Məhkəmə qərarları › İş №1(099)-550/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-550/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-550/2022 09.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əflədin oğlunun iştirakları ilə xx xxxxx 1996-cı ildə Ağcabədi rayonu, Laçın obaları yaşayış massivi, Fingə obasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayon Fingə kəndində pasport qeydiyyatda olan və Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivi Fingə obasında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.3-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə, saat 08:00 radələrində Ağcabədi rayonu, Taxtakröpü ərazisi, Laçın obaları yaşayış massivi, Fingə obasında yerləşən fermasının həyatyanı sahəsində dırmıq ailəti ilə iş görən zaman anası Şahid4 ilə qonşuluqda yaşayan qohumları Şahid3 və X3 arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəyə sonradan Samirə İsmayılovanın həyat yoldaşı, yəni əmisi Zərərçəkmiş şəxs qoşularaq anası Şahid4 təhqir etməsi, daha sonra isə birlikdə sonuncu ilə dalaşmalarını görüb, anasını müdafiə etmək məqsədi ilə həmin münaqişəyə qoşulub Zərərçəkmiş şəxsla dalaşarkən orada olan sonuncunun həyat yoldaşı Samirə İsmayılovanın gözü qarşısında, ona xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla əlindəki dırmıq alətin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vuraraq, yetirilmə anında insan həyatı və sağlamlığı üçün təhlükəli olan açıq beyin travması, təpə gicgah, almacıq sümüklərinin çox qəlpəli sınıqları, baş beynin əzilməsi kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, nəticədə bu əməllər xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı yerdə, yəni Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə ehtiyatszlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və CPM-in 20-ci maddəsinə əsasən ifadə verməkdən imtina etdiyindən onun ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı evin həyətində dırmıqla torpaq sahəsində iş görərkən, əmisi arvadı Səməngül həyətlərinin arasına çəkdiyi çəpərlə əlaqəli onun anası Çiçəklə mübahisə edib ona qarşı nalayiq ifadələr işlətmiş, anası isə buna iradını bildirərək Səməngülün həyətyanı sahəsinə keçmiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt digər əmisi arvadı Samirə qəfildən anasının saçından tutub yerə yıxmışdır. Əmisi Barat öz evindən olanları seyr edərək qadınların mübahisəsinə qarışmasa da, digər əmisi Əşrəf isə öz həyat yoldaşının tərəfini saxlayıb, anasının ünvanına nalayiq ifadələr işlədərək əlində olan lapatka (bel) ilə onlara tərəf getmişdir. O, ilk öncə elə zənn etmişdir ki, əmisi Zərərçəkmiş şəxs qadınları aralayıb onları sakitləşdirmək məqsədi ilə onlara tərəf gedir. Lakin Zərərçəkmiş şəxs həyat yoldaşını müdafi edib Şahid4 itələmiş, habelə əlindəki lapatkanın dəmir hissəsinin enli tərəfi ilə sonuncunun kürək nahiyəsinə bir zərbə vurmuşdur. O, anasının döyüldüyünü və nalayiq sözlərlə təhqir edildiyini görüb öz hisslərini cilovlaya bilməyib əsəbləşmiş, anasını müdafiə etmək və onların əlindən almaq üçün iş gördüyü dırmıq aləti ilə birlikdə çəpəri aşaraq mübahisə baş verən tərəfə qaçmışdır. Onlara çatıb dalaşanları aralamaq istəyən zaman əmisi Zərərçəkmiş şəxs onun dalaşmağa gəldiyini zənn edib onu itələyib əlindəki “lopatka” ilə vurmağa çalışmışdır. Hadisələr çox sürətli inkişaf etdiyindən qəfildən onlar qarşılıqlı əlbəyaxa olmuş, anasını qorumaq məqsədi ilə əlində olan dırmıq alətini havada fırlatmış və bu zaman bilməyərəkdən dırmıqla əmisi Zərərçəkmiş şəxs bir zərbə vurmuş, lakin dırmığın sonuncunun bədəninin hansı nahiyəsinə dəyməsini, habelə dırmıqının hansı hissəsinin dəyməsini görməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs cəmi bir zərbə vurmuş, başqa hər hansı zərbə vurmamışdır. Bu zərbədən sonra Zərərçəkmiş şəxs yerə yıxılmış, səs küyə gələn Müstəcəf Ələsgərov, Şahid10 və Şahid9 onları aralaşdıraraq sakitləşdirmiş, habelə yerə yıxılan Əşərf İsmayılova kömək etməyə çalışmışlar. Hadisə zamanı dırmıqla Zərərçəkmiş şəxs hansı nahiyəsinə vurduğunu xatırlamasa da, sonradan anası Şahid4 ona Əşrəfi İsmayılovun başın nahiyəsindən vurduğunu demişdir. Qonşular onları aralayıb sakitləşdirdikdən sonra o, Zərərçəkmiş şəxs başının qanadığını görmüş, bir qədər sonra Samirə İsmayılova həyat yoldaşı Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün qonşuluqda yaşayan Şahid7 avtomobili ilə Ağcabədi rayon Mərkəzi xəstəxanasına aparmışdır. Bundan sonra o, atası Şahid5 və digər ailə üzvləri ilə birlikdə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gedib Zərərçəkmiş şəxs səhəti ilə maraqlanmış, atası Şahid5 qardaşı Zərərçəkmiş şəxs sağalması üçün əlindən gələni etməyə çalışmış, o, da hər gün sonuncunun vəziyyəti ilə maraqlanmışdır. O, etdiyi əməldən həm çox peşman olmuş, həm də atasıgilin üzünə baxa bilməmiş, bu əməlinə görə atası Şahid5 onu danlamışdır. Şahid5 hər gün xəstəxanada olmuş, Əşrəfə lazım olan bütün dərman ləvazimatlarını özü almışdır. Keçən müddət ərzində göstərilən tibbi yardımın heç bir nəticəsi olmamış, əmisi Zərərçəkmiş şəxs aldığı xəsarətdən 26 aprel 2022-ci il tarixdə saat 16 radələrində xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsi elan edildikdən sonra o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin düz olduğunu, həmin ifadəsini təsdiq etdiyini, etdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan ediməklə tədqiq edilmiş ibtidai istintaq zamanıifadəsindən başqa, dindirilmiş zərərçəkmiş çəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə edilmiş maddi sübut, sənədlər və işin faktiki halları ilə ona aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə səhər vaxtı əri Zərərçəkmiş şəxs fermada olan heyvanları otarmağa aparmış o isə paltar yumaq üçün qaynı Şahid1 evinə getmişdir. Həmin vaxt Baratın arvadı Səməngül Şahid4 görüb həyətlərinin aralarında çəkilmiş çəpərə görə mübahisə etmişlər. Həmin vaxt Çiçək Səməngülü nalayiq sözlərlə təhqir etmiş və əlindəki lopatka (bellə) ilə onun ayağına bir zərbə vurmuşdur. Bundan sonra Səməngül Çiçəyin saçından tutub yerə yıxmış və onlar dalaşmağa başlamışlar. O Baratla onları aralaşdırmaq istəyən zaman onun əri Zərərçəkmiş şəxs bu vəziyyəti görüb, ay bala nədi nolub deyərək onun yanına gəlmişdir. Elə bu vaxt bir qədər aralıda olan Təqsirləndirilən şəxs çəpərdən keçərək qaça-qaça onlara tərəf gəlmiş, əri Əşrəflə əlbəyaxa olmuş və əlindəki dırmıqla Əşrəfin baş nahiyəsinə bir zərbə vurmuş, zərbədən o yerə yıxılmışdır. O tez ərinin yanına gedib, onun başını qucaqlamış, onun başından qan axdığını görmüşdür. Həmin vaxt səs-küyə Baratın oğlu Gəray, qonşuluqda yaşayan Müstəcəb, Qorxmaz və Qələndər gələrək onları sakitləşdirdikdən sonra Əşrəfi qonşuluqda yaşayan Elnurun idarə etdiyi avtomobillə Ağcabədi Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada onu müalicə etsələr də əri aldığı xəsarətdən 26 aprel 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. O ifadəsində daha sonra göstərmişdir ki, Bahadur onun qohumudur. Ərinə xəstəxanada yardım etmişlər. O Bahadurla barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid2 zərərçəkmiş şəxsin hüquqqi varisi Samirə İsmayılova ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 08 radələrində öz evlərinin həyətində işləyərkən qaynı arvadı Şahid3 onu görüb həyətlərinin arasına çəkilən çəpərin onların gediş-gəlişlərinə mane olduğunu bildirib, çəpərin sökülməsini tələb etmişdir. O, isə çəpəri heyvanların sahələrinə girməsinin qarşısını almaq üçün çəkdiklərini bildirdikdə aralarında mübahisə yaranmış, Səməngül onun ünvanına nalayiq sözlər demiş, o da cavab vermiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Səməngüllə Samirə onun saçından tutub yerə yıxmışlar. Oraya gələn qaynı Əşrəf də ona nalayiq sözlər deyib, əlindəki bellə onun kürək nahiyəsinə bir zərbə vurmuşdur. Oğlu Bahadur bunu görüb, onlara yaxınlaşıb aralaşdırmaq istəmiş, Əşrəf isə Bahaduru itələyib əlindəki bellə onu vurmağa çalışmış, oğlu Bahadur isə əlindəki dırmıqla Əşrəfin baş nahiyəsinə bir dəfə zərbə vurmuş, Əşrəf yerə yıxılmışdır. Həmin vaxt Baratın oğlu Gəray, qonşuları Müstəcəf, Qorxmaz və Qələndər hadisə yerinə gəlmişlər. Sonra da Elnurun idarə etdiyi avtomobillə Əşrəfi Ağcabədi rayon xəstəxanasına aparmışlar. O 26 aprel 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Onlar qohumdurlar. Hazırda barışmışlar. Dindirilmiş Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan vaxt həyətdə qadınların qışqırıq səsini eşidib, çölə çıxmış, qonşuluqda yaşayan Şahid1 həyətinə daxil olduqda Əşrəfin üzü-başı qan içində huşsuz vəziyyətdə Samirənin qucağında uzanmış vəziyyətdə, Bahadurun isə kənarda dayandığını görmüşdür. Sonra da Əşrəfi onun idarə etdiyi “Mercedes” markalı avtomobillə Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışlar. Əşrəfin aldığı xəsarətdən 26 aprel 2022-ci il tarixdə xəstəxanada öldüyünü bilmişdir. X5 dalaşdıqlarını, Bahadurun dırmıqla Əşrəfin baş nahiyəsinə bir dəfə zərbə vurmasını eşitmişdir. Dindirilmiş şahidlər Şahid8 və Şahid9 Şahid7 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid5 Təqsirləndirilən şəxs atası olmaqla ifadə verməkdən imtina etdiyindən onun ibtidai isintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 həmin ifadəsində 20 aprel 2022-ci il tarixdə səhər oğlu Cöşqunla birlikdə sahədən evinə qayıdarkən qardaşı Əşrəflə oğlu Bahadur arasında dalaşma olduğunu, həmin vaxt oğlunun əlindəki dırmıqla Əşrəfi vurduğunu və onu xəstəxanaya aprıldığını bilib xəstəxanaya getdiyini və orada qardaşının müalicəsinə köməklik etdiyini, onun müalicə olunmasına baxmayaraq 26 aprel 2022-ci il tarixdə xəstəxanada öldüyünü bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 20 may 2022-ci il tarixli 19 nörməli rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş başın sol təpə-gicgah nahyəsində əzilmiş yara,başın örtük yumşaq toxumalarına altına qansızma,başın sol təpə,sol gicgah, kəllə əsası və sol almacıq sümüklərinin sınıqları,baş beyinin sol və sağ yarımkürələri üzərinə və altına qansızmalar,sol gözün üst və alt göz qapaqlarında qançır xəsarətləri küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən dırmıqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyati olmaqla mərhumun ölümündən bir müddət əvvəl, yəni 20 aprel 2022-ci il tarixdə yetirilmişdir, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümünün səbəbi ilə bir başa səbəbili əlaqədədirlər.Zərərçəkmiş şəxs ölümünə səbəb başın əzilmiş yarası nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları olmuşdur.Zərərçəkmiş şəxs bədənində olan bütün xəsarətlər küt alətlə yetirilmiş bir güclü zərbənin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun ayaqüstə olduğu vəziyyətdir.Zərərçəkmiş şəxs adına Ağcabədi rayon mərkəzi xəstəxanasında tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, Zərərçəkmiş şəxs ölümü 26 aprel 2022-ci il tarixdə saat 16:30 dəqiqədə baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilməmişdir (1516/K saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-kimyəvi tədqiqat aktı). Məhkəmədə tədqiq edilmiş həkim işinə dair məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli 349/KEŞ nörməli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “Təpə sümüyünün açıq kompression sınığı, beyin əzilməsi, kəllə daxili qanaxma, travmatik şok” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Aparılmış müalicələr diaqnoza uyğun olmuşdur.Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Başın əzilmiş yarası nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə Zərərçəkmiş şəxs göstərilmiş ixtisaslı tibbi yardımlar Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasın 11 iyun 2022-ci il tarixli 378/129 nörməli rəyiində göstərilmişdir ki,Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davraniş pozuntusu ilə xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) f70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlqalıolmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İşdə olan Laçın Rayon Polis Şöbəsinin 05 may 2022-ci il tarixli 152-1748-1222 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs ailəsi daxilində və qonşuları ilə mübahisəsi olmamış, münaqişəli ailə kimi qeydiyyata götürülməmişdir. İşdə olan Laçın rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 07 may 2022-ci il tarixli 159 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Laçın Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinə hər hansı xəstəliklə bağlı müraciət etməmiş, narkoloji və psixiatrik kabinetində dispanser qeydiyyatında olmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2022-ci il tarixli 593 saylı məktubuna əsasən xx.xx.1196-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 № əmri ilə təsdiq olunmuş “xəstəlik cədvəlinin” İ qrafasının 20-ci maddəsinin “b” bəndinə əsasən “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmışdır. İşdə olan ibtidai istintaq orqanının 14 may 2022-ci il tarixli qərarından görünür ki, əhəmiyyət kəsb etdiyindən 1 ədəd məişət dırmığı maddi sübut kimi tanınmaqla saxlanmasıüçün Laçın Rayon Prokurorluğunda təhvil verilməsi qərara alınmışdır. Məhkəmə cinayətin motivi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkəti Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olan hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2012-ci il tarixli 3 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarının 3-cü bəndində göstərəlir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası( məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyii əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1996-cı ildə Ağcabədi rayonu, Laçın obaları yaşayış massivi, Fingə obasında anadan olmuş, Laçın rayon Fingə kəndində pasport qeydiyyatda olan və Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivi Fingə obasında yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyələndirilir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Samirə İsmayılova ilə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. CM-in 60-cı maddəsinin tələbinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10–59.1-13-cu maddələrinin hər hansı birində nəzərdə tututlmuş bütün hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 126.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddinin dörddə üçü həddində (yəni 9 il müddətə) azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Laçın Rayon Prokurorluğunda saxlanılan bir ədəd məişət dırmığı məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 346, 351-353,356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilini 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 26 aprel 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Laçın Rayon Prokurorluğunda saxlanılan bir ədəd məişət dırmığı məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar