Məhkəmə qərarları › İş №1(099)-554/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-554/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-554/2022 23.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmiov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 27 avqust 1983-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ACDİÜ AR məhkəməsinin 25 iyul 2008-ci il tarixli hökmünə əsasən CM-in 234.4.1,234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 213-1.2.1, 213-1.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak midarından artıq 4,681 qram çəkidə narkotik vasitə heroini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib üzərində saxlamaqla qanunsuz olaraq Masallı rayonu, Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə saat 01:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 02:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi olmadan şəxsi istehlakından artıq miqdar təşkil edən qanunsuz olaraq əldə edib əynindəki gödəkçənin sağ yan cibində saxlamaqla daşıdığı 1 ədəd bükümdə 4,681 qram çəkidə narkotik vasitə heroin və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Azərbaycan və İran İslam Respublikasından olan şəxslərlə külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan siqaretləri belə marka olmadan satış məqsədi ilə əldə edib saxlama və satma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 47645,00 manat dəyərində 733 ədəd blokda 7330 qutu siqareti əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Yardımlı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə qrupun digər üzvünə məlumat vermiş, həmin şəxs siqaretləri qeyd edilən ünvandan götürərək Yardımlı rayonun çıxışında Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin siqaretləri əldə edərək Bakı şəhərində topdan satışının həyata keçirilməsi məqsədi ilə qrupun digər üzvlərinə vermək üçün özünə məxsus “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Masallı rayonu, Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 02:50-də idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan üzərində X6 Fine Tobaccos sözləri qeyd edilmiş 733 ədəd blokda, ümumilikdə 7330 qutu halında “Marlboro” markalı filtirli siqaretlər belə marka olmadan aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, narkotik vasitə heroindən istifadə edirmiş. Bəzən isə heroin tapmadıqda metadon dərman preparatlarından istifadə etmişdir. Narkotik vasitələri əsasən Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alaraq istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərində Kamran adlı şəxsdən şəxsi istifadəsi üçün Kamrana 150 manat verərək almışdır. Heroini və həbləri Vatsap vasitəsi ilə bilmədiyi telefon nömrəsi ilə əlaqə saxlayaraq Kamrandan almışdır. Kamranı yaxından tanımır. Onunla Hövsan qəsəbəsində tanış olmuşdur. İdarə etdiyi avtomobildən aşkar edilmiş siqaret qutularını ona isə İranlı Xudiş adlı şəxsə məxsusdur. Təxminən bir ay olar ki, onunla İnstagramda tanış olmuşdur. Sonra da Xudiş vootçapla onunla əlaqə saxlayaraq ona adamları vasitəsi ilə İrandan Yardımlı rayonuna Marlboro siqaretlərini keçirib və həmin malboro siqaretlərini götürərək Bakı şəhərində onun dediyi şəxslərə verərək əvəzində pul ala biləcəyini demişdir. Əvvəlcə Xudişin təklifi ilə razılaşmasa da, sonradan maddi vəziyyətnin pis olmasına görə onun təklifi ilə razılaşmışdır. Razılaşmaya əsasən Xudiş siqaretləri öz adamları vasitəsi ilə İrandan Yardımlı rayonuna keçirməli, oradan başqa bir şəxs həmin siqaretləri götürərək Yardımlı rayonunun mərkəzinə gətirdikdən sonra Camal adlı şəxs siqaretləri təhvil alaraq rayonun girəcəyində ona verdikdən sonra, o da həmin siqaretləri Camaldan götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə Sərvər və Famil adlı şəxslərə verərək, onlar da bunun müqabilində 150 manat pul verməli idilər. Həmin şəxslərdən o ancaq Xudişi tanımışdır. Digər şəxsləri isə tanımamışdır. 10 fevral 2022-ci il tarixdə günorta vaxtı Xudiş onunla əlaqə saxlayaraq Yardımlı rayonunda Camal adlı taksi sürücüsündən siqaret qutularını götürməsini demiş, o da həmin gün axşam tərəfi idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı atomobillə Yardımlı rayonuna getmiş, orada Xudişə bu barədə məlumat vermiş və bir neçə dəqiqədən sonra bir nəfər taksi sürücüsü ona yaxınlaşaraq adının Camal olduğunu bildirmiş və Xudişin göndərdiyi 15 ədəd siqaret qutularını ona vermiş, o siqaret qutularını idarə etdiyi avtomobilə yükləyərək, Bakı şəhərinə yola düşmüşdür. 11 fevral 2022-ci il tarixdə saat 01 radələrində Masallı rayonunun Seybətdin dairəsinin yaxınlığında siqaret çəkmək üçün avtomobili saxlamış və həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib, onu idarə etdiyi avtomobillə birlikdə Masallı Rayon Polis şöbəsinə aparmışlar. Orada onda narkotik vasitə varsa təqim etməsi təklif olunmuş, o da gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini və dörd ədəd metadon həblərini çıxarıb təqdim etmiş və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Xudiş adlı şəxsdən özü qəbul etmək üçün 150 manata aldığını və heç kimə vermədiyini, satmadığını və sadəcə öz istifadəsi üçün üzərimdə saxladığını bildirmişdir. O həmin vaxt həyəcanlı olduğu üçün narkotik vasitələri Xudiş adlı şəxsdən aldığını bildirmiş, lakin o Xudişdən dediyi ünvana çatdırmaq üçün siqaret almışdır. Narkotik vasitəni isə Bakı şəhərində Kamran adlı şəxsdən 150 manata almışdır. Təqdim etdiyi narkotik vasitələr çəkilərək qablaşdırılmışdır. İdarə etdiyi “Opel Astra” markalı, 77-DH- 305 qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı 7330 ədəd Marlboro siqareti aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O həmin siqaretləri Camal adlı şəxsdən götürdüyünü, Bakı şəhərində Famil və Sərvər adlı şəxslərə verməli olduğunu əvəzində isə 150 manat pul alacağını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o da protokolu imzası ilə təsdiq etmişdir. Kamran adlı şəxsdən aldığı narkotik vasitə heroini və metadon dərman preparatlarını şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə onun işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etməsi, saxlaması və idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə siqaretləri daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Masallı rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 11 fevral 2022-ci il tarixdə saat 01 radələrində Masallı rayonu, Seybətdin dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək onu idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinə gətirmişlər. Şöbəyə gəldikdən sonra onun huquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Barəsində tutma haqqında qərar qəbul edildikdən sonra 11 fevral 2022-ci il tarixdə saat 02:50 radələrində vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanılmışdır. Bununla bağlı əvvəlcə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsməsi təklif olunmuş, Qabil əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə sellofana heroinə bənzər kütləni və dörd ədəd metadon həblərini çıxarıb təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış zamanı bir ədəd telefon və şəxsiyyətini təstiq edən sənəd olmuşdur. Sorğu zamanı o təqdim etdiyi bükümün içərisində olan heroin və dörd ədəd metadon həblərinin özü istifadə etmək üçün 150 manata aldığını, bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 4,73 qram oluşdur. Sonra həmin kütlə və dörd ədəd metadon həblərinə bənzər kütlə zərfə qoyularaq, zərfin üzəri möhürlənmiş və müvafiq qeydlər aparılaraq imzalanmışdır. Mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra da Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş və avtomobildən 7330 ədəd üstündə aksiz markası olmayan “Marlboro” siqaretləri aşkar olunmuşdur. 7330 ədəd “Marlboro” siqareti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 dindirilmiş şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2022-ci il tarixli, 19/180 nömrəli rəyində göstərilmişdir ki, “tədqiqata təqdim edilmiş, üzərində “Yardımlı şəhəri, M.Mirzəyev küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş 1 bükümdə heroinə bənzər kütlə və 4 ədəd metadona bənzər kütlə...” sözlər və imzalar olan bir zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 4,681 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qramdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon adlı dərman Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 4,681 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 4,631 qram. Metadon 4 ədəd, cəmi tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 3 həb. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022ci il tarixli, 9/1402 nömrəli rəyində göstərilmişdir ki, “ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, X6 Fine Tobaccos yazıları olan, ******* 804268 barkodlu 7330 qutu siqaretlərin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 47645,00 (7330x6,50 manat) manat müəyyən olunur.” Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 aprel 2022-ci il tarixli, 1888 nömrəli rəyində göstərilmişdir ki: “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicətə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və baxış aparılması haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 01:00-da Masallı rayonu, Seybətdin dairəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobillə birlikdə BNMİ-nin CBRŞ-yə gətirilmiş və orada həmin gün saat 02:50-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - 4,681 qram çəkidə narkotik vasitə heroin və 04 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları və idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı isə avtomobilin yük yerindən 7330 ədəd “Marlboro” markalı filtirli siqaretlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan btidai istintaq orqanının 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, şəxsi axtarış və baxış aparılması istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-DH- *** qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş tütün məmulatlarına keçirilən baxış zamanı tütün məmulatlarının üzərində X6 Fine Tobaccos sözləri qeyd edildiyi 733 ədəd blokda, ümumilikdə 7330 qutu halında “Marlboro” markalı filtirli siqaretləri olması və həmin tütün məmulatlarının markalanmalı olan aksiz markalarının olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən 27 avqust 1983-cü ildə Yardımlı şəhəri, M.Mirzəyev küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan 22 fevral 2022-ci il tarixli 007-2308-1222 nömrəli əməliyyat tapşırığına verilmiş 18 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələri onun satış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25 iyul 2022-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,631 qram qalmış narkotik vasitə heroin, qalıq qalmış 3 həb metadon dərman preparatları və 7330 qutu “Marlboro” markalı filtirli siqaretlər cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən 27 avqust 1983-cü ildə Yardımlı şəhəri, M.Mirzəyev küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən cinayətin digər iştirakçılarının barələrində CM-in 234.4.3 və CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri cinayət işi ayrıca icraatda ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 213-1.2.1, 213-1.2.3-cü maddələri ilə olan cinayətləri törətməsi tam sübuta yetirilir və bu mübahisələndirilmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həm də CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdirma zamanı olduğu kimi məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini və 4 ədəd metadon həblərini Bakı şəhərində tanımadığı Kamran adlı şəxsdən almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsa satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin və metadonun əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, Metadonun təsiredici maddəsinin 0,02 qramı və ondan artıq hissəsi şəxsi istehlak miqdarından artiq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin və metadon həbləri külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş çəxsi axtarış və avtomobilə keçirilmiş baxış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin və metodon həbləri və avtomobildə siqaret qutuları aşkar edilərək ondan götürülmüşdür. İşdə olan BNMİ-nin X8 Şöbəsinin rəisinə ünvanlanmış 11 fevral 2022-ci il tarixli təqrirdən də görünür ki, həmin təqrirdə Təqsirləndirilən şəxs narkotik maddələrin əldə etməsi, saxlaması və daşınması barədə əməliyyat məlumatının daxil olması qeyd edilmişdir. Göründüyü kimi onun həmin narkotik vasitələri satması barədə məlumat olmamışdır. Bunu məhkəmədə dindirilimiş şahidlər BNMİ-nin X8 Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçirilmiş və qeyd edilən bir bükümdə 4,681 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə 4 ədəd metodon həbləri aşkar olunaraq ondan götürülmüşdür. Saxlanılarkən o həmin narkotik vasitələri özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs avtomobilində satmaq məqsədi ilə külli miqdarda 47645 manat dəyərində 733 ədəd blokda siqaret olduğu halda onun 4 qram heroini və 4 ədəd metodon həblərini satış məqsədi ilə üzərində saxlaması inandırıcı ola bilməz və bu hal da onun niyyətinin həmin heroini və metadon həblərini satmaq deyil, məhz istifadə etmək üçün üzərində saxlamasına dəlalət edir. Şərh olunanlara əsasən qeyd etmək olar ki, Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 4,681 qram olan narkotik vasitə heroini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təstiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübut olunmamışdır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-in 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-in 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-in 234.1-ci maddəsinə tövsif olunmalı dır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 213-1.2.1, 213-1.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 213-1.2.1, 213-1.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 1983-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2020-ci il təvəllüdlü Kamil adlı oğlu vardır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 fevral 2022-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin 25 iyul 2008-ci il tarixli hökmünə əsasən CM-in 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin 24 oktyabr 2008-ci il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş və 22 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tututlan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməldir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 11 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan qalıq çəkisi 4,631 qram heroin, 3 ədəd metadon həbləri və 7330 qutu “Marlboro” markalı filtirli siqaretlər məhv edilməli, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 132, 318, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 213-1.2.1, 213-1.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan qalıq çəkisi 4,631 qram heroin, 3 ədəd metadon həbləri, 7330 qutu “Marlboro” markalı filtirli siqaretlər məhv edilsin. 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar