Məhkəmə qərarları › İş №1(099)-564/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-564/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-564/2023 26.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X5 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 4, mənzil 16da qeydiyyatda olmaqla orada yaşamış, Neftçala Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə 6,991 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd bükümdə 3,135 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, ümumilikdə 2 ədəd bükümdə 10,126 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlayıb, 08 fevral 2023-cü il tarixdə saat 15 radələrində külli miqdarda 6,991 qram çəkidə 1 ədəd bükümdə narkotik vasitə olan heroini Salyan şəhəri Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında Neftçala rayonunun Qazaqbərə kənd sakini Şahid4 ilə görüşüb 50 manat pul müqabilində ona satmış, qalan 1 ədəd bükümdə 3,135 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq saxlayarkən 02 mart 2023-cü il tarixdə saat 18:05 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Mil-Muğan kollektorunun Neftçala rayonu Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kollektorun sahilində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli salvarının sağ yan cibində sellofan kəsiyinə bükülmüş bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, təmiz çəkisi 3,135 qram, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 6 ay olardı ki, narkotikdən istifadə etmişdir. Narkotiki adətən Salyan rayonunda üzdən tanıdığı Səid adlı şəxsdən almışdır. Sonuncu dəfə tanışı Asim ona narkotik tapmasını xahiş etdiyindən, hər biri 20 manat qoymaqla 0,4 qram çəkidə heroin almışlar. Narkotiki o tanımadığı şəxsdən alarkən Asim kənarda dayanmışdır. O aldığı narkotikin 0,2 qramını Asimə vermişdir. Sonra da öz evlərinə gedərkən məhlələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Orada videoçəkilişlə onun üzərində axtarış aparmışlar. Axtarış zamanı üzərindən çıxan 3 qram heroini üzərinə götürməsini, götürməzsə evindən 3-4 kiloqram narkotik çıxacağını demişlər. O da məcbur qalıb 3 qram narkotiki qəbul etmişdir. O ifadəsində daha sonra göstərmişdir ki, sonradan Asimin saxlanıldığını, onun Nəcəf adlı şəxsə narkotik satdığını, lakin Nəcəfi tanımadığını, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də 02 mart 2023-cü il tarixdə saat 18 radələrində Tağızadə X2 rayonu Aşağı Surra kəndi ərazisində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuş, o da şalvarının cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəni təqdim etmiş, bükümə baxıldıqda içində heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunaraq imza edilmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdilər. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə tanışı Şahid5 ona zəng edərək narkotik vasitə istəmiş, o da qaynatasının qonşusu olan Mətləbə zəng edərək onun yanına getmiş və ona 20 manat verərək heroin almasını demişdir. Mətləb də harasa gedib qayıdaraq ona 0,2 qram heroin vermişdir. O da həmin heroindən bir qədər istifadə edib, qalanını Nəcəfə vermişdir. Sonra da Nəcəf tutulmuşdur. Ona elan olunmuş SMS-in mətni ona aydındır. Həmin SMS-si o Mətləbə göndərmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Neftçala rayonu Qazaxbərəsi kəndində qeydiyyatdadır və orada ailəsi birlikdə yaşamışdır. Arabir narkotik vasitələrdən istifadə edir. Şahid5 qonşu kəndin sakini kimi tanıyır. Nəcəflə aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmayıbdır. 08 fevral 2023-cü il tarixdə Nəcəf öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini demişdir. O, razılaşmış, təxminən saat 14 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus dayanacağının yaxınlığında görüşmüşlər. Bu vaxt Nəcəf 50 manat pulunun olduğunu, həmin pula heroin tapmağı ondan xahiş etmişdir. Nəcəf ona demişdir ki, heroin tap bir yerdə istifadə edək. O, Nəcəflə münasibəti olduğu üçün razılaşmışdır. Nəcəfdən pulu götürüb Salyan şəhərinə getmiş, həmin gün saat təxminən 15 radələrində o, narkotik vasitə istifadəçisi olduğunu bildiyi və əvvəllər bir neçə dəfə də ona dost kimi narkotik vasitə vermiş yaxşı münasibəti olan tanışı Mətləb ilə vatsap zəngi ilə danışaraq Salyan şəhəri, Ə.Quliyev küçəsində evinin yaxınlığında görüşmüşdür. O, Mətləbdən istifadə etmək üçün 50 manat pula heroin istəmişdir. Mətləb gedib təxminən 15-20 dəqiqə sonra gəlmişdir. O, 50 manat pulu Mətləbə vermişdir. Mətləb ona təxminən 6-7 qram olan heroin vermişdir. Daha sonra o Neftçala rayonu Qaçaqkənd kəndinə gələrək təxminən saat 16 radələrində Nəcəflə görüşüb təxminən 3 qram olan heroini Nəcəfə vermişdir. Təxminən 3 qram heroin də özünə qalmışdır. Daha sonra hərə öz evinə getmişdir. O, səhəri günü eşitmişdir ki, Nəcəf elə həmin günü tutulub. O, özünə qalan heroindən qorxusundan istifadə etməyərək, aparıb evdə yataq otağında yataq dəstinin döşəyinin altında gizlətmişdir. Həmçinin Nəcəfin tutulması barədə səsli mesajlar yazaraq Mətləbə bildirmişdir. 27 fevral 2023-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş üzərinə və razılığı ilə evinə baxış keçirilmişdir. 28 fevral 2023-cü il tarixdə saat 16 radələrində evdə yatdığı otaqda yataq dəstinin döşəyinin altında narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə qablaşdırılaraq, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuş, o da protokola imza etmişdir. O, Mətləbdən pulsuz bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə almış, heç vaxt ondan pul müqabilində narkotik vasitə almamışdır. Birinci dəfə imiş ki, Mətləbə 50 manat pul verib narkotik vasitə almışdır. O təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Ona narkotik vasitə lazım olanda, bir neçə dəfə pay kimi Mətləbdən, hərdən isə Lənkəran şəhərində Qumbaşı adlanan yerdən tanımadığı şəxsdən pul verib narkotik vasitə almışdır. O, tanışı Şahid5 əvvəllər pul müqabilində narkotik vasitə tapmamış və ona pay olaraq istifadə etmək üçün narkotik vasitə verməmişdir. Birinci dəfə idiki, ona pul müqabilində narkotik vasitə tapmışdır. O, hərdən narkotik vasitə lazım olanda Vatsapla səs göndərib Mətləbdən pay kimi narkotik vasitə heroin ya da marixuana almışdır. O da pulsuz olaraq narkotik vasitə vermişdir. Bu da həmişə olmamış, polislər tərəfindən tutulmaqdan ehtiyat etmiş, telefondan həmin mesajları silmək yadından çıxmışdır. Polislər sonra onu da tutanda həmin mesajlar telefonuna baxış zamanı aşkar edilmişdir. O, ***-***-**-** saylı nömrəsi ilə vatçap sosial şəbəkəsindən qeydiyyatda keçərək, Mətləb adlı şəxsin ***-***-**-** saylı mobil telefonuna, “səndən götürdüyümü verdim uşaqlara getdi sroka”, “gedib qabaqda tutublar”, “Nəcəfi aformit eləyiblər getdi Kürdəxanıya” kimi səsli mesajların ona aid olduğunu, narkotik vasitəni aldığı Mətləb adlı şəxsə göndərdiyini bildirmiş, onu ani olaraq tutduqlarından telefonda qalmışdır. Dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 onun tanışıdır. Asimin narkotik vasitə istifadə etdiyini bildiyindən və ona narkotik lazım olduğundan 08 fevral 2023-cü il tarixdə Asimə zəng edərək onunla görüşmüşlər. Görüş zamanı Asimə narkotik vasitə lazım olduğunu bildirib, ona 10 manat pul vermiş, Asimdə ona bir bükümdə heroin gətirib vermişdir. Sonradan Asimin narkotik vasitəni Mətləbdən aldığını bilmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 ibtidai istintaq zamanı iverdiyi ifadəsində Şahid4 tanıdığını, Asimin narkotik vasitə istifadə etdiyini bildiyindən və ona narkotik lazım olduğundan 08 fevral 2023-cü il tarixdə Asimə zəng edərək onunla Neftçala rayonu Qaçaqkənd kəndində görüşdüyünü, görüş zamanı Asimə narkotik vasitə lazım olduğunu bildirdiyini, Asim isə onun üçün alacağını, lakin, özü də istifadə edəcəyini bildirdiyini, onlar razılaşaraq, Asimə 50 manat pul verdiyini, bir müddət sonra Asimlə görüşdüyünü, aldığı heroindən ona verdiyini, biraz da özü üçün götürdüyünü, həmin günü də onu tutduqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 13 aprel 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə Neftçala Rayon Polis Şöbəsində son dövrlər mütəmadi olaraq məlumatlar daxil olmuş, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış niyyəti ilə bir ədəd bükümdə təxminən 3-4 qram heroin, digər bükümdə təxminən 6-7 qram narkotik vasitə heroini əldə edərək, 1 bükümdə təxminən 6-7 qram olan narkotik vasitə olan heroini 08 fevral 2023-cü il tarixdə Şahid4 50 manat məbləğ qarşılığında satmışdır. Təxminən 3-4 qram olan digər bükümü satış niyyəti ilə üzərində gəzdirərkən Neftçala rayonu Aşağı Surra kəndində Mil- Muğan kollektorunun sahilində saxlanılmışdır. Cinayət işinin materiallarında olan 02 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, 02 mart 2023-cü il tarixdə saat 18:05 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd bükümdə ümumi çəkisi 3,4 qram olan heroinə bənzər kütlə aşkar edilərək ondan götürülmüşdür. Şəxsi axtarış ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Məhkəmədə qeyd edilən istintaq hərəkətlərinin videogörüntüləri olan diskə baxış keçirilərkən şəxsi axtarış və götürmə istintaq hərəkətləri barədə protokolda qeyd edilənlərlə diskdə olan görüntülərin üst-üstə düşməsi təsdiq olunur. Cinayət işinin materiallarında olan Şahid4 CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 15 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şahid4, 08 fevral 2023-cü il tarixdə saat 14 radələrində tanışı Şahid5 ilə Neftçala rayonu, Qaçaqkənd kəndində görüşən vaxt sonuncu ondan 50 manat pul müqabilində birgə istifadə etmək üçün narkotik vasitə olan heroin tapmasını xahiş etmiş, Şahid4 50 manat pulu Şahid5 alaraq həmin tarixdə saat 15 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində tanışı Təqsirləndirilən şəxs ilə görüşüb ondan 50 manat pula satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,991 qram çəkidə narkotik vasitə olan heroin alaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 16 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində görüşərək narkotik vasitə olan heroinin külli miqdarda 2,663 qram çəkidə olan hissəsini Şahid5 vermiş, narkotik vasitə olan heroinin qalan külli miqdarda 4,328 qram çəkidə olan hissəsini Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən yaşadığı evin yataq otağındakı yataq dəstinin döşəyinin altında gizlədərək saxlamış, Şahid5 həmin tarixdə saat 19:55 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindənki “Prima” markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,663 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin 28 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şahid4 Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı yataq dəstinin döşəyinin altından satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-4,328 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli, 18/263 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “.Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-3,135 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 18/592 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə Şahid4 evindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir, eyni tərkibli deyildir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 may 2023-cü il tarixli, 2571 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisi X3 iştirakı ilə keçirilmiş səs yazılarına baxış protokolundan görünür ki, “o səfərləri yaxşı oldu Allah köməyin olsun bir dəfəyə danqıldatdım vəziyyət kötü oldu. Həyqi öldüm ölümdən qayıtdım. Uzandım yerə, Neftçalada bazarın dalında ürəyim getmişdi, birtəhər su tökdülər başıma gözümə ayıldım, yaman şey idi ancaq, az da olsa burulğan idi”, “axrıncı dəfə sənə dəyənəm o vaxtdan özümü saxlamışam”, “səndən götürdüyümü verdim uşaqlara getdi sroka, gedib qabaqda tutublar, Nəcəfdi aformit eleyibler getdi Kürdəxanıya” kimi sözlərin işlədildiyi səs yazıları Şahid4 məxsusdur. Təqsirləndirilən şəxs səsli mesajlara qulaq asarkən bildirmişdir ki, həmin səsli mesajlar Şahid4lə qarşılıqlı səsli mesajlardır. “vəziyyət var idi dükana şurublar zaddar gəlmişdi.dedim gəlib iştirak etmək istəyirsən elə” səsli mesajı onun tərəfindən Şahid4 göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 3,035 qram narkotik vasitə heroin və 3 ədəd DVD disklər maddi sübut kimi tanınmış və narkotik vasitə saxlanılmasından ötrü Neftçala RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “Salyan RMX” X6 verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ/6-68/2-465/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan “RMX” PHŞ-da, əsəb-ruhi və narkoloji dispanser qeydiyyatında yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək ifadəsində göstərmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitənin çəkisi 0,2 qram olmuş, kiməsə narkotik vasitə satmamış və verməmiş, aldığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Məhkəmə onun bu ifadəsi məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş Şahid4 ibtidqai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolu, əldə olunmuş maddi sübutlar, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroinlə Şahid4 evindən götürülmüş 1 ədəd bükümdə olan heroinin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmaması barədəki rəyi ilə, “o səfərləri yaxşı oldu Allah köməyin olsun bir dəfəyə danqıldatdım vəziyyət kötü oldu. Həyqi öldüm ölümdən qayıtdım. Uzandım yerə, Neftçalada bazarın dalında ürəyim getmişdi, birtəhər su tökdülər başıma gözümə ayıldım, yaman şey idi ancaq, az da olsa burulğan idi”, “axrıncı dəfə sənə dəyənəm o vaxtdan özümü saxlamışam”, “səndən götürdüyümü verdim uşaqlara getdi sroka, gedib qabaqda tutublar, Nəcəfdi aformit eleyibler getdi Kürdəxanıya” kimi sözlərin işlədildiyi səs yazıları olan Şahid4 istifadəsindəki telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu ilə tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Bundan başqa məhkəmədə Şahid4 ifadəsində Şahid5 narkotik vasitə alması üçün ona 20 manat pul verməsini o isə həmin pulu Təqsirləndirilən şəxs verərək həmin pula heroin almasını və Mətləbin ona həmin pulun müqabilində 0,2 qram heroin verməsi barədə ziddiyyətli ifadələr vermişdir. Həmçinin Şahid5 da narkotik almaq üçün Şahid4 10 manat pul verdiyini bildirmişdir. Məhkəmə bu ifadələrə adları qeyd edilən şahidlərin də hazırda CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verildiklərindən, onların biri-digərini müdafiə məqsədi ilə belə ifadələr verdiklərini və ifadələrin işin faktiki hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə onların məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələri ilə təkzib edildiyindəm həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrin həqiqətə və işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhəri Ə.Quliyev küçəsi ev 4, mənzil 16-da qeydiyyatda olmaqla orada yaşamışdır. Qeydiyyatda olduğu ərazi üzrə müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 mart 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasının ağılaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, işin vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 02 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 3,085 qram çəkidə heroin məhv edilməli, 3 ədəd DVD disklər cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 99 manat 48 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 02 mart 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 3,085 qram çəkidə heroin məhv edilsin. 3 ədəd DVD disklər cinayət işinin materillarında saxlanılsın. İş üzrə məhkəmə xərci 99 manat 48 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar