Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-559/2022 26.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Hüseynov Nahid Nəsir oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni -943,385 qram çəkidə narkotik vasitə olan heroini və -1,072 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla özündə saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 24 may 2022-ci il tarixdə saat 16 tradələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilərkən həmin evin yataq otağında yerləşən dolabın üzərindən 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -242,711 qram, -268,409 qram və 432,265 qram olmaqla ümumi təmiz çəkisi -943,385 qram olan narkotik vasitə heroin, yataq otağında olan pəncərənin qarşısından 01 ədəd kibrit qutusunda təmiz çəkisi -1,072 qram olan qurudulmuş marixuana və üzərində narkotik vasitə herioinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin may ayının ortalarında “vatsap” proqramı vasitəsilə tanımadığı şəxs xatırlamadığı nömrədən zəng edərək ona narkotik təklif etmiş, o həmin şəxslə razılaşmışdır. Sonra tanmıdağı şəxs 1000 manat pul istəmiş, hansı banka məxsus olmasını xatırlamadığı karta 1000 manat pul göndərmişdir. Kartın şifrəsi də yadında qalmamışdır. Həmin şəxs üç gündən sonra narkotiki onun dediyi yerdən götürməsini bildirmişdir. Üç gündən sonra Astara rayonu “avtobaza” adlanan yerdən həmin şəxsin göndərdiyi içərisində heroin və marixuana olan bağlamanı götürüb evə aparmış, bağlamanı əvvəlcə yaşadığı evin həyətinə qoymuş, 2 gündən sonra bağlamanı oradan götürüb içərisini açmış, içərisində kibrit qutusunda qurudulmuş marixuana və yaş vəziyyətdə heroinin olduğunu görmüşdür. Heroini gözəyarı 3 hissəyə bölmüş və özündə olan tərəzidə çəkmişdir. Heroini yataq otağında dolabın üstünə qoymuş, marixuananı tərəzi ilə birlikdə həmin otaqda pəncərənin qarşısında saxlamışdır. 24 may 2022-ci il tarixdə polis əməkdaşları evlərinə gəlmiş, axtarış zamanı evdə saxladığı 950 qram heroin və kibrit qutusunda öz istifadəsi üçün olan az miqdarda qurudulmuş marixuana, həmçinin tərəzi aşkar edilmişdir. Həmin gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəllər marixuana istifadə etmişdir. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində əldə etdiyi narkotik vasitəni evə gətirib saxlamaqda məqsədinin satmaq olduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 Elşən oğlu ifadəsində göstərmişdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birlikdə 24 may 2022-ci il tarixdə saat 16 radələrində onun yaşadığı ünvana yollanmışlar. Videoçəkilişlə onun yaşadığı evə baxış keçirilmiş, Yunisin yataq otağında dolabın üzərindən 3 ədəd selofanda heroin aşkar edilmişdir. Bundan başqa həmin otaqda pəncərənin qarşısından 1 ədəd elektron tərəzi və üzərində 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitələr tərəzidə çəkilmiş, qablaşdırılıb ekspertizaya göndərilmişdir. Yunis bildirmişdir ki, həmin narkotik və elektron tərəzi ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara RPŞ-nın əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təstiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 19/620 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -242,711 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -268,409 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın üzərindən aşkar edilmiş 01 ədəd sellofan paketdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 432,265 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 03 ədəd paketdə ümumi təmiz çəkisi: -943,385 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar olunan 01 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağının pəncərəsinin qarşısında aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kbrit qutusunda təmiz çəkisi: -1,072 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının , xx.xx.2022-ci il tarixli, 618 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin yataq otağında olan dolabın üzərindən 03 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, yataq otağında olan pəncərənin qarşısından 01 ədəd elektron tərəzi və üzərində «Navab» sözü yazılmış 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan 25 may 2022-ci il tarixli qərarla qalıq çəkisi 943,235 qram narkotik vasitə heroin və qalıq çəkisi 1,052 qram olan qurudulmuş marixuana, habelə üzərində narkotik vasitə olan heroinin izləri olan 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil vrilmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası Vüsalə Xocaxanova evə baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs evində olan heroinin öz şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı göstərdiyi xüsusat ibtidai araşdırma başlandığı ilk gündən başa çatanadək müdafiəçinin iştirakı ilə narkotik vasitənin satış məqsədi ilə evində saxlamasına dair verdiyi etirafedici ifadələri ilə və digər sübutlarla təkzib olunur. Artıq bu hal təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə narkotki vasitəni satış məqsədi ilə deyil,şəxsi istifadəsi üçün əldə etməsinə dair verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə narkotki vasitənsi satış məqsədi ilə envində qanunsuz saxlamasına dair yuxarıda qeyd olunan verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs yataq otağında eyni tərkibli külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 24 may 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 24 may 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Astara Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Resublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında inzibati ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli 1002 saylı ailə tərkibli arayışdan və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 9 fevral 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 943,235 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,052 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, evə baxış və götürmə aparılmasına dair 1 ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 943,235 qram narkotki vasitə heroin, qalıq çəkisi 1,052 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, evə baxış və götürmə aparılmasına dair 1 ədəd DVD disk isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-559/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-559/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver