Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-542/2024 16.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində azyaşlı övladları olan, ali təhsilli, əvvəllər məhkum edilməmiş, işsiz, Lənkəran şəhəri 20 yanvar küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşamış və barəsində Lənkəran rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri, Böyük-bazar adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda -11,161 qram çəkidə, ağ rəngli kristallardan ibarət, psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının 20 fevral 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 11:55-də Lənkəran şəhəri, Səidəlibəy Kazımbəyoğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılararaq, rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına dəvət edib, orada üzərində şəxsi axtarış aparılarkən 11,161 qram çəkidə olan külli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş qara rəngli şalvarın sol yan cibindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmamışdır. Ona görə də elan olunmuş ittihamda özünü təqsirli bilmir. Onu Lənkəran rayonunun Böyük Bazar adlanan ərazisindən evə getdiyi zaman 2 nəfər polis əməkdaşı saxlayıb və polis şöbəsinə getməli olduğunu bildirmişlər. İbtidai istintaqda verdiyi ifadəsində Böyük Bazar ərazisindən evinə gedərkən yol kənarında yerdən büküm tapdığını, nə olduğunu bilmədən götürüb cibinə qoyduğunu bildirmişdir, amma həmin ifadəsi doğru deyil. Həqiqət budur ki, onun həmin narkotik vasitədən heç bir məlumatı yoxdur. Nə narkotik vasitələrin istifadəsi ilə, nə də satışı ilə məşğul olmamışdır. İbtidai istintaqda elə ifadə verməsinə səbəb o olmuşdur ki, fikirləşmişdir ki, məhkəmədə hər şeyi olduğu kimi danışacaq və işinə ədalətlə baxılacaqdır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarını tanımır, əvvəllər də tanımamışdır, onlarla düşmənçiliyi, ədavəti yoxdur. Üzərinə polis şöbəsində baxış keçirilmişdir, yalnız onu deyə bilər ki, onun bu işlə əlaqəsi yoxdur. Üzərindən aşkar olunan bükümü Böyük Bazar ərazisindən evinə yolun sağı ilə piyada gedərkən yolun kənarında yerdə görmüş və marağını çəkdiyi üçün götürmüşdür. Həmin bükümün içində nə olduğunu bilməmişdir, ona qarşı polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Polislər onu Kazımbəyli küçəsində saxlamışlar. Həmin küçənin adı səhv etmirsə, Kazımbəylidir və həmin küçə günün əksər hissəsində insanların çoxluq təşkil etdiyi küçədir. O, həmin bükümü yerdən götürdükdən təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar, həmin vaxt yerdən götürdüyü büküm artıq onun cibində olmuşdur, marağını çəkdiyi üçün bükümü götürüb cibinə qoymuşdur, hansısa formada ifadə verməyə məcbur edilməmişdir, şəxsi axtarışı əks etdirən DVD diskdə yazılanlar doğrudur, sual olunsa yenə həmin sözləri deyəcəkdir, əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəmədən ona istinad edilən cinayət əməlinin ARCM-in 234.1-1-ci maddəsinə tövsif edilərək, barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsiylə elan edilmiş ittiham öz təsdiqini tapmamaqla, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Bahəddin oğlu ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 20 fevral 2024cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 cəlb edilmişlər. Polis şöbəsinin rəisi tərəfindən müvafiq aydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 11:55-də Təqsirləndirilən şəxs Lənkəran şəhərinin S.Kazımbəyoğlu küçəsi ilə piyada getdiyini görüb tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs də onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə еtmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkli Şahid3 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən pul əskinazlarını və açarlarını, sol yan cibindən isə bir ədəd sellofan bükümü çıxardıb təqdim etimişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış aparıldıqda Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı predmet, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd həmin sellofan bükümdə olan kütləyə baxış keçirildikdə, bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə, bükümün çəkisi 11,39 qram olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə barədə soruşulduqda o təqdim etdiyi 1 ədəd bükümü Lənkəran şəhəri Mərkəzi Bazar ərazisində evinə piyada gələrkən yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin olduğu büküm ekspertizaya təqdim olunması məqsədilə təhqiqatçı tərəfindən kağız paketə qoyulub bağlanılaraq möhürlənmişdir. Zərfin üstünü Təqsirləndirilən şəxs və onun müdafiəçisi imzalamışdır. Təhqiqatçı tərəfindən axtarış aparılması barədə protokol yazıb onlara oxunmuşdur. Protokolu o və başqa iştirakçılarla birlikdə imzalamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzliliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəsi ilə bağlı tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilsədə, həmin mənbəni müəyyən etməsi mümkün olmamışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı narkotik vasitələrin üzərində saxlaması, gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur, satışla bağlı tərəflərindən əməliyyat tədbiri keçirilmiş, ancaq, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir halları olmamışdır. Əməliyyat məlumatı 20 fevral 2024-cü il tarixdə daxil olmuşdur. İlkin sorğu-sual zamanı təqsirləndirilən şəxs həmin bükümü yerdən tapdığını bildirmişdir. Tərəflərindən həmin istiqamətdə əməliyyat tədbirləri keçirilmiş və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat öz təsdiqini tapmamışdır. İş üzrə şahid qismində dindirilmiş, Şahid2 ifadəsində ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı, verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetaminə bənzər kütləni yoldan tapdığını bildirmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya psixi təsir halları olmamışdır. Təqsirləndirilən şəxsi müşahidə altına almışlar və təxminən 15-20 dəqiqə müşahidə etdikdən sonra onu saxlamışlar, təqsirləndirilən şəxsi yolun hansı istiqamətində saxladıqlarını tam olaraq xatırlamır Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması ilə bağlı 20 fevral 2024-cü il tarixli raport, qısa müddət ərzində özündə saxladığı və narkotik vasitənin, realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsindən ötrü «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 20 fevral 2024-cü il tarixli qərar, həmin tarixli Lənkəran RŞPŞ-yə gətirilməsi barədə raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş video disk iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(səh. 3-10; 28-32) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:17-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.12) -«şəxsi axtarışın keçirilməsi haqqında» 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən içərisində metamfetaminə bənzər maddə olan bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, onu Lənkəran rayonunda saxlanılmazdan əvvəl küçədə tapdığını və bundan sonra üzərində saxladığını bildirmişdir.(i.v.28-30) -«məhkəmə-kimyəvi ekspertizasının» 20 fevral 2024-cü il tarixli 19/173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -11,161 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (İş/v. 42-46) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 51-52) -Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il traixli, 4(049)-42/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmışdır.(i.v.74-77) -«məhkəmə-tibbi ekspertizası»nın 21 fevral 2024-cü il tarixli, 157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.69-70) -« İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2024cü il tarixli, 174 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 68) -«Lənkəran Şəhər Psixiatriya Xəstəxanası» X7 05 aprel 2024-cü il tarixli, 926 nömrəli arayışından görünür ki, Əkbərli X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.93) -«Lənkəran ŞRPŞ-dən verilmiş 21 aprel 2024-cü il tarixli əməliyyat tapşırığının nəticəsi olaraq tərtib edilmiş raport»dan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbə müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə CAB-a təsdiqedici məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş metamfetamini yol kənarından tapdığını bildirməsi onun həmin metamfetaminin həqiqi mənbəsini gizlətmək məqsədi daşıyır.(i.v. 96) -«sübutların qiymətləndirilməsi haqqında» 17 may 2024-cü il tarixli qərardan görünür ki, 11,161 qram çəkidə psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 11,161 qram olan külli miqdar hesab edilən psixotrop maddə metamfetaminin mənbəsi barədə araşdırma materialı ayrılması qərara alınmışdır. (i.v.99-103) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Qeyd edilməlidir ki, şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 14 iyun 2024-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Siyahılara əsasən metamfetamin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Çəkişmə prinsipinin təmin edilməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermək, bundan başqa müxtəlif vəsatətlər vermək imkanı yaradılmış və verilmiş bütün vəsatətlər təmin edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə dair niyyətinin satış məqsədilə deyil, həmin kütlələri yerdən tapdıqda marağını çəkdiyi üçün götürərək cibində saxlaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili qismən əsaslı hesab edir. Məhkəmə tərkibi həmçinin, cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsnmin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. Həmin 11,161 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satış məqsədi ilə saxlamasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddələrin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11,161 qram psixotrop maddə metamfetamini o, əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə olmaqla çəkisinin 11,161 qram olması, -onun ibtidai cinayət prosesinin bütün mərhələlərində izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış deyil, yerdən taparaq üzərində saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), psixotrop maddə metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmaması, iş üzrə dindirilmiş şahidlərin təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair əməliyyat məlumatının öz təsdiqini tapmamasına dair məhkəmədə verilmiş ifadələri, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin psixotrop maddə metamfetamindən şəxsən istifadə etmək niyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. O da qeyd edilməlidir ki, iş materiallarında olan Lənkəran ŞRPŞ-dən verilmiş 21 aprel 2024-cü il tarixli əməliyyat tapşırığının nəticəsi olaraq tərtib edilmiş raport»da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə CAB-a təsdiqedici məlumatlar daxil olması qeyd olunsa da, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına dair daxil olmuş məlumatın öz təsdiqini tapmadığını bildirmişlər. Təqsiri qanun əsasında sübut edilənədək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X2 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. «Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2024-cü il tarixli, 174 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsində ekspert rəyinin sübuti əhəmiyyətliliyini dəyərləndirərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs daha öncə narkotik vasitə və ya psixotrop maddə istifadə etməməsi, asılılığının olmaması ona istinad edilən cinayət əməli üzrə təqsirsiz hesab edilməsi üçün də əsas deyil. Ona görə ki, ARCM-in 234.1-1-ci maddəsi üzrə cinayət tərkibinin yaranması üçün satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama və ya daşıma kimi obyektiv cəhətə daxil olan hərəkətlərdən hər hansı birinin edilməsi kifayət edir. Bundan əlavə, mövcud sübutların məcmusu da nəzərə alınmaqla, ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız hesab edir. Bundan əlavə, məhkəmə tərkibi təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini yerdən tapması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən dəlilinə istintaq orqanı da tənqidi yanaşaraq psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsindən ötrü araşdırma materialı ayırması qərarına gəlmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddənin əldə edildiyi həqiqi mənbəni müəyyən etmək mümkün olmadığından, məhkəmə tərkibi də istintaq orqanının mövqeyi ilə qismən razılaşaraq hesab edir ki, qeyd olunan dövriyyəsi qadağan olunmuş maddənin əldə edilmə mənbəyinin müəyyənləşdirilməsi üçün araşdırma materialı deyil, cinayət işi ayrılmalıdır. Belə ki, AR CPM-in 211.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər, onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqın ilkin dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə mateamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.90-91) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 12-16/622 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Əkbərli X1 şəhəri, 20 Yanvar küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla yaşamış, ailəlidir, ailə tərkibi arvadı, 2-si azyaşlı olmaqla 4 uşaqdan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.78-79) - Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş materiallarına əlavə edilmiş videodiskdən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailələrinə münasibətdə xeyirxah təşəbbüs göstərmişdir. -Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş materiallarına əlavə edilmiş diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İslam Universitetinin məzunu olmaqla, ali təhsillidir. - Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş materiallarına əlavə edilmiş xəstəlik sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs beynində infarkt sahələri qeyd olunur, anası Hacınisə Əkbərovanın döş qəfəsində pataloji düyünlər müşahidə olunur, qızı X5 nevropatoloji xəstəliyi müşahidə olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində 2 azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailədə yeganə qazanc gətirən şəxs olması, əvvəllər məhkum olunmaması müəyyən olunur. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ali təhsilli olması, şəhid ailələrinə münasibətdə xeyirxah təşəbbüslər göstərməsi və infarkta meyilli xəstə olmasını şəxsiyyətini xarakterizə edən hal kimi, anasının onkoloji, qızının isə epilepsiya xəstəsi olmasını ARCM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən ailəsinin həyat şəraitinə təsir edən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşadığı yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, 2-si azyaşlı olmaqla himayəsində 4 övladının olmasını, ailənin yeganə gəlir gətirən üzvü olmasını, bir övladının nevroloji xəstə olmasını, anasının onkoloji xəstə olmasını nəzərə alaraq hesab edir ki, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, ailəsi təqsirləndirilən şəxsin varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, bununla belə, ARCM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etsin. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il traixli, 4(049)-42/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərəfindən alınmaqla tədqiq edilmiş «Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2024-cü il tarixli, 174 saylı rəyinə görə müayinə zamanı narkotik vasitələrlən sui-istifadənin xarakterik əlamətləri və bu maddələrə qarşı abstinensiya əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmamalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış ) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış ) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,061 qram olan psixotrop maddə mateamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,061 qram təşkil edən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-542/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-542/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver