Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-543/2024 11.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvələr məhkum olunmamış, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 12,734 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 19 fevral 2024-cü il tarixdə saat 19:30-da Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Vilvan kəndində küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki jiletin sol yan cibindən qeyd edilən çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə saat 17:30 radələrində radələrində yaşadığı Lənkəran rayonu Vilvan kəndində yerləşən evindən çıxmış, təxminən evdən 100 metr aralandıqdan sonra polis əməkdaşları onu saxlayaran polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyərək, zor tətbiq edərək üzərinə bir büküm qoyaraq boynuna almasını, əgər razı olmayacağı təqdirdə evinə də 10 kq narkotik vasitə qoyacaqlarını demişlər. O, da məcbur qaldığı üçün videoçəkiliş zamanı polislərin üzərinə qoyduğu bir bükümdə olan psixotrop maddənin ona məxsus olmasını demiş və etirafedici ifadələr vermişdir. Polis əməkdaşları onu saxlayarkən və üzərinə baxış keçirərkən onun üzərində psixotrop maddə olmamış, narkotik vasitələrindən istifadə etmir, narkotik vasitələrinin satışı ilə məşğul olmamış, dindar olduğu üçün polis əməkdaşları tərəfindən şərlənərək həbs edilmişdir. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə ö göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Lənkəran rayonu Vilvan kəndində yerləşən qəbristanlğa getmişdir ki, orada mərhum atası Sabir Məmmədov üçün yasin oxusun. Qəbristanlığın içərisində yerdə ağ rəngli sellofanda bir büküm görmüşdür. Həmin bükümə baxdıqda içərisində ağ rəngli kristal formada maddə olmuşdur. Həmin bükümü götürüb əynində olan jiletinin sol yan cibində saxlamışdır. Ondan heç istifadə də etməmişdir. Həmin büküm ona maraqlı olduğundan onu götürmüşdür. Həmin gün saat 19:30 radələrində bərbərə getmək üçün evdən çıxıb küçə ilə gedərkən bir avtomobil gəlib yanında saxlamışdır. Avtomobildən bir neçə şəxs düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu demişlər. Onlar üzərində narkotik vasitə olduğundan şübhəli olduqlarını deyib onu Lənkəran şəhərində yerləşən polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı üzərinə şəxsi axtarış keçirmiş və ilk olaraq üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o, da jiletinin cibində olan həmin bükümü çıxararaq masanın üzərinə qoymuş, açılıb baxıldıqda içərisində metamfetamin psixotrop maddəyə oxşar kütlə olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üstünü imzalarla təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olmaması, polis əməkdaşlarının onu döymələri, evinə 10 kq narkotik vasitə qoyacaqlarını dedikləri üçün məcbur qalaraq videoçəkiliş zamanı psixotrop maddənin ona məxsus olmasını deməsi və etirafedici ifadələr verməsi, dindar olduğu üçün polis əməkdaşları tərəfindən şərlənərək həbs edilməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin habelə onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 19 fevral 2024-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Vilvan kəndində küçədə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu demişlər və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinə gətirildikdən sonra müdafiəçisinin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilmiş. Üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim edilməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan jiletin sol yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddə metamfetminə bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümü Lənkəran rayonu Vilvan kəndində yerləşən qəbristanlıq ərazisində yerdə taparaq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması ilə məşğul olması barədə məlumat olmuş, lakin ümumiyyətlə narkotik vasitə və psixotrop maddələri hər hansı bir şəxsə satması faktı müəyyən olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran Şəhər Polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-fiziki kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli 19/165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 12,734 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına”daxildir (Siyahıİ). Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 12,634 qr. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmı) manat təşkil edır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli 171 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli 160 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli videoçəkilişlə aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan jiletin sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin çıxarıb təqdim etmişdir. Həmin 01 ədəd psixotrop maddə metamfetaminin çəkisi 13,09 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütləni tutulduğu gün yaşadığı Vilvan kəndində qəbristanlıqda tapmış və üzərində saxlamışdır. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli Lənkəran Şəhər Psixtariya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran rayon, Vilvan kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X2 rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, yetkinlik yaşına çatmış 2 oğlundan, xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızından, gəlinləri və azyaşlı nəvələrindən ibarətdir, yaşadığı müddətdə barəsində şikayət və cinayət xarakterli müraciət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 24 may 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 12,634 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Həmin qərarla şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 24 may 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərarla cinayət işindən psixotrop maddənin əldə edildiyi mənbə barəsində Azərbaycan respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan qızının olmasını, ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyatda alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Lənkəran Şəhər Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 12,634 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyat alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Lənkəran Şəhər Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 12,634 qram psixotrop maddə metamfetamin məhv edilsin. -Şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 60 (altmış) manat manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-543/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-543/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver