Məhkəmə qərarları › İş №1(099)-566/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-566/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-566/2023 27.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Yardımlı rayonu, Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, orta təhsilli, işsiz, Yardımlı rayonu, Şəfəqli Ərazi Dairəsi, Şəfəqli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı olması guman edilən «Fəridin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Fəridin» adlı şəxs və qeyriləri külli miqdarda 14870,5 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 3146 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Yardımlı rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin maddələri əldə edib yaşadığı Yardımlı rayonu, Şəfəqli Ərazi Dairəsi, Şəfəqli kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyaraq orada saxlamış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi psixotrop maddə metamfetaminin 93,8 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 18:00-da Yardımlı rayonu, Şəfəqli Ərazi Dairəsi, Şəfəqli kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Yardımlı şəhəri, Füzuli küçəsi 9 ünvanında yerləşən Yardımlı Rayon Polis Şöbəsinə aparılaraq həmin gün saat 19:30-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 93,8 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüş, həmin gün saat 21:10dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonu, Şəfəqli Ərazi Dairəsi, Şəfəqli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1537,8 qram və 1514,4 qram olmaqla ümumi çəkisi 3052,2 qram eyni tərkibli psixotrop maddə metamfetamin iki ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 989,9 qram, 1483,4 qram, 1984,7 qram, 1977,0 qram, 303,1 qram, 290,2 qram, 503,9 qram, 284,5 qram, 501,9 qram, 272,8 qram, 293,4 qram, 299,1 qram, 507,1 qram, 296,4 qram, 282,7 qram, 507,9 qram, 504,7 qram, 201,1 qram, 297,0 qram, 503,1 qram, 299,5 qram, 494,0 qram, 301,7 qram, 990,7 qram və 500,7 qram olmaqla ümumi çəkisi 14870,5 qram eyni tərkibli narkotik vasitə heroin iyirmi beş ədəd bükümdə evin yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, internet vasitəsi ilə «İnstaqram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Fəridin adlı şəxslə tanış olmuşdur. İranlı ilə mobil telefonda Whatsapp proqramı vasitəsi ilə bir neçə dəfə telefon danışıqları olmuş, birbiriləri ilə əlaqə saxlayıb danışmışlar. Fəridin ona Yardımlı rayonu, Alçabulaq kəndinə çatan zaman yolun sağ tərəfində əkin sahəsinin içərisində olan beton dirəyin yanına bir ədəd polietilen bağlama olduğunu, onların içərisində paltar olduğunu deyərək onu götürüb özündə saxlamağını, sonradan kiminsə gəlib həmin çantanı ondan alacağını, bildirdi və bunun müqabilində ona Bakıya gələndə hörmətini edəcəyini demişdir. Çantanı deyilən yerdən gedib götürmüş və içərisində nə olduğuna baxmamış, evə gətirmiş, çanta 3-4 saat onun evimdə qalmışdır. Çöldə olduğu zaman üç nəfər mülki geyimli şəxslər polis əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Yardımlı Rayon Polis Şöbəsinə dəvət etmiş. Orada müdafiəçisinin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilmiş. Bu zaman ilkin olaraq ona üzərimdə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o, üzərimdə heç bir qanunsuz əşyanın olmadığını bildirdikdə polislər ona onların dediyi kimi hərəkət etmiş, belə halda onu azad edəcəklərini demişlər. O, da polislərin dedikləri kimi etmişdir. Polislər ona içərisində “patı” metamfetamin olan bükülü vermişlər, bükülünü cibinə qoymuş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin bükümü təqdim etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş. Baxış zamanı evə daxil olduqdan sonra evin yataq otağında bir ədəd bağlamanı təqdim edərək, onların içərisində paltar olduğunu bildirmiş, bağlama açılan zaman oradan əlavə olaraq 03 ədəd böyük bağlama olması müşahidə edildi, bağlamalar açılan zaman birinin içərisindən 19 ədəd, digərinin içərisindən 06 ədəd bükümlər olmaqla ümumilikədə 25 ədəd bükümdə narkotik vasitə heroin, digər bağlamanın içərisindən isə 03 ədəd bükümdə psixotrop maddə metamfetaminin olması müşahidə edildi. O, etiraz edərk çantanın içərisində narkotik vasitələrin olmasından xəbər olmadığını, ona məxsus olmadığını bildirmişdir. Bağlamalar qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs növbəti məhkəmə baxışında bildirmişdir ki, evindən aşkar edilmiş 18 kiloqram narkotik vasitələrdən (heroin və metamfetamin) 7 kiloqramı ona məxsus olmuş, qalan hissəsini isə polis əməkdaşları yerləşdirmişlər. Təqsirləndirilən məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o göstərmişdir ki, 09 may 2023-cü il tarixdə “Fəridin” adlı İran vətəndaşı onunla əlaqə saxlayaraq Yardımlı rayonu, Alçabulaq kəndinə çatan zaman yolun sağ tərəfində əkin sahəsinin içərisində olan beton dirəyin yanına bir ədəd polietilen bağlama olduğunu, onların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu deyərək onu götürüb özündə saxlamağını, sonradan deyəcəyi vaxtda Bakı şəhərində deyəcəyi ünvana qoydurmağını istəmiş və bunun müqabilində ona 10.000 manat pul verəcəyini bildirmiş, o, da razılaşmışdır. O, da deyilən yerdən bağlamanı götürüb “Fəridin”ə bu barədə məlumat vermiş, sonuncu həmin maddələri hələlik özündə saxlamağını, deyəcəyi vaxtda Bakı şəhərinə aparmağını, həmin bağlamanın içərisində olan bükümlərin birinin içərisindən 01 ədəd psixotrop maddə olan metamfetamini götürüb Yardımlı rayonunda deyəcəyi adama çatdırmağını demişdir. Onunla razılaşmış və həmin maddələri yaşadığı evdə gizlətmişdir. Bağlamanın birinin içərisindən bir ədəd bükümü götürüb “Fəridin”dən xəbər gözləmiş, həmin gün “Fəridin” ona heçnə deməmişdir. 10 may 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb bir qədər hərəkət edən zaman polis əməkdaşları yaxınlaşaraq onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Yardımlı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və Polis Şöbəsinə gəlmişdir. Videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmışdır. Üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, İran vətəndaşı “Fəridin” adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə çatdırmağı müqabilində 10.000 manat pul alacağını, həmin maddələrdən yaşadığı evdə də saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüş, bundan sonra video çəkilişdən istifadə edilməklə yaşadığı evə baxış keçirilmişdir. Evə daxil olduqdan sonra evin yataq otağında olan divanın arxasındakı bir ədəd bağlamanı təqdim edərək, onların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, bağlama açılan zaman oradan əlavə olaraq 03 ədəd böyük bağlama olması müşahidə edilmiş, bağlamalar açılan zaman birinin içərisindən 19 ədəd, digərinin içərisindən 06 ədəd bükümlər olmaqla ümumilikədə 25 ədəd bükümdə narkotik vasitə heroinin, digər bağlamanın içərisindən isə 03 ədəd bükümdə psixotrop maddə metamfetaminin olması müşahidə edilmişdir. Bağlamalar qablaşdırılaraq götürülmüş, sorğu zamanı ilkin izahatını təsdiq etmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmiş, orada videoçəkiliş nümayiş etdirildikdən sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “cibindən aşkar olunan metamfetamini polis əməkdaşları tərəfindən cibinə qoyulması, Fəridin adlı şəxsin göndərdiyi bağlamalarda paltar olmasını düşünməsi”, “evindən aşkar edilən narkotik vasitələrin 7 kiloqramının ona məxsus olması, qalan narkotik vasitələri isə polis əməkdaşları tərəfindən yerləşdirilməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə Yardımlı rayonu, Şəfəqli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə məlumat daxil olduğundan onlar həmin gün Yardımlı rayonuna yola düşmüşlər. Həmin gün saat 18:00-da Yardımlı rayonu, Şəfəqli kəndində olan zaman piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxs Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirməklə onlarla birlikdə Yardımlı Rayon Polis Şöbəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etiraz etməmişdir. Şöbədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bağlamanı təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran vətəndaşı “Fəridin” adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə çatdırması müqabilində 10.000 manat pul alacağını və yaşadığı evdə həmin maddələrdən olduğunu qeyd etməklə evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evin yataq otağında olan divanın arxa hissəsindəki kisənin içərisindən 03 ədəd bağlamanı təqdim etmişdir. Birinci bağlamanın içərisindən 19 ədəd bükümdə narkotik vasitə heroin, ikinci bağlamanın içərisindən 06 ədəd bükümdə narkotik vasitə heroin və üçüncü bağlamnın içərisindən isə 02 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli 6/2717 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li” dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 93,8qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş..” yazısı və imzalar olan torbadakı, 25 (iyirmi beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 989,9 qr, 1483,4 qr, 1984,7 qr, 1977,0 qr, 303,1 qr, 290,2 qr, 503,9 qr, 284,5 qr, 501,9 qr, 272,8 qr, 293,4 qr, 299,1 qr, 507,1 qr, 296,4 qr, 282,7 qr, 507,9 qr, 504,7 qr, 201,1 qr, 297,0 qr, 503,1 qr, 299,5 qr, 494,0 qr, 301,7 qr, 990,7 qr, 500,7 qr, ümumi təmiz çəkisi 14870,5 qram (14 kq 870,5 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1537,8 qr və 1514,4 qr, ümumi təmiz çəkisi 3052,2 qram ağ rəngli kristalardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 3146 qram (3 kq 146 qr) təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: 1. Üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi: 93,8 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 93,7 qr. 2. yaşadığı mənzildən aşkar edilmiş: heroinin ümumi çəkisi 14870,5 qr, tədqiqata sərf edildi: ümumi 0,25 qr, qalıq: 14870,25 qr. Metamfetaminin ümumi təmiz çəkisi: 3052,2 qr, tədqiqata sərf edildi: ümumi 0,20 qr, qalıq: 3052,0 qr. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edır. İş materiallarında olan 20 may 2023-cü il tarixli 3087 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 10 may 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bağlamada ağ rəngli, kristal şəkilli.psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparıldı, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** sım kart nömrəsi olan ' Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi üzərində nömrələri silinmiş 1(bir) ədəd plastik bank kartı və 1(bir) ədəd açar aşkar olunaraq götürüldü Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kutlə elektron tərəzidə çəkildi.Metamfetaminə bənzər kütlənin çəkisi 99(doxsan doqquz) qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərflərə qoularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi.proses iştirakçıları tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün. 1(bir) ədəd "Samsung' markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd plastik oank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1(bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1(bir) gün bundan qabaq İran İslam Respublikasının vətəndaşı “Fəridin" adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu. Alçabulaq kəndində gizlədilmiş yerdən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 10000(on min) manat pul verəcəyini,narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa yaşadığı Yardımlı rayonu, Şəfəqli kəndində nömrəsiz fərdi yaşayış evində narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı divanın arxasında gizlətdiyi 1 (bir) ədəd kisənin içərisindən 3(üç)ədəd qara bağlamanı təqdim etdi.Birinci bağlamanın içərisindən 19(on doqquz) sellofanda ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, ikıncı bağlamanın içərisindən 6 (altı) ədəd sellofanda narkotik vasitə olan heroinə bənzər kütlə, üçüncü bağlamanın içərisindən 2 (iki) ədəd sellofanda psıxotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etdi Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Metamfetaminə bənzər kütlələrin ümumillikdə çəkisi 3 (üç) kq 128 (yüz iyirmi səkkiz) qram, heroinə bənzər kütlələrin ümmumıllıkdə çəkisi 15(on beş) kq 500(beş yüz) qram oldu. Daha sonra həmin kütlələr qablaşdırıldı DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi yə tərəfimdən imzalandı Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu həm n kütlələri 1 (bir) qün bundan qabaq iran İslam Respublikasının vətəndaşı “Fəridin” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu Alçabulaq kəndində gizlədilmiş yerdən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 10.000(on min) manat pul verəcəyini,narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı ilə qanuni hesab edilmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 may 2023cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 may 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 14870,25 qram narkotik vasitə heroin və 3145,7 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Yardımlı rayonu, Şəfəqli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayaış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Sultanov X6 rayonu, Şəfəqli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2008-ci il təvəllüdlü X3, 2009-cu il təvəllüdlü X4 və 2011ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşıdığı müddətdə Şəfəqli kəndinin ictimai işlər və xeyriyyyəçilik sahəsində fəal iştirak etmiş, Şəfəqli kəndində şəhid kompleksi tikmiş, Gilar kənd qəbirsanlığını hasara salmış, barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin haqqında» 12 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə və spixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmasından ötrü müdafiəçisi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 qaytarılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin və psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olması əməlini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini, gənc olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Azərbaycan Respublikası DİNin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 14870,25 qram narkotik vasitə heroin və 3145,7 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 14870,25 qram narkotik vasitə heroin və 3145,7 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar