Məhkəmə qərarları › İş №1(099)-546/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-546/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-546/2024 03.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, bərbərlik fəaliyyəti ilə məşğul olan, Neftçala şəhəri H.Əliyev prospekti ev 60, mənzil 20-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 240,0 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra – heroin) əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Nizami küçəsindəki özünə məxsus bərbərxananın qarşısında saxlanılaraq Neftçala RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli gödəkçənin sol çöl yan cibindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümdə təmiz çəkisi 240,0 qram, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə, saat 13 radalərində özünə aid bərbərxanada - dükanın içində olduğu halda polis əməkdaşları Afiq, Mədət və Qalib adlı polis əməkdaşları dükana daxil olduldan sonra üstünə cumub qolu burmuşlar. Onlardan onu niyə tutduqlarını soruşduqda ona şöbəyə getməli olduğunu, rəisin onu çağırdığını bildirib qolunu qandallamışlar. Həmin vaxt 5 dəqiqə olardı ki, dükanından müştərini yola salmışdır. Dükandan çıxanda Qabil kondisioneri və işıqları söndürüb, onun gödəkcəsini də götürmüş, Mədət və Afiq isə qollarından tutub dükandan 10 metr qabaqda Heydər Əliyev prospekti və Nizami küçəsində - düz məscidin qabağına gətirib orada əməliyyatın rəisi Nəsiminin avtomobilində arxa oturacağa əyləşdirmişlər. Qalib qabaq oturacaqda oturub onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu ikinci mərtəbəyə qaldırmış, rəisin otağının yanındakı Nəsiminin otağına salmışlar. Nə baş verdiyini soruşduqda isə onlar rəis gəldikdən sonra biləcəyini bildirmişlər. Təxminən 40 dəqiqə sonra onu rəisin otağına 3 nəfər Nəsimi ilə bir yerdə aparmış, orada rəis ona “Hüseyn bilirsəndə səni buraya niyə gətiriblər?” sualını vermiş, o, isə nə üçün gətirildiyini bilmədiyini bildirmişdir. Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndəyev ona narkotiklə həbs olunduğunu bildirmiş, o, da şöbə rəisinə özlərinin də bildiyi kimi nə onun, nə atasının narkotik vasitələrdən istifadə etmədiyini bildirdikdə, Vüsal Şəbəndəyev əməliyyatçılara “Nə deyir bu?” sual verdikdə Nəsimi, Qalib, Afiq “biz bunu narkotiklə tutmuşuq” demişlər. Vüsal Şəbəndəyev “aparın bunu” dedikdən sonra onu əməliyyatçıların otağına aparmışlar, orada 1 saat gözlədikdən sonra yenidən rəisin otağına gətirilmiş, orada ailə üzüvləri soruşulmuş, onlar barəsində məlumat verdikdən sonra “aparın” demişdir. Digər otaqda onu 30 dəqiqə saxlamışlar, sonra qolundan qandalı açmış, əyninə Afiqnən Qalib gödəkçəni geyindirib qollarından tutaraq ikinci mərtəbədən birinci mərtəbəyə - növbətçi hissənin otağına gətirmişlər. Orada əməliyyatçı Tariyel, vəkil Seymur bir olub çəkilişdən qabaq ona danışmamağı, çəkilişə mane olmamağı və axırda ona söz veriləcəyini, həmin vaxt danışacağını bildirmişlər. Üstündə narkotik vasitənin olmasını soruşduqda orada Tariyelin onu tanıdığını, kəndçisi olduğunu və narkotik vasitələrdən istifadə etmədiyini bildirdikdə “yaxşı” deyib çəkilişə başlamışlar. Çəkiliş zaman qollarından tutub cibindəkiləri çıxartmağa başladıqda sol cibindən qara sellofan çıxardıb masanın üzərinə qoymuşlar. Sonra həmin bükülünü bıçaqla kəsib sellofanda nə olduğuna baxacaqlarını bildirmiş, o, da sakitcə qalmışdır. Bükülüdə nə olduğunu ondan soruşduqda sellofan bükümün onun olmadığını bildirmişdir. Onun gödəkçəsi yuxarıda olmuş, iki dəfə onu rəisin otağına aparıb-gətirmişlər, sonra qolundan qandalı açıb bir qolunu tutub gödəkçəni geyindirib sonra yenidən əllərini qandallayıb çəkilişə aparmışlar. Videonun sonunda ona söz verilmiş, orada hazırkı məhkəmə iclasında danışdığı kimi danışmış və narkotik vasitə ona aiddirsə onun ekspertizaya göndərilməsini və əl izlərinin aşkar edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ilə ziddiyəti olmamış, gödəkçəsini əyninə zorla geyindirmişlər. Gödəkçəsi geyindirilərkən onun cibində başqa bir predmetin olacağını bilmişdir. Belə ki, mobil telefonunu dükanda istədiklərindən polislərə vermiş, cibində siqaretin, yandıranın olduğunu, digər cibində yalnız cib dəsmalının olduğunu bilmiş, lakin həmin vaxt cibində ağırlıq olduğunu hiss etmiş, cibini yoxlamaq istəyərkən əlindən tutub sağ qolunu geyindirmişlər və əlindən tutub çəkilişə aparmışlar.Onu Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndəyevin yanına aparmışlar. Ona qarşı fiziki zor tətbiq edilməmişdir. Onu təhqir etməmişlər. Qandallı onun əlindən gödəkçəni əyninə geyindirməmişdən qabaq açmışlar. Üzərinə baxış zamanı əlindən tutmuşlar. Çəkiliş zamanı vəkil olmuşdur. Narkotik vasitəni cibindən polis əməkdaşları çıxartmışlar. Şəxsi axtarış saat 14 radələrində keçirilmişdir. Ona aid bərbərxanada kamera olmamışdır. Məscidin qabağında kamera olmuş, onu əynində gödəkçə olmadan avtomobilə əyləşdirmələri görünə bilər. Saxlanılarkən əynində qalın yun köynək (“pulover”) olmuşdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, narkotik vasitələrlə əlaqəsinin olmaması, narkotik vasitə istifadə etməməsi və üzərində aşkar edilmiş bükümün onun üzərinə qoyulduğunu nəzərə alaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin CAB-ın -nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat RPŞ-nin rəhbərliyinə məruzə edilmiş, məlumatın yoxlanılması üçün qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən işlədiyi bərbərxanada - Neftçala şəhəri, Nizami küçəsində məscidin yaxınlığında bərbərxananın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Az sonra vəkil dəvət olunmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı gödəkçəsinin sağ cibindən heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə gödəkçəsi onda olmamışdır. Lakin bu doğru deyil, fevral ayında gödəkçəsi əynində çölə çıxmışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmiş, narkotik vasitəni onun evinə qoyulacağı ilə bağlı hədəqorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs psixi təsir göstərilməmişdir. Soonuncu 19 fevral 2024-cü il tarixdə saxlanılmışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını müəyyən etməmişdir.Təqsirləndirilən şəxs bərbərxananın içində deyil, çöldə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən əynində gödəkcə olmuş, Hüseyni bərbərxanadan çöldə saxlamışlar. Hüseyn üzərində olan narkotik vasitəni özü təqdim etməmişdir. Lakin üzərindən bir büküm narkotik vasitə çıxmışdır. Hüseyn narkotik vasitənin ona aid olmasını etiraf etməmişdir. Hüseyn çəkilişdən əvvəl də özünə xəsarət yetirəcəyini bildirdiyi üçün çəkiliş vaxtı onun qollarından tutmuşlar. Hüseynin qolundan tutma səbəbi onun özünə xəsarət yetirməsinin qarşısını almaq olmuşdur. Təqsirləndirilən şəxs Neftçala RPŞ-nin rəisinin yanına aparmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin İTB-nin polis nəfəri X4 da Şahid1 eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən çöldə tək olmuşdur. Təqsirləndirilən şəxs heç bir psixi və ya fiziki zor tətbiq olunmamışdır. Hüseyn saxlanılarkən bərbərxanada müştəri olmamışdır. Təqsirləndirilən şəxs kimin birinci yaxınlaşdığını xatırlamır, səhv etmirsə öndə Şahid1 olmuşdur. Şahid4 bərbərxananın işıqlarını söndürüb, qapısını açarla bağlamamışdır. Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində gödəkçə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin İTB-nin polis nəfəri Şahid4 da Şahid1 eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 19 fevral 2024-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 03-06; 9-11; 26-27) - 19 fevral 2024-cü il tarixli raportdan görünür ki, Neftçala rayon sakini Təqsirləndirilən şəxs saat 13:00-da Neftçala şəhəri ərazisində saxlanılaraq saat 13:10-da Neftçala RPŞ-yə gətirilmişdir. (i.v. 11 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 19 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin sol çöl yan cibindən sellofan kəsiyinə bükülmüş 01 ədəd bükülü aşkar edilmiş, həmin bükülüdə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. (i.v. 26-27) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28) -Materialların məhkəmə ekspertizasının 20 fevral 2024-cü il tarixli, 18/194 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “...Təqsirləndirilən şəxsdan...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-240,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (i.v.43-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 49-50) - Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(053)-6/20234 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v. 67-69) - məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. ( i.v. 70) - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 239,9 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Neftçala RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 88) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Neftçala RPŞ-də Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin qoyulması barədə Neftçala rayon prokurorluğuna daxil olmuş müraciət üzrə ilkin yoxlama aparılmış, hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından həmin müraciət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 125-127) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 aprel 2024-cü il tarixli, 2554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 129-130) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1399/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə PX-nin Bakı istintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda narkotik vasitə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroinin onda olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmə də heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, şəxsi axtarış başlanmamışdan əvvəl polis əməkdaşları tərəfindən cibinə narkotik vasitə qoyulduğunu bilmiş, lakin əllərini tutduqları üçün həmin narkotik vasitəni çıxarıb kənara ata bilməmişdir. Lakin cinayət işi materiallarrına əlavə edilmiş “şəxsi axtarış” keçirilməsi istintaq hərəkəti protokoluna əlavə edilmiş CD diskdə olan videoçəkilişə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əllərindən polis əməkdaşları tutsalar da, ona qarşı hər hansı kənar təsir olmamış, o, narkotik vasitə aşkar edilməmişdən əvvəl hazırkı ifadəsində göstərdiklərini danışmaq iqtidarında olduğu halda üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulması ilə bağlı hər hansı fikirlər bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər isə Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinin qarşısını almaq üçün onun qollarından tutduqlarını bildirmişlər. Çəkilişdən də göründüyü kimi polis əmədaşı tərəfindən Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxarılarkən gödəkçəsinin əynində olmadığını bildirsə də, gödəkçəsinin cibinə narkotik vasitəni kənar şəxslər tərəfindən qoyulmasını bildirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm heroin polis əməkdaşı tərəfindən götürülmüş, sonuncunun üzərinə hər hansı polis əməkdaşı və ya digər şəxs tərəfindən narkotik vasitə qoyulmamışdır. Həmçinin Təqsirləndirilən şəxs işlədiyi bərbərxananın yaxınlığında saxlanılmış, həmin vaxt soyuq ayı olduğundan Təqsirləndirilən şəxs əynində gödəkçəsi də olmuşdur. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 aprel 2024-cü il tarixli, 2554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməmiş, hər hansı şikayət etməmişdir. Hazırkı halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrini eləcə də, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisinin başqa bir dəlili isə Təqsirləndirilən şəxs işlədiyi bərbərxananın daxilində polis əməkdaşları tərəfindən saxlanılmasıdır. Məhkəmə qeyd edilən dəlilə müasibət bildirərək hesab edir ki,həm cinayət işi materiallarında, həm də məhkəmə istintaq zamanı dindirilmiş şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində daha dəqiq isə işlədiyi bərbərxananın yaxınlığında saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerin işlədiyi bərbərxananın içərisi olmasını bildirsə də bu hal cinayət işi üzrə müəyyən edilmiş halların şübhə altına alınmasına hər hansı əsas vermir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı tamamilə mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. - ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olmaması ilə bağlı göstərdiyi hissəsi isə 19 fevral 2024-cü il tarixdə üzərində saxladığı heroinin şəxsi istifadə niyyətində olmasını istisna edən şəxsi istifadə miqdarından 1600 dəfə, külli miqdarından isə 120 dəfədən çox olan 240 qram ümumi təmiz çəkidə olması, beləliklə də onun gündəlik istifadə miqdarından dəfələrlə çox miqdarda olması onun heroin satışını həyata keçirmək məqsədinə birbaşa işarə etməsindən ibarət işin faktiki halları ilə tam təkzib edilir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, vətəndaşların çox olduğu yerdə cibində saxlaması onun məhz həmin maddənin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 18/194 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 aprel 2024-cü il tarixli, 2554 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v 79) - Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2005-ci il, xx.xx.2009-cu il və xx.xx.2017-ci il təvəllüdlü olmaqla üç uşağından ibarətdir ki, uşaqlardan biri azyaşlıdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 81-87) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2554 saylı rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 239,90 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 239,90 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar