Məhkəmə qərarları › İş №1(099)-566/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-566/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-566/2025 11.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 2001-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2025-ci ilin təxminən iyun ayında istifadəsində olan “Samsung” markalı mobil telefonunda arvadı Şahid1 adına olan “İnstagram” sosial şəbəkə hesabındakı “m.humAy” profilinə “neriman_967” adlı profil hesabından “salam necəsən” məzmunda mesaj gəldiyini görüb, həmin mesajın arvadının keçmiş sevgilisi olmuş, onunla evlənənədək bu münasibətləri sonlandırmaq barədə söz vermiş Zərərçəkmiş şəxs tərəfindən göndərildiyini ehtimal edərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, sonuncunu görüşmək adı ilə aldadaraq, 28 iyul 2025-ci il tarixdə Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həyat kafesi”nə dəvət etmiş, cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görərək, özü ilə bir ədəd təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən balta götürüb həmin tarixdə, saat 10:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla kafeyə gəlmiş, orada otaqlardan birində oturub, baltanı stolun altında gizlətməklə Nərimanın gəlməsini gözləmiş, saat təxminən 11:00-da otağa daxil olub, stol arxasında onunla üzbəüz oturan Nərimanla bir neçə dəqiqə söhbət etdikdən sonra, baltanı anidən götürüb, saplaq hissəsindən tutmaqla metal kəsici tilə malik hissəsi ilə Nərimanın baş nahiyəsinə iki dəfə və sol baldır nahiyəsinə bir dəfə qəsdən zərbə ilə vuraraq, ona alın sümüyündə tac tikişdən ön tərəfdə sümüyün xarici səhifəsində yerdəyişməmiş və basılmaya səbəb olmamış sınıq xətti ilə müşayiət olunan, təpə, sağ gicgah və alın nahiyələrində, sol baldırın orta 1/3-də ön səthdə yaralar, sağ mil bilək oynağının üst səthində, sağ əlin üst səthində 4-cü əldarağı sümüyü proyeksiyasında, sağ əlin 2-ci barmağının ovuc səthində sıyrıqlarla müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt öldürməyə yönəlmiş növbəti zərbələri vurmaq istəyərkən zərərçəkmişin fəal müqaviməti, səs-küyə kafedə işləyən Şahid4 və qeyrilərinin içəri daxil olaraq müdaxilə etməklə baltanı onun əlindən alması, eləcə də xəsarət almış Zərərçəkmiş şəxs təcili olaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılmaqla tibbi yardım göstərilməsi ilə həyatının xilas edilməsi səbəbindən, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, evlənməmişdən qabaq, yəni 2024-cü ilin sentyabr ayında Şahid1 ona “WhatsApp”-da yazaraq iki il ərzində kollecdə tanıdığı Nəriman adlı şəxs tərəfindən narahat edildiyini, bu barədə qardaşı Şahid2 deyə bilmədiyini demiş, cavabında bu barədə qardaşına heç nə deməməyi, bir də narahat edildiyi halda şəhərdən rayona (Sabirabada) gəlib məsələni yoluna qoyacağını bildirmişdir. İyul ayında Humay ona Nərimanla olan yazışmasının ekran şəklini çəkib göndərmiş, rayona gələndən sonra Nəriman adlı şəxs barədə məlumat toplamış, Nərimanla Humayın arasında əvvəllər sevgi münasibətinin olmasını, Nərimanın Humaya elçilk etdiyini, lakin qızın ailəsi razı olmadığı üçün baş tutmadığını öyrənmişdir. Həmin ərəfədə Nəriman hərbi xidmətdə olduğu üçün heç nə edə bilməmiş, xidmətdən qayıtmasını gözləmişdir. Humayın qardaşı İsgəndərlə sinif yoldaşı idilər, aralarında on beş illik dostluq münasibəti olmuşdur. Sonradan Humayla münasibəti yaranmışdır. Nərimanı tanıyan ətrafına sonuncunun hərbi xidmətdən gələndə onunla söhbəti olacağı üçün bu barədə xəbər vermələrini bildirmişdir. 14 fevralda Humayla nişanı olmuş, 16 fevral tarixində Sabirabad rayonu ərazisində Nərimanla qarşılamış, birlikdə kafeyə gedib Humay barədə söhbət etmişlər. Nəriman Humayı iki ildir tanıdığını, ona elçi getdiyini, lakin alınmadığını, o isə Nərimana artıq Humayla nişanlı olduğunu bildirmişdir. Nərimanla normal şəkildə söhbət edib ayrılmışlar. Bir müddət sonra mart ayında Bakı şəhərində “Gənclik” metrosunda Nərimanla qarşılamış, normal şəkildə salamlaşmışdır. İsgəndər kollecdən olan istədiyi qız vasitəsilə Nəriman barədə öyrənib ona zəng etmiş, o da Nəriman barədə məlumatı olduğunu və Humay mövzsunda Nərimanın ona problem yaratmayacağını, İsgəndər isə Nərimanla görüşmək istədiyini bildirmişdir. İsgəndərlə Nərimanı görüşdürməmişdir. Mart ayının axırlarında İsgəndərlə içki məclisində olarkən Nəriman barədə söhbət etmişlər. Səhəri gün İsgəndərlə söhbət edərkən Nərimanı Humaya görə tanıdığını, iki il ərzində Nərimanın Humayı üç-dörd dəfə narahat etdiyini bildirmiş, bundan sonra İsgəndər Nərimanın nömrəsini öyrənmişdir. Axşam Sabirabad rayonuna qayıtmışdır. Həmin vaxt İsgəndər ona saat 19:00 radələrində Nərimanla görüşəcəyini bildirmişdir. Nərimanın nömrəsini tapıb, rayondakı marketlərin birində kassir işlədiyini öyrənmişdir. Nəriman qorxaq biri olmuş, onu marketdən bir təhər çıxartmış, baş verənlər barədə İsgəndərin məlumatı olduğunu və onunla görüşməməsini bildirmişdir. İsgəndər ona zəng edərək söhbətin bitdiyini və onun qarşısına çıxmamasını bildirmişdir. 17 mayda toy məclisi olmuşdur. Bundan sonra hadisəyə qədər Nərimanı görməmişdir. İyul ayının əvvəllərində Humayla evdə gecə saat 04-05 radələrində telefonda filmə baxırmış, anası da evdə imiş. Humayın mobil telefonu olmamış, “İnstagram”ı onun telefonunda işlətmiş, öz hesabını isə həmin vaxt dondurmuşdur. Filmə baxdıqları zaman “neriman_967” profilindən Humayın profilinə mesaj gəlmiş, dərhal mətbəxə keçmiş və ona qeyd etdiyi profildən “salam necəsən” məzmunda mesaj gəldiyini görmüşdür. Müstəntiq Sabit Yusifov profili düzgün qeyd etməmiş, ümumiyyətlə, müstəntiq ifadələrinin otuz faizini həqiqətə uyğun yazmamışdır. Həmin vaxt mesajın şəklini çəkə bilməmiş, çünki silinmişdir. Dərhal öz dondurulmuş hesabını aktiv edib Nərimanın profilini axtarmış, lakin tapa bilməmişdir. Bir gün sonra Nərimanın “İnstagram” sosial şəbəkəsindəki istifadəçi adını öyrənə bilmiş, girib həmin profilə baxanda mesaj yazılan hesab olduğunu görmüş, daha sonra Nəriman haqqında ətraflı məlumat toplamış, onun 2025-ci ildə kollecdə Günel adlı qızla az müddətdə sevgili olduğunu və ondan ayrıldığını öyrənmişdir. Nərimanı yığmış və həmin qızla bağlı ondan kömək istəmiş, Nəriman ölkə ərazisində olmadığını, İsgəndər məsələsində ona kömək etdiyi üçün Azərbyacana gələndə ona köməklik edəcəyini bildirmiş, lakin Azərbaycana gələndən sonra onunla görüşməkdən yayınmış, dayısına görə çölə çıxa bilmədiyini demişdir. Güya dayısı onun başına nəsə bir hadisə gələcəyindən qorxub, çölə çıxmağa qoymurmuş. Həmin ərəfədə Bakı şəhərinə dostu ilə birlikdə obyekt işlətmək üçün getmiş, özü ilə idman çantasında çəkic, vintaçan, balta, metrə, geyim əşyaları və sair götürmüşdür. Lakin həmin iş alınmamış, oradan Nərimanla söhbət etmək üçün Sabirabad rayonuna gəlmiş. həmin vaxt içkili olmuşdur. Nərimanla arasındakı məsələ ciddi olmuş, bunu kişiliyinə sığışdıra bilməmişdir. Nərimanla Humay sevgili olanda sonuncunun on altı yaşı olmuşdur. Rayona səhər saat 09 radələrində gəlmiş, bir az gəzmiş, sonra Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həyat” kafesinə gedib, oradakı otaqlardan birinə keçmişdir. Nəriman saat 11-12 arası görüşəcəyini bildirmiş, lakin tez gəlmiş və o, Nərimanı görəndə əsəbləşmiş, lakin onu öldürmək niyyəti olmamışdır. Nərimanı öldürmək niyyəti olsaydı, kütləşmiş baltadan deyil, bıçaqdan istifadə edərdi. Nəriman oturandan iki-üç dəqiqə sonra ofisiant Şahid4 otaqdan çölə çıxarmış, heç bir söz demədən söyüşdən sonra bir əli ilə Nərimanın yaxasından tutub, balta ilə başına vurmuş və sonuncu qışqırmışdır. Həmin vaxt özündə olmamışdır. Sonra yenə Nərimanın başına balta ilə zərbə vurmuş və başı qanamışdır. Bundan sonra geri çəkilərək baltanı tullamış, bu zaman balta Nərimanın ayağına dəymişdir. Daha sonra Nəriman onun üzərinə gəlmiş, bu vaxt Nərmana yüngül zərbə vurmuş və ekspert də xəsarətin az ağır olduğunu bildirmişdir. Nərimanla qarşılıqlı olaraq bir-birinin boynundan tutmuşlar. Bu zaman ofisiant Rəsul və digərləri otağa girib, onları ayırmış, daha sonra onu otaqdan çıxarmışlar. Taksiyə əyləşərək öz evinə getmiş, evdə əynini dəyişdikdən sonra polis şöbəsinə getmişdir. Nərimanı xəstəxanaya deyil, polis şöbəsinə aparmışlar. Həmin vaxt Sabirabad Rayon Polis Şöbəsinin rəisinin otağında Nərimanla üzləşdirilmişdir. Şöbədə Nərimanı vurmasının səbəbini bildirmiş, Nəriman isə and içərək onun arvadına mesaj yazdığını inkar etmişdir. Hətta şöbə rəisi də Nərimana belə bir hərəkət etdiyi üçün öz iradını bildirmişdir. Həmin vaxt qolunda qan olması, həmçinin əsəbləşməsi ilə əlaqədar rəis müavininin tapşırığı əsasında onu sanitar qovşağa aparmışlar. Orada polisin müşayiəti altında olarkən Nəriman da oraya gəlmiş və yenə də and içərək mesaj yazmadığını bildirmiş, əsəbləşib Nərimanı təhqir etmişdir. Nəriman xəstəxanaya getmək istədiyini bildirəndən sonra onu xəstəxanaya aparmışlar. Nəriman ona kollecdə çox insanla problemi olduğunu, mesajın saxta profildən yazıldığını bildirmişdir. Müstəntiqin ona yeganə yaxşılığı səbirsiz olduğunu, “neriman.967” və “neriman_967” adlı profillərin olmasını, mesajın da məhz qərəzli şəkildə saxta profildən yazılma ehtimalının olduğunu bildirməsi olmuşdur. Nərimanı kafeyə çağıranda onu balta ilə vurmaq niyyəti olmamışdır. Hadisə vaxtı mobil telefonu yoxa çıxmışdır. Müstəntiq ona “Winiston” siqareti və “Redbull” enerji içkisi verərək, aldadıb ifadələr almış, kömək edəcəyini, istədiyi vaxt siqaret çəkə biləcəyini, adı ilə müraciət etməsini və uzağı üç ilə evdə olacağını bildirmiş, hətta mobil telefonu ilə onu ailəsi ilə danışdırmış, vəkili ilə tanış edəcəyini bildirərək, sənədlərə imza etdirmişdir. Halbuki, izahat verəndə vəkili yanında olmamışdır. Bunu həmin vəklin mobil telefonunun üzərində olan nömrənin anten dairəsi məlumatları da təsdiq edə bilər. Müstəntiq ona “gərək Nərimanı vurub öldürərdin” deyə bildirmiş, hətta özü də onun yanında Nərimanı təhqir etmiş, lakin iki aydan sonra onun valideyinlərinə əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edəcəyini deməsi səbəbindən valideyinlərinin səhhəti pisləşmişdir. Prokurorun köməkçisi valideyinlərinin yanında ona məhkəmədə ağır cəza veriləcəyini bildirmişdir. Prokurorluqda sənədlərə imza etməmişdir. İbtidai istintaq zamanı araşdırma aparan müstəntiqlərə ittiham olunduğu maddə ilə cəza çəkməyəcəyini bildirmişdir. Onun barəsində olan cinayət işi qeyri-obyektiv aparılmış, şahidlərə təzyiq göstərilmiş, Şahid4 təzyiq altında onun üzünə durmuşdur. Onu hazırki vəziyyətinə salanlar Sabirabad Rayon Prokurorluğunun əməkdaşları Rövşən, Nəzrin və Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Sabitdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, baltanı atmaqda məqsədi Nərimanı vurmaq olmamış, yerə atanda təsadüfən onun ayağına dəymişdir. Son sözündə isə valideynlərinin yaşlı olduqlarının, himayəsində bir azyaşlı uşağının olmasının, əməlindən peşman olduğunun və islah olunmasının nəzərə alınmaqla, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (zərərçəkmiş şəxs və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayından tanımış, əvvəllər onunla arasında heç bir münasibət olmamışdır, ədavət və ya düşmənçilikləri yoxdur. 2025-ci ilin fevral ayında Sabirabad şəhəri, Heydər Əliyev prospektində olarkən Təqsirləndirilən şəxsla rastlaşmış, Mövlam ona “sən Nərimansan?” sualını verəndə, cavab olaraq adının Nəriman olduğunu bildirmiş, Mövlam onunla söhbətinin olduğunu deyib, “Qoçu” adlı kafeyə dəvət etmiş, kafedə oturub bir qədər ümumi söhbət etdikdən sonra Mövlam ondan Şahid1 haradan tanıdığını soruşmuş, cavab olaraq kollecdə oxuyarkən Humayla iki il sevgili münasibətinin olduğunu, axırıncı dəfə 2024-cü ilin dekabr ayında əsgərlikdə olarkən danışdıqlarını bildirmişdir. Mövlam Humayla nişanlandığını, bir daha Humayı narahat etməməsini xahiş etmiş, sonuncu onlara xoşbəxtlik arzuladıqdan sonra kafeni tərk etmişdir. Daha sonra fevral ayının axırlarında Mövlam Bakıda “Nərimanov” metrosunda qarşısına çıxaraq Humayın qardaşının onunla görüşmək istədiyini bildirmiş, yenə də Mövlamla kafedə oturub söhbət etmişlər. Mövlam Humayın qardaşı ilə görüşməməyi israrla bildirmiş, görüşəcəkləri təqdirdə Humayın qardaşının problem yaradacağı barədə məlumat vermiş, həmçinin problemi özünün həll edəcəyini demişdir. 2025-ci ilin mart-aprel ayları arasında Sabirabad rayonunda yerləşən “Əmin” marketdə kassir işləyərkən günlərin birində axşam işdən çıxandan sonra Mövlamla qarşılaşmış, həmin vaxt Mövlam ona Humayın nişanı qaytardığını və sonuncunun qardaşı Şahid2 onunla danışmaq istədiyini bildirmiş, söhbət üçün “Cavad” şadlıq sarayı tərəfə dəvət etmişdir. Birlikdə “Cavad” şadlıq sarayının arxasına keçmişlər. Söhbət zamanı yenidən Humayın qardaşının onunla görüşmək istədiyini bildirmiş, bu vaxt Mövlama, “bir halda ki, Humayla nişanı qaytarmısan, nə üçün onu narahat edirsən?” deyə sual vermiş, Mövlam da keçmişdəki məsələləri açaraq Humayın əlindən tutub-tutmadığını, onunla yazışmaları barədə danışmasını istəmiş, bu anda aralarında yüngül mübahisə olmuş, daha sonra aralanaraq ərazini tərk etmişlər. May ayında Rusiyaya ailəsinin yanına qayıtmış və bazarda satıcı işləmişdir. Bir gün Mövlam “movlan_023” profili ilə “İnstagram”dan “neriman_967” profilinə mesaj yazmış, mesajın məzmunu Mövlamın kollecdə oxuyarkən münasibətdə olduğu Günelə görə başının bəlada olması, polislərin bu işlə bağlı onu rahat buraxmadıqları və köməyinə ehtiyacı olduğu, həmin mesajı ona göstərməli olduğu və üzüzə danışmaq istədiyi barədə olmuşdur. Mövlama Rusiyada olduğunu görə onunla görüşə bilməyəcəyini demişdir. İyun ayının axırlarında Rusiyada yaşama icazəsi almaq üçün bəzi sənədlərini hazırlamaq məqsədilə Bakıya gəlmiş, Bakıda olarkən Mövlam ona zəng edərək başının Günelə görə dərddə olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. Mövlama Sabirabada getdiyini, onunla əlaqə saxlayacağını demiş, lakin Sabirabadda olarkən telefonla Mövlama zəng edib, polislə problemi olmasının ona da problem yarada biləcəyini bildirərək, onunla görüşməkdən imtina etmiş, ancaq Mövlam onunla görüşmək üçün israrla təkid etdikdən sonra görüşmək qərarına gəlmişdir. Daha sonra Mövlamla ortaq tanışı Şahid4 zəng edib Mövlamın onunla görüşmək istədiyini bildirmişdir. Çünki, Mövlam Rəsulla onun əlaqəsi olduğundan xəbərdar olmuş, ona görə də görüşmək üçün Rəsuldan da xahiş etmişdir. Rəsula artıq Mövlamla danışdığını demişdir. 28 iyul 2025-ci il tarixdə, saat 10-11 radələrində Mövlamla Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həyat” kafesində görüşmüş, kafeyə daxil olduğu zaman Rəsul qarşısına çıxmış, gəlməsinin səbəbini soruşanda, cavab olaraq Mövlamla görüşmək üçün gəldiyini bildirmişdir. Rəsulla birlikdə kabinetə daxil olub, salamlaşdıqdan sonra oturub ümumi söhbət edərək çay içmişlər, daha sonra Mövlam onunla şəxsi söhbəti olduğunu, buna görə Rəsulun kabinetdən çıxmasını istəmişdir. Rəsul kabinetdən çıxdıqdan sonra Mövlam ona telefonda Günellə bağlı olan mesajı göstərmiş, telefonu vermiş, başını aşağı istiqamətdə tutub “sevirsən ya sevilirsən” məzmununda mesaja baxmağa çalışarkən Mövlam balta ilə onun başına iki dəfə zərbə endirmişdir. Həmin an gözü qaralmış, özündə güc toplayıb ayağa qalxmış və üzərinə hücum çəkən Mövlama müqavimət göstərməyə çalışmışdır. Həmin anda Mövlam onun ayağından da balta ilə zərbə endirmişdir. Mövlamla beş-on dəqiqə müddətində əlbəyaxa olmuş, onu divar tərəfə sıxmış, səs-küyə əvvəlcə Rəsul, daha sonra tanımadığı digər şəxslər gəlmişlər. Həmin şəxslər onları ayırmış, qanını silmək üçün çölə çıxmış, oradakı şəxslər də Mövlamı saxlamışlar. Üç-dörd dəqiqə çöldə dayanıb, güzgünün qarşısında əl-üzünü yumuş, Rəsul yanına gəlib Mövlamın onu nə səbəbə balta ilə vurduğunu soruşmuş, cavabında bilmədiyini demişdir. Daha sonra Rəsul başından axan qanı saxlamaq üçün ona yardım etmişdir. Rəsulun Mövlamın onu kabinetə vurmaq məqsədilə çağırmasından xəbəri olmamışdır. Polislər hadisə yerinə gələnə qədər Mövlam qaçıb getmiş, polis əməkdaşları gəldikdən sonra izahat vermək üçün Sabirabad Rayon Polis Şöbəsinə, daha sonra isə xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Şahid1 sevsə də, sonuncunun Təqsirləndirilən şəxsla nişanlanacağını bildikdən sonra Humayla heç bir əlaqəsi olmamış, onunla görüşməmiş, danışmamış, mesajlaşmamışdır. Humayın qardaşı Şahid2 zəng vurmuş və aralarındakı söhbətin bağlandığı məlum olmuşdur. Humaya “İnstagram” profilindən “salam necəsən?” məzmunda sms yazması barədə Mövlamın dedikləri həqiqət deyildir. Mövlam onu görüşə çağırarkən, bu barədə bir dəfə olsun söz açmamış, balta ilə başına vurana qədər bu məsələdən xəbəri olmamışdır. Həmin anda Mövlama müqavimət göstərməsəydi, Mövlam cinayətkar niyyətini başa çatdıra bilərmiş. Baltanın Mövlamın əlindən alındığını və yaxud da onun özünün həmin aləti yerə atmasını bilmir. Hadisə vaxtı Mövlamın sol əli boşda olmuşdur və həmin əllə onu vura bilməsi və yaxud bilməməsi barədə heç bir fikri yoxdur. Profildə açıq şəkildə “neriman.967” və ya “neriman_967” yazısını görməmişdir. Hadisədən sonra xəstəxanada başına tikişlər atılmış, sümüyündə çatlaq əmələ gəlmişdir. Polis Şöbəsindən çıxdıqdan sonra rayon xəstəxanasına, oradan da Bakı şəhərində yerləşən xəstəxanalardan birinə getmiş və 29 iyul 2025-ci il tarixdə axşam saatlarında rayona qayıtmışdır. Zərərçəkmiş şəxs məhkəmədəki ifadəsinin sonunda bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayət, iddia və ya tələbi yoxdur, onu valideynlərinə görə bağışlayır, barəsində cəza təyini məsələsini isə məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həyat” kafesində ofisiant işləyir. Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs tanısa da, heç biri ilə yaxın münasibəti, həmçinin ədavət və ya düşmənçiliyi olmamışdır. Mövlam ona Nərimanla danışmaq istədiyini, lakin əlaqə saxlaya bilmədiyini demiş, Nərimanla nə üçün danışmaq istədiyini soruşduqda, futbolla bağlı işinin olduğunu bildirmişdir. Bundan sonra Nərimana zəng edib Mövlamın onunla danışmaq istədiyini demiş, Nəriman isə artıq Mövlamla danışdığını bildirmişdir. Nərimanla Mövlamın 28 iyul 2025-ci il tarixdə görüşəcəklərindən xəbəri olmamışdır. Həmin gün səhər saatlarında kafedə olduğu vaxt Nərimanın kafeyə gəlməsini görüb, gəlişinin səbəbini soruşmuş, sonuncu ona Mövlamla görüşmək üçün gəldiyini bildirmişdir. Bundan sonra Nəriman kabinetə keçmiş, Mövlamla birlikdə oturub söhbət etmişlər. Sonra Mövlam ona Nərimanla şəxsi söhbəti olduğunu deyib, kabinetdən çıxmağı xahiş etmiş, o da çıxmışdır. Saat 11:00 radələrində müştəriyə çay apararkən Mövlamla Nərimanın olduğu “Gümüş kabinet”dən səs-küy eşidib, baş verdiyini öyrənmək məqsədilə kabinətə daxil olmuş, bu vaxt Mövlamın əlində balta ilə Nərimanla ayaqüstə əlbəyaxa olduğunu, Nərimanı vurmağa çalışdığını və Nərimanın başından qan axdığını görmüşdür. Dərhal Mövlamın əlindən baltanı alıb yerə qoymuş və onları ayırmağa başlamışdır. Az sonra adlarını xatırlamadığı şəxslər kabinetə daxil olub, onları sakitləşdirmiş, Nərimanın başından güclü qan axdığı üçün ona dəsmal vermiş və həmin anda Mövlam kafeni tərk etmişdir. Şahid4 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, 28 iyul 2025-ci il tarixdə işə gec gəldiyi üçün Təqsirləndirilən şəxs səhər vaxtı kafeya gəlməsini görməmişdir. Kafedəki kameralar giriş-çıxışı göstərsə də, otaqları çəkməmişdir. Kamera görüntülərinin polis əməkdaşları tərəfindən götürülməsini bilməmişdir. Mövlamla Nərimanın arasında olan mübahisənin səbəbini hadisə vaxtı bilməmişdir. Mövlamgilin sifarişini həmin vaxt o özü götürmüş, onlara su vermişdir. Suyu verəndən nə qədər sonra kabinetdən səs-küy gəldiyini xatırlamamışdır. Gələn səs-küy insan səsi deyil, tappıltı səsi idi. Kabinet təxminən 4 kv.m olar və içərisində balaca oturacaqlar var. Baltanın Mövlamın hansı əlində olduğunu, həmçinin sonra kabinetdə hara qoyduğunu xatırlamamışdır. Kabinetdə qan izi qalmamışdır. Baltanı otaqdan kimin götürməsini bilmir. Polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Hadisə vaxtı ona xəsarət yetirən olmamışdır. Hazırda da ona kimsə tərəfindən təzyiq göstərilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. “Həyat” kafesində işlədiyi zaman, yəni 2025-ci il tarixdə, saat 09:00 radələrində Təqsirləndirilən şəxs kafeyə gəlmiş və əyləşməsi üçün yer göstərməsini bildirmişdir. Həmin vaxt Mövlamın əlində idman çantası olmuşdur. Mövlamı əyləşmək üçün “gümüş kabinet”ə yönləndirmiş, çay verəndən sonra başqa işləri ilə məşğul olmağa başlamışdır. Mövlamdan on beş dəqiqə sonra Nərimanın kafeyə gələrək Mövlamın olduğu kabinetə daxil olduğunu görmüş, təxminən iyirmi-iyirmi beş dəqiqədən sonra Nərimanla Mövlamın əyləşdiyi kabinetdən səs-küy gəlməyə başlamışdır. Səs-küyü eşidib iş yoldaşı Şahid4lə birlikdə otağa daxil olmuşlar. Birinci Rəsul otağa daxil olmuş, özü kabinetə daxil olanda isə Mövlamla Nəriman əlbəyaxa vəziyyətdə olmuşlar. Rəsulla birlikdə onları ayırmağa başlamış, Nərimanın başından kəskin qan gəldiyi üçün onu Mövlamdan ayırarkən əynindəki paltar da qana bulaşmışdır. Rəsulun baltanı Mövlamın əlindən alıb, hara qoyduğunu xatırlamamışdır. Şəxsi fikrincə, iş yoldaşı ilə birlikdə Mövlamla Nərimanı ayırmasaydılar, bəlkə də Mövlam balta ilə Nərimanı öldürərmiş, çünki orada təhlükəli alət balta olmuşdur. Mövlamı Nərimandan ayırdıqdan sonra Nərimanın başından gələn qanı dayandırmaq üçün ona dəsmal vermişlər. Həmin arada Mövlam hadisə yerindən qaçmış və onun hara getdiyini bilməmişdir. Şahid5 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs konkret olaraq kabinetin hansı tərəfində əlbəyaxa olduqları yadında deyil. Mövlam gedəndə idman çantasını özü ilə aparmasını xatırlamır, çünki həmin vaxt həyəcanlı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, Zərərçəkmiş şəxs isə məlum hadisəyədək nə özünü, nə də ailəsini tanımış, onların heç biri ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mövlam on yeddi-on səkkiz yaşlarından zəhmətkeş övlad olmuş, onu, anasını tibbi əməliyyat etdirmişdir. Oğlu 2025-ci ilin əvvəlindən sinif yoldaşı Şahid2 bacısı Şahid1 ilə tanış olub danışmağa başlamış, 17 may 2025-ci il tarixdə isə onunla toyu baş tutmuşdur. Evlilikləri boyunca Mövlam və Humayın ailədaxili hər hansı bir problemlərindən xəbərdar olmamışdır. Mövlam hadisə baş verən günədək ailədaxili problemi və yaxud kiminləsə mübahisəsinin olması barədə ona və anasına məlumat verməmiş, ümumi olaraq problemi olduğunu bildirsə də, həmin problemin mahiyyətinin nədən ibarət olduğu barədə deməmişdir. 28 iyul 2025-ci il tarixdə hadisə baş verəndən sonra Mövlamın probleminin nə olduğunu Sabirabad Rayon Polis Şöbəsində öyrənmişdir. Məlum hadisəyədək Mövlamla Nəriman arasında ədavətin olduğunu, Nərimanın əvvəllər gəlini Humayla münasibətinin olması barədə məlumatsız olmuşdur. Şahid3 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, biri qız, digəri oğlan olmaqla, iki övladı var. Mövlam hadisədən bir gün əvvəl axşam saatlarında Sabirabada gəlmiş, hadisəni törədəndən sonra özü gedib polisə təslim olmuşdur. Mövlam Bakıda işləyərkən Humay onun yanında olmuş, hadisədən sonra isə arvadının səhhəti ilə əlaqədar Humay yenicə döğulmuş körpəsinə baxmağa kömək məqsədilə müvəqqəti olaraq anasıgilə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportlarından görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin çapılmış yarası, təpə sümüyünün sınığı, sol baldırın ön səthinin kəsilmiş yarası, sağ əlin sıyırılmış yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir (cild 01, i.v. 03-04). Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli “şifahi ərizə” protokolundan görünür ki, Nərimanov Məmmədov şifahi şəkildə həmin tarixdə, saat 11 radələrində tanıdığı Mövlam adlı şəxs tərəfindən Sabirabad şəhərində yerləşən “Həyat” kafesində baş nahiyyəsinə, sol ayağına, kəsici alətlə bədənin başqa nahiyyələrinə küt alətlə vuraraq xəsarət yetirildiyini və sonuncunun cinayət məsuliyyət cəlb edilməsini bildirmişdir (cild 01, i.v. 05). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “xəsarətin aşkar edilməsi haqqıda” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs baş nahiyyəsində aşkar edilmiş iki ədəd çapıq xəsarətlərinə həkim nəzarəti və müşayiəti ilə baxış keçirilmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 08- 10). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə yeri Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Həyat” adlı kafenin girişində “Gümüş otaq” lövhəsi olan kabinetin içərisidir və Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bir ədəd balta, həmin baltanı qoyduğu bir ədəd çanta götürülmüş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 16-21). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə ailə üzvünə məlumat verilmişdir (cild 01, i.v. 22-23; 39). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 53-54). Sabirabad Rayon Məhkəməsinin 4(056)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 iyul 2025ci il tarixdə, saat 22:05-dən hesablanmaqla iki ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixinədək uzadılmışdır (cild 01, i.v. 73-79; cild 02, i.v. 42-45). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd balta və həmin baltanın gətirildiyi bir ədəd qara rəngli çanta maddi sübut kimi tanınmışdır (cild 01, i. 80-81). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni təklikdə olarkən Zərərçəkmiş şəxs başının qarışmasından istifadə edib çantanın içərisindən baltanı anidən çıxarıb Nərimanın baş nahiyəsinə iki dəfə zərbə endirdiyini, sonuncunun müqavimət göstərərək baltanı əlindən almağa çalışdığını, səs-küy saldığını, bu vaxt balta ilə növbəti dəfə Nərimanın ayağından vurduğunu, həmin vaxt onların səs-küyünə kafedə işləyən şəxslərin otağa daxil olub, baltanı onun əlindən alaraq, Nərimanı otaqdan çıxardıqlarını əyani olaraq hadisə yerində bildirmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 89- 95). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və bu barədə qərar ona elan edilmişdir (cild 01, i.v. 110-111). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni Şahid4 kabinetdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona telefonda Günellə bağlı olan mesajı göstərdiyini, telefonu verdiyini, başını aşağı istiqamətdə tutub “sevirsən ya sevilirsən” məzmununda mesaja baxmağa çalışarkən Mövlamın balta ilə başına iki dəfə zərbə endirdiyini, həmin an gözünün qaraldığını, güc toplayıb ayağa qalxdığını, üzərinə hücum çəkən Mövlama müqavimət göstərməyə çalışdığını, həmin anda Mövlamın onun ayağından da balta ilə zərbə endirdiyini, Mövlamla beş-on dəqiqə müddətində əlbəyaxa olduğunu, onu divar tərəfə sıxdığını, səs-küyə əvvəlcə Rəsul, daha sonra tanımadığı digər şəxslərin gəlib onları ayırdığını, qanını silmək üçün çölə çıxdığını, həmin an kafedə olan tanımadığı şəxslərin Mövlamı saxladıqlarını hadisə yerində bildirmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 123-129). Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 335 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın sümüyündə tac tikişdən ön tərəfdə sümüyün xarici səhifəsində yerdəyişməmiş və ya basılmaya səbəb olmamış sınıq xətti ilə müşayiət olunan təpə, sağ gicgah və alın nahiyələrində, sol baldırın orta 1/3 ön səthdə yaralar, sağ mil bilək oynağının üst səthində, sağ əlin üst səthində 4-cü əldarağı sümüyü proyeksiyasında, sağ əlin 2-ci barmağının ovuc səthində sıyrıqlar. Həmin xəsarətlər çapıcı alətin, ola bilsin baltanın təsirindən əmələ gəlmişdir və yaranma müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi (cild 01, i.v. 144-146). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ 341 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (cild 01, i.v 148-149). Sabirabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “cinayət əməlinin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və istintaq olunan cinayət işinin Sabirabad Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 01, i.v. 160-165). Azərbaycan Respublikası Baş Prokurorluğu Sabirabad Rayon Prokurorluğunun “cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan hazırki cinayət işi icraata qəbul edilmişdir (cild 02, i.v. 02). Sabirabad Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 12-13). Sabirabad Rayon Prokurorluğunun “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla “WhatsApp” və “İnstagram” vasitəsilə ünsiyyət saxlamasını müəyyən etmək üçün Zərərçəkmiş şəxs məxsus “İphone11” markalı mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan “WhatsApp” nömrəsinin +**********22”, “İnstagram” sosial şəbəkə profilinin isə “neriman_967” olduğu müəyyən edilmişdir. “İnstagram” sosial şəbəkəsinə daxil olunan zaman mesaj bölməsində iş üçün əhəmiyyətli bir hal aşkar edilməmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 02, i.v. 46-49). Salyan Rayon Prokurorluğunun “üzləşdirmə aparmaq haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları birbirlərinin üzünə qarşı bildirmişlər (cild 02, i.v. 81-83). Sabirabad Rayon Prourorluğunun “şahidin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Sabirabad Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru X3 28 iyul 2025-ci il tarixdə polis şöbəsində növbətçi olduğu vaxt Təqsirləndirilən şəxs şöbəyə yaxınlaşaraq Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Həyat” adlı kafedə Zərərçəkmiş şəxs balta ilə vurub xəsarət yetirdiyini bildirərək, könüllü təslim olmuşdur (cild 02, i.v. 96-98). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 6136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 143-144). “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına” dair 3119/K nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 02, i.v. 147-149). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məhkəmə- Psixiatrik Ekspertizasının xx.xx.2025 tarixli, 3453 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 02, i.v. 162-164). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” Publik Hüquqi Şəxsin “məhkəmə-ballistik ekpertizası”nın xx.xx.2025-ci il tarixli, 3/1259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir, üzərində təyinatın dəyişən əlavə və dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (cild 01, i.v. 172- 174). Sabirabad Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, həmin Məcəllənin 29,120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş; cinayətin aləti olan bir ədəd baltanın maddi sübut kimi tanınması nəzərə alınmış və həmin balta prokurorluğun maddi sübutları saxlama otağına təhvil verilmiş; Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü şəkildə müraciət etməsi və əməlini etiraf edərək təslim olması şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilmişdir (cild 02, i.v. 175-188; 197-198). Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayət, tələb və ya mülki iddiası yoxdur, onun barəsində cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 17 (on yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi ifadələrin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmətlə yanaşılmış, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Zərərçəkmiş şəxs öldürmək istəməməsi, Nərimanı onun arvadı Şahid1 “İnstagram”da sms yazması səbəbindən qorxutmaq istəməsi, bu məqsədlə vurması, Nərimanın başına balta ilə vursa da, ayağına qəsdən vurmaması, baltanı yerə atanda təsadüfən onun ayağına dəyməsi, barəsində olan cinayət işinin ibtidai istintaqının qeyri-obyektiv aparılması, Şahid4 müstəntiqin təsiri altında onun əleyhinə ifadə verməsi barədə dedikləri əsassız olaraq törətdiyi qəsdən adam öldürməyə cəhd əməlində cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 02 və 30 iyul 2025-ci il tarixli ifadələrində bildirmişdir ki, Zərərçəkmiş şəxs başına iki dəfə, sol ayağına bir dəfə olmaqla ət kəsmək üçün istifadə edilən balta ilə zərbələr vurmaqda məqsədi onu öldürmək olmuşdur (cild 01, i.v. 11-13, 41-46, 63-66). Bundan başqa, Zərərçəkmiş şəxs özü də həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı müqavimət göstərməsəydi, Mövlam cinayətkar niyyətini başa çatdıra bilərdi. Qeyd olunanlara əsasən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinin dispozisiyasında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhdə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin cinayət işinin məhkəmə araşdırması nəticəsində məlum olanlara əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının əvvəllərində arvadı Şahid1 adına olan “İnstagram” sosial şəbəkə hesabındakı “m.humAy” profilinə “neriman_967” adlı profil hesabından “salam necəsən” məzmunda mesaj gəldiyini görüb, həmin mesajın arvadının keçmiş sevgilisi olmuş, onunla evlənənədək bu münasibətləri sonlandırmaq barədə söz vermiş Zərərçəkmiş şəxs tərəfindən göndərildiyini ehtimal edərək, Nərimanı öldürmək qərarına gəlmiş, sonuncunu görüşmək adı ilə aldadaraq, 28 iyul 2025-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Həyat kafesi”nə dəvət etmiş, cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görərək özü ilə bir ədəd təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən balta götürüb həmin tarixdə, saat 10:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla kafeyə gəlmiş, orada otaqlardan birində oturub, baltanı stolun altında gizlətməklə Nərimanın gəlməsini gözləmiş, saat təxminən 11:00-da otağa daxil olub, stol arxasında onunla üzbəüz oturan Nərimanla bir neçə dəqiqə söhbət etdikdən sonra, baltanı götürüb, saplaq hissəsindən tutmaqla metal kəsici tilə malik hissəsi ilə Nərimanın baş nahiyəsinə iki dəfə və sol baldır nahiyəsinə bir dəfə qəsdən zərbə ilə vuraraq, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi Mövlam Nərimanın arvadı Humaya mesaj yazmasını onun namusuna sataşması kimi düşünüb, ondan qisas almaq istəmişdir. Başqa sözlə desək, Mövlamla Nərimanın arasında hadisə baş verən günədək artıq mübahisə olmuş, Mövlam hər vəclə Nərimandan qisas almağa çalışmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırkı iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin normaları xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhdi nəzərdə tutan Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən, bu mövqeyini faktiki olaraq yalnız “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xuliqanlıq niyyətinə tövsif etməyə əsas olaraq baş vermiş hadisəni heç bir əsaslı səbəb olmadan törətməsi ilə əlaqələndirmişdir. Hansı ki, cinayət işinin materiallarından, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmişin ifadələrindən, habelə məhkəmə tərəfindən müəyyən edilmiş obyektiv həqiqətdən göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid1 “İnstaqram” sosial şəbəkəsində mesaj yazması səbəbindən, onun namusuna sataşmasını düşünüb, 2025-ci ilin iyul ayının əvvəllərindən onunla görüşüb məsələni aydınlaşdırmağa çalışmış, nəhayət 28 iyul 2025-ci il tarixdə görüşləri baş tutmuş və həmin vaxt Nərimandan qisas almaq üçün ona balta ilə vurmaqla sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Şərh edilənlərdən göründüyü kimi baş vermiş hadisənin səbəbi olmuş, məhz həmin səbəb nəticəsində yaranmış mübahisə gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkəti ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörməksizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı hadisələrin inkişaf fonunda cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobut hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli, 3 Nömrəli qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmə). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kimin olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət- Prosessual Məcəllənin 349.3-cü maddəsi). ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsi)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı” iş üzrə xx.xx.2002-ci il, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx.xx.1999-cu il tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətində “xuliqanlıq” niyyətinin əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (maddə 21.3). Məzmununa görə, yəni Cinayət- Prosessual Məcəllənin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1- 351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə, “Hoanq Fransaya qarşı” işdə qeyd edilmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut edilənədək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu prinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. Avropa İttifaqının “Fundamental Hüquqlar haqqında” Xartiyasının 48-ci maddəsinə əsasən, ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo” prinsipi tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Telfner Avstriyaya qarşı” qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı olan Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsi “cinayət əməlinin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ilə 22 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etmiş və aidiyyəti üzrə göndərilən Sabirabad Rayon Prokurorluğu da işi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə icraata qəbul edib istintaqın sübutların qiymətləndirilməsi mərhələsinədək həmin maddə ilə davam etdirmiş, qeyd olunan tarixlərdə hadisənin baş vermə səbəbi və harada olması artıq müəyyənləşdirilmiş, həmin qərarda da bu xüsusat birbaşa öz əksini tapmış, bununla da xuliqanlıq niyyətinə dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə aparılmışdır. İbtidai istintaqın sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə ittiham olunması qərarı qəbul edilənədək əməlin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin, həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən heç bir müraciət olunmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətinin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməyə cəhdi cinayət olaraq məhz Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi nəzərdə tutmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin yuxarıda şərh olunan normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında verilən tövsiyələrə əsaslanaraq qeyd edir ki, qəsdən adam öldürmə cinayətlərinin hüquqi qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin qəsdinin məzmununun, cinayətin törədilməsi üsulunun, yetirilən bədən xəsarətlərin xarakterinin, bədənin hansı nahiyələrinə yetirilməsinin (həyat üçün mühüm olan orqanlara xəsarətlərinin yetirilib-yetirilməməsinin), xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətlərinin kəsilməsinin səbəblərinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxsin qəsdi qeyri-müəyyən olduqda onun əməli baş vermiş faktiki nəticələrə görə tövsif olunmalıdır, yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa, onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci obyektiv əlamət əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İkinci obyektiv əlamət əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni, cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Hazırki cinayət işinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2025-ci ilin iyul ayının əvvəllərində arvadı Şahid1 adına olan “İnstagram” sosial şəbəkə hesabındakı “m.humAy” profilinə “neriman_967” adlı profil hesabından “salam necəsən” məzmunda mesaj yazması nəticəsində onun namusuna sataşmasını ehtimal edərək, qisas almaq niyyəti ilə 28 iyul 2025-ci il tarixdə Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həyat kafesi”nə dəvət edib, orada əvvəlcədən özü ilə götürdüyü bir ədəd təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən balta ilə onun baş nahiyəsinə iki dəfə və sol baldır nahiyəsinə bir dəfə qəsdən zərbə ilə vuraraq, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, həmin vaxt olduqları kabinetə daxil olmuş digər şəxslərin müdaxiləsi nəticəsində, habelə Nərimana vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi əməlində qəsdən adam öldürməyə, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd maddəsinin tərkibini tam formalaşdırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Sözügedən Məcəllənin 139.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Barəsində bəhs olunan Məcəllənin 145.3-cü maddəsində qeyd olunur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstinad olunan Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı, cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan onun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin izahatı, şübhəli şəxs və təqsirləndirilən qismində vermiş olduğu 28 və 30 iyul 2025-ci il tarixli ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ayrı-ayrı istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Sözügedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətməyə cəhd etmişdir və əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin polis orqanına könüllü olaraq gəlməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, özünün deməsinə görə himayəsində azyaşlı uşağının olmasını, həbs olunanadək valideynləri ilə birlikdə yaşamaqla, ailənin yeganə gəlir gətirən fərdi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Bundan başqa, Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin, yəni 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq olmamalı, bundan sonra müəyyən edilmiş cəzadan çıxış etməklə barəsində həmin Məcəllənin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək yekun cəzanın həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən (Cinayət Məcəlləsinin 60 və 63.3-cü maddələri) azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 6136 nömrəli rəyində müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmasının məsləhət görülməsinin, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına” dair 3119/K nömrəli, xx.xx.2025-ci il tarixli rəyində isə Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməməsinin qeyd olunmasını, bununla da mövcud iki rəyin arasında ziddiyyət olmasını, belə olan halda daha dəqiq üsulla aparılmış yoxlamanın nəticəsinin (1-ci rəy şəxsin öz deməsi, 2-ci rəy isə ondan götürülmüş qan nümunəsi əsasında verilmişdir) əsas götürülməli olduğunu qeyd edərək, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmamalıdır (cild 02, i.v. 143-144, 147-149). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Sabirabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin törədilmə aləti olan bir ədəd təsərrüfat təyinatlı balta məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 28 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyul 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Sabirabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş cinayətin törədilmə aləti olan bir ədəd təsərrüfat təyinatlı balta məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar