Məhkəmə qərarları › İş №1(099)-548/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-548/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-548/2025 19.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 24 mart 2025-ci il tarixdə saat 15:30 radələrində istifadəsində olan «VAZ-21104» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Ağcabədi rayonu Arasbar kəndindən Yuxarı Qiyamadınlı kəndi istiqamətində yaşayış məntəqələri daxilindən keçən, sürət həddi saatda 60 kilometrədək məhdudlaşdırılmış avtomobil yolu ilə hərəkətdə olduğu zaman Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yaşayış məntəqələri daxilində avtomobili saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli və bunlara riyayət edərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun tələblərinə əməl etmyərək avtomobili saatda 60 kilometrdən çox olmaqla yüksək sürətlə idarə etməklə qarşısında eyni istiqamətdə hərəkətdə olan digər avtomobili ötmə əməliyyatı edərək keçərkən əks hərəkət zolağında öz yolu ilə hərəkətdə olan Şahid1 idarə etdiyi E-28 markalı, 04-T-618 dövlət qeydiyyat nişanlı traktorla toqquşmuş, ehtiyyatsızlığı üzəndən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş doğma qardaşı X1 qanitirmə ilə müşayiət olunmaqla boyunun sağ yuxarı hissəsində çənəaltı nahiyədə arteriya və venaların zədələnməsi, sağ bazı sümüyünün qapalı qəlpəli sınığı, boyunun sağ yuxarı hissəsində çənəaltı nahiyədə əzilmiş-cırılmış yara və sağ əlin 1ci barmağında əzilmiş yara xəsarətləri alaraq ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus «VAZ-21104» markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşını sürücülük hüququ olmadan idarə edir. 24 mart 2025-ci il tarixdə saat 15 radələrində qardaşı Teymur Daşdəmirovun qan təzyiqi qalxdığından onu idarə etdiyi avtomaşınla yaşadıqları Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndindən Hindarx qəsəbəsində yerləşən xəstəxanaya aparmışdır. Həkim tərəfindən qardaşına tibbi yardım göstərilmiş, sonra isə idarə etdiyi həmin avtomaşınla yaşadıqları Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndinə yola düşmüşlər. Qardaşı Teymur qabaq sərnişin oturacağında əyləşmişdir. Yuxarı Qiyamadınlı kəndi ərazisində qarşıda aşağı sürətlə hərəkətdə olan «Niva» markalı avtomobili ötüb keçmək üçün avtomobilin sürətini artırmış və ötmə əməliyyatına başlamışdır. Ötmə əməliyyatını başa çatdırmamış qarşıdan öz yolu ilə əks istiqamətdə gələn T-28 markalı toraktorla toqquşmuşdur. Hadisə nəticəsində qardaşı Teymur aldığı xəsarətlərdən ölmüşdür. Qardaşının hüquqi varisi, yəni həyat yoldaşı X6 ilə barışmış və dəymiş ziyanı ödəmişdir. Əməlindən peşimandır. Məhkəmədən hadisə nəticəsində doğma qardaşının ölməsini nəzərə almağı xahiş edir. Belə ki, qardaşının ailəsinə də o baxmalıdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış X6 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində əri Teymur Daşdəmirov evdə olduğu zaman qan təzyiqinin qalxdığını bildirmiş və qardaşı Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə birlikdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən xəstəxanaya getmişlər. Həmin gün saat 16 radələrində əri Teymurun mobil telefonuna zəng etmiş, lakin cavab verməmişdir. Sonra qayını Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, lakin o da cavab verməmişdir. Naharatlıq keçirməklə yola çıxdıqda insanların topa halda kəndin aşağısına tərəf getdiklərini görmüşdür. Onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda əri ilə qayını Təqsirləndirilən şəxs avtoqəzaya düşdüklərini, nəticədə əri Teymurun xəsarətlər almasını bildmişdir. Təxminən yarım saat sonra həyat yoldaşı Teymurun baş vermiş yol-nəqliyyat hadisəsi zamanı öldüyünü öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində yaşayır. X15 məxsus “T-28” markalı taktoru arabir kənd arası sürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində həmin traktoru yaşadığı Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndinbdə yerləşən fərdi yaşayış evinin həyətindən götürüb üzü Ağcabədi rayonu Arasbarlı kəndinə ot almaq üçün getmiş və həmin zaman hərəkət etdiyi kənd yolunda sürətim təxminən 10 km/saat olmuşdur. X8 kəndində yerləşən şəhid bulağınını yanına çatarkən, yəni Arasbarlı kəndi ilə Yuxarı Qiyamadınlı kəndinin kəsişməsinə çatdıqda qəflətən «VAZ 21104» markalı avtomobilin öz yolu ilə hərəkət edən xatırlamadığı nəqliyyat vasitəsini ötərək üzərinə gəldiyini görmüş, həmin zaman həmin nəqliyyat vasitəsi ilə arasındakı məsafə təxminən 25-30 metr olmuşdur. Ardınca o, həyəcanlanıb özünü itirdiyimdən yalnız traktorub əyləcinə basıb dayandırmış, lakin həmin nəqliyyat vasitəsi sürətli olduğu üçün tormoz versə də, avtomobili saxlaya bilməyib idarə etdiyi traktorla toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Traktordan aşağı enib «VAZ 21104» markalı avtomobilə baxdıqda həmin avtomibli idarə edən şəxsin həmkəndlisu Səyavuş, onu yanında isə sərnişin qismində olan şəxsin isə sonuncunu qardaşı Teymur olduğunu və sonuncunun aldığı xəsarətlərdən huşsuz vəziyyətdə olduğunu görmüşdür. Daha sonra kənd camaatının köməkliyi ilə həmin şəxsləri rayon mərkəzi xəstəxanasına aparmışlar. Sonra polis əməkdaşlarının yol-nəqliyyat hadisəsi yerinə gəldiklərini öyrənmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 24 mart 2025-ci il tarixli protokolundan və protokola əlavə edilmiş hadisə yerinin sxemindən görünür ki, yolnəqliyyat hadisəsi Ağcabədi rayonu Yuxarı Qıyamadınlı kəndi ərazisindən keçən yolda baş vermişdir. Hadisə nəticəsində “VAZ-21104 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə T-28 markalı, 04-T-618 dövlət qeydiyyat nişanlı traktor toqquşmuşlar. Toqquşma T-28 markalı traktorun hərəkət zolağında baş vermişdir. «VAZ-21104» markalı avtomobilin hadisə yerində tormoz izi 21 metrdir. Hadisə zamanı “VAZ-21104” minik markal avtomobil Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndi istiqamətində, “T-28” markalı, 04-T- 618 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Ağcabədi rayonu Arasbar kəndi istiqamətində hərəkətdə olmuşdur. “VAZ-21104 markalı” avtomobilin sürücünün hərəkəti üçün təhlükə hərəkətdə olarkən qarşısındakı avtomobili ötmə əməliyyatına başladığı andan yaranmış və həmin andan yol-nəqliyyat hadisəsi baş vermiş yerə kimi məsafə 24 metr olmuşdur. Toqquşmadan sonra T-28 markalı, 04-T-618 dövlət qeydiyyat nömrə nişanlı traktor yolun sağ kənarında, öz hərəkət hissəsində (Arasbar kəndi istiqamətində), “VAZ-21104» markalı avtomobil əks istiqamətdə, yəni T-28 markalı nəqliyyat vasitəsinin qarşısında dayanmışdır. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 17 iyun 2025-ci il tarixli, 8/1130 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hadisənin baş vermə şəraitində «VAZ 21104» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzıuq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yaşayış məntəqələri daxilində avtomobili saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə T-28 markalı, 04-T-618 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə-tibb ekspertinin 15 aprel 2025-ci il tarixli, 36 nömrəli rəyində göstərilmişdir ki, məruhm X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitində kəskin qanitirmə, boyunun sağ yuxarı hissəsində çənəaltı nahiyədə arteriya və venaların zədələnməsi, sağ bazu sümüyünün qapalı, qəlpəli sınığı,boyunun sağ yuxarı hissəsində çənəaltı nahiyədə əzilmiş-cırılmış yara, sağ əlin 1-ci barmağında əzilmiş yara xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyati olmaqla X4 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24 mart 2025-ci il tarixdə hərəkətdə olan avtomobillə traktorun toqquşması nəticəsində avtomobilin salonunun içərisindəki hissələrə çırpılma nəticəsində əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlər ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X4 ölümünə səbəb bədənin küt travması nəticəsində törənmiş kəskin qanitimə olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X4 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 1-2 saat əvvəl, yəni 24 mart 2025-ci il tarixdə baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertinin 02 aprel 2025-ci il tarixli, 160 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-alının sağ yarısında və sağ üst göz qapağında əzilmiş yaralar, sağ əlində sıyrıqlar-küt əşyanın təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində avtomobillə traktorun toqquşması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Ağcabədi Rayon Qeydiyyat İmtahan və X14 xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd sakini Təqsirləndirilən şəxs adına BDYP-nin X5 sürücülük vəsiqəsi qeydə alınmamışdır. Cinayət işinə əlavə edilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon MX-da ruhi-əsəb və narkoloji dispanser qeydiyyatda durmur. Məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2025-ci il tarixli, 1629 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 10 oktyabr 2025-cü il tarixli, 733 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. X9 Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı olaraq məhkəməyə gələ bilməyəcəyini göstərmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 aprel 2025-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2005 və 2009-cu illərdə doğulmuş uşaqları vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində eyhtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsinin baş verməsinə və nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən qardaşı X4 bədən xəsarətləri alaraq ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi hadisə yerindən xəstəxanaya aparmaqla tibbi yardım göstərilməsini təşkil edərək onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etməsini CM-in 59.1.11-ci, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.11- 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi səkkiz il müəyyən edildiyindən, ona təyin olunan cəzanın müddəti altı ildən çox ola bilməz. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən humanizm prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, sürücü olaraq ehtiyyatsızlığı üzündən yol-nəqliyyat hadisəsinin baş verməsini, şəxsiyyətini, ilk məhkumluğunu, ailəli olmasını, yaşayış yerindən müsbət səciyyələnməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdırıcı halların olmamasını, eyhtiyatsızlığı üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində doğma qardaşının ölməsini, hadisə nəticəsində qardaşının ölümü ilə özünə böyük mənəvi zərər dəyməsini, ölmüş qardaşının ailəsinə ömürlük baxmalı, maddi təminatını ödəməli olmasını, səmimi peşimançılığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, hüquqi varisin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona təyin edilən cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq cəzanın şərti olaraq tədbiq edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan «VAZ 21104 minik» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilməlidir. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tədbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən olunsun, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan «VAZ 21104 minik» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilsin. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar