarları və “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 10:00-da, Təqsirləndirilən şəxs3 saat 11:55də, Təqsirləndirilən şəxs1 isə saat 13:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (cild 01, i.v. 61-62; 82-83; 102- 103). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarların surəti təqdim olunmuşdur (cild 01, i.v. 114-116; 133-135; 151-153). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-199/2025, 4(009)-198/2025, 4(009)- 200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birinin barəsində həbs etmənin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmaqla dörd ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarları ilə 22 noyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01, i.v. 169-180; cild 02, i.v. 146-157). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsi və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3-cü maddəyə əsasən 392 saat ictimai işlər cəzasına məhkum edilmiş; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 68.1.4, 67.1, 93.1.2-ci maddələrə əsasən 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, i.v. 184-186; cild 02, i.v. 138-145; 161-173). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada, Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsi, Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu və hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3-cü maddəyə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, xx.xx.2026-cı ildə qeydiyyatdan çıxarılmışdır (cild 01, i.v. 188). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 366/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3cü maddəyə əsasən 02 il 06 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “"Konstitusiya və Suverenlik İli" münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, xx.xx.2026-cı ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum olunmuş şəxslər amnistiya aktı ilə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzadan azad edilmişlər. Bundan başqa, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrində qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətin residivi yoxdur. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə yerindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 49 kq 744,5 qram olan narkotik vasitə qurudulmuş marixuana və 9,420 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, həmin idarədə saxlanılır (cild 01, i.v. 202-203). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı, qara rəngli mobil telefonda “Azerfon” operatoruna məxsus 077 ***-**-** saylı mobil nömrə vardır. Qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə də eynidir. “WhatsApp” proqramında olan mobil nömrə ilə 19xx.xx.2025-ci il tarixlərdə şəxsiyyəti istintaqa “Babək” adı ilə məlum olan şəxsin istifadəsində olan Azərbaycan Respublikasına məxsus “Bakcell” nömrəsindən 055 ***-**-** saylı nömrə arasında dəfələrlə audio zənglərin, səs yazılarının olması aşkar edilmişdir. Həmin nömrə ilə yazışmalara daxil olduqda görünür ki, 21-xx.xx.2025-ci il tarixlərdə şəxsiyyəti istintaqa “Babək” adı ilə məlum olan şəxsin Təqsirləndirilən şəxs2la İran İslam Respublikasından Azərbaycan Respublikasına uçuş aparatı (dron) vasitəsi ilə əlli kiloqrama yaxın narkotik vasitə göndərəcəyi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cəlilabad rayonunda sərhədə yaxın bir əraziyə gəlməsini və həmin yerdən konum atmasını, sonradan uçuş aparatı vasitəsi ilə həmin istiqamətə narkotik vasitələrin göndərilməsi məzmunda səs yazıları mövcuddur. Həmçinin, “WhatsApp” proqramına baxış zamanı 21-xx.xx.2025-ci il tarixlərdə şəxsiyyəti istintaqa “Səccad” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan İran İslam Respublikasına məxsus “+98-***-***-**-**” nömrə ilə yazışmalar və səs yazıları aşkar edilmişdir. Həmin yazışmalarda “Səccad” adı ilə məlum olan şəxsin Təqsirləndirilən şəxs2la İran İslam Respublikasından Azərbaycan Respublikasına uçuş aparatı (dron) vasitəsi ilə əlli kiloqrama yaxın narkotik vasitə göndərəcəyi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cəlilabad rayonunda sərhədə yaxın bir əraziyə gəlməsini və həmin yerdən konum atmasını, sonradan uçuş aparatı vasitəsi ilə həmin istiqamətə narkotik vasitələrin göndərilməsi, həmçinin xx.xx.2025-ci il tarixdə mövcud olan səs yazılara baxış keçirilərkən- saat 17:18-də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsdən “marixuanadan əlavə torbanın içinə 1 list psixotrop maddə metamfetamin qoymasını xahiş edir”; saat 17:26-da Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 “Goy görüm dərmanı hardan tapa bilirəm, amma 10-15 qram kissənin içinə patı atmışam”; saat 17:27-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 “100 manat yollamışıq 3-4 dəqiqəyə hesabınızdadı”; saat 17:32-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 “dərmanı uşağa demişəm goy görüm var 1-2 paçka gətizdirim”; saat 17:32-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 “pul gəldi hesabınıza”; saat 17:34-də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Yox qardaşım oturmadı”; saat 17:34-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “indi oturar”; saat 17:57-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “mən danışdım indi adamlarla saat 7-8 mal sizdədi day yubamma yoxdur. Babək deyəndə sizə gedin ora, day dünənki kimi yubanma olmasın. Hazır olun. Biz sizə deyəndə gedin girin ora. Yubanmayın, işqları keçirin, Pelman maşallah zirəngdi, ona denən onları tez çıxardsın”; saat 18:00 Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Yaxşı qardaşım, arxayın ola bilərsən”; saat 18:01-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “Sizin qadanızı alım, məndə gedirəm dərmanın dalıyca, uşağa dedim bayaq , dedi gəl verim, iki list alıb atacam ora. Patını atmışam ora, onuda tacam onun içinə götürərsiz, day yolda sökmüyünə gedib evdə sökərsiz, kisənin ağzı bağlıdı, day dərmana görə özüvüzü poxa verməyin , evdə gedib götürərsiz inşallah salıq olsun”; saat 18:02-də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Qardaşım onu mən ne edirəm burda, onsuzda o mənə orda lazımdıda, səncə mən elə səf edərəm, narahat olma arxayın ol”; saat 18:03-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “oldu qadan alaram sənin”; saat 18:03-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “mən danışdım indi adamlarla saat 7-8 mal sizdədi day yubamma yoxdur. Babək deyəndə sizə gedin ora, day dünənki kimi yubanma olmasın. Hazır olun. Biz sizə deyəndə gedin girin ora. Yubanmayın, işqları keçirin, Pelman maşallah zirəngdi, ona denən onları tez çıxardsın”; saat 19:38-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “qardaş canım sənə qurban, biraz hərəkət elə, tez bazar hərəkət elə, Turan vuranda gir ora, atamın goru haqqı, balamın canı, malı verirəm, aparatı işlədirlər, yarım saata iyirmi dəqiqəyə bunlar uçacaq, bunlara gərək konum verəsən, dünənki yerə get bunlara ver, ondan sonra bunlar uçalar, yubamma, tez bazar həll elə, allah işi rast getsin”; saat 19:41də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Qardaşım dünən konumu hara vermişəm, o konumu evim kimi bilirəm, dəqiq oranı bilirəm, atım o konuma deyirəm sizə, oranı mümkün deyilə mən tanımıyım, dünən saatlarım keçib, atın ora gedib götürürəm, çıxıram mən bayaq 50-40 demədim, daha tez çatmağa çalışıram, ayaqabımı geyinib çıxıram”; saat 19:42-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “Ay qardaş elə iş görməzlər, bu nə sözdü danışırsan, atun ora mən gedib götürürəm, o cür iş olaaar, konum istəyir, təzə konum istəyir ki, bilsin adam ordadı, soza bax elə iş görən deyil”, saat 19:43-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “Ay qardaş süür qadan alım, sürgünən, tələs, sən gəlmisən işə, gəlməmisən gəzib dolanmağa, sabahda yağışdı, qalsa atamın görü haqqı qaldı bir daha bir ay sonraya”; saat 19:43-də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Qardaşım indi təzəsini tapıram, mən demədimə indi atsın, yəni mən dedim mən ora çatanda atım konumu, heç nə qardaşım çıxıram ayaqqabımı geyinirəm, bayaqdan özümü yırtıram ki, mənə 40 dəqiqə əvvəl deyin, siz mənə vaxt vermirsizdə”; saat 19:44-də Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “konumu sən verəcəksən, ordan sən vərəcəksən, mən vermiyəcəm, təzə konum istəyirlər, təzə konum, sən verməlisən, mən orda deyiləm ki, get o dünənki yerə ordan konum ver, Babəkə verginən, sonrada mənim nömrəmi silginən”; saat 19:46-da Səccad adlı şəxs Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısı “Hərəkət elədiz qadan alım, de görüm”; saat 19:47-də Təqsirləndirilən şəxs2 Səccad adlı şəxsə göndərdiyi səs yazısı “Hər hərəkət edirik qardaşım” səs yazılarının olması məlum olmuş və səs yazıları CD diskə köçürülüb protokola əlavə olunmuşdur (cild 01, i.v. 205-208). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Honor” markalı mobil telefonda “Azercell” operatoruna məxsus 051 ***-**-** saylı mobil nömrə vardır. Qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə eynidir. “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2025-ci il tarixlərdə şəxsiyyəti istintaqa “Babək” adı ilə məlum olan şəxsin istifadəsində olan Azərbaycan Respublikasına məxsus “Bakcell” nömrəsindən 055 ***-**-** saylı nömrədən dəfələrlə audio zənglərin və səs yazıların olması aşkar edilmişdir. Həmin nömrə ilə yazışmalara daxil olduqda görünür ki, xx.xx.2025-ci il tarixlərdə şəxsiyyəti istintaqa “Babək” adı ilə məlum olan şəxs Təqsirləndirilən şəxs1lə yazışmışdır. Saat 00:56-da “Nə xəbər” sms yazması, saat 01:21, 01:23, 01:33-də audio zənglər, saat 01:35-də “salam” smaylik işarəsi, saat 01:45-də audio zəng və saat 01:51-də “tacili cavab verin” yazışmaları aşkar edilmiş, səs yazıları CD diskə köçürülüb protokola əlavə olunmuşdur (cild 01, i.v. 209-214). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Honor” markalı mobil telefonda “Azercell” operatoruna məxsus 050 ***-**-** saylı mobil nömrə vardır. Texniki problemə görə həmin mobil telefonun işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır (cild 01, i.v. 215-218). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 tibbi müayinə zamanı sol bazunun içəri səthində bənövşəyi rəngli qançır izləri aşkar edilmişdir (cild 01, i.v. 237). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 “Opioid, Kannabinoid və Psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu”, Təqsirləndirilən şəxs1 “Kannabinoid və Psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadırlar. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə mərkəzin kliniki labarotoriyasında narkotik vasitələr və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə ekspress test üsuli ilə tibbi müayinədən keçmişdir, eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları, zərərli istifadə diqanozu ilə narkoloji qeydiyyatdadır (cild 01, i.v. 230). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar (cild 01, i.v. 240). Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının xidməti ərazisində aşkar olunmuş narkotik vasitələr İran İslam Respublikasının vətəndaşı, Aslandüz şəhər sakini Babək adlı şəxsə məxsus olmuşdur. Həmin şəxsin tam şəxsiyyətinin müəyyən olunması, həmçinin aşkar edilmiş narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində kimlərə çatacağı istiqamətində tədbirlər davam etdirilir (cild 01, i.v. 247). N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyun 2025-ci il tarixdə X4 qaytarılmışdır (cild 02, i.v. 69). Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 saxlanıldığı istintaq təcridxanasından daxil olmuş xüsusi məlumat əsasında onun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 02, i.v. 72-75). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktubda, istintaqa İran İslam Respublikasının vətəndaşı “Səccad” adı ilə məlum olan şəxsə məxsus “+98-***-***-**-**” mobil nömrədən Təqsirləndirilən şəxs2 məxsus “+994-77- 318-32-94” mobil nömrəyə xx.xx.2025-ci il tarixdə beş dəfə, xx.xx.2025-ci il tarixdə on dörd dəfə, həmçinin, Təqsirləndirilən şəxs3 məxsus “+994-50-999-93-94” mobil nömrəyə xx.xx.2025-ci il tarixdə iki dəfə, xx.xx.2025-ci il tarixdə bir dəfə zəng daxil olması müəyyən edilmişdir (cild 02, i.v. 79-80). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung”, Təqsirləndirilən şəxs1 məxsus “Honor”, Təqsirləndirilən şəxs3 məxsus “Honor” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq, həmin idarənin saxlancına təhvil verilmişdir (cild 02, i.v. 175-176). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 4538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, VSİS-ndən alınan məlumata görə xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 02, i.v. 185-186). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 4707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlər, kannabinoidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, VSİS-ndən alınan məlumata görə xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 02, i.v. 187-188). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 4535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 189-190). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 02, i.v. 189-202). “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən (EMİS) çıxarılmış qohumluq əlaqələri barədə portal məlumatları, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017 və xx.xx.2019-cu il təvəllüdlü iki, Təqsirləndirilən şəxs1 himayəsində isə xx.xx.2019 və xx.xx.2025-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi2 cəmi 16 (on altı) saat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi1 cəmi 23 (iyirmi üç) saat, Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi3 cəmi (28 iyirmi səkkiz) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhlərinə ifadə verən şahidlərə müdafiəçiləri vasitəsi ilə suallar vermiş və bununla da onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni, Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirməsi barədə məlumatı olsa da, qeyd olunan kütlələrin ittiham aktında göstərilən qədər deyil, daha az miqdarda olması barədə ona deyilməsi, bu barədə Təqsirləndirilən şəxs3lə danışsa da, Təqsirləndirilən şəxs1 bu işlərdən xəbərsiz olması və narkotiki götürəcəkləri halda bundan xəbərdar olacağı, Namikdən yalnız taksi sürücüsü kimi istifadə etdikləri və ona yalnız yol pulu olaraq 120 (bir yüz iyirmi) manat vermək barədə razılaşmaları, Namikə sərhədçilər tərəfindən fiziki təzyiq göstərilməsi nəticəsində sonuncunun narkotikdən xəbəri olduğu barədə deməsi, metamfetamini şəxsi istifadəsi, qurudulmuş marixuananı isə kuryer kimi iranlının deyəcəyi yerlərə atmaq üçün əldə etmək niyyətində olduğu, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalaması; Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la eyni məzmunda, əlavə olaraq narkotik vasitələriin arasında metamfetamin olacağından və kimə veriləcəyindən xəbəri olmadığı, əməliyyatçıların onu izahat yazan vaxt istədiklərini yazdırmaq üçün vurmaları nəticəsində qolunda xəsarət olması, maksimum bir vərəqlik ifadə verməsi, ifadəsində yazılanların çoxunun onun sözləri olmaması; Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 2025-ci ilin aprel ayında taksi kimi rayona aparması, yol pulu olaraq 120 (bir yüz iyirmi) manata razılaşmaları, onların narkotik dalınca getmələri barədə məlumatının olmaması, ona göstərilmiş fiziki və psixoloji təzyiq nəticəsində məcbur qalıb xəbəri olduğunu deməsi, ibtidai istintaq ifadəsində qeyd olunan sözlərin bəzilərini özünün demədiyi, qorxu altında ifadə verməsi barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına və məsuliyyətlərini yüngülləşdirməyə hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokolunda göstərilmişdir ki, hadisə yeri mühəndis-texniki çəpərdən təqribən 3500 metr, dövlət sərhəd xəsttindən təqribən 5000 metr aralıda, 79 nömrəli əsas sərhəd nişanından təqribən 500 metr sağda, 2-ci sahənin arxa istiqamətində Şükürlü- Dələli-Gülməmmədli avtomagistral yoldan təqribən 100 metr olan ərazidir. Həmin ərazidə bir ədəd ağ rəngli “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil, içərisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, həmin ərazidə təxminən 150 metr solda Təqsirləndirilən şəxs2 sərhəd naryadı tərəfindən saxlanılmış, onun saxlanıldığı yerdən təqribən 100 metr sağda iki ədəd bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda saxlanıldıqları yerləri əlləri ilə göstərmiş və iki ədəd narıncı rəngli bağlamanın içərisində çəkisi təxminən 50 kq narkotik vasitə marixuana, 15 qram psixotrop maddə metamfetamini əvvəllər tanıdıqları İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxs tərəfindən dron vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini və həmin qeyd olunan iki ədəd narıncı rəngli bağlamanı götürmək üçün Babək adlı şəxsin onlara göndərdiyi “konuma” ağ rəngli “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiklərini bildirmişlər (cild 01, i.v. 24-25). Bundan əlavə, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində özlərini onlara verilmiş ittiham üzrə təqsirli bilərək, saxlanıldıqları, həmçinin istintaq hərəkətləri aparılan zamanı heç bir fiziki və ya psixi təzyiq və təsirə məruz qalmadıqlarını bildirmişlər (cild 01, i.v. 31-32, 34-35, 37-38, 68-71, 89-90, 109-112, 123-126, 142-145, 160-163). Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı özlərinə məxsus olduğunu etiraf etdikləri narkotik vasitə və psixotrop maddə barədə Məhkəmə Ekspertizası Mərkəzinin 7/632, 6/1515 nömrəli, xx.xx.2025ci il tarixli “məhkəmə-bioloji ekspertizası” və “materialların məhkəmə ekspertizası”na dair rəyləri ilə tanış olarkən, həmin rəylərə dair etirazlarının olmadığını qeyd etmişlər (cild 01, i.v. 122, 141, 159). Bundan əlavə, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı barələrində qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında özlərini təqsirli bilərək, əməllərindən peşman olduqlarını bildirmişlər (cild 01, i.v. 169-180). Bundan başqa, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollar və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən Təqsirləndirilən şəxs2 məxsus 077 318-32-94, Təqsirləndirilən şəxs1 məxsus 051 ***-**-** saylı mobil nömrələrlə qeydiyyatdan keçmiş “WhatsApp” proqramında şəxsiyyəti istintaqa “Babək” adı ilə məlum olan şəxs arasında narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərilməsi və qanunsuz dövriyyəsi məzmunda səs yazılarının olması müəyyən edilmişdir (cild 01, i.v. 205-208). Eyni zamanda, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “baxış keçirilməsi haqqında” protokolunda və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş məktubda istintaqa İran İslam Respublikasının vətəndaşı “Səccad” adı ilə məlum olan şəxsə məxsus “+98-***-***-**-**” mobil nömrədən Təqsirləndirilən şəxs2 məxsus “+994-77-318-32- 94” mobil nömrəyə xx.xx.2025-ci il tarixdə beş dəfə, xx.xx.2025-ci il tarixdə on dörd dəfə, həmçinin, Təqsirləndirilən şəxs3 məxsus “+994-50-999-93-94” mobil nömrəyə xx.xx.2025-ci il tarixdə iki dəfə, xx.xx.2025-ci il tarixdə bir dəfə zəng daxil olması müəyyən edilmişdir (cild 02, i.v. 79-80). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin Qərarın 26-cı bəndinə görə Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar hər biri ayrı-ayrılıqda mövcud ziddiyyəti hazırki cinayət işi ilə bağlı saxlanılarkən sərhədçilər (hərbiçilər) tərəfindən onlara göstərilmiş fiziki (Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 münasibətdə), psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmiş, yalnız xəsarətləri barədə ailə üzvlərinə, istintaq təcridxanasında məlumat vermələrini bildirmişlər. Məhkəmənin təqsirləndirilən şəxslərin sərhədçilər tərəfindən onlara fiziki, psixi təzyiq və təsir göstərilməsi, xəsarət almaları barədə istintaq təcridxanasında məlumat vermələri barədə demələrinə əsasən, onlar saxlanılandan sonra istintaq təcridxanasına aparıldıqları vaxt üzərlərində xəsarətlərin olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə sorğu vermək barədə təşəbbüsünə təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda buna ehtiyac olmadığını, bədənlərində guüa elə də çox xəsarət olmamasını bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məlumatında yalnız Təqsirləndirilən şəxs3 tibbi müayinə zamanı sol bazunun içəri səthində bənövşəyi rəngli qançır izlərinin aşkar olunması göstərilmiş, bununla əlaqədar istintaq təcridxanasının xüsusi məlumatı əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində Təqsirləndirilən şəxs3 saxlanıldığı vaxt Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur (cild 01, i.v. 237; cild 02, i.v. 72-75). Təqsirləndirilən şəxslərin sərhədçilər tərəfindən fiziki, psixoloji təzyiq və təsirlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər, eyni zamanda özləri də bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə, yəni onlara sərhədçilər tərəfindən xəsarətlər yetirilməsi barədə göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri izahat və ilkin ifadələrin məhz döyülmələri nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların göstərdikləri bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq və məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Dövlət ittihamçısının mövqeyi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” xx.xx.2008ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. İş üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikasının sakinləri və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsindən sonra, həmin vasitələri götürüb pul qarşılığında deyilən yerlərə qoymağa kömək edəcəklərinə dair vəd vermişlər. Və ittihamda göstərilən narkotik vasitə, habelə psixotrop maddə də İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə paraplan uçuş aparatı vasitəsilə, təqsirləndirilən şəxslərin bu və ya digər formada iştirakı olmadan keçirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 29-cü bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsinə əsasən, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Beləliklə, məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxslərin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair təklifinin kifayət qədər əsaslandırıldığını, eləcə də Plenum Qərarlarının yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 əməlləri ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsinə nisbətdə həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyət narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi hallarında yaranır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Həmin qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Sözügedən qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Cinayət Məcəlləsinin Kommentariyasında qaçaqmalçılıq formal tərkib vasitəsilə ifadə edilmişdir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış sayılır. Ali Məhkəmə Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarının 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anı malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə alınmaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 4-cü yarımbaşlığına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 iş üzrə narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra paraplan vasitəsilə atılacağı yerdən götürəcəklərinə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 10 nömrəli Plenum Qərarında o da göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilənlərə əsasən, demək olar ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin birbaşa icraçısı deyildirlər, yalnız cinayətkar qrupun İran İslam Respublikasının vətəndaşı olan üzvü və ya üzvləri tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişlər. Bu səbəbdən iş üzrə onların qaçaqmalçılıq cinayətinə münasibətdə törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə eyni zamanda aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin, cinayət işinin materiallarından, habelə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 22 aprel 2025-ci il tarixdə, saat 01 radələrində külli miqdarda narkotik vasitə- təmiz halda çəkisi 49 kq 750 qram qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə- təmiz halda çəkisi 9,520 qram metamfetamini gizlədildiyi yerdən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə 7-ci sərhəd zastavasının Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində yerləşən 2-ci sahəsinin arxa tərəfindən əldə etmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılmış, bununla da öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək, qeyd olunan çəkidə, yəni, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni qəsdən, satış məqsədilə qanusuz olaraq əldə etməyə cəhd etmişlər. Qeyd olunan hal təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 2-ci sərhəd komandantlığı komendantının əməliyyat-axtarış işləri üzrə müavini, mayor Şahid4, N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının manqa komandiri, baş çavuş Şahid2 və hal şahidi Şahid6 hər birinin ayrı-ayrılıqda ifadələrində də öz əksini tapmışdır (bu barədə hökmün təsviri hissəsində əks olunmuş şahid ifadələrində ətraflı qeyd olunmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci obyektiv əlamət əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İkinci obyektiv əlamət əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qərarın 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana (kannabis) dövriyyəsi qadağan edilən narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana; İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edirlər. Məhkəmə tərkibi göstərilənlərin fövqündə qeyd olunan cinayət əməllərinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1, 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri ilkin izahat və ifadələri ilə yanaşı məhkəmədə verdikləri qismən etirafedici, həmçinin şahidlərin ifadələri, ayrı-ayrı istintaq hərəkətlərinin protokolları və onlara əlavə edilmiş disklərin yaddaşında olan videogörüntülər, fotocədvəllər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitə və psixotrop maddə, təqsirləndirilən şəxslərin (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə) istifadələrində olmuş mobil telefon nömrələri ilə aparılan səs yazıları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinə münasibətdə başa şatmış, 29,234.4.1 və 29,234.4.3-cü maddələrə münasibətdə isə başa çatmamış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində iki azyaşlı uşağının olmasını, onların, həmçinin Təqsirləndirilən şəxs3 verilmiş ittiham üzrə özlərini təqsirli bildikləri hissədə peşiman olduqlarını törətdikləri əməllərə görə cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər heç birinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar, habelə, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrində beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1 və 63.3-cü maddələrsinə əsasən, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır və cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq qaydada ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (köməkçi və cəhd) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1, 29,234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunduğundan, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından onlar, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxslərin hər birinə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 respublika narkoloji mərkəzində, Təqsirləndirilən şəxs3 Bakı şəhər narkoloji mərkəzində qeydiyyatda olmaları nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan əşyalar məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan hadisə yerindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra çəkiləri 49 kq 744,5 qram narkotik vasitə qurudulmuş marixuana və 9,420 qram psixatrop maddə metamfetamin qalıqları məhv edilməli; Təqsirləndirilən şəxs2 məxsus “Samsung”, Təqsirləndirilən şəxs1 məxsus “Honor” və Təqsirləndirilən şəxs3 məxsus “Honor” markalı mobil telefonlar onların hər birinin yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.3-cü maddədə isə qeyd olunur ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat məbləğdə pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər, yəni, hər birindən ayrı-ayrılıqda 51 (əlli bir) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli saxlanıldıqları gündən, yəni 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun respublika narkoloji mərkəzində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Bakı şəhər narkoloji mərkəzində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat məbləğdə pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 51 (əlli bir) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan hadisə yerindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra çəkiləri 49 kq 744,5 qram narkotik vasitə qurudulmuş marixuana və 9,420 qram psixatrop maddə metamfetamin qalıqları məhv edilsin; Təqsirləndirilən şəxs2 məxsus “Samsung”, Təqsirləndirilən şəxs1 məxsus “Honor” və Təqsirləndirilən şəxs3 məxsus “Honor” markalı mobil telefonlar onların hər birinin yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-541/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-541/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver