Məhkəmə qərarları › İş №1(099)-546/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-546/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-546/2022 25.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, Lənkəran şəhəri, “Avtomsk” avtomobil ehtiyyat hissələrinin satışı mağazasında satıcı vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Nəzərli X14 şəhərində yerləşən avtomobillər üçün nəzərdə tutulmuş ehtiyat hissələrin satışının həyata keçirildiyi “Avtomsk” adlı mağazada satıcı vəzifəsində işləyərkən 29 aprel 2022-ci il tarixdə saat 16 radələrində əvvəlcədən tanıdığı X8 həmin mağazanın həyətində aparılan tikinti işlərində fəhlə kimi işlədiyi günə görə ondan zəhmət haqqını tələb edərkən kassada pul olmadığı üçün Sakit İbrahimzadə ilə aralarında yaranmış mübahisə zamanı sonuncu yumruqla Təqsirləndirilən şəxs burun nahiyəsindən vurmuşdur. Aralarında yaranmış münaqişəni sonlandırmaq məqsədilə Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 12 radələrində Sakit İbrahimzadə ilə Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlı yerdə görüşüb taksi ilə Lənkəran çayının Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altındakı yola gəldikdən sonra çayın kənarında yerləşən meşəlik əraziyə getmişlər. Orada qeyd olunan məsləyə aydınlıq gətirmək üçün Təqsirləndirilən şəxs söhbət əsnasında ona qarşı etdiyi hərəkətə görə Sakit İbrahimzadənin ondan üzr istəməsini tələb etməsinə baxmayaraq sonuncu ondan üzr istəməmiş, bununla bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ondan qisas almaq niyyəti ilə əvvəlcədən üzərində götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 235 mm, tiyəsinin uzunluğu 135 mm, eni 28 mm və qalınlığı 2 mm olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qatlanmayan bıçaqla Sakit İbrahimzadənin sol bud və sol qasıq nahiyələrinə qəsdən zərbələr endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol bud arteriya şaxələrinin və venasının kəsilməsi ilə müşayiət olunan 1 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol bud nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş, sol qasıq nahiyəsində 1 ədəd kəsilmiş yaralardan və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bel nahiyəsində 1 ədəd sıyrıqdan ibarət, sol bud arteriya şaxələrinin və venasının kəsilməsi ilə əlaqədar kəskin qanitirmə ilə nəticələnən ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Sakit İbrahimzadənin qanitirməsinin çox olduğunu görüb öləcəyindən qorxduğu üçün Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonla tanışları Şahid3 və Şahid4 zəng edərək onları hadisə yerinə köməyə çağırmış, sonuncuların və özünün köməyi ilə X17 Rzayevin idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, “Opel-Astra” markalı avtomobil ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb ixtisaslı tibbi yardım göstərilsə də, Təqsirləndirilən şəxs tərəfindən Sakit İbrahimzadənin sağlamlığına qəsdən ağır zərər vurması ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində yerləşən “Avtomsk” mağazasında satıcı vəzifəsində işləmiş, kasaya o, cavabdeh olmuşdur. Mağazanın ərazisində ehtiyyat hissələrin yığılması üçün böyük anbar tikilirdi. Həmin tikintiyə usta kimi Şahid3, fəhlə kimi isə onun qardaşları, həmçinin tanışları Cavid, Fuad, Kənan və Sakit adında fəhlələr cəlb olunmuşlar. Görülən tikinti işləri ilə bağlı zəhmət haqqı onun tərəfindən Mahmudəliyə verilmiş, sonuncu isə həmin puldan adları qeyd olunan fəhlələrin iş pulunu ödəmişdir. 29 aprel 2022-ci il tarixdə saat 16 radələrində işdə «kassa»da olarkən Mahmudəli adında usta ona yaxınlaşaraq görülən işlərə görə fəhlələrə vermək üçün pulun müəyyən bir hissəsini istəmiş, cavabında ona kassada pulun olmadığını demişdir. Mahmudəli isə kassada pulun olub-olmamasının ona aidiyyəti olmadığını və fəhlələrin ondan pul istədiklərini demişdir. Mahmudəliyə özbaşına ona heçnə verə bilməyəcəyini, Bakı şəhərində olan mağazanın müdiri Elvinə zəng edib danışmağını demişdir. Mahmudəli mobil telefonla Elvinə zəng edərkən kənarda duran və aralarında olan söhbətini eşidən Sakit adında fəhlələrdən biri « kassadan Elvinə pul göndərə bilirsən, bizə gələndə pul olmur» demiş, cavabında isə bu məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Bu sözdən sonra Sakit ona tərəf gələrək yumruqla qəflətən burnundan vurmuş, burnundan qan açılmış, Mahmudəli onları aralamışdır. Həmin gün axşam saatlarında məsələyə aydınlıq gətirmək üçün mobil telefonla Sakiti Girdəni kəndinin ərazisinə asfalt yolunun kənarına çağırmış, qeyd olunan vaxtda Sakit gəlmiş, onun yanında Mahmudəli də olmuşdur. Etdiyi hərəkət görə ondan üzr istəməyini Sakitdən tələb etmiş, orada olan Mahmudəlinin də Sakitin etdiyi hərəkətin düzgün olmadığını və ondan üzr istəməyini demişdir. Lakin Sakit yenə də həmin vaxt onu vurmaqda düzgün hərəkət etdiyini və ondan üzr istəməyəcəyini bildirmişdir. Sakitə əgər ondan üzr istəməsə başqa vaxt, başqa yerdə təklikdə söhbətlərini davam etdirəcəyini demiş və oradan uzaqlaşmışlar. Bu məsələdən sonra Sakit işə çıxmamışdır. Lakin Sakitin bu hərəkəti ona çox pis təsir etmiş, özünü alçalmış hiss etmiş və istəmişdir ki, Sakit ondan üzr istəsin. 3 may 2022-ci il tarixdə axşam satlarında Sakitə zəng edib onunla görüşmək istəmiş, lakin Sakitin işi olduğu üçün onunla görüşü alınmamışdır. Bundan sonra, 6 may 2022-ci il tarixdə saat 11 radələrində işdə olarkən Sakit ona zəng edərək görüşmək üçün «Ləvəngi» dairəsinə çağırmış, həmin vaxt işdə odduğu üçün gələ bilməyəcəyini və axşam görüşə biləcəyini demişdir. Sakit isə işin bu məsləyə aidiyyəti olmadığını əgər hər hansı bir sözü varsa indi onunla görüşə biləcəyini bildirmişdir. Bu söhbətdən başa düşmüşdür ki, Sakit ondan üzr istəməyəcək və işdə olan bıçağı özü ilə götürmüş, tanışı olan Qulam adlı taksi sürücüsünü çağırmış və onunla «Ləvəngi dairəsi» adlanan yerə gəlmiş, «Elcan» marketin qarşısından Sakiti götürüb həmin taksi ilə Lənkəran çayının Sütəmurdov kəndi ərazisindən keçən körpünün yaxınlığındakı meşəlik əraziyə gəlmişlər. Həmin vaxt onlardan bir qədər aralı balıqçılar olmuş, lakin yaxınlıqda heç kim olmamışdır. Söhbət əsnasında Sakitə yenə də ona yumruq vurmaqda səhv etdiyini və üzr istəməsini tələb etmiş, lakin o, aqressiv formada düzgün etdiyini və ondan üzr istəməyəcəyini demişdir. Bu vaxt Sakit cibindən bıçaq çıxartmış və üzərinə gələrək əvvəlcə onu təpiklə qarnından vurmuş, zərbədən bir qədər arxaya çəkilmiş və sonra onun üzərinə gedərək əlindəki bıçaqla Sakitin sol budundan bir dəfə vurmuş, zərbədən Sakit aşağı əyilmiş və əlindəki bıçaqla onun sol dizinin yuxarı hissəsinə vurmuşdur. Dava zamanı Sakit yenə də onu təpiklə vurmaq istəmiş, lakin həmin vaxt bıçaqla ikinci dəfə Sakitin sol buduna vurmuş , sonra hadisə yerindən uzaqlaşmağa başlamış, Sakit isə onun arxasınca gələrək nalayiq sözlər işlətmişdir. Bir qədər oradan uzaqlaşdıqdan sonra Sakitin onun arxasınca gəlmədiyini görüb geriyə qayıtmış, Sakitin yerdə uzandığını və sağ budunun arxasından qan axdığını görmüş, dərhal Sakitin maykasını cırıb qan axan yaranı bağlamaq istəmiş, qanın çox axdığını görüb əli ilə həmin yerin üstündən basıb saxlamış, qanı dayandırmağa çalışmışdır. Qorxduğundan tanışı Zaura zəng edib hadisə yerinə köməyə çağırmış, lakin Zaur gələ bilməyəcəyini dedikdə dərhal Mahmudəliyə, sonra Aqilə zəng edib Sakiti bıçaqla vurduğunu, olduğu yeri dediyini və onu təcili xəstəxanaya aparmağa köməklik göstərməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqə sonra Mahmudəli və Aqil hadisə yerinə gəlmişlər, Sakit həmin vaxt ölməmişdir, nəfəsi gedib-gəlirdi. Mahmudəli Sakiti çiynində məşəlik ərazidən yolun kənarına çıxartmış, birlikdə Sakiti Aqilin idarə etdiyi «Opel» markalı maşını qoyub Lənkəran rayon Mərkəzi xəstəxanaya aparmışlar. Sonra taksi sürücüsü olan tanışı Qulunu çağırmış, əvvəlcə dəniz kənarına getmiş, vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Mahmudəliyə zəng etmiş, sonuncu Sakitin əməliyyatda olduğunu demişdir. Daha sonra oradan təslim olmaq üçün həmin taksi ilə rayon polis şöbəsinə getmiş, növbətçi hissədə etdiyi cinayət barədə məlumat vermişdir. Şöbədə olarkən eşitmişdir ki, Sakit ölüb artıq. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Sakit İbrahimzadəni öldürmək niyyəti olmamış, məqsədi Sakitin onu əvvəl yumruqla vurmasına görə ondan üzr istəməməsi və etdiyi hərəkəti düzgün hesab etməsinə görə Sakiti cəzalandırmaq olmuşdur. Onun Sakiti öldürmək məqsədi olsaydı, bıçağı daha əhəmiyyətli olan orqanlarına vurardı, həmçinin Sakiti vurduqdan sonra hadisə yerində qoyub qaçardı. Sakitin qanaxmasının çox olduğunu görüb qanaxmanın qarşısını almaq üçün cəhdlər etmiş, həmçinin Sakitin xəstəxanaya çatdırılmasına köməklik etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Sakit İbrahimzadə doğma qardaşıdır, fəhləliklə məşqul olurdu. Sakit 2022-ci ilin yanvar ayından Lənkəran şəhərində yerləşən “Avtomsk” adlı avtomobil ehtiyat hissələrinin satışının həyata keçirildiyi mağazanın həyətində aparılan təmirtikinti işlərində həmkəndliləri olan Mahmudəli adlı ustanın yanında fəhlə kimi işləmişdir. 06 may 2022-ci ildə günorta saatlarında Lənkəran şəhərində olan zaman Mahmudəlinin qardaşı Fuad ona zəng edərək qardaşı Sakitin Sütəmurdov kəndi ərazisində bıçaqlandığını və təcili olaraq oraya getməli olduğunu bildirdi. Dərhal taksi ilə həmin yerə getmiş, lakin orada heç kimi görməmiş və Lənkəran rayon Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxananın birinci mərtəbəsində Sakitin çarpayıda uzandığını, həkimlər tərəfindən ona tibbi yardım göstərilərək reanimasiya şöbəsinə qaldırıldığını görmüşdür. Orada Mahmudəli bildirmişdir ki, “Avtomsk”da işləyən Hüseyn adlı şəxs Sakiti bıçaqla vurmuşdur. Qısa müddətdən sonra qardaşı Sakit xəstəxanada ölmüşdür. Hadisədən sonra eşitmişdir ki, bir neçə gün əvvəl mərhum qardaşı Sakit gördüyü işin pulunu Hüseyndən istəmiş, sonuncu pulu vermədiyi üçün aralarında mübahisə baş vermiş, mübahisə vaxtı Sakit Hüseynə yumruqla zərbə vurmuş, Hüseyn də Sakitdən üzr istəməsini tələb etmiş, Sakit üzr istəmədiyinə görə Hüseyn Sakiti aralarında olan mübahisəyə son qoymaq üçün hadisənin baş verdiyi Sütəmurdov kəndi ərazisinə aparmış və orada Sakitə bıçaqla xəsarət yetirmişdir. Hazırda Hüseyni bağışlamır, ondan şikayətçidir, Hüseynə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mərhum Sakit İbrahimzadənin anası Şahid1 Samir İbrahimzadə ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından Lənkəran şəhərində yerləşən “Avtomsk” adlı avtomobillər üçün ehtiyat hissələrin satışı mağazasına artırılmış yarımtikilidə tanışı Sakitlə və digər şəxslərlə usta kimi işləmişdir. Gördüyü işlərə görə zəhmət haqqında bəzi hallarda mağazanın sahibi Elvin adlı şəxsdən, bəzi hallarda isə Elvinin tapşırığı əsasında mağazanın kassiri Hüseyndən almışdır. Gündəlik Sakitə 20 manat pul verilmiş, Sakit pulunu kassir Hüseyndən almışdır. 29 aprel 2022-ci il tarixdə o, işlədiyi işə görə zəhmət haqqını, həmçinin onunla birlikdə işləyən fəhlələrin zəhmət haqqını istəmək üçün Hüseyndən pul istəmiş, Hüseyn kassada pul olmadığını, həmin gün pul verə bilməyəcəyini demişdir. Sakit də söhbətə qoşulmuş və Hüseyndən gördüyü işin pulunu istəmişdir.Bu məsələ ilə bağlı mağazanın müdiri Elvinə zəng edərək telefonda danışmış, həmin vaxt mağazanın içərisində Hüseynlə Sakitin mübahisə etdiyini eşitmiş, mağazaya daxil olduqda Sakit Hüseynin burun nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuş və Hüseynin burnundan qan açılmışdır. Sakit Hüseyndən işlədiyi günə görə zəhmət haqqını tələb etmiş, Hüseyn isə kassada pul olmadığı üçün pul verə bilməyəcəyini bildirdikdə Sakit əsəbiləşmiş və aralarında sözlü mübahisə yaranmışdı. Bundan sonra mübahisənin böyüməməsi üçün o, Hüseynlə Sakiti bir-birindən ayırmışdır. Onlar birbirilərindən ayrılsalar da, bir-birilərinə qarşı söyüş söyərək yenidən dalaşmaq istəmişlər. Belə olan halda o, Hüseyni oradan uzaqlaşdırmışdır. Bundan sonra Sakit bir daha işə gəlməmişdir. Sakitin işlədiyi günlərin pulunu Elvindən alıb Sakitin özünə vermişdir. Həmin gün axşam saat 20 radələrində Sakitin mobil telefonuna zəng etsə də, sonuncu ona cavab verməmiş, Sakitin Hüseynlə birlikdə olmasından şübhələnərək Hüseynə zəng etmiş, lakin Hüseyn də zəngə cavab verməmişdir. Bundan sonra Sakitlə Hüseynin görüşmələrindən şübhələndiyi üçün Elvinin tanışı olan taksi sürücüsü Aqildən öyrənmişdir ki, Hüseyn Girdəni kəndində “üç yol” adlanan ərazidədir və dərhal həmin yerə getmiş, yolun kənarında olan mağazanın qarşısında Hüseynlə qarşılaşmış, bir neçə dəqiqə sonra Sakit də yanlarına gəlmişdir. Sakit və Hüseynlə mehriban söhbət etmiş və onları barışdırmağa çalışmışdır. Hər ikisini sakitləşdirdikdən sonra Sakiti taksi ilə kəndə yola salmış, daha sonra Hüseynlə birlikdə taksi tutub Lənkəran şəhərinə getmiş, yolboyunca da yenidən Hüseynlə söhbət etmişdir ki, həmin münaqişəyə son versin. Hüseyn də ona bildirmişdir ki, Sakit üzr istədiyi təqdirdə Sakitlə barışacağını, əks təqdirdə Sakitlə düşmənçiliyinin olacağını bildirmişdir.Həmin gündən sonra Sakit bir daha mağazaya işləməyə gəlməmişdir. 06 may 2022-ci ildə səhər saatlarında işlədiyi yerə getmiş, orada təmir işləri ilə məşğul olmuşdur. Hüseyni səhər saatlarından işdə görmüşdür. Həmin gün işdə olarkən saat 12 radələrində Hüseyn ona zəng edərək Sütəmurdov körpüsünün yaxınlığındakı meşədə Sakiti aralarında dava-dalaş olduğunu, onu bıçaqla vurduğunu, Sakitin yerə yıxıldığını və orada olduğunu bildirərək təəcili olaraq oraya getməsini demişdir. Dərhal Elvinin taksi sürücüsü olan Aqilə zəng edərək hadisə barədə ona demiş və həmin yerə getmək lazım olduğunu demişdir. Dərhal tanımadığı taksi ilə Sütəmurdov körpüsünün yanına gəlmiş, taksidən düşüb orada Aqilin idarə etdiyi “Opel” markalı maşını ilə Lənkəran çayının Sütəmurdov kəndi ərazisində keçən hissəsində yerləşən dəmiryolu körpüsünün altına gəlmişlər. Dəmiryol körpüsünün yaxınlığında Hüseynlə görüşüb meşəyə getmişlər. Meşədə kəsilmiş ağacın kənarında Sakitin ayağından qan axdığını və halsız vəziyyətdə olduğunu gördükdə Sakitin köynəyinin qol hissəsini cırıb sol bud nahiyəsinə bağlamağa çalışmışdır ki, qanaxmanın qarşısını alsın. Lakin qanaxmanın qarşısını almaqda çətinlik çəkdiyindən dərhal Hüseynin köməkliyi ilə Sakiti çiyninə alıb maşına tərəf aparmağa başlamışdır. Aqil də onlara köməkli etmiş, Sakiti meşəlik ərazidən yolun kənarına çıxarmışlar. Orada Sakiti yerə oturdaraq rahat nəfəs-alıb verməsi üçün köynəyinin yaxasını açmışlar. Təcili olaraq Sakiti Aqilin maşınına mindirib Hüseynlə Lənkəran RMX-yə gətirmişlər. Saat 13 radələrində Hüseyn ona zəng edərək Sakitin vəziyyəti ilə maraqlanmış, ona Sakitin reanimasiyada olduğunu demiş, sonra Hüseyndən harada olduğunu soruşmuş, Hüseyn ona yolda olduğunu, artıq rayon polis şöbəsinə çatdığını deyərək telefonu söndürmüşdür. Bir neçə vaxtdan sonra Sakitin öldüyünü bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 və Şahid9 qardaşları Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, özünə məxsus **-CA-*** dövlət qeydiyyat nişanlı, “Opel-Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, Lənkəran şəhərində yerləşən “Avtomsk” adlı avtomobil ehtiyat hissələrinin satıldığı mağazanın sahibi Şahid6 özü və ailəsi üçün nəsə lazım olanda taksi kimi sonuncunun şəxsi işlərinin həyata keçirilməsinə köməklik edir. 2022-ci ilin aprel ayının sonlarında mağazada tikinti işlərini görən Mahmudəlidən eşitmişdir ki, fəhlə olan Sakitlə mağazanın kassiri Hüseyn arasında mağazada mübahisə düşmüş, Sakit Hüseyni yumruqla vurmuş, buna görə də aralarında münaqişə yaranmış, daha sonra Mahmudəli onları barışdırmağa və bu mübahisəni uzatmamağa çalışmışdır. Lakin mübahisənin şahidi olmamışdır. 06 may 2022-ci ildə saat 11-12 radələrində Hüseyn ona həyacanlı vəziyyətdə zəng edərək Sütəmurdov kəndi ərazisindən keçən dəmiryol körpüsünün yaxınlığındakı çayın kənarında olan meşəlikdə Sakitlə dava etdiyini və onun oraya gedərək Sakiti xəstəxanaya aparmağa köməklik etməsini bildirərək telefonu söndürmüşdür. Mahmudəli ilə Sütəmurdov kəndinin girişində yerləşən körpünün yanında görüşmüş, Mahmudəli taksidən düşərək onun maşınına minmiş və onlar Hüseynin dediyi yerə getmişlər. Hüseyn özü həyəcanlı vəziyyətdə yolun kənarında onları qarşılamış, Mahmudəli ilə birlikdə çayın kənarı ilə Hüseynin dalınca meşəlik əraziyə doğru getmiş və Sakitin oturaq vəziyyətdə ağaca söykənmiş və halsız vəziyyətdə olduğunu görmüşdür. Mahmudəli və Hüseyn köməkləşərək Sakiti qucaqlarına götürüb maşınının arxa oturacağına uzatmışlar. Mahmudəli qabaq oturacaqda, Hüseyn isə arxa oturacaqda Sakitin yanında oturmuşdur. Birbaşa Lənkəran rayon mərkəzi xəstəxanasına gəlmişlər. Xəstəxanaya çatan kimi Sakiti əməliyyat otağına aparmışlar, bundan sonra Hüseyn Sakiti bıçaqla vurduğunu və rayon polis şöbəsinə gedib bu barədə məlumat verəcəyini deyərək xəstəxanadan çıxmışdır. Sakitə göstərilmiş tibbi yardımlara baxmayaraq xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşqul olur. 6 may 2022-ci il tarixdə saat 11-12 radələrində Lənkəran şəhərində yerləşən «Avtomsk» mağazasında işləyən tanışı Hüseyn ona zəng edərək mağazaya çağırtdırmış, oradan «Ləvəngi dairəsi» deyilən yerə gəlib «Elcan» marketin qarşısından Sakiti götürmüşlər. Sakit arxada əyləşmişdir. Hüseynin göstərişi ilə maşını Lənkəran çayının Sütəmurdov kəndi ərazisində yerləşən çayın qırağına sürmüşdür. Maşını «dəmiryol» körpüsünün yaxınlığında saxlamış, onlar söhbət edə-edə çayın kənarı istiqamətinə getmişlər. Özü isə işlərini həll etməyə getmişdir. Həmin gün bir neçə saat sonra günorta saat 13 radələrində Hüseynin çağırışı ilə Lənkəran RMX-nın arxasında olan «Bazarstore» marketin qarşısına gəlmiş, Hüseynin üstbaşının qanın içində olduğunu görmüş və ona Sakitlə dalaşdığını deyərək maşını dənizkənarına sürməyi tapşırmışdır. Hüseyn maşından düşüb kənarda kiminləsə telefonla danışmış, sonra maşına oturaraq polis şöbəsinə sürməyi demişdir. Hüseyn şöbənin yanında düşmüş, özü isə işlərini həll etməyə getmişdir. Bir müddətdən sonra eşitmişdir ki, Hüseyn Sakiti bıçaqla vurmuş, Sakit xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, 22-ci Məhəllə ünvanında yerləşən «Avtomsk» adlı avtomobillər üçün nəzərdə tutulmuş ehtiyyat hissələrin satışı mağazasını işlədir. Təqsirləndirilən şəxs də həmin mağazada həm satıcı işləmiş, həm də ki, kassaya cavabdeh olmuşdur. Mağazanın ərazisində tikinti işləri aparılmış, tikintiyə Mahmudəli usta, onun qardaşları və tanışı Sakit adında fəhlə cəlb edilmişlər.Çox vaxtı Bakı şəhərində olduğundan görülmüş işlərin pulunu Mahmudəli kassir və satıcı Hüseyndən almış və sonra fəhlələrin pullarını paylamışdır. Hüseynlə Sakitin arasında mübahisənin olmasından məlumatı olmuşdur. Buna görə də, Mahmudəliyə demişdir ki, Sakitin əvəzinə başqa fəhlə gətirsin və onun pulunu tam ödəsin. Bakı şəhərində olarkən 6 may 2022-ci ildə saat 12 radələrində Mahmudəli ona zəng edərək Hüseynlə Sakitin dalaşdıqlarını, Hüseynin Sakiti bıçaqla vurduğunu, sonuncunu Aqil ilə köməkləşib xəstəxanaya apırdıqlarını və Sakitin orada öldüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, oğlu Hüseyn hadisədən əvvəl «Avtomsk» mağazasında satıcı işləmişdir. 6 may 2022-ci il tarixdə günorta saatlarında polisdən məlumat vermilmişdir ki, oğlu Hüseyn Sakit adında şəxsi bıçaqlamış, sonuncu xəstəxanada ölmüş, sonra oğlu təslim olmaq üçün polisə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, «Avtomsk» mağazasını işlədən Elvin onun dostudur. Elvin rayonun ərazisində olmadığından 2022-ci il aprel ayının sonlarında ona tapşırmışdır ki, kassada işləyən Hüseyndən pulları götürüb ona göndərsin. 6 may 2022-ci ildə saat 12 radələrində mağazaya gəlmiş və kassada heç kimin olmadığını görüb əsəbləşərək Hüseynə zəng etmişdir. Hüseyn Sütəmurdov kəndinin ərazisində yerləşən körpünün yanında olduğunu və oraya gələ biləcəyini ondan soruşmuş, cavabında maşını olmadığı üçün gələ bilməyəcəyini demişdir. Sonra eşitmişdir ki, Hüseyn Sakit adlı şəxsi bıçaqlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 6 may 2022-ci il tarixdə saat 12 radələrində Lənkəran çayının Sütəmurdov kəndi ərazisindən keçən hissəsində olan dəmiryol körpüsünün yaxınlığında balıq tutarkən tanımadığı bir nəfər hündür boylü və bir nəfər kiçik boylu cavan oğlanların çayın kənarındakı meşə istiqamətinə getdiklərini görmüşdür. Onlar gözdən itmiş, həmin şəxslər tərəfdən səs-küy eşitməmişdir. Təxminən yarım saatdan sonra görmüşdür ki, hündürboylu şəxsi digər cavan oğlan çiynində meşəlik ərazidən çıxarır, sonra həmin vaxt yolun kənarında dayanan «Opel» marakalı maşının yanında uzadıb ayağından gələn qanı dayandırmağa çalışmışlar. Sonra onlar maşına oturub ərazidən uzaqlaşmışlar. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 13 saylı rəyindən görünür ki, X1 meyiti üzərində sol bud arteriya şaxələrinin və venasının zədələnməsi, kəskin qanitirmə, meyit ləkələrinin zəif inkişaf etməsi, daxili orqanların və toxumaların azqanlılığı, sol bud, sol qasıq nahiyələrində kəsilmiş-deşilmiş yaralar, bel nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kənarlarının hamar, formasının xətvari, sol bud nahiyələrindəki kəsilmiş-deşilmiş yaraların bir bucağının iti, digərinin isə küt olması, sol qasıq nahiyəsindəki kəsilmiş yaranın hər iki bucağının iti olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, sol bud və sol qasıq nahiyələrində olan xəsarətlər kəsici-deşici əşyanın təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi, bel nahiyəsindəki sıyrıq isə bərk küt əşyanın təsirindən törənmişdir, qeyd olunan sıyrıq müxtəlif şəraitdə, qarşılıqlı mübarizə zamanı bərk küt əşyaya dəymə və ya vurma nəticəsində əmələ gələ bilərdi, müddəti qərarda göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə sol bud arteriya şaxələrinin və venasının kəsilməsi, kəskin qanitirmə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bud, sol qasıq nahiyələrindəki kəsilmiş-deşilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, bel nahiyəsindəki sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətə aiddirlər. X3 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, sol tərəfi xəsarət yetirən şəxsə tərəf) olarkən o, cümlədən xəsarət yetirən şəxslə üz-üzə və sirkulyar vəziyyətlərdə yetirilə bilməsi mümkündür. Mərhum: X5 meyitində aşkar edilmiş xəsarətlərdən sol bud nahiyəsindəki 1-ci yara kanalının istiqaməti soldan-sağa, arxadan bir qədər önə doğru, bir qədər aşağıdan-yuxarıya, sol bud nahiyəsindəki 2-ci yara kanalının istiqaməti isə arxadanönə, soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarya doğru olmuşdur. X1 ölümü zorakıdır. Ölüm sol bud arteriya şaxələrinin və venasının kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən baş vermişdir. X5 ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2- 4 saat əvvəl baş vermişdir. X1 bədəni üzərindəki xəsarətlərlə ekspertizaya təqdim edilmiş şalvar üzərindəki zədələrə uyğun olub, üst-üstə düşürlər. Məhrum: X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və narkotik maddələr aşkar edilməmişdir. X1 düz bağırsağının arxa keçəcəyində hər-hansı bir xəsarət və ya onun əlaməti aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bud nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla sol bud nahiyəsinə vurma nəticəsində əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin xəsarətin yerləşmə nahiyəsini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən özünə və ya digər şəxs tərəfindən yetirilə bilməsi istisna edilmir. Məhkəmədə tədqiq edilmiş materialların-məhkəmə ekspertizasının 31 may 2022-ci il tarixli, 6/2819 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X5 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərin arasında Sakit İbrahimzadənin poliverin üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd dəstək hissəsi qara və sarı rəngli parça ilə örtülmüş bıçağın üzərində Sakit İbrahimzadənin geyim paltarlarının tərkib liflərindən yoxdur. Məhkəmdə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 13 iyun 2022-ci il tarixli, 3/659; 660; 661 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın səthində aşkar edilmiş, tam və aydın əks olunmayan, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmayan papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri müqayisəli tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, uc hissələri deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmir, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X6 məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jiletin, poluverin, köynəyin, şalvarın və üzərində “Təqsirləndirilən şəxs məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilən zədələr vardır.Təqdim edilmiş üzərində “X6 məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jiletin, şalvarın və üzərində “Təqsirləndirilən şəxs məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qeyd olunan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçaqların təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Geyim əşyalarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini müəyyən etmək mümkün deyildir. Üzərində “X6 məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş poluverin səthindəki zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-sökülmə və üzərində “X6 məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthindəki zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “X6 məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş maykanın və üzərində “Təqsirləndirilən şəxs məxsus geyim əşyaları” yazı qeydləri olan bağlamadan aşkar edilmiş puloverin səthində trasoloji zədə yoxdur. Məhkəmədə tədqiq edilmiş tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 374/2022- MTBŞ saylı rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstəricisi A/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi O/İ/. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş S.İbrahimzadəyə məxsus qolsuz mayka, uzunqol köynək, uzunqol sviter, şalvar və qolsuz gödəkçə, Təqsirləndirilən şəxs şalvarı, hadisə yerindən götürülmüş üç ədəd parça kəsiyi və bir ədəd köynəyin qol kəsiyi, iki ədəd ağac çubuğu, dəstəyinə ip sarınmış bıçağın tiyəsi və göy dəstəkli bıçağın dəstəyi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antingenləri, S.İbrahimzadəyə məxsus qolsuz mayka, uzunqol köynək, hadisə yerindən götürülmüş iki ədəd ağac çubuğu üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs uzunqol kofta, hadisə yerindən götürülmüş dəstəyinə ip sarınmış bıçağın dəstəyi və göy dəstəkli bıçağın tiyəsi üzərində qanabənzər şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, prinsipiallıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən olunan xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq ediliş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan videoçəkiliş həyata keçirilməklə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran çayının Sütəmurdov kəndi ərazisindən keçən hissəsinin yaxınlığındakı meşəlik ərazidir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs hadisənin harada, hansı şəraitdə və necə baş verməsini əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerindən cinayətin predmeti olan 1 ədəd bıçaq, Sakit İbrahimzadəyə məxsus olan 1 ədəd bıçaq, Sakit İbrahimzadənin istifadəsində olmuş “REDMİ” markalı mobil telefon, üzərində qanabənzər ləkələr olan 2 ədəd ağac çubuğu, üzərində qanabənzər ləkələr olan 3 ədəd maykanın hissələri və 1 ədəd köynəyin qol hissəsinin kəsiyi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 235 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malikdir. Bıçağın tiyəsinin uzunluğu 135 mm, orta hissədən eni isə 28 mm-dir. Bıçağın dəstəyinin üzərinə qara və sarı rənglərdən ibarət ip sarılmışdır. Bıçağın dəstəyinin uzunluğu 100 mm, orta hissədən eni isə 26 mm-dir. Bıçağın tiyəsinin dəstəklə birləşən hissəsində kiçik dəlik vardır. Bıçağın tiyəsinin üzərində hər iki tərəfində olmaqla qanabənzər ləkələr vardır. İş materiallarında olan zərərçəkmiş şəxs X6 məxsus olmuş bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 175 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malikdir. Bıçağın tiyəsinin uzunluğu 85 mm, orta hissədən eni isə 12 mm-dir. Bıçağın dəstəyinin üzərinə mavi rəngli materialdan hazırlanmış üzlük bərkidilmişdir. Bıçağın dəstəyinin uzunluğu 90 mm, orta hissədən eni isə 10 mm-dir. Bıçağın tiyəsinin üzərində “stainless steel” yazısı yazılmışdır. Bıçağın dəstək hissəsinin yuxarı kənarında qanabənzər ləkələr vardır. İş materiallarında olan 6 may 2022-ci il tarixli «könüllü gəlib təqsirini boynuna alma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13.45-də Lənkəran ŞRPŞ-yə gələrək saat 12 radələrində Lənkəran çayının Sütəmurdov kəndi ərazisindən keçən hissəsinin yaxınlığındakı meşəlikdə X7 bıçaqla vuraraq xəsarət yetirdiyini, sonra tanışı Mahmudəli şəxslə onu Lənkəran rayon mərkəzi xəstəxanasına apardıqlarını, sonra isə özünün polis şöbəsinə gələrək təqsirini boynuna aldığını bildirmişdir. İş materiallarında olan Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 285 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X2 Şəhər Nakoloji Xəstəxanasında qeydiyyatda durmurlar. İş materiallarında olan «sübutların qiymətləndirməsi haqqında » qərarın 9-cu bəndinə əsasən cinayət işi üzrə zərər çəkmiş şəxs X6 məxsus ağ rəngli qolsuz mayka, tünd göy rəngli uzunqol köynək, qara rəngli uzunqol “poluver”, tünd göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkçə, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş tünd qəhvəyi rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş üç ədəd maykanın hissələri, iki ədəd ağac çubuğu, bir ədəd köynəyin qol kəsiyi, bir ədəd cinayətin predmeti olmuş Təqsirləndirilən şəxs Sakit İbrahimzadəyə xəsarət yetirdiyi bıçaq, bir ədəd hadisə vaxtı Sakit İbrahimzadənin üzərində olmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus “İphone 8” markalı mobil telefon, zərərçəkmiş şəxs Sakit İbrahimzadəyə məxsus olmuş “Redmi 9A” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran rayon prokurorluğuna təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin etirafedici ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 20002-ci il tarixli 3 –cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yonəldiyi halda CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqdan ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi həll edilərkən işin bütün halları , o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi) həmçinin təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Sakit İbrahimzadənin həyat üçün mühüm olmayan sol bud nahiyəsinə bıçaqla xəsarət yetirdikdən sonra zərərçəkmiş şəxsin qan itkisinin çox olduğunu görüb qorxduğundan və onun həyatını xilas etmək üçün tanışları Şahid3 və Şahid4 zəng edərək onların Sakit İbrahimzadəni xəstəxanaya çatdırmaq üçün oraya dəvət etmiş, həmin şəxslərin köməyi ilə Sakit İbrahimzadəni birlikdə xəstəxanaya çatdırmışlar. Şahidlər Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs Sakit İbrahimzadənin ölməməsi üçün cəhdlər etdiyini, onun öləcəyindən qorxduğunu, onun xəstəxanaya çatdırılması üçün canfəşanlıq etdiyini və birlikdə xəstəxanaya getdiklərini göstərmişlər. Göründüyü kimi təqsirləndirilən şəxsin bu hərəkətləri, yəni yetirilən xəsarətlərin lokalizasiyası və hadisədən sonrakı hərəkətləri onun Sakit İbrahimzadəni öldürmək niyyətinin olmadığını göstərir. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, ona görə də, o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İş materiallarında olan Lənkəran şəhər 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddədə 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Beləliklə də, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığına görə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 12 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən- 9 ildən artıq olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir 6 may 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulmuş, 7 may 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 6 may 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu - 6 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan: -meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus ağ rəngli qolsuz mayka, tünd göy rəngli uzunqol köynək, qara rəngli uzunqol poliver, tünd göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkçə, Sakit İbrahimzadəyə məxsus “Redmi 9A” markalı telefon onun yaxın qohumlarına qaytarılmalıdır. -Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş tünd qəhvəyi rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş üç ədəd maykanın hissələri, iki ədəd ağac çubuğu, bir ədəd köynəyin qol kəsiyi, bir ədəd cinayətin predmeti olmuş Təqsirləndirilən şəxs Sakit İbrahimzadəyə xəsarət yetirdiyi bıçaq, bir ədəd hadisə vaxtı Sakit İbrahimzadənin üzərində olmuş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “İphone 8” markalı mobil telefon təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 306 (üç yüz altı) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran rayon prokurorluğunda saxlanılan: -meyitə baxış zamanı götürülmüş zərər çəkmiş şəxs X6 məxsus ağ rəngli qolsuz mayka, tünd göy rəngli uzunqol köynək, qara rəngli uzunqol poliver, tünd göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkçə, Sakit İbrahimzadəyə məxsus “Redmi 9A” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. -Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş tünd qəhvəyi rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş üç ədəd maykanın hissələri, iki ədəd ağac çubuğu, bir ədəd köynəyin qol kəsiyi, bir ədəd cinayətin predmeti olmuş Təqsirləndirilən şəxs Sakit İbrahimzadəyə xəsarət yetirdiyi bıçaq, bir ədəd hadisə vaxtı Sakit İbrahimzadənin üzərində olmuş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “İphone 8” markalı mobil telefon təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 306 (üç yüz altı) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar