Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-562/2024 16.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Əbülfət oğlu və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1972-ci ildə İmişli rayonu, Telişli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əbülfət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 263-1.3-cü ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əbülfət oğlu 11 noyabr 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir- Bəhramtəpə avtomobil yolunun İmişli rayonu, Məmmədli kəndi ərazisindən keçən 40-cı kilometrliyində İmişli şəhəri ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi və 50-ci maddəsinin 2-ci hissəsinin, 1ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, 80km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, ötmə əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməklə hərəkət təhlükəsizliyini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, onunla eyni istiqamətdə, qarşısında hərəkət edən “İsuzu” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini əks hərəkət zolağına çıxaraq sol tərəfdən ötdükdən sonra öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərib qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək ani manevr etməklə yenidən öz hərəkət zolağına qayıdarkən idarəetməni itirib avtomobili yolun sağ kənarında yolun ehtiyyat hissəsindən aralıda yerləşən torpaq sahəsinə aşıraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilin ön sərnişin yerində əyləşmiş X4 ehtiyyatsızlıqdan təpə sümüyünün yeri dəyişməyən sınığı, sınıq proyeksiyasında yuumşaq toxumada, baş beynin sərt və yumuşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, təpə nahiyyəsində, alın nahiyyəsində sağda, burun belində, çənəaltı nahiyyədə yaralar, alın nahiyyəsində ortada, burnun üstündə, çənə nahiyyəsində, sağ baldırın orta 3/1-nin ön səthində, sağ diz oynağının bayır səthində sıyrıqlar, alt dodağın selikli qişasında ətraflı qansızmalı yara, sağ xarici qulaq seyvanının girəcəyində yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, X2 aldığı xəsarətlərdən başın açıq küt travması nəticəsində təpə sümüyünün yerini dəyişməyən sınığı və baş-beyin toxumasına qansızmadan ehtiyyatsızlıqdan ölümünə, avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ehtiyyatsızlıqdan çənənin hər iki oynaq başının yerini dəyişmiş sınığı, sol mil sümüyünün orta 3/1-nin az yerini dəyişmiş sınığı, alt dodağda və sol əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında yaralardan ibarət az ağır zərər vurulmasına, avtomobilin axra sərnişin oturacağında sağda əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyyatsızlıqdan çənənin simfi nahiyyəsinin yerini dəyişmiş sınığı, əng sümüyünün alveol çıxıntısının sağ tərəfli az yerini dəyişmiş sınığı, 11, 12, 21, 22 dişlərin travmatik çıxığı, sol mil və dirsək sümüyünün sınığından ibarət az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs Əbülfət oğluna istinad edilən cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri və məhkəmə yolnəqliyyat hadisələri ekspertizası rəyi və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Əbülfət oğlu ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, birinci qrup Qarabağ müharibəsi əlilidir. 11 noyabr 2023-cü il tarixdə axşam saatlarında kənddə nişan məclisində olmuş, içki içmişdir. Bu radələrdə evdən zəng gəlmiş, oğlu Fəxri Tağızadənin zəhərləndiyi, vəziyyətinin pis olduğu deyilmişdir. Bundan sonra, dərhal oğlunu xəstəxanaya aparmaq üçün evə yola düşmüşdür. Evə çatdıqdan sonra saat 22 radələrində idarə etdiyi “VAZ-2107 SEDAN” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mərhum oğlu X5 İmişli rayon mərkəzi xəstəxanasına apararkən avtomobilin arxa oturacağında sol tərəfdə arvadı Zərərçəkmiş şəxs1, onun sağ tərəfində isə qızı Zərərçəkmiş şəxs2 əyləşmişdir. Mərhum oğlu Fəxri isə avtomobilin sağ ön oturacağı təmirdə olduğu üçün həmin yerdə olan üzərinə döşəkcə keçirilmiş akkumulyatorun üstündə oturmuşdur. Bu zaman 80 km/saat sürətlə hərəkətdə olmuşdur, Həmin vaxt qarşısında “İsuzu” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili hərəkətdə olmuş və o, həmin yük avtomobilini ötmək üçün əks hərəkət zolağına çıxmış və ötmə əməliyyatı edib yenidən yolun sağ hərəkət zolağına qayıdarkən idarəetməni itirib yolun sağ kənarında yerləşən torpaq örtüyə aşmışdır Bundan sonra o, avtomobilin içərisində hərəkətsiz vəziyyətdə qalmış və yük avtomobilindən bir nəfər şəxs gəlib onlara çıxmağa kömək etmişdir. Sonra isə təcili tibbi yardım gəlib onları İmişli rayon mərkəzi xəstəxanasına aparmışdır. 1 gün sonra isə oğlu X2 öldüyünü demişlər. Hadisə nəticəsində onun qabırğalarında sınıq xəsarətləri olmuşdur. Qeyd etmişdir ki, avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi yoxdur və avtomobili spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə idarə etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Əbülfət oğlu bildirmişdir ki, məclisdə olduğu üçün içkili olmuş, oğlunu xəstəxanaya çatdırmaq üçün sürət həddini aşmağa məcbur olmuşdur, avtomobilin ön oturacağı təmirdə olmuş, oğlunu arxa oturacaqda yox, sərnişinin oturması üçün yararsız vəziyyətdə olan ön oturacaqda, akkumulyatorun üstündə oturtduğundan peşmandır. Onun səhvi nəticəsində oğlunu itirmişdir. X11 müharibəsi zamanı döyüşlərdə itirmişdir, əlillik vəsiqəsinin təsdiq edilmiş surətini ibtidai istintaqda təqdim etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İmişli rayonu, Telişli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 11 noyabr 2023-cü il tarixdə saat 22 radələrində əri Təqsirləndirilən şəxs Əbülfət oğlunun idarə etdiyi “VAZ-2107 SEDAN” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mərhum oğlu X9 zəhərləndiyi üçün onu İmişli rayon mərkəzi xəstəxanasına apardıqlarını qeyd etmişdir. Əri Təqsirləndirilən şəxs nişan mərasimində olarkən qızı Rəqsanə ilə Təqsirləndirilən şəxs zəng edib oğlu Fəxrinin vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Avtomobilin arxa sərnişin oturacağında sol tərəfdə o, sağda isə qızı Zərərçəkmiş şəxs2 əyləşmişdir. Mərhum oğlu Fəxri isə avtomobilin sağ ön oturacağı təmirdə olduğu üçün həmin yerdə olan üzərinə döşəkcə keçirilmiş akkumulyatorun üstündə oturmuşdur. Bu zaman Coşqunun avtomobili 80 km/saat sürətlə hərəkət etdirdiyini bildirmişdir. Həmin vaxt qarşısına “İsuzu” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili hərəkətdə olmuş və Coşqun həmin yük avtomobilini ötmək üçün əks hərəkət zolağına çıxmış və ötmə əməliyyatını edib yenidən sağ hərəkət zolağına qayıdarkən idarəetməni itirib yolun sağ kənarında yerləşən torpaq örtüyə aşmışlar. Bundan sonra yük avtomobilindən bir nəfər şəxs gəlib onlara avtomobildən çıxmağa kömək etmişdir. Sonra isə təcili tibbi yardım maşını gəlib onları İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar.1 gün sonra isə oğlu X2 öldüyünü demişlər. Hadisə nəticəsində sol mil sümüyü və çənə sümüyü və bədəninin digər nahiyyələrində sınıq xəsarətləri olmuşdur Qeyd etmiş ki, əri Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur və spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə idarə etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə eyniməzmunlu ifadə verərək bildirmişdir ki, atası nişan mərasimində içki içmiş, qardaşı Fəxri zəhərləndiyi üçün atasına o zəng etmiş, yolda olarkən qəzaya düşmüşlər, bu zaman qardaşı ön oturacaqda, akkumulyatorun üstündə oturmuş, qəza zamanı o, özündən getmiş, bir də xəstəxanada gözlərini açmış, xəstəxanada olarkən qardaşı Fəxri Tağızadənin öldüyü xəbərini almışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təqsirləndirilən şəxs olan atası Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 11 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində özünə məxsus olan “İsuzu” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İmişli-Kürdəmir yolunun İmişli rayon, Məmmədli kəndi ərazisindən keçən hissədə 60 km/saat surətlə hərəkətdə olmuşdur. Həmin vaxt yanında dostu X7 da əyləşmişdir. Həmin vaxt arxadan “VAZ-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə, yəni təxminən 80-90 km/saat sürətlə əks yol ilə arxadan gəldiyini görmüşdür. Həmin vaxt avtomobil onun qarşısında anidən hərəkət zolağını dəyişib qarşısına keçmiş və idarəetməni itirib yolun sağ kənarında yerləşən torpaq örtüyə aşmışdır. O isə həmin avtomobillə toqquşmamaq üçün dərhal avtomobili yolun sol hərəkət zolağına çəkmiş və yenidən sağ hərəkət zolağına qayıtmış ki, avtomobili saxlasın. Bu zaman isə onun idarə etdiyi avtomobilin arxa sağ hissəsi qarşıda hərəkətdə olan “QAZ-3110” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəymişdir. Sonra isə avtomobilləri saxlayıb düşmüşlər. X13 “VAZ-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişdir. O isə “QAZ-3110” markalı avtomobilin sürücüsü ilə təcili tibbi yardıma zəng etmişlər. Sonra o, X13un “VAZ-2107” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan yaralıları avtomobildən kənara çıxardığını görmüşdür. Sonra isə oraya yoldan keçən şəxslər toplaşmışlar və təcili tibbi yardım gəlib yaralıları xəstəxanaya aparmışdır. Sonra isə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişdir. Şahidin ibtidai istintaqdakı ifadəsiylə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi təqsirləndirilən şəxsin avtomobili idarə etdiyi sürətin həddi hissəsində uzlaşmadığından, AR CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən ibtidai istintaqdakı ifadəsi elan edilmiş və Şahid bildirmişdir ki, hazırki ifadəsi doğrudur, Təqsirləndirilən şəxs avtomobili 100-110 km/saatla idarə etməsi həqiqəti əks etdirmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə İmişli rayonu, Məmmədli kəndi ərazisindən keçən hissədə baş vermişdir, həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklü olmaqla quru və hamardır. Asfalt yolunun hərəkət hissəsinin eni 7,10 metrdir, yolun İmişli şəhəri istiqamətində sol tərəfdən və sağ tərəfdən torpaq örtükləri vardır. Hadisə zamanı «VAZ-2107» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X8 olmuşdur və yük yerində isə yük olmamışdır. «VAZ-2107» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Aşma yeri İmişli şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən torpaq örtükdə baş vermişdir. Aşma yerindən hərəkət zolağınının sağ kənarına kimi 5 metr məsafə olmuşdur. Avtomobilin hərəkət zolağından çıxaraq torpaq örtükdə dayandığı yerə qədər olan məsafə isə 23 metr olmuşdur. Hadisə yerində tormozlama izi olmamışdır. (i.v 7-16) -«məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın 4 mart 2024-cü il tarixli, 8/446 nömrəli rəyindən görünür ki, «VAZ-2107» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Əbülfət oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ-2107» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ-2107» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ-2107» markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 117-118) -«məhkəmə-tibbi ekspertizası»nın 12 noyabr 2023-cü il tarixli, 25 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- təpə sümüyünün yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş-beynin sərt və yumşaq qişasında, qişaaltına və baş-beyin toxumasına qansızma, təpə nahiyyəsində, alın nahiyyəsində sağda, burun belində, çənəaltı nahiyyədə yaralar, alın nahiyyəsində ortada, burnun üstündə, çənə nahiyyəsində, sağ baldırın orta 3/1nin ön səthində, sağ diz oynağının bayır səthində sıyrıqlar, alt dodağın selikli qişasında ətrafı qansızmalı yara, sağ xarici qulaq seyvanının girəcəyində yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomaşınının aşması nəticəsində meydana gələ bilər. X2 ölümü xx.xx.2023-cü il tarixdə İmişli RMX-da baş vermiş və onun ölümünə səbəb başın açıq küt travması nəticəsində təpə sümüyünün yerini dəyişməyən sınığı və baş-beyin toxumasına qansızma olmuşdur.(i.v. 41-46) -«məhkəmə-tibbi ekspertizası»nın 10 fevral 2024-cü il tarixli, 82 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- çənənin simfi nahiyyəsinin yerini dəyişmiş sınığı, əng sümüyünün alveol çıxıntısının sağ tərəfli az yerini dəyişmiş sınığı, 11, 12, 21, 22 dişlərin travmatik çıxığı, sol mil və dirsək sümüyünün sınığı bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v.107-108) -«zərərçəkmiş şəxs kimi tanıma haqqında» 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X8 öldüyündən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.32) «zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında» 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v.63-64) -«zərərçəkmiş şəxs kimi tanıma haqqında» 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 68-69) -«zərərçəkmiş şəxs kimi tanıma haqqında» 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.( i.v.80-81) -«zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin tanınması haqqında» 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində Zərərçəkmiş şəxs1 tanınmışdır.( i.v.84-85) -İmişli Regional Qİ və TB şöbəsinin 1 mart 2023-cü il tarixli, 016-11-k-121 nömrəli məktubundan görünür ki, İmişli rayon Telişli kəndində qeydiyyatda olan Tağıyev X6 oğluna sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. (i.v. 119) - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 11 noyabr 2023-cü il tarixli 607 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu alkoqol sərxoşluğu vəziyyətindədir. (i.v. 17) -«məhkəmə-tibbi ekspertizası»nın 10 fevral 2024-cü il tarixli, 83 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər-çənənin hər iki oynaq başının yerini dəyişmiş sınığı, sol mil sümüyünün orta 3/1-nin az yerini dəyişmiş sınığı, alt dodağda və sol əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında yaralar bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (i.v 109-110) -«sübutların qiymətləndirilməsi haqqında» 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun hadisəni törətdiyi «VAZ-2107 MİNİK» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və məhkəməyə qədər İmişli rayon polis şöbəsinin duracağında saxlanılmışdır.( i.v.169-176) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( i.v.127-128) -«qətimkan tədbirinin seçilməsi haqqında» 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. ( i.v.149-150) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasına görə, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin şəxsin bu maddə ilə nəzərdə tutulmuş eyni əməlləri törətməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə-Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: 1) həmin şəxsin avtomobili, tramvayı və ya digər mexaniki nəqliyyat vasitəsini idarə etməsi və bu vaxt onun alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması; 2) belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması; 3) onun göstərilən əməli törətməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Əbülfət oğlu 11 noyabr 2023-cü il tarixdə saat 22 radələrində «VAZ-2107»markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun İmişli rayonu, Məmmədli kəndi ərazisindən keçən 40-cı kilometrliyində İmişli şəhəri ərazisində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, 80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq, onunla eyni istiqamətdə, qarşısında hərəkət edən “İsuzu” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini əks hərəkət zolağına çıxaraq sol tərəfdən ötdükdən sonra ani manevr etməklə yenidən öz hərəkət zolağına qayıdarkən idarəetməni itirib avtomobili yolun sağ kənarında yolun ehtiyat hissəsindən aralıda yerləşən torpaq sahəsinə aşıraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilin ön sərnişin yerində əyləşmiş X2 aldığı xəsarətlərdən başın açıq küt travması nəticəsində təpə sümüyünün yerini dəyişməyən sınığı və baş-beyin toxumasına qansızmadan ehtiyyatsızlıqdan ölümünə, avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına, avtomobilin axra sərnişin oturacağında sağda əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Əbülfət oğlu Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qənaətinə görə isə bu əlamətlərin hamısı, o cümlədən Təqsirləndirilən şəxs Əbülfət oğlunun məhz alkoqol sərxoşluğu vəziyyətində, həmçinin, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozması toplanmış sübutlarla təsdiq edilmişdir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bununla yanaşı, məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 145 və 146-cı maddələrinin tələblərinə də əsaslanaraq vurğulamışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları,digər sənədlər sübut kimi qəbul edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, «yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyləri, Təqsirləndirilən şəxs hadisəni törətdiyi «VAZ-2107 minik» markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması, sərxoşluq vəziyyətinin müayinə aktı, Təqsirləndirilən şəxs sürücülük hüququnun olmamasına dair İmişli Regional Qİ və TB şöbəsinin məktubu və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Əbülfət oğlu Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -İmişli rayon İcra Hakimiyyəti başçısının Telişli kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu kənddə yaxın-qohum tədbirlərində fəal iştirak edir, gənclərin vətənpərvər ruhda böyüməsində həmişə örnək olmuşdur. (i.v. 156) -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.165) Məhkəmə Təqsirləndirilən şəxs Əbülfət oğluna cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şifahi və yazılı qaydada məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Əbülfət oğluna qarşı heç bir şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını bildirib, təqsirləndirilən şəxs barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə Təqsirləndirilən şəxs Əbülfət oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə xəsarət alaraq birinci qrup əlil olmasını ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əbülfət oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza şərti hesab edilməklə, sınaq müddəti müəyyən edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu 16 mart 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Qətimkan tədbirinin seçilməsi haqqında» qərardan isə görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun barəsində 16 mart 2024-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Əbülfət oğlunun cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, ictimai təhlükəli olmamasını və ən əsası ehtiyatsızlıqdan törətdiyi cinayət nəticəsində vəfat edən şəxsin onun öz doğma azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin əməli ilə öz övladının ölümünə səbəb olmasının verdiyi mənəvi əzabın məhkumun islah olunmasına məhkəmə tərkibinin qənaətincə kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu cəzaçəkmə müəssisəsində cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs Əbülfət oğlu üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə tərkibi həmçinin, təqsirləndirilən şəxsin avtomobili idarə etmək üçün zəruri fiziki imkanlara malik olmadığını bildiyi halda, yəni, sağ qolunun dirsəkdən aşağı nahiyəsi olmadığı halda avtomobili idarəetməyə çalışmasını əlavə cəzanın müddətinin təyin edilməsi zamanı nəzərə alınmalı olan hal hesab edir və bu qənaətə gəlir ki, qeyd edilən hal əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzasının yuxarı həddə seçilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əbülfət oğlundan ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış «VAZ-2107 minik» markalı, **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs Əbülfət oğluna qaytarılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cündə nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah etməlidir. Məhkəmə tərkibi, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göründüyü kimi cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əbülfət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Əbülfət oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs Əbülfət oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli və əlavə cəzanın çəkilmə müddəti-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Əbülfət oğlunun üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış “VAZ 2107 MİNİK” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs Əbülfət oğluna qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs Əbülfət oğlu tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Əbülfət oğlundan ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Müşfiq Məmmədov Səfərli Cavid
Məhkəmə qərarları › İş №1(099)-562/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-562/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver