Məhkəmə qərarları › İş №1(099)-547/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-547/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-547/2022 06.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru baş ədliyyə maşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1969-cu ildə Saatlı rayonu Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2022-ci ilin mart ayının əvvəlində yaşadığı Saatlı rayonu Mollavaizli kəndindəki evinin həyətyanı sahəsindəki 08x24 metr ölçülü istixanada tərəvəz bitkilərinin arasında qanunsuz olaraq torpağa əkmiş, 21 aprel 2022-ci il tarixədək müddət ərzində orada böyüyən 30 ədəd çətənə (kannabis) şitilini mütəmadi olaraq suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə külli miqdarda kultivasiya etmiş, həmin ünvanda 21 aprel 2022-ci il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları 30 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2022-ci ilin mart ayının əvvəllərində özündə olan 35 ədəd “nəşə” tumlarını yaşadığı evinin həyətindəki istixanada pomidor və xiyar bitkilərinin arasında torpağa əkmiş, əkdiyi toxumlardan 30 ədədi bitmiş və o, həmin 30 ədəd bitkinin diblərini yumşaldıb su verməklə onlara qulluq etmişdir. 21 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək onun razılığı əsasında hal şahidlərinin iştirakları ilə onun həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zaman həyətyanı sahədə yerləşən istixanada əkib-becərdiyi 30 ədəd nəşə kolları aşkar edilər torpaqdan çıxarılıb qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O həmin çətənə toxumlarını özü istifadə etmək üçün əkib becərmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, o sonuncu dəfə 2010-cu ildə Rusiya Federasiyasında narkotik vasitələrin satışı ilə əlaqədar olaraq 10 il müddətə azadlıqdan məhrum edilmişdir. Cəzasını Rusiya ərazisində çəkib qurtarmışdır. Etdiyi əməldən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə Saatlı rayonu Mollavaizli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar polis əməkdaşları, hal şahidləri və aqranomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək, onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindəki istixanada tərəvəz bitkilərinin arasında 30 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmiş, həmin 30 ədəd bitkilər torpaqdan çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Baxış videoçəkilişlə aparılmışdır. Dindirilmiş şahidlər Şahid4, Şahid6 və Şahid1 Şahid3 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan, ona əlavə olan fotocədvəllərdən ki, Saatlı rayonu Mollavaizli kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanada əkilmiş tərəvəz bitkilərinin arasında qanunsuz olaraq əkib-yetişdirdiyi 30 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstixanaya baxış zamanı videoçəkilişdən istifadə edilmiş və baxışın aparılması əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan mütəxəssis (aqranom) rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən istixanadan aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 aprel 2022-ci il tarixli 18/452 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində istixanadan...” sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 30 (otuz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -2500qram(2,5 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olumuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər.Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 2500 qram, cəmi tədqiqata sərf edildikdən sonra qalıq -2499,40qram. İşdə olan ibtidai istintaq orqanının 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, qalıq çəkisi 2499,40qram olan 30 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İşdə olan Saatlı rayon məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Saatlı rayon Polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 hazırki iş üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 21 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1969-cu ildə Saatlı rayonu Mollavaizli kəndində doğulmuşdur. Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Himayəsində 05 may 2021-ci il təvəllüdlü oğlu Fərhad vardır. İşdə olan Saatlı rayon məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən həbs müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvəllər bir neçə dəfə Azəarbaycan Respublikası və Rusiya Federasiyası ərazisində məhkum olunmuşdur. O sonuncu dəfə Rusiya Federasiyası Kaluqa rayon Məhkəməsinin 13 avqust 2010-cu il tarixli hökmünə əsasən CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.2-ci maddəsinin 2-ci hissəsinin “A,B” bəndləri, 30-cu maddəsinin 1-ci hissəsi, 228.1-ci maddəsinin 3-cü hissəsinin “Q” bəndi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun bu məhkumluğu barədə olan hökm Azərbaycan Respublikası ərazisində tanınmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş Azərbaycan Respublikası ərazisində etdiyi cinayətlər üzrə məhkumluqları ödənilmiş və o sonuncu dəfə Rusiya Federasiyası Kaluqa rayon Məhkəməsinin 13 avqust 2010-cu il tarixli hökmünə əsasən CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.2-ci maddəsinin 2-ci hissəsinin “A,B” bəndləri, 30-cu maddəsinin 1-ci hissəsi, 228.1-ci maddəsinin 3-cü hissəsinin “Q”bəndi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Onun bu məhkumluğu barədə olan hökm Azərbaycan Respublikası ərazisində tanınmamışdır. Ona görə də bu hal hökmlə əlaqədar bütün düquqi nəticələri aradan qaldırır cə bu səbəbdən o məhkumluğu olmayan şəxs hesab edilir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən hallar onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan orta həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində 62 və ya 70-ci maddələrin tətbiqinə əsas görmür. Məhkəmə hesab edir ki, CM-in 56.1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31,95 manat Təqsirləndirilən şəxs alnmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31,95 manat Təqsirləndirilən şəxs alınmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar