Məhkəmə qərarları › İş №1(099)-543/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-543/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-543/2022 05.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1991-cu il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixə keçən gecə saat 00 radələrində sərxoş vəziyyətdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ilə piyada hərəkət edərkən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın əsas girişinin qarşısından keçmiş, əvvəllər tanımadığı X8 və sonuncunun bacısı övladı Şahid1 təhqiredici sözlər deməklə siqaret istəmiş, sonuncuların ona əhəmiyyət verməyib getmələrindən hiddətlənib yenidən Natiq Əhmədov və Şahid1 təhqiredici sözlər deməklə arxalarınca getmiş, göstərilən hərəkətləri ilə Natiq Əhmədovla arasında mübahisə və dalaşmanın yaranmasına təşəbbüskar olmaqla sonuncunu qəsdən münaqişəyə cəlb etmiş, geri dönüb ona tərəf gəlmiş Natiq Əhmədova ona siqaret vermədiklərini deyib bəhanə etmiş, öz şəxsiyyətini Natiq Əhmədovun şəxsiyyətinin fövqündə qoyub insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına, əxlaq və mənəviyyat normalarına zidd hərəkətlərə yol verməklə, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə, əsaslı səbəb olmadan sonuncu ilə əlbəyaxa olub dartışa-dartışa səki ilə Salyan şəhəri, Təbriz Xəlilbəyli və Ənvər Qasımzadə küçələrinin kəsişməsi istiqamətində bir neçə metr gedib avtomobil yoluna çıxdıqdan sonra yolun kənarında Natiq Əhmədovu xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə, üzərində gəzdirdiyi ülgücü və küpü olan, yastı tiyə tipli məlum olmayan deşici-kəsici alətlə sonuncuya üç dəfə zərbələr vurub, yetirilən anda həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid olan - döş qəfəsinin ön səthində döş boşluğuna keçən, ürək kisəsi və ürəyi zədələyən, kəskin qanitirmə ilə nəticələnib ölümə səbəb olmuş bir ədəd, sağlamlığa yüngül zərər vurmaya aid olan - döş qəfəsinin arxa sol bayır nahiyəsinin döş boşluğuna keçməyən bir ədəd və qarnın ön divarının aşağı şöbəsinin sol yan nahiyəsinin daxilə keçməyən bir ədəd olmaqla, ümumilikdə üç ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlər yetirməklə Natiq Əhmədovu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı 21 iyul 2022 və 01 avqust 2022-ci il tarixlərdə verdiyi ifadələrinin (İİ cild, səh. 120-122, 160- 163) məzmununu təsdiq edərək göstərmişdir ki, 23 may 2022-ci il tarixdə dostları ilə spirtli içki qəbul etdiyinə görə sərxoş olmuş, siqaret almaq üçün olduğu kafedən çıxanda orada saxladığı, özünə məxsus olmuş qatlanan cib bıçağını hər hansı məqsəd olmadan götürüb üzərində saxlamışdır. 24 may 2022-ci il tarixə keçən gecə saat 00 radələrində qonşusu Şahid2 (bundan sonra - Ramil) ilə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın əsas girişində söhbət edərkən əvvəllər tanımadığı X8 (bundan sonra - Natiq) və Şahid1 (bundan sonra - onlar) parkın qarşısından keçdiklərini görüb onlardan uca səslə siqaret istəmişdir. Bu vaxt onlardan hansısa gülümsəmişdir. Bundan əsəbiləşib onlara “a kişi oğlu mən sizdən siqaret istədim, nəyə gülürsüz?” demişdir. Onlar hərəkətlərini davam etdirmiş, Natiq ona təhqiredici sözlə “çıx get” demişdir. Buna görə də onların arxasınca gedib Natiqə “a kişi mən siqaret istədim, məni niyə söyürsən” demişdir. Natiq geri çevrilib onun üzərinə gəlmiş və səkidə onun sinəsinə yumruqla zərbə vurmuşdur. O, zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Natiq üzərinə gəlmək istəyəndə ayağa qalxmış, sonuncu təkrarən üzərinə gəlib əli ilə onu sinəsindən itələmiş, nəticədə o, şam ağaclarının arasından asfalt yola yıxılmışdır. Vasif Natiqi saxlamağa çalışsa da, o, ayağa qalxanadək Natiq ona təhqiredici sözlər deyib üzərinə gəlmişdir. O, həm Natiqin ona dediyi təhqiredici sözlərdən əsəbiləşdiyinə, həm də özünü Natiqdən müdafiə etməsi zəruri olduğuna görə şalvarının belində gizlətdiyi qatlanan cib bıçağını çıxarıb düyməsini basaraq tiyəsini açmış, Natiqin ondan kənarlaşmasına nail olmaq məqsədilə bıçağı iki dəfə Natiqin qarşısında sağa-sola doğru hərəkət etdirmişdir. Sonuncu buna məhəl qoymayıb üzərinə gəlmişdir. Buna görə də özünü Natiqdən qorumaq məqsədilə bıçağı sonuncunun qarşısında sağa-sola doğru hərəkət etdirməkdə davam etmişdir. Natiqin onun üzərinə gəldiyi vaxt əlindəki bıçağın ehtiyatsızğından Natiqə dəydiyini hiss etmişdir. Dərhal hadisə yerindən qaçmış, cinayətin aləti olan bıçağı Kür çayına atmışdır. Bundan sonra tanımadığı polis əməkdaşı onun mobil nömrəsinə zəng etmiş, ondan təslim olması üçün Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Nobat” kafesinin qarşısına gəlməsini tələb etmişdir. Buna görə də həmin əraziyə gəlmiş, polis əməkdaşları onu saxlamışlar. Bu səbəbdən polisə könüllü gəlib təqsirini boynuna aldığını hesab edir. İş üzrə verdiyi ilkin ifadələrində müdafiəçisi yanında olsa da, həyəcanlı olması səbəbindən işin hallarını düzgün göstərməmişdir. Bu səbəbdən həmin ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Ona ibtidai istintaq zamanı hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir və ya təzyiq edilməmişdir. Törətdiyini etiraf etdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 24 və 25 may 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 24 may 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən və Şahid2 ilə üzləşdirilərkən verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 24 may 2022-ci il tarixə keçən gecə parkın qarşısından keçmiş X8 (bundan sonra - Natiq) və Şahid1 (bundan sonra - onlar) ucadan təhqiredici söz deməklə onlardan siqaret vermələrini istəmiş, onlar hər hansı söz demədən yollarına davam etmişlər. O, yenə də onlardan siqaret istəmiş və dayanmalarını tələb etmişdir. Onların dayanmamasından əsəbiləşdiyinə görə ucadan qışqırıb onlara tərəf getmişdir. Natiq geri dönüb ona tərəf gəlmişdir. O, sərxoş və əsəbi olduğuna görə özü də səbəbini bilmədən Natiqlə səkidə əlbəyaxa olub dalaşmağa başlamış, dartışa-dartışa asfalt yola çıxmış, cibindən çıxardığı bıçaqla Natiqə tərəf bir neçə zərbə atmışdır. Natiq yolun digər tərəfinə keçmək istəyəndə üzüüstə yıxılmışdır. Natiqlə əlbəyaxa olub yerə yıxılanda sol qolu sıyrılmış, sonuncuya tərəf bıçaq zərbəsi atanda isə bıçaq sol əlinin barmağını kəsmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin halları ifadəsinin yerində yoxlanılması zamanı yerində göstərmişdir (İ cild, səh. 58-62, 92-102, 121-124). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat 23:45 radələrində atası X8 (bundan sonra - atası) bacısı övladı Şahid1 (bundan sonra - Vasif) ilə birlikdə toy məclisindən yaşadıqları evə sərxoş vəziyyətdə gəlmiş, bir neçə dəqiqə sonra çay içmək məqsədilə sonuncunun qayınatası evinə getmək üçün yaşadıqları evdən çıxmışlar. Bundan bir neçə dəqiqə sonra ona atasının öldüyü barədə məlumat verilmişdir. Sonradan iş üzrə cinayət hadisəsinin Vasifin ifadəsində göstərdiyi kimi baş verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs atasını münaqişəyə cəlb etməklə xuliqanlıq niyyətilə qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxsla barışmır, şikayət və tələbi vardır, sonuncuya azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat 23:45 radələrində dayısı X8 (bundan sonra - Natiq) ilə toy məclisindən çıxıb sonuncunun yaşadığı evə gəlmişlər. Natiqlə toy məclisində spirtli içki qəbul etdiklərinə görə sərxoş vəziyyətdə olmuşlar. Sonuncunun təklifi ilə çay içmək məqsədilə onun qayınatasıgilə getmək üçün evdən çıxmışlar. Natiqlə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ilə piyada hərəkətdə olarkən park tərəfdə dayanmış, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs (bundan sonra - İnsanağa) onlardan ünvanlarına uca səslə təhqiredici söz deməklə siqaret istəmişdir. Onlar İnsanağaya əhəmiyyət verməyib hərəkət etmişlər. Sonuncu yenə də onların ünvanına təhqiredici söz deyib onlara tərəf gəlmişdir. Həmin vaxt İnsanağanın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Şahid2 (bundan sonra - Ramil) yanında olmuş İnsanağanı sakitləşdirməyə çalışsa da, sonuncu Ramilə də məhəl qoymamış, yenə də onların ünvanına təhqiredici sözlər deyib onlara tərəf gəlmişdir. Bu anda Natiq İnsanağanın dediyi təhqiredici sözlərə dözməyib geri dönmüş və sonuncuya tərəf qaçmışdır. Sonra Natiq və İnsanağanın parkın əsas girişindən bir qədər aralıdakı ağaclar olan yerdə bir-biri ilə əlbəyaxa olub dalaşdıqlarını, İnsanağanın yerə yıxıldıqdan dərhal sonra ayağa qalxıb hadisə yerindən qaçdığını, Natiqin isə yola üzüüstə yıxıldığını görmüşdür. Sonuncuya yaxınlaşanda sinə nahiyəsindən qan axdığını gördüyünə görə İnsanağanın hər hansı səbəb olmadan Natiqi bıçaqla vurduğunu başa düşmüşdür. O, Natiqə tibbi yardım göstərilməsi üçün istifadəsində olmuş ***-***-**-** mobil nömrədən “103” xidmətinə zəng etmiş və yaxınlıqda xidmət etmiş polis əməkdaşı Şahid4 məlumat vermişdir. Buna görə də sonuncu digər polis əməkdaşı ilə birlikdə hadisə yerinə gəlmişdir. Hadisə zamanı Natiq İnsanağanın ünvanına təhqiredici söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, iş üzrə hadisənin baş vermə mexanizmi və səbəbləri barədə Şahid1 ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, hadisə yerində Təqsirləndirilən şəxs bıçaqla X6 zərbələr vurması və bu anda sonuncunun Təqsirləndirilən şəxs müqavimət göstərdiyini görmüşdür. Hadisə zamanı Natiq İnsanağanın ünvanına təhqiredici söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Şahid1 ilə sonuncunun ifadəsində ona aid göstərdiyi müvafiq hal barədə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, dost münasibətində olduğu Təqsirləndirilən şəxs dəfələrlə ona tez-tez atası ilə mübahisə etdiyinə görə əsəbi olduğunu demiş, 23 may 2022-ci il tarixdə onun iştirakı ilə spirtli işçi qəbul etməsi səbəbindən sərxoş vəziyyətdə olmuşdur. Saat 23 radələrində Təqsirləndirilən şəxs ayrılıb yaşadığı evə getmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi ünvan 3 ünvanında yerləşən, Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasınının qarşısındakı parkın giriş hissəsinin yaxınlığında yerləşir. Baxış zamanı parkın girişinin yaxınlığında, asfaltın üzərində qanabənzər gölməçə, onun yanında qanabənzər ləkələrə bulaşmış çəkələyin sol tayı, gölməçədən park istiqamətdə çoxlu sayda damcı şəkilli qanabənzər ləkələr aşkar edilmiş, iki ədəd pambıq tamponlara hopdurulmuş qanabənzər ləkələr və çəkələyin sol tayı qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 6-10). - “Meyitə baxış keçirilməsi haqqında” 24 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X5 meyitinin xarici müayinəsi keçirilərkən üzərində məhkəmə-tibb ekspertizasının 21 iyun 2022-ci il tarixli, 24 nömrəli rəyində göstərilmiş xarici müayinəyə aid xəsarətlər aşkar edilmiş, hadisə zamanı Natiq Əhmədovun əynində olmuş bir ədəd şalvar, köynək və mayka qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 11-21). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 24 may 2022-ci il tarixli, 45 nömrəli aktda göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir (İ cild, səh. 29). - “Götürmə aparılması haqqında” 24 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və şalvar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 64-67). - “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 31 may 2022-ci il tarixli, 1290 nömrəli məktubunda göstərilmişdir ki, 24 may 2022-ci il tarixə keçən gecə saat 00:44-də ***-***-**-** mobil nömrədən X8 ilə bağlı xəstəxanaya təcili tibbi yardım çağırışı daxil olduğuna görə təcili yardım briqadası hadisə yerinə gedib Natiq Əhmədovu xəstəxanaya gətirmişdir. Sonuncuya “Hemorragik şok, sol döş və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, aqonal vəziyyət” diaqnozu qoyulmuşdur. Natiq Əhmədov xəstəxanaya çatdırılarkən vəfat etdiyinə görə ona hər hansı tibbi yardım göstərilməmişdir (İ cild, səh. 200). - Məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 24 nömrəli rəyində göstərilmişdir ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, yetirilən anda həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid olan - döş qəfəsinin ön səthində döş boşluğuna keçən, ürək kisəsi və ürəyi zədələyən bir ədəd, sağlamlığa yüngül zərər vurmaya aid olan - döş qəfəsinin arxa sol bayır nahiyəsinin döş boşluğuna keçməyən bir ədəd və qarnın ön divarının aşağı şöbəsinin sol yan nahiyəsinin daxilə keçməyən bir ədəd deşilib-kəsilmiş yaralardan ibarət xəsarətlər həyatidir, Natiq Əhmədovun ölümündən az əvvəl ülgücü və küpü olan yastı tiyə tipli eyni deşici-kəsici alətin təsirindən əmələ gəlmiş, yaranması 24 may 2022-ci il tarixə uyğun gəlir. Sonuncunun ölümü meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermiş, ölümünə səbəb-ürək kisəsinin, ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Natiq Əhmədovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,5% qatılığında etil spirti aşkar edilmişdir. Bu canlı şəxslərdə orta dərəcəli sərxoşluğ kimi qiymətləndirilir (İİ cild, səh. 49-53). - Məhkəmə-tibbi ekspertizasının 26 may 2022-ci il tarixli, 258 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilmiş sol bazunun orta, aşağı 1/3-nin arxa və iç səthlərinin, sol dirsək nahiyəsinin sıyrığı küt əşyanın, sol əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin səthi yarası isə kəsici alətin təsirindən 24 may 2022-ci il tarixdə dalaşma nəticəsində yarana bilərdi. Sol əlin İİİ barmağının səthi yarası hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən özünə yetirilə bilərdi (İ cild, səh. 171, 172). - Məhkəmə-bioloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 323/2022 MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, X6 məxsus cins şalvar, köynək və alt mayka, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, hadisə yerindən götürülmüş çəkələyin sol tayı və iki ədəd tənzif tampon üzərinə hopdurulub götürülmüş ləkələrdə aşkar olunmuş insan qanı ləkələrində qrup antigenləri ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, bəzi ləkələrdə, həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən X8 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (İİ cild, səh. 94-100). - Materialların-məhkəmə ekspertizasının 22 iyun 2022-ci il tarixli, 6/3078 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X8 və Təqsirləndirilən şəxs məxsus paltarlar üzərindən kənar lif mikrohissəcikləri aşkar edilmişdir. Belə ki, Natiq Əhmədovun şalvarı üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə, Təqsirləndirilən şəxs şalvarı üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Natiq Əhmədovun şalvarının tərkib liflərinə uyğun gəlir. Ekspertiza xərci 114 manatdır (İİ cild, səh. 84-86). - Məhkəmə-trasoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 3/740 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından X6 məxsus köynək və Təqsirləndirilən şəxs məxsus şalvar və köynəyin üzərində zədələr aşkar edilmişdir. Həmin zədələrdən Natiq Əhmədova məxsus köynəyin üzərində olan zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yarana bilən cırılma, şalvarın üzərində olan zədə isə qopma zədəsidir. Həmin zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər. Ekspertiza xərci 110 manatdır (İİ cild, səh. 90-92). - “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 26 may 2022-ci il tarixli, 1258 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada “İpoxondrik nevroz, depressiv sindrom” diaqnozu ilə müalicə edilmişdir (İ cild, səh. 143). - Məhkəmə kompleks ambulator psixiatrik-psixoloji ekspertizasının 24 iyun 2022-ci il tarixli, 1672 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) təqsirləndirildiyi əməlin törədilməsindən əvvəl, törədilərkən və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda onda “xasiyyətin psixopatik cizgiləri” müəyyən edilir, alkoqol qəbulu nəticəsində hər hansı psixi pozuntu müəyyən edilmir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. İş üzrə cinayət əməli törədilərkən onun psixi-emosional halında hirslilik yaranmışdır. O, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild, səh. 102-105). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər iş üzrə ibtidai istintaq zamanı 21 iyul 2022 və 01 avqust 2022-ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hadisə zamanı X5 ona qarşı təhqiredici sözlər deməsi, Natiq Əhmədova bıçaqla zərbələr vurması və xəsarətlər yetirməsinin sonuncunun ona zor tətbiq etməsinin qarşısını almaq məqsədilə əlindəki bıçağı sağa-sola doğru hərəkət etdirərkən Natiq Əhmədovun onun üzərinə gəldiyi vaxt əlindəki bıçağın ehtiyatsızğından Natiqə dəyməsi nəticəsində baş verməsi, qabaqcadan etdikləri telefon danışığına əsasən onu Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Nobat” kafesinin qarşısında gözləmiş tanımadığı polis əməkdaşının yanına könüllü gedib təqsirini boynuna almasından ibarət olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 və 25 may 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 24 may 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən və Şahid2 ilə üzləşdirilərkən verdiyi ifadələrini özünün də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, müdafiəçisinin iştirakı ilə və ona qarşı qanunsuz təsir və ya təzyiq edilmədən bildirib imzalaması, işin faktiki hallarına uyğun olması və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu mövqeyin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 iyul 2022 və 01 avqust 2022-ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin ibtidai istintaq zamanı 24 və 25 may 2022-ci il tarixlərdə verdiyi etirafedici ifadələrinə zidd olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından iş üzrə sübut kimi nəzərə almır, qalan hissələrini isə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər (könüllü gəlib təqsirini boynuna alması istisna olmaqla) özünün ibtidai istintaq zamanı 24 və 25 may 2022-ci il tarixlərdə verdiyi etirafedici ifadələri, eləcə də ibtidai istintaq zamanı 21 iyul 2022 və 01 avqust 2022-ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid3 verdikləri ifadələr, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 24 nömrəli rəyinə əsasən X5 döş qəfəsi nahiyəsində iki ədəd, qarın nahiyəsində bir ədəd olmaqla, ümumilikdə üç ədəd deşilmiş-kəsilmiş yaraların aşkar edilməsi ilə tam təkzib edilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Salyan RPŞ-nin əməliyyat müvəkkili Mürsəl Haşımovun tərtib etdiyi, sonuncu, əməliyyat müvəkkili Vasif Sadıqov və Təqsirləndirilən şəxs imzaladıqları “Cinayət törətməsi ehtimal edilən şəxsin saxlanılması haqqında” 24 may 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixə keçən gecə saat 00:00 radələrində X5 qəsdən kəsici alətlə vurulub öldürülməsi əməlini törətməsi ehtimal edildiyinə görə yaxalanması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 may 2022-ci il tarixdə saat 07:50-də Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Nabat” kafesinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır (İ cild, səh. 39). Beləliklə, həmin protokol əsasında müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində “könüllü gəlib təqsirini boynuna alma” mövcud deyildir. Çünki, sonuncu könüllü təqsirini boynuna almaq üçün hüquq mühafizə orqanına getməmiş, əksinə, Salyan RPŞnin əməkdaşları Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verməsini aşkar etdikdən və həmin hadisənin sonuncu tərəfindən törədilməsini əsaslı şəkildə ehtimal etdikdən sonra keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Nabat” kafesinin qarşısında saxlayıb Salyan RPŞ-yə gətirmişlər. Məhkəmə hesab edir ki, göstərilən protokolun məzmunu ilə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil tam təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə hesab edir ki, məhkəmə kompleks ambulator psixiatrik-psixoloji ekspertizasının 24 iyun 2022-ci il tarixli, 1672 nömrəli rəyinə əsasən qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malik Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini məhkəmənin müəyyən etdiyi məzmunda törətməsi, konkret olaraq X8 və sonuncunun bacısı övladı Şahid1 sərxoş vəziyyətdə iki dəfə təhqiredici sözlər işlətməklə siqaret istəməsi nəticəsində Natiq Əhmədovla arasında mübahisə və dalaşmanın yaranmasına təşəbbüskar olması, sonuncunu qəsdən münaqişəyə cəlb etməsi, əsaslı səbəb olmadan Natiq Əhmədova bıçaqla üç dəfə qəsdən zərbə vurması, nəticədə sonuncunun ürək kisəsi və ürəyin zədələnməsindən yaranan kəskin qanitirmə səbəbindən ölməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi özünün ibtidai istintaq zamanı 24 və 25 may 2022-ci il tarixlərdə verdiyi etirafedici ifadələri, eləcə də ibtidai istintaq zamanı 21 iyul 2022 və 01 avqust 2022-ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4, Şahid1, Şahid2, Şahid4 və Şahid3 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” və “Meyitə baxış keçirilməsi haqqında” 24 may 2022-ci il tarixli protokollar, “Götürmə aparılması haqqında” 24 may 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 26 may 2022-ci il tarixli, 258 nömrəli və 21 iyun 2022-ci il tarixli, 24 nömrəli rəyləri, məhkəmə-bioloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 323/2022 MTBŞ nömrəli rəyi, materialların-məhkəmə ekspertizasının 22 iyun 2022-ci il tarixli, 6/3078 nömrəli rəyi, məhkəmə-trasoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 3/740 nömrəli rəyi, məhkəmə kompleks ambulator psixiatrik-psixoloji ekspertizasının 24 iyun 2022-ci il tarixli, 1672 nömrəli rəyi, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 24 may 2022-ci il tarixli, 45 nömrəli akt, “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 31 may 2022-ci il tarixli, 1290 nömrəli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 64). - Salyan RİHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli arayış və xasiyyətnamə, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 5 arvadı və iki nəfər azyaşlı uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 108-111). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşağın olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmədiyini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 may 2022-ci il tarixdən hesablanmalı (“Şübhəli şəxsin tutulması haqqında” 24 may 2022-ci il tarixli protokola əsasən – İ cild, səh. 43) və Salyan Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə (İ cild, səh. 132, 133) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli, 616 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və toksikomaniya xəstəliyinin əlamətləri aşkar edilməmiş, spirtli içkilərin qəbulundan psixi və fiziki aslılığı müşahidə edilmişdir. O, xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Onun alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 173). Buna görə də həmin rəy nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs alkoqolizmdən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Salyan Rayon Prokurorluğunda saxlanılan, hadisə yerindən götürülmüş iki ədəd pambıq tamponlara hopdurulmuş qan nümunələri və çəkələyin sol tayı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və şalvar, X5 əynində olmuş bir ədəd şalvar, köynək və mayka məhv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs alkoqolizmdən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Salyan Rayon Prokurorluğunda saxlanılan, hadisə yerindən götürülmüş iki ədəd pambıq tamponlara hopdurulmuş qan nümunələri və çəkələyin sol tayı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və şalvar, X5 əynində olmuş bir ədəd şalvar, köynək və mayka məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar