Məhkəmə qərarları › İş №1(099)-567/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-567/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-567/2022 20.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Saatlı rayonu Varxankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Varxankənd kəndində qeydiyyatda olmaqla Qaralar kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3cü maddəsi ilə; xx xxxx 1991-ci ildə Saatlı rayonu Varxankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Qaralar kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3cü maddəsi ilə; xx xxxxxxx 1997-ci ildə Saatlı rayonu Gomuşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, onun qardaşı Təqsirləndirilən şəxs2 və hər ikisinin xalası oğlu Təqsirləndirilən şəxs3 həmkəndliləri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 onunla ailə qurması məqsədi ilə oğurlamaq barədə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, həmin məqsədlərini həyata keçirmək üçün 10 fevral 2022-ci il tarixdə saat 17:45 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi "VAZ 21063" markalı, **-BA-*** qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs2 isə onlardan bir qədər əvvəl “Mazda CX-5 minik” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs satış təmsilçisi işlədiyi, Saatlı şəhəri H.Əliyev prospekti 57 ünvanında yerləşən, “C.Hüseynoğlu” ticarət mərkəzinin binasının giriş qapısının yanına gələrək birlikdə Zərərçəkmiş şəxs işdən çıxmasını gözləmişlər. Zərərçəkmiş şəxs həmin gün saat 18:00-da iş vaxtı qurtardığından binadan çıxarkən Toğrul və Təqsirləndirilən şəxs2 qardaşları birlikdə Zərərçəkmiş şəxs zor tətbiq edib qollarından tutaraq və kürək nahiyyəsindən itələyərək ona sağ bazunun orta 1/3-də iç səthdə, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol kürəkaltı nahiyədə, sağ sağrının yuxarı bayır kvadrantında qançırlar, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə iradəsinə zidd olaraq Təqsirləndirilən şəxs3 məxsus "VAZ 21063" markalı avtomobilinin arxa oturacağına mindirmişlər. Lakin Zərərçəkmiş şəxs müqavimət göstərməsi və hadisə yerində olan digər şəxslərin onların hərəkətlərinin qarşısını almaları nəticəsində Zərərçəkmiş şəxs avtomobilin salonundan və onların əllərindən çıxmağa müvəffəq olduğundan bilavasitə Zərərçəkmiş şəxs oğurlanmasına yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğuna birgə cəhd etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Saatlı rayonu Qaralar kəndində yaşayır. Həmkəndlisi Zərərçəkmiş şəxs ilə ailə qurmaq istəmişdir. Bu məqsədə 2021-ci ilin avqust ayında anası Sənubər və qardaşı Zahidi Nurtacın yaşadığı evə elçi göndəmişdir. Lakin Nurtac onunla evlənməyə razılıq verməmişdir. Bundan təxminən iki gün sonra Nurtacın iş yerinə gedib onunla evlənməyə nə üçün razılıq verməməsini soruşduqda Nurtac anası nə desə, onu da edəcəyini demişdir. Nurtaca başqa söz deməyərək oradan getmişdir. Anası ona başqa qız taparaq evlənməsini məsləhət görsə də, fikrində yalnız Nurtac olmuşdur. Ona görə də Nurtacı evlənmək məqsədi ilə qaçırmaq qərarına gəlmişdir. 09 fevral 2022-ci il tarixdə Saatlı rayonu Gomuşçu kəndində yaşayan xalası oğlu Mirabbasa Nurtacı onun idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə qaçırmaq istədiyini bildirməklə ona kömək etməsini xahiş etmişdir. Mirabbas onunla razılaşmışdır. Həmin gün Bakı şəhərində olan qardaşı Turala zəng edib ona da Nurtacı evlənmək məqsədi ilə qaçırtmaq istədiyini demiş və gəlib ona kömək edibetməyəcəyini soruşduqda Tural razılıq vermiş və bu məqsədlə 10 fevral 2022-ci il tarixdə Saatlı rayonuna gələcəyini demişdir. O, 10 fevral 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı kənddən Saatlı şəhərinə gəlmiş və orada Mirabbas ilə görüşmüşlər. Qardaşı Tural ilə mobil telefonla əlaqəsi saxlayıb harada olduğunu soruşduqda Tural Saatlı şəhərinə bir qədər sonra çatacağını demişdir. Həmin gün saat 17 radələrinə kimi Mirabbasla birlikdə olmuşlar. O, Nurtacın Saatlı şəhəri, H.Əliyev prospektindəki “Embawood” mebel mağazasında satıcı işlədiyini, təxminən saat 18 radələrində işdən çıxıb həmkəndlisi Babəkin idarə etdiyi etdiyi “VAZ-2107” markalı avtomobili ilə yaşadığı evə getməsini bilmişdir. Ona görə də Mirabbasın idarə etdiyi avtomobil ilə Nurtacın işlədiyi mebel salonunun qarşısına gedib giriş qapısının yanında avtomobili saxlamışlar. Həmin vaxt artıq qardaşı Tural da avtomobil ilə gəlib onlardan 2 metr kənarda dayanmışdır. Nurtacı qaçırarkən tanınmaması üçün Mirabbasın avtomobilinin qabaq dövlət qeydiyyat nişanını çıxardıb avtomobilin içərisinə qoymuşlar. Arxa qeydiyyat nişanına isə parça bağlamışlar. X15 ilə birlikdə köməkləşib avtomobilə mindirəcəkləri, Mirabbasın isə avtomobildə gözləyəcəyi, Nurtacı avtomobilə mindirdikdən sonra Mirabbasın avtomobili Bakı şəhərinə, Xırdalan dairəsinə sürəcəyi barədə razılaşmışlar. Saat 18 radələrində Nurtac işlədiyi yerdən təklikdə giriş qapını açıb çıxarkən o, avtomobilin arxa oturacağından dərhal düşmüşdür. O, düşənə qədər qardaşı Tural hər iki əli ilə arxadan Nurtacın belindən tutub avtomobilə tərəf dartmışdır. O da dərhal Nurtacın qollarından yapışıb Tural ilə birlikdə Mirabbasın avtomobilinin arxa oturacağına zorla mindirmək istəmişlər. Lakin Nurtac qışqıraraq onu buraxmalarını tələb etmişdir. Tural və o, Nurtacı avtomobilə mindirmişlər. Nurtac onlara müqavimət göstərmiş və oraya çoxlu şəxslər toplaşmışlar. Nurtacın işlədiyi yerdən bir-iki nəfər çıxmış, kənardan isə həmkəndlisi, taksi sürücüsü Babək gəlmişdir. Orada olan şəxslər onu və Turalı tutub kənara çəkmişlər. Nurtac avtomobildən çıxmış, onun üstünə qışqıraraq sinəsindən əli ilə vurmuş, bunlara görə də, onlar Nurtacı qaçıra bilməmişlər. Nurtac onların əllərindən çıxmış və onlar avtomobilə minərək oradan getmişlər. Nurtacın avtomobildə çantası və əşyaları qalmışdır. O, avtomobilə əyləşdikdən sonra onları yerə tullamışdır. Oradan Mirabbas ilə birlikdə yaşadığı evə getmişdir. Mirabbas isə öz evinə getmişdir. Evdə olarkən Turala zəng edib harada olduğunu soruşduqda ona Bakı şəhərinə getdiyini demişdir. O, yaşadığı evə getmişdir. Anası ona az əvvəl Nurtacın anası Güllərin evin həyətinə gəlib qızı Nurtacı onun qaçırmasını, bununla bağlı polisə şikayət etdiyini demişdir. Əməlindən peşimandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Gomuşçu kəndində atası Səbuhi və anası Səadət ilə birlikdə yaşamaqla idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobili ilə Saatlı şəhərində taksiçilik fəaliyyəti ilə məşğul olur. Xalası oğlu Toğrulun söhbətlərindən ona məlum olmuşdur ki, 2021-ci ilin avqust ayında Toğrulun Nurtacla ailə qurması üçün Toğrulun anası və qardaşı Nurtacın yaşadığı evə elçi getmişlər, lakin Nurtac və anası razılıq verməmişlər. 2022-ci ilin fevral ayının əvvəlində Toğrul ona Nurtacı ailə qurmaq məqsədi ilə qaçırtmaq fikri olduğunu demiş və Nurtacın qaçırılmasında ona idarə etdiyi avtomobildən istifadə etməklə köməklik etməsini demişdir. Lakin o, həmin vaxt razılıq verməmişdir. 10 fevral 2022-ci il tarixdə saat 12 radələrində Toğrul ona zəng edib hal-əhval tutmuş, sonra isə onun idarə etdiyi avtomobili birlikdə təmiri sexinə aparmışlar. Toğrul ona Nurtacı ailə qurmaq məqsədi ilə onun avtomobili ilə qaçırıb Bakı şəhərinə apararmaq istədiyini, Nurtacın onunla evlənməyə razı olduğunu demişdir. O, Toğrul ilə razılaşmışdır. Toğrul Bakı şəhərində yaşayan qardaşı Turala da dediyini, Turalın da gəlib Nurtacın qaçırılmasında onlara köməklik edəcəyini demişdir. Bir qədər sonra Tural Bakı şəhərindən Saatlı rayonuna gəlmiş, onunla Saatlı rayon mərkəzi bazarın qarşısında görüşmüşlər. Tural ilə Toğrul öz aralarında söhbət etmişlər. Bundan sonra təxminən saat 17:30 radələrinə yaxın o, idarə etdiyi avtomobilə əyləşmiş, Toğrul isə arxa sol oturacaqda əyləşmişdir. Onlar Nurtacı işlədiyi Saatlı şəhəri H.Əliyev prospektindəki mağazadan çıxanda Toğrulun Tural ilə birlikdə onun idarə etdiyi avtomobilin arxa oturacağına mindirəcəkləri, onun isə avtomobili sürməklə onları Bakı şəhərinə Toğrulun qardaşı Zahidin yaşadığı Xırdalan şəhərinə aparacağı barədə razılaşmışlar. Onlar Nurtacın işlədiyi mebel mağazasının yanında “Evqur” mağazasının qarşısında dayanmışlar. Avtomobilin tanınmaması üçün avtomobilin qabaq qeydiyyat dövlət nişanını açıb avtomobilin salonuna qoymuş, arxa dövlət qeydiyyat nişana isə parça bağlamışlar. 10 fevral 2022-ci il tarixdə saat 17:45 radələrində Nurtacın işlədiyi yerin qarşısına gedib giriş qapısının yanında avtomobili saxlamışdır. Tural isə onlardan 5 metr kənarda dayanmışdır. Nurtac işlədiyi yerdən çıxarkən onu Toğrulun Turalla birlikdə avtomobilə mindirəcəyi, onun isə avtomobili idarə edəcəyi barədə razılaşmışlar. Təxminən saat 18 radələrinə yaxın Nurtac işlədiyi yerdən tək giriş qapısını açıb çıxarkən Toğrul avtomobilin arxa oturacaqdan dərhal düşüb qardaşı Tural ilə birlikdə Nurtacı zorla avtomobilə mindirmək istəmişlər. Lakin Nurtac buna razı olmayıb qışqırmış, Toğrul və Turala müqavimət göstərmişdir. Onlar Nurtacı tam şəkildə avtomobilin oturacağına mindirə bilməmişlər. Nurtac buna imkan verməmişdir. Səsküyə ondan qarşıda olan taksi sürücüsü Babək, həmin avtomobildən bir qadın və Nurtacın işlədiyi mağazadan iş yoldaşları köməyə gəlmişlər. Nurtac Toğrul və Turalın əllərindən çıxmışdır. Nurtac müqavimət göstərdiyinə və ora toplaşan şəxslərin müdaxilə etmələrinə görə Nurtacı qaçıra bilməmişlər. Toğrul avtomobilinin arxa sol oturacağına əyləşmiş, o, avtomobili sürətlə idarə edib oradan çıxıb getmişdir. Toğrulu yaşadığı evə düşürmüş, sonra öz evinə getmişdir. Tural isə bildiyinə görə oradan Bakı şəhərinə getmişdir. Əməlindən peşimandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Saatlı rayonu Qaralar kəndində anası Sənubər, qardaşları Daykişi və Toğrul ilə birlikdə yaşayır. Bakı şəhərində mebel ustası işlədiyinə görə iş olanda Bakı şəhərinə gedib bir müddət orada yaşayır. Qardaşı Toğrul həmkəndliləri Zərərçəkmiş şəxs ilə ailə qurmaq istəmişdir. Bu məqsədlə 2021-ci ilin avqust ayında anası Sənubər və qardaşı Zahidi Nurtacın yaşadığı evə elçi göndərmişdir. Lakin Nurtac razılıq verməmişdir. 09 fevral 2022-ci il tarixdə axşam saatlarında qardaşı Toğrul ona zəng edərək ailə qurmaq məqsədi ilə Nurtacı qaçırtmaq istədiyini, Nurtacın qaçırılmasında ona köməklik etməsini demişdir. O isə Nurtacın fikrini öyrənmək lazım olduğunu demişdir. Toğrul Nurtacın onunla evlənməyə razı olduğunu bildirmişdir.10 fevral 2022-ci il tarixdə saat 9 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsində yaşayan, evində işlədiyi Kəmalənin yaşadığı evə gedib, Kəmaləyə qardaşı Toğrulun Saatlı rayonunda qız istədiyini demiş və Kəmalədən qızla bu barədə danışıb fikrini öyrənməsini xahiş etmişdir. Kəmalə onunla razılaşmış və Kəmalənin idarə etdiyi “Mazda CX-5” markalı avtomobil ilə birlikdə Saatlı rayonuna yola düşmüş və saat 13:30 radələrində onlar Saatlı şəhərinə çatmışlar. Kəmalə əvvəl Toğrul ilə danışmaq istədiy üçün Saatlı şəhəri ərazisində “Molday” deyilən yerin yaxınlığında xalası oğlu Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə olan Toğrul ilə görüşmüşdür. Kəmalə Toğrul ilə söhbət edərkən Toğrul Nurtacı istədiyini, onunla ailə qurmaq məqsədinin olduğunu bildirmişdir. X8 Saatlı şəhəri, “Xəyal” şadlıq sarayı ilə üzbəüz yerləşən “Embawood” mebel mağazasında satıcı işlədiyi demişdir. O, Toğrul və Mirabbasın yanında dayanmış, Kəmalə isə idarə etdiyi avtomobilə əyləşib Nurtacın işlədiyi mağazanın qarşısına getmişdir. Təxminən 10 dəqiqədən sonra Kəmalə idarə etdiyi avtomobil ilə onların yanlarına gəlmişlər. O və Toğrul da Kəmalənin avtomobilinə minmişlər. Mirabbas isə avtomobilin yanında dayanmışdır. Kəmalə ona və Toğrula Nurtac ilə görüşdüyünü, Nurtacın Şəhriyar adlı şəxsi sevdiyini demişdir. Sonra Toğrul avtomobildən düşüb Mirabbasın idarə etdiyi avtomobilə əyləşib getmişdir. O isə Kəmalənin idarə etdiyi avtomobilə əyləşib Saatlı şəhəri ərazisində olan “Çinar park” yeməkxanasına gedib yemək yemiş, yemək yedikdən sonra qardaşı Daykişiyə zəng edib evə qonaq ilə gələcəyini demişdir. Kəmalə ilə yaşadığı evə getmişlər. Evdə anası, qardaşı Daykişi, Toğrul və Mirabbas olmuş, evdə söhbət əsnasında Kəmalə ailə üzvlərinə demiş ki, Nurtacla söhbət etmişdir, Nurtac başqa adamı sevir. Daykişi Toğrula demiş ki, yaxşı olar ki, sən Nurtacdan əl çəkəsən, qızdan çox qız var. Anası da Daykişinin dediklərini təsdiq etmişdir. Bir qədər sonra Mirabbas idarə etdiyi avtomobillə çıxıb getmişdir. Təxminən saat 17 radələrində Toğrul Mirabbasın mobil telefon nömrəsinə zəng edib evə çağırmış və Mirabbasla Toğrul çıxıb getmişlər. O, da Kəmalə ilə Bakı şəhərinə getmək istəyərkən Qaralar kəndində Toğrul ona zəng edib Nurtac ilə özünün danışmaq istədiyini, Nurtacın fikrini özünün bilmək istədiyini dediyi üçün o, Nurtacın işlədiyi mağazanın qarşısına getmişdir. Kəmalə avtomobili Nurtacın işlədiyi yerin yanında olan “Evqur” mağazasının qarşısında saxlamışdır. Həmin vaxt Mirabbas idarə etdiyi avtomobil ilə Toğrulla Nurtacın işlədiyi mağazanın qarşısında dayanmışdırlar. O, avtomobildən düşmüşdür. Kəmalə ondan hara getdiyini soruşduqda 10 dəqiqəyə gələcəyini deyib, gedib “Embawood” mağazasının qarşısında dayanmış, mobil telefonla Toğrula zəng edib nə edəcəklərini soruşduqda Toğrul ona demiş ki, Nurtac mağazadan çıxarkən qollarından tutub arxa oturacağa tullayacaqsan, mən də, sənə köməklik edəcəyəm. O, Toğruldan qızı məcburi aparacaqlarının soruşduqda Toğrul ona Nurtacın onu sevdiyini, onu məcbur Şəhriyara verdiklərini demişdir. Təxminən 10 dəqiqə orada gözləmişlər. Mağazadan əvvəl bir nəfər kişi çıxıb onun yanında siqaret çəkmiş, az sonra təxminən saat 18 radələrində Nurtac mağazanın giriş qapısından çıxarkən o, Nurtacın üstünə cumub heç bir söz demədən arxadan hər iki qollarından tutmuş, həmin anda Toğrul da, Mirabbasın avtomobilində arxa sol oturacaqdan düşmüş, ikisi birlikdə Nurtacı avtomobilin arxa oturacağına mindirmişlər. Lakin Nurtac qışqıraraq onu buraxmaqlarını tələb etmişdir. Bu zaman arxada olan bir nəfər şəxs əlini onun çiyninə qoyub neylədiyini soruşmuşdur. O, həmin şəxsin qolunu kənara çəkib “dayan” demişdir. Toğrul ilə Nurtacı məcbur avtomobilin arxa oturacağına mindirmək istəyərkən Nurtac müqavimət göstərmiş, onların Nurtacı avtomobilə mindirməklərinə imkan verməsə də, onlar Nurtacı avtomobilin arxa oturacağına mindirmişlər. Nurtac ona və Toğrula söyüşlər söymüş, orada olan kənar şəxslər gəlmişlər. Nurtac kənara çəkilib Toğrulu söyüb təhqir etmişdir. Nurtac onun atasına söydüyü üçün o, Toğrula qızı buraxmasını demişdir. Nurtac əlləri ilə Toğrulun sinəsindən vurmuşdur. Toğrul dərhal avtomobilin arxa sol oturacağına əyləşmişdir. Mirabbas da dərhal oradan avtomobili sürüb getmişdir. Gedərkən Nurtacın əşyalarını, yəni qara rəngli çantasını və sellofan paketi Toğrul avtomobildən yerə atmışdır. O oradan piyada avtomobil yolunun digər tərəfinə qaçaraq gedib Kəmalənin idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşib Mirabbasın idarə etdiyi avtomobilin arxasınca getmişlər. Mirabbas Saatlı şəhəri ərazisində “Molday” deyilən yerin yaxınlığında avtomobil yolunun kənarında saxlamış,dır. O və Kəmalə onların yanlarına çatıb avtomobildən düşmüşlər. Mirabbas və Toğrul da avtomobildən düşmüşlər. Kəmalə onu nə üçün zibilə saldıqlarına demişdir. O isə Toğrulu danlamışdır. Toğrul isə onlara kömək etmədiklərinə görə narazılığı bildirmişdir. Təqsirləndirilənlər şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Saatlı rayonu Qaralar kəndində anası Güllər ilə birlikdə yaşayır. 2021-ci ilin dekabr ayından Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən C.Hüseynoğlu «Embawood» mebel mağazasında satış təmsilçisi işləyir. Hər gün saat 09:30-da həmkəndlisi Babək adlı şəxsin idarə etdiyi VAZ- 2106 markalı avtomobili ilə işə gedir, saat 18:00-da onunla birlikdə yaşadığı evə qayıdır. 2022-ci ilin yanvar ayından o, qonşu Gomuşçu kəndində yaşayan X4 ilə sözlüdür. 12 fevral 2022-ci il tarixdə onların nişan mərasimi təyin edilmişdir. 2021-ci ilin təxminən iyul-avqust aylarında həmkəndlisi Təqsirləndirilən şəxs1 anası Sənubəri və qardaşı Zahidi onlara elçi göndərmişdir. Lakin o, Toğrul ilə evlənməyə razılıq verməmişdir. Həmin gündən təxminən iki gün sonra Toğrul onun əvvəl işlədiyi Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən gül satılan mağazaya gəlib onunla mağazada söhbət etmiş, onunla ailə qurmağa razılıq verməməsinin səbəbini soruşmuşdur. O isə Toğrula onu bəyənmədiyini demişdir. Toğrul onu qaçırdacağını demişdir. O isə Toğrula öz etirazını bildirmişdir. Bunu deyəndən sonra Toğrul çıxıb getmişdir. 10 fevral 2022-ci il tarixdə saat 17:40 radələrində həmişə olduğu kimi işlədiyi yerin binasının qarşısında quraşdırılmış videokameralarının binanın içərisindəki monitorda görüntülərinə baxıb onu gəlib götürən taksi sürücüsü Babəki gözləyərkən binanın qarşısında sarı rəngli, sonradan bildiyi “VAZ-21063” markalı qonşu Gomuşçu kəndində yaşayan Təqsirləndirilən şəxs3 məxsus avtomobilin dayandığını görmüşdür. Bundan bir neçə dəqiqə sonra Babəkin idarə etdiyi avtomobillə gəldiyini görüb binadan bayıra çıxdıqda təxminən 2 metr aralıda əvvəldən gördüyü sarı rəngli avtomobilin arxa sol oturacağının qapısı açılmış, oradan Toğrul düşmüş, eyni vaxtda onu arxadan sonradan bildiyi Toğrulun qardaşı Tural heç bir söz demədən sağ və sol böyründən tutmuş, Toğrul da onun sağ və sol qolundan, biləklərindən yapışaraq onu arxadan tutan şəxslə birlikdə avtomobilin arxa sol oturacağına mindirməyə çalışmışlar. O, hər iki dizlərini avtomobilə dirəyib onlara müqavimət göstərsə də, onun gücü çatmamış və Toğrul ilə Tural zorla onu avtomobilin arxa oturacağına tullamışlar. Onun uca səslə qışqırıb kömək istəməyinə görə iş yoldaşları Cavid və Əmrah, taksi sürücüsü Babək, Babəkin avtomobilində olmuş həmkəndlisi Şahid5 gəlmişlər və onların köməkliyi ilə, həmçinin özü Toğrul və Tural ilə süpürəşərək güclə avtomobildən çıxa bilmişdir. Toğrulun sinəsindən yumruqla vurmuş, özündən uzaqlaşdırmışdır. Toğrul və Turalın əlindən çıxdıqdan sonra Toğrul onu mindirdikləri avtomobilə əyləşib avtomobildə qalmış çantasını yerə atmış və həmin avtomobilin sürücüsü sonradan bildiyi Saatlı rayonu Gomuşçu kəndində yaşayan Təqsirləndirilən şəxs3 sürətlə avtomobili idarə edərək oradan çıxıb getmişlərdir. Toğrul ilə birlikdə olan Tural isə piyada oradan avtomobil yoluna tərəf qaçıb getmişdir. Dünya gəlib onu qucaqlamış, orada olan Babək, iş yoldaşı Leyla və Əmrah onun çantasını və çantasından yerə tökülmüş əşyaları yerdən götürmüşlər. Dünya onun əlindən tutub işlədiyi mağazaya qaytarmış, orada ona su vermişdir. O, mobil telefonunu Dünyaya vermiş ki, anasına xəbər etsin. Bir qədər sonra sözlüsü Şəhriyar avtomobillə gəlmiş və onunla birlikdə yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra bilmiş ki, anası bu barədə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə barışmışdır, onlardan şikayət və tələbi yoxdur, hər ikisini bağışlamışdır, məhkəmədən onlara həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Lakin Təqsirləndirilən şəxs1la barışmamışdır, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, 2019-cu ilin dekabr ayından Saatlı şəhəri, H.Əliyev prospekti, “Xəyal” şadlıq sarayı ilə üzbəüz yerləşən “C.Hüseynoğlu” ticarət mərkəzindəki “Embawood” mebel mağazasında işləmişdir. Saatlı rayonu Qaralar kənd sakini Zərərçəkmiş şəxs qeyd olunan mağazada satış təmsilçi işləyir. 10 fevral 2022-ci il tarixdə saat 18 radələrində iş vaxtı bitdiyindən mağazadan bayıra çıxmış və yaşadığı evə getmək üçün avtomobil gözləmişdir. Mağazanın giriş qapısından təxminən 2 metr aralıda sarı rəngli, arxa dövlət qeydiyyat nişanına parça bağlanmış avtomobilin dayandığını görmüşdür. Avtomobilin yanında isə adını sonradan bildiyi Saatlı rayonu Qaralar kənd sakini Tural dayanmışdır. Az sonra Zərərçəkmiş şəxs mağazanın giriş qapısından çıxan anda qeyd olunan avtomobilin arxa sol oturacaqdan düşən şəxs, adını sonradan bildiyi Toğrul və onun yanında olan Tural Nurtaca yaxınlaşıb heç bir söz demədən qollarından və böyründən tutub həmin avtomobilə məcburi qaydada zorla mindirməyə çalışmışlar. Nurtac ucadan qışqırıb onu buraxmalarını tələb etmişdir. Bu anda o müdaxilə etmiş, Turalın belindən yapışıb özünə tərəf dartmışdır. Eyni zamanda Nurtac özü də müqavimət göstərdiyindən Toğrul və Tural Nurtacı avtomobilin arxa oturacağına mindirmək istəsələr də, Nurtac buna imkan verməmişdir. Səs-küyə mağazada işləyələr Əmrah və Leyla çıxmışlar. Nurtacın taksi sürücüsü Babək və onun avtomobilində olan Dünya adlı qadın da hadisə yerinə gəlmişlər. Həmin şəxslərin və hadisə yerinə gəlmiş digər şəxslərin müdaxiləsi nəticəsində Toğrul və Tural Nurtacı avtomobilə mindirə bilməmişdər. Toğrul həmin avtomobilə əyləşmiş, sürücü, sonradan adını bildiyi Toğrul və Turalın xalası oğlu Mirabbas dərhal sürətlə avtomobili idarə edərək oradan uzaqlaşmışlar. Toğrul Nurtacın əl çantasını və əşyalarını avtomobildən yerə tullamışdır. Tural isə piyada oradan uzaqlaşıb yolun digər tərəfində ağ rəngli avtomobilə əyləşib getmişdir. Şahid2 məhkəmədə göstərdi ki, ailəsi ilə Saatlı rayonu Qaralar kəndində yaşayır. Özünə məxsus VAZ-2103 markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobil ilə taksiçi fəaliyyəti göstərir. Zərərçəkmiş şəxs onunla eyni kənddə yaşayır, Dünya da, onun həmkəndlisidir. Onlar hər ikisi ona hərəsi ayda 75 manat verməklə o, Nurtacı yaşadığı kənddən işlədiyi Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Embawood” mebel salonuna, Dünyanı isə işlədiyi Saatlı rayonu Sarıcalar kəndində yerləşən pambıq zavoduna aparıb gətirir. 10 fevral 2022-ci il tarixdə idarə etdiyi avtomobil ilə Nurtacı və Dünyanı səhər tezdən işlədikləri yerə aparıb düşürmüşdür. Həmin gün saat 17 radələrində Dünyanı işlədiyi yerdən idarə etdiyi avtomobilə götürmüş və saat 17:45 radələrində Nurtacın işlədiyi yerin qarşısına gələrək onun işdən çıxmasını gözləmişlər. Orada sarı rəngli, qabaq dövlət qeydiyyat nişanı olmayan avtomobil saxladığına görə iş yerindən kənarda saxlamışdır. O, Nurtacı təxminən 10-15 dəqiqə gözləmişdir. Bu anda avtomaşında olan Dünya qışqırıb demiş ki, “Nurtacı qaçırtdılar”. O, dərhal avtomobildən düşmüş, həmkəndliləri Toğrul və Turalın zorla Nurtacı Mirabbasa məxsus avtomobilin arxa oturacağına mindirdiklərini görmüşdür. O, Toğrulun və Turalın üstünə qışqırıb “qızı buraxın”,- demişdir. Nurtac özü, iş yoldaşları Cavid və Əmrahın köməkliyi ilə onların əlindən çıxmağı bacarmış, Toğrulun sinəsindən 1-2 dəfə vurmuşdur. Toğrul hadisədən əvvəl düşdüyü Mirabbasın avtomobilinin arxa oturacağına əyləşmiş, Mirabbas isə sürətlə avtomobili idarə edib oradan çıxıb getmişlərdir. Tural isə həmin avtomobilə əyləşməyib piyada oradan qaçıb getmişdir. O, Nurtacın çantasını və əşyalarını yerdən götürmüşdür. Dünya və iş yoldaşları Nurtacı sakitləşdirmişlər, Nurtac qışqıraraq ağlamışdır. Dünya Nurtacın mobil telefonu ilə Nurtacın anası Güllərə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra Nurtacın sözlüsü, qonşu Gomuşçu kəndində olan Şəhriyar adlı şəxs gəlib Nurtacı götürüb aparmışdır. O da Dünya ilə birlikdə avtomobilə əyləşmiş, Dünyanı yaşadığı evə aparmışdır. Şahid6 Hüseyn qızı məhkəmədə göstərdi ki, Saatlı rayonu Qaralar kəndində qızı Nurtac ilə birlikdə yaşayır. Əri Mahir 2011-ci ildə vəfat etmişdir. X17 şəhəri, H.Əliyev prospektində yerləşən “C.Hüseynoğlu” ticarət mərkəzi “Embawood” mebel mağazasında satış təmsilçisi işləyir. Nurtac hər gün saat 9-da həmkəndliləri Babəkin idarə etdiyi VAZ- 2106 markalı avtomobil ilə işə gedir, saat 18-də onunla birlikdə yaşadığı evə qayıdır. 12 fevral 2022-ci ilin tarixdə qonşu Gomuşçu kəndində yaşayan X4 ilə qızı Nurtacın nişan mərasimi olmalı imiş. 2021-ci ilin təxminən avqust ayında həmkəndliləri Sənubər oğlu Zahidlə birlikdə yaşadığı evə elçi gələrək qızı Nurtacı oğlu Toğrula istədiklərini bildirmişdir. X16 ilə evlənməyə razılıq verməmişdir. 10 fevral 2022-ci il tarixdə saat 18 radələrində Nurtacın mobil telefonundan onun mobil telefonuna zəng gəlmişdir. Telefonda onunla həmkəndlisi, həm də Nurtacla işə birlikdə gedən Dünya danışaraq Nurtacı az əvvəl həmkəndliləri Toğrulun zorla qaçırmaq istədiyini demişdir. O, dərhal Toğrulun yaşadığı evin həyətinə getmiş, Toğrulun anası Sənubərə oğlu Toğrulun nə üçün onun qızını qaçırmaq istəməsini demişdir. Lakin Sənubər ona fikir verməmişdir. Bundan sonra o, bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edib qızını həmkəndliləri Toğrulun qaçırmaq istəməsi barədə məlumat vermişdir. Az sonra qızı Nurtac sözlüsü Şəhriyar ilə birlikdə yaşadığı evə gəlmişdir. Həmin vaxt Nurtac çox həyacanlı olmuşdur. Nurtac onu iş üerindən çıxarkən Toğrulun və onunla birlikdə olan bir nəfər şəxsin zorla sarı rəngli avtomobilin arxa oturacağına mindirdiklərini, qaçırmaq istədiklərini, lakin özü müqavimət göstərdiyinə və iş yoldaşları maneçilik törətdiklərinə görə onu qaçıra bilmədiklərini demişdir. Nurtac bu barədə həmin gün Saatlı Rayon Polis Şöbəsinə ərizə vermişdir. Sonra məlum olmuşdur ki, Toğrpul Nurtacı qaçırmağa qardaşı Tural ilə birlikdə, xalası oğlu Mirabbasın idarə etdiyi avtomobili ilə gəlmişdir. Onların Turaldan və Mirabbasdan şikayətləri yoxdur. Lakin Toğruldan şikayətçidirlər. Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə yazdığı 10 fevral 2022-ci il tarixli ərizəsində həmin gün işlədiyi mebel mağazasından çıxarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 və başqa bir nəfər şəxsin onu tutub sarı rəngli avtomobilə salaraq qaçarmaq istədiklərini, oradakı adamların köməyinə gəlməsini və onların əllərindən güclə çıxdığını göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Saatlı şəhəri, H.Əliyev prospekti 57 ünvanında yerləşən “C.Hüseynoğlu” ticarət mərkəzi, “Embawood” mebel mağazası binasının giriş qapısının qarşısında baş vermişdir. 13 fevral 2022-ci il tarixli protokolan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, qardaşı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3lə birlikdə 10 fevral 2022-ci il tarixdə Saatlı şəhərində yerləşən “C.Hüseynoğlu” ticarət mərkəzinin “Embawood” mebel mağazasından işdən çıxan Nurtacı zorla avtomobilə mindirməklə oğurlamağa cəhd etdikləri yeri və şəraiti yerində göstərmişdir. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisəni özündə əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edilir ki, hadisə günü saat 17:45-də Toğrul və Tural Həsənov qardaşları və Təqsirləndirilən şəxs3 avtomobil ilə Zərərçəkmiş şəxs işlədiyi “C.Hüseynoğlu” ticarət mərkəzinin qarşısına gələrək ticarət mərkəzinin giriş qapısının yaxınlığında dayanıb gözləyirlər. Təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs iş yerindən çıxdıqda iki nəfər şəxslər (Toğrul və Tural qardaşları) Zərərçəkmiş şəxs tutaraq zorla “VAZ-21063” markalı avtomobilin arxa oturacağına mindirirlər. Hadisə yerində olan şəxslər onlara yaxınlaşaraq maneçilik törədirlər. Bu zaman Zərərçəkmiş şəxs avtomobildən və Təqsirləndirilən şəxs1 əlindən çıxmağa müvəffəq olur, avtomobildən yerə düşərək Toğrul Həsənovun üstünə cumur və əlləri ilə onu vurur. Məhkəmə-tibb ekspertin 11 fevral 2022-ci il tarixli, 36 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bazunun orta 1/3-də iç səthdə, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol kürəkaltı nahiyədə, sağ sağrının yuxarı bayır kvadrantında qançırlar, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmə-psixiatrik ekspertin 20 aprel 2022-ci il tarixli, 987 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertin 23 aprel 2022-ci il tarixli, 1009 nömrəli, 30 aprel 2022ci il tarixli, 1095 nömrəli və 1108 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, təqsərləndirilən şəxslər Toğrul və Təqsirləndirilən şəxs2larda, eləcə də Təqsirləndirilən şəxs3 hər hansı psixi xəsləyik yox, cinayəti törədərkən anlaqlı olmuşlar. Əməlləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs3 şikayət və tələbinin olmadığını göstərməklə ona az çəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs2 bağışladığını bildirmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayət və tələbinin olmadığını göstərməklə onlara yüngül cəza verilməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu göstərmişdir. Qarabağ müharibəsi qazisi X7 prokurorluğa yazdığı ərizəsində göstərmişdir ki, qardaşları Toğrul və Təqsirləndirilən şəxs2lar Toğrulun ailə qurması məqsədi ilə Zərərçəkmiş şəxs qaçırmaq istəmişlər. Onun özü 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Qardaşı Təqsirləndirilən şəxs2 da 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Qardaşlarına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan sənədlərin surətindən görünür ki, Dayıkişi Abasov gizir hərbi rütbəsində olmaqla «Azərbaycan Ordusunun 100 illiyi» yubley və digər medallarla təltif edilmişdir. Bundan başqa X13 müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən Müharibəsi X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 80547 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin birliyin üzvü olmaqla müharibə veteranıdır. O, Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs3 qardaşı Mirfazil Sarıyev 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla «Cəbrayılın azad olunmasına görə» və «Zəngilanın azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. İş materiallarında olan ailə tərkibi haqqında arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 subaydırlar, hər biri yaşayış yerindən müsbət səciyyələnirlər. Təqsirləndirilən şəxs1 iş üzrə 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində məhkəmənin 13 fevral 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hal-hazıradək həbsdə saxlanılır. Təqsirləndirilən şəxs2 iş üzrə 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 19 fevral 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş və Saatlı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. X2 iş üzrə 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 13 fevral 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, Saatlı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 ailə qurması məqsədi ilə həmkəndliləri Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər birinin əməlləri CM-nin 29,144.2.3-cü maddəsi ilə ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Toğrul Aabasovun qardaşları Tural və X5 müharibəsinin iştirakçıları olmaqla Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunmasında fədakarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə qeyd olunan medallarla təltif olunmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunmasında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunmasını, eyni zamanda onun qardaşı X10 müharibəsinin iştirakçısı olmaqla qeyd olunan medallarla təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, qardaşı X9 müharibəsində fəal iştirak etməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 29,144.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin hər birinə təyin edilən cəzanın müddəti müəyyən edilərkən məhkəmə CM-nin 63.3-cü maddəsinin tələbini nəzərə alır. Belə ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti cinayət məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki il müəyyən edildiyindən təqsirləndirilən şəxslərə CM-nin 29,144.2.3-cü maddəsi ilə təyin edilən cəzanın müddəti on iki ilin dörddə üçündən, yəni doqquz ildən çox ola bilməz. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduğundan və cəzalarını ağırlaşdıran hallar olmadığından CM-nin 60.1-ci maddəsinə əsasən onlara təyin olunan cəzanın müddəti CM-nin 29,144.2.3-cü maddəsi ilə (cinayətə cəhdə görə) müəyyən edilmiş doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni altı il doqquz aydan artıq ola bilməz. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə humanizm prinsiplərini əsas götürməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsin-yəni təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs onunla Toğrul Həsənovun ailə qurması məqsədi ilə oğurlamağa cəhd etmələrini, cinayət əməlinin başa çatdırılmamasını, zərərçəkmiş şəxsin cinayətin iştirakçıları olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayət və tələbinin olmamasını, onların hər ikisinin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, şəxsiyyətlərini-yəni ilk məhkumluqlarını, müsbət xarakterizə olunmalarını, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, həmçinin cəza çəkmədən islah olunmalarını mümkün sayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilən cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tədbiq olunmasını ədalətli və məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə sınaq müddəti ərzində davranışları üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Tural Həsənov və Təqsirləndirilən şəxs3 davranışları üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin başlanğıcı hökm qanunu qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tədbiq edilsin və 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tədbiq edilsin və 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar