Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-542/2023 18.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 avqust 2007-ci il tarixli qərarına əsasən anlaqsız vəziyyətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü dəyişdirilərək ona təyin olunmuş cəza beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, fərdi təsərrüfatla məşğul olan, Beyləqan şəhəri, Rövşən Axundov küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində və ünvan 1 ünvanında yerləşən yaşadığı evdə və həmin evin həyətindəki tövlədə saxlamış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 20 fevral 2023-cü il tarixdə saat 09:50-də Beyləqan şəhəri, Akif Əkbərov küçəsində saxlanılaraq Beyləqan RPŞ-yə aparılmış, həmin gün saat 11:00-da üzərində üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd qara rəngli kiçik ölçülü parça kisənin hər birinin içərisində on üç ədəd olmaqla cəmi iyirmi altı ədəd müxtəlif bükümlərdə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd müxtəlif bükümlərdə cəmi otuz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,47 qram, 0,36 qram, 0,37 qram, 0,42 qram, 0,43 qram, 0,46 qram, 0,41 qram, 0,34 qram, 0,40 qram, 0,39 qram, 0,40 qram, 0,47 qram, 0,36 qram, 0,99 qram, 0,89 qram, 0,91 qram, 0,96 qram, 0,89 qram, 1,84 qram, 1,89 qram, 1,77 qram, 0,89 qram, 1,85 qram, 1,94 qram, 1,98 qram, 2,01 qram, 0,99 qram, 0,97 qram, 1,02 qram, ümumi çəkisi 27,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana, əynində olan gödəkçənin sağ yan cibindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd və əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd, cəmi iki ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qram və 0,395 qram, ümumi təmiz çəkisi 0,833 qram xaşxaş bitkisindən kustar üsulla alınmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan tiryək aşkar edilərək götürüldükdən sonra həmin gün saat 12:15-də onun ünvan 1 ünvanında yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan dəmir çəlləyin üstündən 01 ədəd elektron tərəzi, həmin çəlləyin altından onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq orada saxladığı üzəri yapışqan lentlə bağlanmış üç ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 1270,0 qram, 1175,0 qram, 690,0 qram, ümumi çəkisi 3135,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin mətbəxində olan qaz sobasının içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib, daşımaqla orada saxladığı üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torbada təmiz çəkisi 2200,0 qram külli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan tiryək, beləliklə, onun satış məqsədilə qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində və ünvan 1 ünvanında yerləşən yaşadığı evdə və həmin evin həyətindəki tövlədə saxladığı otuz ədəd bükümdə və üç ədəd bağlamada ümumi çəkisi 3162,54 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd polietilen torbada və iki ədəd sellofan kəsiyi bükümündə ümumi çəkisi 2200,833 qram külli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni üzərində aşkar olunan marixuana və tiryəkə münasibətdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 9 radələrində Beyləqan şəhərinin mərkəzi bazarına tərəf gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq onlarla şöbəyə getməli olduğunu bildirmişlər. Şöbədə olarkən üzərində şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən aşkar olunan 2 ədəd eynək qutusunun hər birinin içərisində 13 büküm olmaqla, ümumi 26 büküm marixuana və gödəkçəsinin sağ yan cibindən 1 büküm tiryək özünə məxsusdur, öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra şalvarının sağ yan cibindən 4 büküm marixuana və 1 büküm tiryək aşkar olunmuşdur. İttihamda göstərilən evində aşkar olunan çoxsaylı bükümlərdə olan digər narkotik vasitələr özünə məxsus olmamış, polis əməkdaşları tərəfindən evinə qəsdən qoyulmuşdur. Polis əməkdaşları ona təzyiq etmiş, onların hədəsindən qorxduğundan istintaq zamanı məcbur olub etirafedici ifadələr verərək evindəki çoxsaylı bükümlərdə olan narkotikin özünə məxsus olduğunu etiraf etmişdir. Heç kimə narkotik satmamış və belə niyyəti olmamışdır. Təqsirləndirilən şəxs suallara cavabında əlavə olaraq bildirmişdir ki, özü marixuananı istifadə etmək üçün ayrı-ayrı bükümlərə bölmüşdür. Saxlanılan zaman tək olmuşdur. Evində aşkar olunan 30 ədəd bükümlərdə marixuana və tiryək ona məxsus deyil. Hazırda ailəlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində 2022-ci ilin fevral ayının əvvəllərində yaşadığı evin arxasında boş otlaq sahəsində qoyunları otararkən su arxının içərisində bir ədəd göy rəngli torba tapmış, torbanın içərisində 5 ədəd bağlama olmuşdur. Torbanı evə gətirmiş, 4 bağlamanın içərisində marixuana, 1 bağlamanını içərisində isə tiryək olmuşdur. Bir bağlama tiryəki qaz sobasının altına qoyub qapağını örtmüş, 3 bağlama marixuananı tövlədə dəmir çəlləyin altına , 1 bağlama marixuananı isə yataq otağında gizlətmişdir. Məqsədi həmin narkotik vasitələri satmaq olmuşdur. Tiryəki iki hissəyə, marixuananı isə 30 ədəd kiçik bükümlərə bölmüş, üzərində saxlamışdır. 20 fevral 2023-cü ildə səhər saatlarında evdə iki ədəd eynək qabına hər birinə 13 büküm olmaqla cəmi 26 büküm marixuana yığmış və gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bir büküm tiryəki və dörd ədəd marixuananı əynində olan şalvarının sağ yan cibinə, digər bir büküm tiryəki qara rəngli gödəkçəsinin cibinə qoymuş, evdən çıxmışdır. Beyləqan rayonu, Akif Əkbərov küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərində iki ədəd eynək qabında saxladığı hər birində 13 büküm olmaqla cəmi 26 büküm marixuana, gödəkçəisnin, şalvarının ciblərindən tiryək, marixuana, habelə mobil telefon və digər əşyalar aşkar edilmişdir. Mobil telefon narkotiklərlə birgə götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Sonra evinə özünün iştirakı ilə baxış keçirilmiş, mətbəxdə olan qaz sobasının altında saxladığı tiryək, tovlədəki dəmir çəlləyin üstündən bir ədəd tərəzi, çəlləyin altından üç bağlama marixuana, və yataq otağında bir bağlama marixuana aşkar edilərək götürülmüşdür.Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmamışdır. Özü narkotik istifadəçisidir və narkotiklərin satışı ilə məşğul olur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Beyləqan RPŞ-nın narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda, həmçinin, ünvan 1-da yerləşən yaşadığı evdə və evin həyətyanı sahəsində saxlamaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs saat 09 radələrində Elşən Beyləqan şəhəri, Akif Əkbərov küçəsində saxlanılmış və şöbəyə aparılmışdır. Vəkilin iştirakı ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibindən bir ədəd qara rəngli bıçaq gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung A12” markalı mobil telefon, bir ədəd alışqan və bir ədəd siqaret qutusu aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən içərisində narkotik vasitələr olan iki ədəd qara rəngli eynək qabları aşkar edilmişdir. Həmin eynək qablarına ayrıayrılıqda baxış keçirilmiş və hər birinin içərisindən on üç ədəd olmaqla, cəmi iyirmi altı ədəd içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində qara rəngli, tiryəkə bənzər maddə, əynində olan şalvarın sol yan cibindən 394 manat pul, şalvarın sağ yan cibindən beş ədəd bükümdə marixuana və bir ədəd bükümdə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Marixuanaya bənzər kütlələrin bükümlərinin çəkilərinin 2,22 qram, 2,19 qram, 1,33 qram, 0,66 qram, 0,61 qram, 2,18 qram, 0,52 qram, 0,52 qram, 1,20 qram, 0,61 qram, 1,20 qram, 0,57 qram, 0,57 qram, 2,29 qram, 2,04 qram, 2,0 qram, 1,19 qram, 1,09 qram, 1,17 qram, 1,18 qram, 0,51 qram, 0,49 qram, 2,23 qram, 0,62 qram, 0,50 qram, 0,64 qram, 1,17 qram, 1,11 qram, 0,50 qram və 0,61 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş iki ədəd bükümdə olan tiryəkə bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri 0,52 qram və 0,45 qram olmuşdur. Sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş otuz ədəd bükümdə olan kütlə, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 1-da yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, tövlənin içərisində olan dəmir çəlləyin üstündən bir ədəd elektron tərəzi, çəlləyin altından isə üç ədəd sellofan bağlamada qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bağlamalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaların ona məxsus olduğunu və orada gizlətdiyini bildirmişdir. Həmin bükümlərin hər birinin içərisində olan kütlələrə baxış aparılmış və hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkilərinin 1,3 kiloqram, 0,75 kiloqram və 1,20 kiloqram olması müəyyən edilmişdir. Evin mətbəxinə baxış aparılan zaman qaz sobasının altındakı boş hissədən bir ədəd bağlamada tiryək aşkar edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,30 kiloqram olması müəyyən olunmuşdur. Sonra evin həyətində olan tövlədən aşkar edilmiş içərisində qurudulmuş marixuana olan üç ədəd bağlama göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Elşən ilk gündən evində aşkar olunan narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş, onun evinə kənar şəxslər tərəfindən narkotik vasitə qoyulmamış, ona qarşı fiziki zor tətbiq olunmamış, ona hədə qorxu gəlməmişlər. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon polis şöbəsinin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə Beyləqan şəhəri sakini Təqsirləndirilən şəxs ünvan 1-da yerləşən yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Həyətdəki tövlənin içərisində olan dəmir çəlləyin üstündən bir ədəd elektron tərəzi, çəlləyin altından isə üç ədəd sellofan bağlamada içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaların ona məxsus olduğunu etiraf etmişdir. Sonra həmin narkotiklər elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkilərinin 1,3 kiloqram, 0,75 kiloqram və 1,20 kiloqram olması müəyyən edilmişdir. Evin mətbəxində olan qaz sobasının altındakı boş hissədən bir ədəd bağlamada 2,30 kq tiryək aşkar edilmişdir. Şahid5 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor tətbiq edilməmiş, onun evinə kənar şəxsə tərəfindən narkotik vasitə qoyulmamışdır. Evə keçirilən baxışda Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid6 və Şahid7 şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə Beyləqan rayon sakini Təqsirləndirilən şəxs yaşadığı Beyləqan şəhəri, Rövşən Axundov küçəsindəki evinə keçirilən baxışda Şahid9la birlikdə hal şahidi qismində iştirak etmişlər. Evin həyətyanı sahəsinə baxış aparılan zaman tövlənin içərisində olan dəmir çəlləyin üstündən bir ədəd elektron tərəzi, çəlləyin altından isə üç ədəd sellofan bağlamada marixuana aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkilərinin 1,3 kiloqram, 0,75 kiloqram və 1,20 kiloqram olması müəyyən edilmişdir. Evin mətbəxindəki qaz sobasının altında olan boş hissədən bir ədəd bağlamada 2,30 kq tiryək aşkar edilmişdir. Sonra evin həyətində olan tövlədən aşkar edilmiş içərisində qurudulmuş marixuana olan üç ədəd bağlama göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli, 18/203-18/204 № rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0.438 qram, 0.395 qram, ümumi çəkisi-0,833 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torbada təmiz çəkisi-2200.0 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 30 ədəd müxtəlif bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.47 qram, 0.47 qram, 0.36 qram, 0.37 qram, 0.42 qram, 0.43 qram, 0.46 qram, 0.41 qram, 0.34 qram, 0.40 qram, 0.39 qram, 0.40 qram, 0.47 qram, 0.36 qram, 0.99 qram, 0.89 qram, 0.91 qram, 0.96 qram, 0.89 qram, 1.84 qram, 1.89 qram, 1.77 qram, 0.89 qram, 1.85 qram, 1.94 qram, 1.98 qram, 2.01 qram, 0.99 qram, 0.97 qram, 1.02 qram, ümumi çəkisi-27.54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 3 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrıayrılıqda təmiz çəkiləri-1270.0 qram, 1175.0 qram, 690.0 qram, ümumi təmiz çəkisi-3135.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ümumi çəkisi 2200,833 qram olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən götürülmüş, ümumi çəkisi 3162,54 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 aprel 2023-cü il tarixli 777 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, o, anlaqlı hesab olunmalı, onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs müayinə zamanı psixiemosional halında hər hansı psixi-gərginlik halı müşahidə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli 2558 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 20 fevral 2023-cü il tarixli prokotola əsasən Təqsirləndirilən şəxs üzərindən otuz ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 12,22 qram, 2,19 qram, 1,33 qram, 0,66 qram, 0,61 qram, 2,18 qram, 0,52 qram, 0,52 qram, 1,20 qram, 0,61 qram, 1,20 qram, 0,57 qram, 0,57 qram, 2,29 qram, 2,04 qram, 2,0 qram, 1,19 qram, 1,09 qram, 1,17 qram, 1,18 qram, 0,51 qram, 0,49 qram, 2,23 qram, 0,62 qram, 0,50 qram, 0,64 qram, 1,17 qram, 1,11 qram, 0,50 qram və 0,61 qram narkotik vasitə olan qurudulmuş maxrixuanaya bənzər kütlələr, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,52 qram və 0,45 qram qara rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr, bir ədəd “Samsung A12” markalı mobil telefon, bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan dəmir çəlləyin üstündən 01 ədəd elektron tərəzi, həmin dəmir çəlləyin altından üç ədəd sellofan bağlamada qablaşdırılmış və üzəri yapışqan lentlə sarınmış, qablaşmalarla birlikdə ayrı-ayrılıqda 1,3 kiloqram, 0,75 kiloqram və 1,20 kiloqram, ümumilikdə isə 3,25 kiloqram narkotik vasitə qurudulmuş marixuyanaya bənzər kütlələr, fərdi yaşayış evinin mətbəxinə baxış keçirilən zaman mətbəxdə olan qaz sobasının altındakı boş hissədən bir ədəd sellofan bağlamada qablaşdırılmış və üzəri yapışqan lentlə sarınmış, bağlama ilə birlikdə ümumi çəkisi 2,3 kiloqram narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, ümumi təmiz çəkisi 2200.533 qram tiryək və ümumi təmiz çəkisi 3161.22 qram qalan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli qərarla “Şəxsi axtarış və götürmə haqqında” 20 fevral 2023-cü il tarixli protokola əlavə edilən 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib saxlamaqla üzərində daşıması ilə bağlı şəxsi axtarış, yaşadığı evə və evin həyətyani sahəsinə baxış keçirilməsinə dair təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 20 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 mart 2023-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 mart 2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs qənaətbəxş xarakterizə edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 avqust 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 21, 93.1.1, 94, 95.0.3-cü maddələrinə əsasən barəsində ixtisaslaşdırılmış psixatriya stasionarında tibbi xarakterli məcburi müailcə təyin edilərək cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib yeddi il azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü dəyişdirilərək beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, «8 Noyabr - Zəfər Günü münasibətilə» amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək evində aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını, narkotikin evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub evində aşkar olunun narkotiklərin özünə məxsus olmasını yalandan etiraf etdiyini, polis şöbəsində ona fiziki zor tətbiq olunduğunu göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusata (evində aşkar olunan narkotik vasitələrin ona məxsus olmamasına) tənqidi yanaşaraq ifadəsindəki bu xüsusat işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətini yüngülləşdirmək və özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə tədqiq edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadəsindən, «şəxsi axtarış və götürmə», «baxış keçirilməsi və götürmə haqqında» protokollardan və fotocədvəldən görünür ki, o, öz xətti ilə ərizə yazaraq evinə baxış keçirilməsinə etiraz etmir və özü evində qanunsuz saxladığı narkotik vasitələrin yerini göstərməklə, elektron tərəzini könüllü olaraq təqdim edir, həmin narkotik vasitələri necə və haradan əldə etdiyini ətraflı, heç kim tərəfindən hədə-qorxu gəlmədən məntiqli izahını verir. Bu xüsusat məhkəmədə dindirilmiş hal şahidlərinin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq başlandığı ilk gündən istintaq başa çatanadək ifadələrində hər hansı bir şəxs tərəfindən zorakılığa və ya hədə-qorxuya məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, habelə evində aşkar olunan külli miqdarda tiryəkin və marixuananın ona məxsus olmaması ilə bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində hər hansı bir dəlil irəli sürməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin evində aşkar olunan narkotik vasitələrə münasibətlə məhkəmə baxışı dövründə onun verdiyi inkaredici ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan xüsusat üzrə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini, «şəxsi axtarış və götürmə», «baxış keçirilməsi və götürmə haqqında» protokolları və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs evinə külli miqdarda narkotik vasitələrin kənar şəxs (lər) tərəfindən qoyulması, habelə ibtidai istintaqda etirafedici ifadələrinin məhz fiziki zor tətbiq edilməklə alınması təsdiq olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələri xırda bükümlərə bölüb evində və üzərində saxlamaqda məqsədi onları satmaq olduğunu etiraf etmişdir. Məhkəmə onun ifadəsinin bu hissəsini Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və marixuana narkotik vasitədir. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində və evində çoxsaylı xırda bükümlərdə külli miqdarda narkotik vasitələrin, elektron tərəzinin aşkar olunması, habelə ekspertizanın rəyinə əsasən evində və üzərində aşkar olunan qurudulmuş marixuana və tiryəkin eyni tərkibli olması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə və ya işgəncə verilməsi nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Hazırki iş üzrə əvvəllər ağır cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs 6 il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən ağır cinayət əməlini törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2023-cü ildən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddənin son həddinin - 12 ilin üçdə ikisindən, yəni 8 ildən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan bir ədəd elektron tərəzi, ümumi təmiz çəkisi 2200,533 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3161,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 163 manat 48 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan bir ədəd elektron tərəzi, ümumi təmiz çəkisi 2200,533 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3161,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 163 (yüz altmış üç) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov Hakimlər: Neymət Məmmədov Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-542/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-542/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver