Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-559/2023 01.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə Lənkəran şəhərində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqla müəyyən edilməmiş mənbədən öz istifadəsi üçün külli miqdarda, 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,066 qram, 0,754 qram və 0,248 qram; ümumi təmiz çəkisi -2,438 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 22 mart 2023-cü il tarixdə saat 11:35-də Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.1-1-ci maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşamışdır. 22 mart 2023-cü il tarixdə yaşadığı evdə olarkən Fuad adlı polis əməkdaşı evinə gələrək onunla şöbəyə getməli olduğunu bildirmişdir. Şöbədə olarkən Şahid1 adlı polis əməkdaşı qarşısına 3 büküm narkotik qoyaraq onları öz üzərinə götürməsini bildirmiş, əgər onun dediyini etməsə evindən də narkotik və tərəzi çıxarmaqla hədələmişdir. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün dedikləri ilə razılaşmış, məcbur qalaraq guya üzərində olan narkotikin özünə məxsus olması barədə etirafedici ifadələr vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Saxlanılarkən üzərində narkotik olmamış, heç kimə narkotik satmamışdır. Özü narkotik istifadəçisidir. İstintaq vaxtı verdiyi etirafedici ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər CM-nin 234.1-ci maddəsilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2022-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək 22 mart 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhəri 5 saylı otra məktəbin yaxınlığnda tanımadığı şəxsdən 15 manat pulun müqabilində 3 bükümdə narkotik vasitə heroin aldığını, bükümləri «Classik» yazısı olan siqaret qutusunun içərisinə qoyduğunu, Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparıldığını, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, aşkar olunan heroinin çəkisi 2,56 qram olduğunu, saxlanılarkən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilməklə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən özü də daxil olmaqla digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. 22 mart 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Şəhidlər Xiyabanının yaxınlığında küçədə saxlanılıb şöbəyə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Səyavuşun üzərində şəxsi axtarış aparılmış, o, əynində olan ağ rəngli gödəkçəsinin sol yan cibindən “Classik” markalı siqaret qutusunu çıxarıb, həmin qutuda şəffaf rəngli sellofan bükümə bükülmüş 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri çıxarıb təqdim edərək onları 22 mart 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhəri, 5 saylı orta məktəbin yaxınlığında tanımadığı şəxsdən hər birinə 5 manat olmaqla 15 manat verib almışdır. Heroin elektron tərəzidə çəkilmiş və çəkisi 2,56 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs kiməsə narkotik satmasından məlumatı yoxdur. Səyavuşa qarşı zor tətbiq olunmamış, onu hədələməmiş, onun üzərinə heç kim narkotik qoymamışdır. Üzərində aşkar olunan narkotik onun özünə məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid2 Baləddin oğlu və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını, ona qarşı zor tətbiq olunmadığını, Səyavuşun üzərində aşkar olunan heroinin özünə məxsus olmasını etiraf etdiyini göstərmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 mart 2023-cü il tarixli 19/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 əsəs bükümlərdə olan narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki , 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,066 qr; -0,754 qr; -0,618 qram; ümumi təmiz çəkisi -2,438 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 16 iyun 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 22 mart 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli gödəkçəsinin sol yan cibindən “Classik” markalı siqaret qutusunun içərisindən üç ədəd şəffaf bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş heroin bükümləri elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 51-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Onun üzərindən aşkar olunmuş 3 bükümdə narkotik vasitə heroini istifadə məqsədilə əldə edib üzərində saxlamışdır. Aşkar edilmiş heroini Lənkəran şəhəri 5 saylı orta məktəbin ərazisindən tanımadığı şəxsdən 15 manata aldığını bildirsədə, keçirilmiş əməliyyat tədbirləri zamanı onun narkotik vasitə aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,438 qram (qalıq - 2,288 qram) olan narkotik vasitə heroin və 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində ümumiyyətlə narkotik vasitə olmadığını, hədə-qorxuya məruz qalaraq narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində zor tətbiq olunduğundan məcbur olub narkotikin özünə məxsus olmasını etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında ona qarşı zor tətbiq olunmasını, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulmasını mübahisələndirməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007;) Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat onun üzərində aparılan şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, videoçəkilişlə, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici izahatı, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında polis əməkdaşları tərəfindən üzərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin izahat və ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ilkin izahatını, etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, ekspertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan üzərində külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə edib, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona cəza təyin olunmalı və o, cəzasını qanunla müəyyən edilmiş qaydada çəkməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin köhnə redaksiyasının 208, 23-1 maddələri ilə təqsirli bilinib, Lənkəran rayon Xalq Məhkəməsinin hökmünə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə Azərbaycan Respublikası CM-nın 234.4.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmünə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası CM-nın 234.2 və 238.1-ci maddələri ilə təqsirli bilinib, Lənkəran rayon məhkəməsinin hökmünə əsasən 05 il müdddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzar rayon məhkəməsinin qərarı ilə 03 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Bundan başqa o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilməmiş hesab edilir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs iki il keçmədən və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən, ödənilmədiyindən yenidən qəsdən ağır cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, şəxsiyyətini xarakterizə edən hallarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meyilli olmasını göstərir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin - 8 ilin yarısından, yəni 4 ildən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 22 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, 23 mart 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin gün Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 22 mart 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2,288 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış keçirilməsinə dair 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiq olunması üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2,288 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-559/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-559/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver