Məhkəmə qərarları › İş №1(099)-557/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-557/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-557/2024 09.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 348,428 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroini (bundan sonra – heroin) əldə edib üzərində daşıyaraq saxlayarkən 19 fevral 2024-cü il tarixdə saat 15:25 radələrində Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xıllı qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədə saxlanılaraq Neftçala RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd qəhvəyi rəngli kürkün sol üst yan cibindən 01 ədəd sellofan bağlamada satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 348,428 qram olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə, səhər saatlarında evində oturarkən ona “şöbə rəisi səni çağırır” demişlər. Poliş şöbəsinin rəisi əvvəllər də onu şöbəyə çağırıb məscid də vəziyyətin necə olması barədə danışdığından bu dəfə də eyni söhbətlərin gedəcəyini düşünmüş və polis şöbəsinə getmişdir. Şöbə rəisi ona “səni bölməyə aparmalıyam” demiş, haraya aparılacağını soruşduqda sonuncu ona “Kürdəxanıya” demişdir. Nəyə görə “Kürdəxanıya” gedəcəyini soruşduqda “səni də atmışıq siyahıya” demiş, hansı siyahı olmasını, evdən kənara çıxan adam olmadığını bildirmiş, lakin sonradan narkotik vasitənin üzərindən çıxdığını bildirmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona qarşı fiziki zor tətbiq edilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı “yaxşı olacaq” və başqa sözlər deyib ona başqa sənədlərə qol çəkdirmişlər. İfadəsini oxumamışdır. İbtidai istintaq zamanı ona hansı növdə narkotik vasitə ilə ittiham verildiyini bilməmiş, narkotik vasitələrin adlarını belə bilməmişdir. Oxumağı və yazmağı bacarmamış, lakin orada ona “sutkalıq” iş verəcəklərini bildirib sənədlərə imza çəkdirib Kürdəxanıya gətirmişlər. 19 fevral 2024-cü ildə evdə uzanıb kitab oxuyarkən Nəriman, Əhməd və Mingəçevirdən olan polis əməkdaşları əvvəlcə uşağı göndərib onu çağırdıqlarını bildirmişlər, sonra isə onun evinə gəlib evində çay içib çörək yemişlər. Polis əməkdaşları ilə aralarında qərəzlilik olmamışdır. Xuliqanlıq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamış, xuliqanlıq cinayəti törətdikdən sonra polis əməkdaşları ilə aralarında heç bir qərəzli münasibət olmamışdır. Ona “rəis səninlə çay içmək istəyir, sənə sözü var” dedikləri üçün onlarla polis şöbəsinə getmişdir. Polislər onu aldadaraq polis şöbəsinə aparmışlar. Orada hara qol çək deyilmişsə orada qol çəkmişdir. Onunla elə danışmışlar ki, onu aldadacaqlarını düşünməmişdir. Şəxsi axtarış zamanı narkotik vasitənin onun olmadığını bildirməmişdir. Onun dediklərini təsdiq edəcək hər hansı sübutu yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrlə əlaqəsinin olmamasını, narkotik vasitə istifadə etməməsini və üzərindən aşkar edilmiş bükümün onun üzərinə qoyulduğunu nəzərə alaraq ona bəraət verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 20-21 fevral 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən Kür çayının sahili ilə tək piyada gedərkən yerdən qara rəngli selofan büküm tapmış, həmin bükümü açıb içərisinə baxarkən içində heroin görmüş, özü arada bir narkotik vasitə olan heroin qəbul etdiyi üçün onu tanımış və özündə saxlamışdır. Belə ki, həmin narkotik vasitəni əynində olan tünd qəhvəyi rəngli kürkün sol üst yan cibinə qoymuşdur.Həmin gün günorta saat təxminən 15:25 radələrində yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindəki evinin yerləşdiyi küçə ilə tək piyada gedərkən polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi özləri ilə birlikdə Neftçala RPŞ-yə getməyi dəvət etmişlər. O, onlarla birlikdə şübhəli şəxs kimi Neftçala RPŞ-yə gəlmiş, orada polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan tünd qəhvəyi rəngli kürkün sol üst yan cibindən sellofan bağlamada olan heroin aşkar olunaraq götürülmüşdür. Tapdığı heroindən heç kimə satmamış, verməmiş və bağışlamamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmur. Yalnız aradabir narkotik vasitələrdən nə əldə etsə ondan qəbul edir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döyməmişlər, ancaq aldatmışlar, buna görə də ifadələrini oxumadan imza etmişdir, həmin ifadələri təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Sonuncu barəsində narkotik vasitələrin istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, sonuncunun evinin yaxınlığında onu saxlamış, nədə şübhələnildiyi barədə məlumat verildikdən sonra polis şöbəsinə gətirilmiş, növbətçi hissədə onun üzərinə baxış keçirilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf edərək narkotik vasitəni yol kənarından tapıb üzərində saxladığını bildirmişdir. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona da daxil olmuş, əməliyyatı məlumatı narkotik vasitələrin istifadəsi, daşıması və saxlaması barədə olmuşdur. Hikmət barədə əvvəllər belə məlumat olmamışdır. Təqsirləndirilən şəxs Xılı qəsəbəsində - yaşadığı evin yaxınlığında saxlamışlar, onun saxlayarkən 4 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Ona yaxınlaşarkən təxminən saat 13:30 radələri olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərindəki kürkün cibindən aşkar edilmiş, narkotik vasitəni Hikmət özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən neçə polis əməkdaşı olduğunu tam xatırlamır, əməliyyat məlumatının konkret olaraq nə vaxt daxil olduğunu bilmir. Əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə məruzə edilmiş, əməliyyat axtarış tədbirlərinin tələblərinə əməl edilərək vətəndaş əməliyyat nəzarətinə götürülmüş, öncədən vətəndaşın gedə biləcəyi yerlər haqqında məlumat əldə edilmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamış, Hikmət hər hansı yolla aldadılmamışdır. Təqsirləndirilən şəxs evində yemək yeyib çay içməmişlər. Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə məlumatı olmamışdır. Hikmət lakin inzibati qaydada həbs olmuşdur. Əhməd və ya Nəriman adlı polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinə onu çağırması üçün kimisə göndərməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin İTB-nin rəisi Şahid1 da Şahid3 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitəni tapdığını bildirmişdir. Haradan tapdığını deməsini uzun zaman keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs fiziki təsir olmamışdır. Onu Xıllı qəsəbəsində - yaşadığı evin yaxınlığında saxlamışlar, sonuncunun evinə daxil olmamışlar. Hikmət saxlanılarkən etirazını bildirməmiş, sadəcə tutulmasının səbəbini soruşmuş, bu barədə də ona cavab verilmiş, narkotik vasitələrin alqısı və satışında şübhəli olduğu bildirilmişdir. Polis şöbəsində növbətçi hissədə ilkin olaraq müdafiəçi Seymur Abdullayev çağırılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni küçədən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs evində deyil, küçə də saxlamışlar. Onu evindən çağırmamış, küçə də saxlamışlar. Təqsirləndirilən şəxs evində çörək yeməmişlər, onun evində olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 da Şahid3la eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs saxlayərkən dörd nəfər olmuşlar. Təqsirləndirilən şəxs evində yemək yeməmiş çay içməmişlər. Əvvəllər Təqsirləndirilən şəxslə yaxşı münasibəti olmuş, Hikməti kənd sakini kimi tanımışdır. Əməliyyat məlumatının nə vaxt daxil olması barədə məlumatı olmamışdır. Hikməti hansı tarixdə saxladıqlarını hazırda xatırlamır, səhv etmirsə Təqsirləndirilən şəxs günorta saatlarından sonra saxlamışlar. Təqsirləndirilən şəxs evindən çıxartmamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 19 fevral 2024-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 03-05;09; 34-35) - 19 fevral 2024-cü il tarixli raportdan görünür ki, Neftçala rayon sakini Təqsirləndirilən şəxs saat 15:25-də Neftçala rayonu ərazisində saxlanılaraq saat 15:45-də Neftçala RPŞ-yə gətirilmişdir. (i.v. 09) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12; 30) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 19 feral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd qəhvəyi rəngli gödəkcənin sol üst yan cibindən sellofana bükülmüş 01 ədəd bükülüdə olan 354,4 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. (i.v. 34-35) -Materialların məhkəmə ekspertizasının 20 fevral 2024-cü il tarixli 3-16-16/2-18/195 saylı rəyindən göründüyü kimi tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bükülü də təmiz çəkisi-348,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.40-43) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 53-54) - Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(053)-8/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v. 67-69) - məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. (i.v. 70) - “maddi sübut kimi tanıma haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ekspertiza tədqiqatından qalıq olan hissəsi maddi sübut kimi tanınaraq Neftçala RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 93-94) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli, 1432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 122-123) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda narkotik vasitə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroinin onda olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni Xıllı qəsəbəsindən keçən Kür çayının sahili ilə tək piyada keçən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün heroin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən bir bükümdə heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmasını, yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 20 fevral 2024-cü il tarixli, 18/195 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan heroin ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşlarının onu aldatması nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi, narkotik vasitə istifadə etməməsi hissəsində) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqlərə, hədələrə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrin də özünü elan olunmuş ittihamla qismən təqsirli bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq və aldadılması nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. - ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olmaması ilə bağlı göstərdiyi hissəsi isə 19 fevral 2024-cü il tarixdə üzərində saxladığı heroinin şəxsi istifadə niyyətində olmasını istisna edən şəxsi istifadə miqdarından 2.322 dəfə, külli miqdarından isə 174 dəfədən çox olan 348,428 qram ümumi təmiz çəkidə olması, beləliklə də onun gündəlik istifadə miqdarından dəfələrlə çox miqdarda olması onun heroin satışını həyata keçirmək məqsədinə birbaşa işarə etməsindən ibarət işin faktiki halları ilə tam təkzib edilir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, vətəndaşların çox olduğu yerdə cibində saxlaması onun məhz həmin maddənin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 20 fevral 2024-cü il tarixli 3-16-16/2-18/195 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının 21 fevral 2024-cü il tarixli 39 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli 1432 saylı rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək qəti cəza kimi təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 19 (on doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır .(i.v 86- 87; 112-119) Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. - Neftçala rayon İcra Hakimiyyəti Başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi anası, həyat yoldaşı, xx.xx.2009, xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü olmaqla üç uşağından ibarətdir ki, uşaqlardan ikisi azyaşlıdır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 124-125) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 1432 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 348,378 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərcinə görə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 348,378 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar