Məhkəmə qərarları › İş №1(099)-551/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-551/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-551/2022 26.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Hüseynov Nahid Nəsir oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1993-cü ildə Saatlı rayonu Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Saatlı rayonu Mustafabəyli kəndində 2022-ci ilin aprel ayının ortalarında həyətyanı sahəsində, yaşadığı evin arxa hissəsində xüsusi hazırladığı uzunluğu 10 metr, eni 5 metr ərazidə qanunsuz olaraq torpağa əkmiş, 12 may 2022-ci il tarixədək müddət ərzində orada böyüyən 17 ədəd çətənə (kannabis) şitilini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə külli miqdarda kultivasiya etmiş, 12 may 2022-ci il tarixdə saat 12 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları həmin 17 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında Saatlı rayonun ərazisindən keçən Araz çayının kənarında içərisində 17 ədəd çətənə bitkilərinin toxumu olan selofan torba tapmış, həmin bitkiləri yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinə gətirmiş və həyətində torpağa əkmiş, onları suvarıb peyin verib diblərini yumşaltmaqla qulluq etmişdir. Həmin bitiklər təxminən 5-10 metr hündürlüyündə olmuşdur. 12 may 2022-ci ildə saat 12 radələrində polis əməkdaşları tərəfindən özünün razılığ ilə evin həyətinə baxış keçirilmiş, həyətdə əkib becərdiyi 17 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Marixuanadan istifadə etdiyindən çətənə bitkilərini özü üçün əkmişdir. Bu barədə ailə üzvlərinin xəbəri olmamışdır. Heç kimə narkotik satmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayonu Mustafabəyli kənd bələdiyyəsinin sədri Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə saat 12 radələrində həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə polis əməkdaşları tərəfindən keirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Əfqan baxışın keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki həyətyanı sahəsində olan torpağa əkdiyi orta hesabla 0,05-0,10 metr boy atmış ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı Əfqan səmimi olaraq həmin 17 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Məlum olmuşdur ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılmışdır. Baxış zamanı aşkar edilmiş 17 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər polis əməkdaşları tərəfindən əkildiyi torpaqdan çıxarılaraq bir ədəd parça kisədə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nın əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs həyatyanı sahəsində narkotki tərkibli çətənə bitkilərini əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 may 2022-ci il tarixdə digər polis əməkdaşları ilə birlikdə həmin ünvna yollanmışlar. Əfqanın öz razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş, həyətdə onun əkib becərdiyi 17 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Əfqan həmin bitikləri öz istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 12 may 2022-ci il tarixli 18/528 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 17 ədəd...” sözləri yazılmış və imzalar olan parça kisənin içərisindəki 17 ədəd yaş vəziyyətdə ümumi çəkiləri – 520 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi – 520 qram, tədqiqata sərf edildi – 0,85 qram (hər obyektdən – 0,05 qram) qalıq-519,15 qram. Mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş 17 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli 4125 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 12 may 2022-ci il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki torpaq sahəsində qanunsuz olaraq əkib-yetişdirdiyi 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. 12 may 2022-ci il tarixli qərarla 519,15 qram olan 17 ədəd çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, şahid ifadələrini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokllarını və məhkəmədə tədqiq edilmiş digər sübutları işin obyektiv hallarına uyğun gəldiyindən təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 12 may 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 13 may 2022-ci il tarixdə CM-in 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 16 may 2022-ci il tarixli 216 saylı ailə tərkibli arayışdan və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Həzrət və xx.xx.2019-cu il təvəllüdlü Aytac adında azyaşlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumatına əsasən “Uşaq autizmi, Karner sindromu” kimi xəstəlikdən əziyyət çəkir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, habelə CM-nin 59.2-ci maddəsinə əsasən himayəsindən olan övladı Həzrət Qəhramanlının “uşaq autizmi” xəstəliyinə düçar olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 237.2.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç idən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Saatlı RPŞ-də saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Saatlı RPŞ-də saxlanılan 17 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar