Məhkəmə qərarları › İş №1(099)-556/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-556/2025

19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-556/2025 19.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2009-cu il tarixdə Lənkəran rayonu Şürük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/7, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayının əvvəlində digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın Lənkəran rayonunda əldə edilməsi, saxlanması və Bakı şəhərinə daşınaraq hər kiloqramına görə satışından 500 manat qazanc əldə edəcəyi barədə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən yeddi ədəd bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450 qr; 440 qr; 1145 qr; 2540 qr; 2580 qr; 2655 qr və 2680 qram, olmaqla ümumi təmiz çəkisi 12490 qram (12 kq 490 qr) təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə olunmaqla 06 sentyabr 2025-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində gizlətdikdən sonra qrupun digər üzvü tərəfindən həmin narkotik vasitənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra o, həmin gün saat 19:30 radələrində Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində narkotik vasitənin gizlədildiyi yerə getmiş, yol kənarındakı sahibsiz köhnə tikilinin içərisində yük çantasında gizlədilmiş qeyd olunan bağlamalarda və çəkilərdə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, əlində saxlamaqla özü ilə daşıyaraq saat 20 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsi adlanan yerə aparmış, oradan Bakı şəhərinə getməyə hazırlaşarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 6 sentyabr 2025-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20:25-də Lənkəran şəhəri, “Ləvəngi” dairəsində yol kənarında saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən yanında qoyduğu yük çantasından yeddi ədəd bükümlərdə ümumi təmiz çəkisi 12490 qram (12 kq 490 qr) olub külli miqdar təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 7 (yeddi) ədəd bağlamalarda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, ifadəsində göstərdi ki, 04 sentyabr 2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı Mehdiəli kimi təqdim edən şəxs ona İran İslam Respublikasına məxsus +**********73 mobil nömrəni vermişdir. “Whatsapp” proqramı vasitəsilə öz istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlayarkən iran vətəndaşı ona narkotik vasitələr göndərmək istədiyini və həmin maddələri onun deyəcəyi yerə qoyduqdan sonra hər kiloqrama görə pul verəcəyini bildirmişdir. 06 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində iranlı ona +**********73 möbil nömrənin “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq 10 kiloqramdan çox “gül”, yəni narkotik vasitə qurudulmuş marixuana göndərdiyini bildirmiş və onu Bakı şəhərinə apara bilibbilməcəyini soruşmuşdur. O, Bakı şəhərinə apara biləcəyi barədə mesaj yazmışdır. Bundan sonra ona mesaj yazaraq 15 kiloqram marixuanana yükünün olduğunu və həmin yükü Bakı şəhərinə aparıb ayrı-ayrı ünvanlara çatdırıb hər kiloqrama görə 500 manat pul alacağını, Bakı şəhərindən isə “kola”, yəni heroin götürəcəyini bildirmişdir. Sonra həmin şəxs ona göndərdiyi narkotik vasitələri Astara ərazisindən götürə bilib-bilməyəcəyini soruşduq da, o, iran vətəndaşına Lənkəran ərazisində həmin yükü götürmək istədiyini bildirmişdir. Sonra həmin şəxs ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə məkan eyniləşdirməsi (konum) göndərib, göndərdiyi narkotik vasitə qurudulmuş marixuana olan yükün Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən “Olimpiya” kompleksinin yanında yerləşən yerdə olduğunu, orada narkotik vasitə bağlamalarını gizlətdiyini bildirmişdir. Sonra həmin yerin şəkillərini ona göndərmişdir. Həmin yerin Lənkəran rayonu Sütəmurdov kəndi ərazisi olduğunu görüb ora gedəcəyimi bildirmişdir. Həmin şəxs də narkotik vasitə bağlamalarını götürdükdən sonra ona M10 hesabını göndərməsini və pulunu ora göndərəcəyini bildirmişdir. Saat 19 radələrində “Bolt” taksi şirkətindən mobil telefonula taksi sifariş edib ona göndərilən məkan eyniləşdiməsi vasitəsilə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən Olimpiya kompleksinin yaxınlığına getmişdir. Ora çatmasına təxminən 500 metr qalmış taksidən düşmüş və məkan eyniləşdirməsi vasitəsilə piyada şəkildə X2 yanından keçib bir tikilinin içərisinə daxil olmuşdur. Orada yük çantasının olduğunu görmüşdür. Həmin yük çantasının içərisinə baxdıqda içərisində 7 ədəd narkotik vasitə qurudulmuş marixuana bağlamlarının olduğunu görmüşdür. Sonra həmin yük çantasınında olan bağılamaların videosunu çəkib İran vətəndaşına göndərmişdir. Sonra içərisində narkotik bağlamaları olan yük çantasını götürüb piyada yola doğru hərəkət etmişdir. Sonra yenidən taksi sifariş edib həmin taksi ilə saat 20 radələrində Lənkəran şəhəri «Ləvəngi» dairəsinə yaxınlaşmışdır. Oradan Bakı şəhərinə gedən avtomaşınlarla getmək istəmişdir. Təxminən bir neçə dəqiqə həmin yerdə gözləyirmiş ki, mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmışlar. O, qaçmağa başlamışdır. Lakin polis işçiləri onu tutmuşlar. Ondan yük çantasının içərisində nə olduğunu soruşduqda o, çantanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları həmin çantanı açıb içərisinə baxdıqda içərisində qara rəngli sellofan yapışqan lentlə bağlanmış 7 ədəd bağlama olduğunu görmüşlər. Sonra polis işəiləri üstünü yoxlanılmışlar. Şalvarının sol cibindən «Samsung» markalı telefonu aşkar edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin ənarkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 06 sentyabr 2025-ci il tarixdə icraatına Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/7, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Lənkəran rayonu ərazisində narkotik vasitələri əldə edəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib 06 sentyabr 2025-ci il tarixdə saat 20 radələrindən fasiləsiz videoçəkiliş həyata keçirməklə Lənkəran şəhəri “Ləvəngi” dairəsi adlanan ərazisiyə doğru hərəkət etməyə başlamışlar. Bu zaman həmin ərazidə Təqsirləndirilən şəxs yanında yük çantası ilə tək dayandığını görüb ona yaxınlaşmışlar. Ruslan onları görərək Girdəni kəndi istqamətində qaçmağa başlamışdır. Onu qovaraq tutub əvvəl dayandığı yerə gətirmişlər. Bu vaxt artıq saat 20:25 radələri olmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə daşıması barədə məlumat aldıqlarına görə onu saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs əl çantasında 7 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixananın olduğunu bildirmişdir. Həmin bağlamaların içərisinə baxıldıqda içərisində qurudulmuş marixuana olması aşkar edilmişdir. Ruslanın sol cibindən isə «Samsung» markalı telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini, əldə edərkən narkotik vasitə qurudulmuş marixuana olduğunu bildiyini, marixuananı iranlının Bakı şəhərində konkret deyəcəyi yerə qoyub gizlətdikdən sonra ona hər kiloqrama görə ona 500 manat pul verməli olduğunu bildirmişdir. Qurudulmuş marixuana olan 7 ədəd bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaş Şahid4 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə göstərdi ki, oğlu Təqsirləndirilən şəxs ilə bir evdə yaşayır. Bir ildən artıqdır ki, Təqsirləndirilən şəxs narkotik maddə qəbul etdiyini öyrənmişdir. 06 sentyabr 2025-ci il tarixdə polis şöbəsindən ona zəng edib oğlu Təqsirləndirilən şəxs tutulduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O polis şöbəsinə getdikdə Ruslanın polis işçiləri tərəfindən Lənkəran şəhəri “Ləvəngi” dairəsində saxlanıldığını əlindəki çantada narkotik aşkar olunduğunu bilmişdir. Oğlunun narkotiklə tutulmasında polis işçilərindən şübhələnir. 06 sentyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində Lənkəran şəhəri, “Ləvəngi” dariəsi adlanan ərazidə saxlanılmış, daşıdığı yük çantasına baxış keçirilən zaman içərisindən 7 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. 08 sentyabr 2025-ci il tarixli mobil telefona baxış keəirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan “Samsung A13” markalı mobil telefonun «Whatsapp» ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs +**********73 nömrəsi ilə xx.xx.2025-ci il tarixdə saat 18:35-dən saat 21:37-dək yazışmaların olması müəyyən edilmişdir. «Whatsapp» ani mesajlaşma mübadilə yazışmaların məzmunu aşağıdakı kimidir: xx.xx.2025-ci il tarixdə saat: 18:49-da +**********73 saylı mobil nömrədən Təqsirləndirilən şəxs +**********46 mobil nömrəsinə “Yük çoxdu bu səfər”, saat 18:49-da “10 kilodan çox gül olacaq”, saat 18:49-da “Bakıya apara biləysən?”, saat 18:49-da Təqsirləndirilən şəxs +**********46 saylı mobil nömrəsindən +**********73 saylı mobil nömrəyə “hə”, saat 18:50də “keçen sefer ki, kimi video çək ki bu səfər 15 kilo mehdinin gülün marixuanasını götürəcəm.”, 18:51-də +**********73 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********46 mobil nömrəsinə “Bakıya aparıb ayrı ayrı ünvanlara çatdırıb hər kiloya görə 500 manat alacam, Bakıdan daşnan kola götürəcəksən, taksi danış gör Bakıya neçiyə aparacaq.” saat 18:54-də Təqsirləndirilən şəxs +**********46 mobil nömrəsindən +**********73 saylı mobil nömrəyə 0:23 saniyəli video mesajda “Təqsirləndirilən şəxs Anar oğlu, xx.xx.2009-cu il təvəllüdlü, Lənkəran şəhəri,Zərifə Əliyeva, mikrorayonda yaşayıram, 7-ci bina, bu səfər mehdinin 15 kilo marixuanasını götürüb bakıya aparacam”, 18:54-də +**********73 saylı mobil nömrədən Təqsirləndirilən şəxs +**********46 saylı mobil nömrəsinə “malı hazırlayırlar”, saat 19:01-də “cantanı açıb içindəki paketi sayıb çəkib atarsan,şəriklərim görsün,3 nəfərin malıdı, ”saat 19:03-də “M10 atarsan pulu vurum götürən kimi, saat 19:10-da “sizdə idman kompleksi var, sene yaxındı?”, saat 19:44 də məkan eyiləşdirməsi (konum), tikili şəkilləri göndərilmiş, 19:53-də Təqsirləndirilən şəxs +**********46 saylı mobil nömrəsindən +**********73 saylı mobil nömrəyə 0:11 saniyə səsli mesajda “qardaşım belçinə çatmışam qaqa. Sənin atdığın konuma gedirəm ayağla.Taksini ele bil 500 metr aralıqda saxladım. Ona görə”, saat 19:59-də səsli mesaj göndərərək 0:23 saniyəlik videoda Təqsirləndirilən şəxs çantanın içini açır və içərisində 7 ədəd bağlamanın olduğunu sayır, saat 20:00-də +**********73 saylı mobil nömrədən Təqsirləndirilən şəxs +**********46 saylı mobil nömrəsinə “Əla, Allah xeyir versin, taksidəsən”, saat 20:12-də “Ləvəngiyə?” məzmunda yazışmaları olmuşdur. Həmin yazışmaların surətləri protokola, video və səs fayıllarının surətləri isə diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2025-ci il tarixli, 19/362 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 7 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 450,0 qr; 440,0 qr; 1145,0 qr; 2540,0 qr; 2580,0 qr; 2655,0 qr ; 2680,0 qram, ümumi təmiz çəkisi 12490 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. xx.xx.2025-ci il tarixli, 487 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, 3469 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməllidir, əməli Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 714 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(049)-158/2025 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 22 iyul 2025ci il tarixdən 23 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökm üzrə təqsirli bilindiyi cinayət əməlini 22 iyul 2025-ci il tarixdə törətmişdir, həmin iş üzrə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə azadlıqda olduğu zaman 06 sentyabr 2025-ci il tarixdə hazırkı cinayət əməlini törətmişdir. 06 sentyabr 2025-ci il tarixdən hazırkı iş üzrə həbsdə olduğu zaman barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza təyin edilmişdir. İşdə olan, xx.xx.2014-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən verilmiş, AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Hal-hazırda 16 yaşı tamam olmuşdur. Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsinin 04 noyabr 2025-ci il tarixli, 922 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır, anasının himayəsində yaşayır. Həmin idarə tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Bundan əlavə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddətdə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(049)-158/2025 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasını bərabər tutulmaqla 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CMnin 66.5-cü maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 22 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi” qaydasının 3.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tədbiq edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 12489,3 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Samsung A13” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməli, cinayət işinə əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri barədə 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X3 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 22 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 12489,3 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Samsung A13” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin, cinayət işinə əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri barədə 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar