Məhkəmə qərarları › İş №1(099)-568/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-568/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-568/2022 14.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri- X2 və X3, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Əlfadin oğlunun iştirakı ilə xx.xx.1963-cü il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində pasport qeydiyyatında olmaqla yaşayan, orta təhsilli, işsiz, Beyləqan rayon məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi, qeydiyyat şəhadətnaməsi olmayan, texniki cəhətdən saz vəziyyətdə olan GAZ-52-01 markalı, dövlət qeydiyyat nişansız avtomobillə Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində İkinci Şahsevən kəndi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bu qaydaya əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət zolağında, əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla idarə etdiyi VAZ-217050 markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olan sərnişin - Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, sol sirkə kasasının çoxsaylı, qəlpəli yerdəyişən sınıqları, sağ budun aşağı üçdə-birinin yerinidəyişən qapalı sınığı, sağ bazu sümüyünün kondiluslardan keçən oynaqdaxili çoxsaylı, yerinidəyişən qapalı sınığı, döş qəfəsinin sağ yarısının əzilməsi, sağtərəfli hemotoraks xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması - alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın nahiyəsinin əzilmiş yaraları, sağ baldır sümüklərinin orta üçdə birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlığı xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki şəxs - Zərərçəkmiş şəxs1 aldığı kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumaların əzilməsi bədən xəsarətlərindən hadisə yerində və Zərərçəkmiş şəxs2 isə bir neçə gün xəstəxanada stasisionar qaydada müalicə olunduqdan sonra 18 may 2022-ci il tarixdə saat 2 radələrində İmişli rayonu Gövhərli kəndində ölmüşlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu İkinci Şahsevən kəndində yaşayır. Özünə məxsus GAZ-52 markalı, nömrəsiz yük maşını ilə kəndələrə su paylayıb gündəlik çörək pulu qazanırdı. Həmin avtomobili İkinci Şahsevən kənd kolxozu tərəfindən ona vermişlər, o vaxtdan da maşını kəndlərarası nömrəsiz idarə etmişdir. 28 aprel 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi QAZ 52 markalı maşınla 20 km saat sürətlə Beyləqan rayonu İ Şahsevən kəndindən 2-ci Şahsevən kəndinə gedəndə avtomobil yolunun İ-ci Şahsevən kəndinin ərazisindən keçən hissəsində döngəni dönüb yola düzəlmiş, bu zaman uzaqdan qarşı tərəfdən ağ rəngli “Priora” markalı avtomobilin surətlə hərəkət etməsini və həmin avtomobilin tormozlama əməliyyatı edə-edə sürüşərək onun üzərinə gəlməsini görmüşdür. Həmin maşın yaxınlaşdıqda sürücünün maşını saxlaya bilməyib onunla toqquşacağını düşünmüş, buna görə idarə etdiyi QAZ 52 markalı maşının sağ təkərini yolun sağ tərəfinə, yəni yolun ehtiyat hissəsinə çıxararkən “Priora” markalı maşının surəti yüksək olduğu qabaq tərəfi onun idarə etdiyi maşının qabaq sol tərəfindən zərbə ilə dəyərək toqquşmuş, zərbədən maşın yolun kənarından çıxmışdır. Toqquşmanın qarşısını almaq üçün əlindən gələni etsə də, bu mümkün olmamışdır. Maşınını yoldan çıxarmaqla hadisənin qarşısını almağa çalışsa da bunu edə bilməmişdir. Toqquşmadan sonra şok vəziyyətində olmuş, sonradan “Priora” markalı maşını idarə edən şəxsin hadisə yerində öldüyünü öyrənmişdir. “Priora”da olan digər sərnişin isə dərhal xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə zamanı özü də başından yüngül xəsarət almışdır, lakin heç yerdə müalicə olunmamışdır. Hadisə nəticəsində öz maşınına da iki min manatdan artıq ziyan dəymişdir. Hadisədən əvvəl kənddə su satmaqla gündəlik çörək pulunu qazanıb birtəhər ailəsini dolandırmışdır. Arvadı və oğlu heç yerdə işləmirlər, təqaüd də almırlar, başqa gəlir yerləri yoxdur. Ailəni dölandıran yalnız özüdür, ailəyə başqa qazanc gətirən yoxdur. Hazırda avtomobili yararsız vəziyyətdə olduğundan həyətində olan toyuq-cücənin yumurtasını satmaqla ailəsini birtəhər dolandırır. Zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmış, onlara dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən ağır ailə vəziyyətini nəzərə alınmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərin, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi Beyləqan rayonu İ Şahsevən kənd sakini X2 ifadəsində göstərmişdir ki, mərhum Gülşən onun arvadıdır. 28 aprel 2022-ci il tarixdə saat 11 radələrində arvadı Gülşən özünü narahat hiss etdiyi üçün kənddə yerləşən xəstəxanaya yollanmışdır. Bundan təxminən 40 dəqiqə sonra tanımadığı şəxs ona zəng edib X5 kəndinin ərazisində ağ rəngli maşında qəzaya düşdüyünü bildirmişdir. Dərhal hadisə yerinə çatmış, ağ rəngli “Priora” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə GAZ-52 markalı su daşıyan avtomobilin toqquşduğunu, “Priora”nın yolun hərəkət hissəsində dayandığını, GAZ-52 markalı avtomobilin isə yoldan çıxaraq yolun kənarına ağacların arasına düşdüyünü görmüşdür. Orada olanlar dedilər ki, “Priora”nın arxasında əyləşən qadının Beyləqan rayon mərkəzi xəstəxanasına aparıldığını ona bildirmişlər. Hadisə yerindən Beyləqan rayon mərkəzi xəstəxanasına gəlmiş, Gülşənin əl, baş və ayaq nahiyələrindən müxtəlif xəsarətlər aldığını görmüşdür. Həmin gün Gülşən Bakı şəhəri 3 saylı klinik xəstəxanasına göndərilmişdir. Özü də həmin xəstəxanaya getmişdir. Gülşən 5 gün həmin xəstəxanada müalicə olunmuşdur. 5 gün xəstəxanada qaldıqdan sonra X6 yerləşdirmişdir. Gülşən xəstəxanada iki dəfə əməliyyat olunmuş, 5 gün Yasamal Hospitalda qaldıqdan sonra onu xəstəxanadan çıxarmış və İmişli rayonunun Gövhərli kəndinə qaynanasının yaşadığı evə gətirmişdir. Evdə olarkən Gülşənin müalicəsini davam etdirmişlər. Lakin buna baxmayaraq Gülşənin vəziyyəti ağırlaşmış və 18 may 2022-ci il tarixdə, saat 02:54-də ölmüşdür. Hal hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun əridir. İsmayılın özünə məxsus VAZ-217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28 aprel 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman qaynatası Xəqani Zeynalovun telefonuna zəng gəlmiş və o, tələsik evdən çıxıb harasa getmiş, telefonu isə evdə qoymuşdur. Qaynatasının telefonunda olan Vəfadar adlı şəxsin nömrəsinə zəng etmiş, sonuncu ərinin maşınla qəza törətdiyini və yaralı olduğunu ona bildirmişdir. Dərhal evdən çıxıb taksi ilə Beyləqan rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanada ərinin artıq öldüyünü bilmişdir. Xəstəxanada eşitmişdir ki, əri adını sonradan bildiyi Möhlətin idarə etdiyi QAZ 52 markalı maşınla İ Şahsevən kəndinin ərazisində asfalt yolda toqquşmuş, ərinin maşınında başqa bir qadın da olmuş, əri ölmüş, həmin qadın isə təcili xəstəxanaya çatdırılmışdır. Cinayət işinin istintaqı zamanı ekspertizanın rəyi ilə tanış olmuş, məlum olmuşdur ki, əri “Priora” markalı maşını yüksək surətlə idarə etmiş və saxlaya bilmədiyi üçün QAZ 52 markalı maşınla toqquşmuşdur. Hazırda QAZ 52 markalı maşının sürücüsü Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirimliş Beyləqan rayon Polis şöbəsinin X12 Bölməsinin yol-patrul xidməti inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2022ci il tarixdə, saat 12:30 radələrində xidmətdə olarkən rayon polis şöbəsinin növbətçi hissəsindən Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, digər polis əməkdaşları ilə birlikdə dərhal hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatdıqda ağ rəngli VAZ-217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə GAZ-52 markalı su daşıyan avtomobilin toqquşduğunu, VAZ- 217050 markalı avtomobilin üzü 2-ci Şahsevən kəndi istiqamətində yolun sağ hərəkət hissəsində dayandığını, GAZ-52 markalı avtomobilin isə yoldan çıxaraq yolun kənarına düşdüyünü görmüşlər. Onlar dərhal avtomobildən düşüb qəzaya düşən avtomobillərə yaxınlaşmışlar. Onlar VAZ-217050 markalı avtomobilə çatan zaman sürücünün və avtomobildə olan 1 nəfər qadın sərnişinin avtomobildən çıxarılıb yolun kənarına uzadıldığını görmüşlər. Həmin şəxslərə yaxınlaşdıqda “Priora”nın sürücüsünün öldüyünü, qadının isə müxtəlif xəsarətlər aldığını görmüşdür. Digər qəzaya düşmüş QAZ 52 markalı maşının sürücüsü Təqsirləndirilən şəxs həmin vaxt hadisə yerində olmuş və onlara yaxınlaşmışdır. Hadisə yerində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2-ci Şahsevən kəndi istiqamətində hərəkətdə olan zaman döngəni dönüb yola düzəldikdə VAZ-217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlama əməliyyatı edə-edə sürətlə ona tərəf gəldiyini, onun həmin avtomobillə toqquşacağını düşündüyü üçün avtomobili yolun sağ tərəf ehtiyat hissəsinə torpaq yola çıxardığını, lakin həmin avtomobilin gəlib torpaq yolda onunla toqquşduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib ilk öncə yaralı qadını Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra VAZ-217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün meyitini avtomobilə yerləşdirib xəstəxanaya yola salmışlar. Onlar hadisə yerinə çatdıqda GAZ-52-01 markalı, nömrəsiz yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 aprel 2022-ci il tarixli 07/22 N-li rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı onda açıq kəllə-beyin travması- alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları; baş beyin toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızma; alın nahiyəsinin əzilmiş yaraları; sağ baldır sümüklərinin orta üçdə birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı; bədən səthinin çoxsaylı sıyrıqları; daxili üzvlərin venoz azqanlığı xəsarətləri aşkar edilmişdir. - Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. - Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi olmuşdur. - Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunəsində etil spirti aşkar olunmamışdır. - Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyul 2022-ci il tarixli 18/22 N-li rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə ilkin olaraq Beyləqan MRX publik hüquqi şəxsdə “qapalı kəllə-beyin travması, başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yarası, sol bud sümüyünün sınığı, hər iki bazu sümüklərinin sınığı” diqanozu ilə müvafiq tibbi yardımlar göstərilmiş və xəstənin vəziyyətinin ağırlığı nəzərə alınmaqla ixtisaslaşmış tibbi yardım alması məqsədi ilə həmin günü Bakı şəhərinə göndərilmişdir. - Vət.Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, sol sirkə kasasının çoxsaylı, qəlpəli yerdəyişən sınıqları, sağ budun aşağı üçdə-birinin yerinidəyişən qapalı sınığı, sağ bazu sümüyünün kondiluslardan keçən oynaqdaxili çoxsaylı, yerinidəyişən qapalı sınığı, döş qəfəsinin sağ yarısının əzilməsi, sağtərəfli hemotoraks” diaqnozu ilə X8 stasionar müalicədə olmuşdur. - Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilir və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə şəxsin ölümünə səbəb ola bilərdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 iyul 2022-ci il tarixli 615/22 N-li rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2022-ci il tarixli 8/1179 N-li rəyinə əsasən, VAZ 217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 VAZ 217050 markalı, **-BR-*** markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Təqdim olunan məlumatlara əsasən, QAZ-52 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs QAZ-52 markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli, 493N-li sərxoşluğun müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu halında olmamışdır. İş materiallarında olan 11 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 idarə etdiyi 217050 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin duracağına təhvil verilmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi GAZ-52-01 markalı, nömrəsiz yük avtomobil maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin duracağına təhvil verilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 311-392- 1222 N-li məktubuna əsasən Zərərçəkmiş şəxs1 adına xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək BC-kateqoriyalı AE819255 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “C” kateqoriyalı AE911424 nömrəli sürücülük vəsiqələri qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 092 saylı dəymiş ziyanın müəyyən edilməsi aktına əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 217050” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5434 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 093 saylı dəymiş ziyanın müəyyən edilməsi aktına əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “GAZ-52-01” markalı, 59-13 AJD dövlət qeydiyyat nişanlı avtomobilə 2995 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyi göstərsə də, onun törətdiyi cinayət əməli yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Belə ki, həmin rəyin təsviri əsaslandırıcı hissəsindən və aparılmış hesabatdan məlum olur ki, möcüd şəraitdə 20 km/saat sürətlə hərəkət edən QAZ-53 markalı avtomobilin dayanma yolu 12 metrə uyğundur. Aparılmış tədqiqatdan məlum olduğu kimi, təhlükə yaranan anda QAZ-53 markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=21,7 metr) möcüd şəraitdə avtomobilin dayanma yolundan (Sd=12 metr) böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan öz hərəkət zolanğında tormozlama əməliyyatı aparmaqla sürücü Həsənovun idarə etdiyi QAZ-52 markalı avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə (21,7-12=9,7) 9,7 metr qalmış dayandırmağa texniki imkanı olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Həsənovun hərəkət üçün təhlükə yaranan andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi QAZ- 52 markalı avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 9,7 metr qalmış dayandırmağa texniki imkanı olması və toqquşma yerinin QAZ-52 markalı avtomobilin hərəkət istiqamətində yolun sağ çiynində yerləşməsi faktları onu izah edir ki, tədqiq olunan şəraitdə QAZ-52 markalı avtomobilin sürücüsü Həsənovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Resublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hədisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, iş materiallarında olan 28 aprel 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə yeri Beyləqan rayonu, İ Şahsevən kəndinin ərazisində asfaltbeton yolda yerləşir, yolda heç bir nişanlama xətti yoxdur, surət həddi 70 km/saatdır, hadisə yerində VAZ 217050 markalı **-BR-*** dövlət qeyydiyyat nişanlı avtomobilə məxsus 73 metr tormozlama izi vardır, QAZ 52 markalı avtomobilə məxsus isə heç bir tormoz izi yoxdur. Odur ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu, sxemi və fotocədvəli, habelə zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələrini və cinayət işində olan digər sənədləri işin obyektiv hallarına uyğun gəldiyi üçün Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən sübut növü kimi qəbul edir. Bundan başqa, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsinin əsas səbəbkarı, təşəbbüskarı və fəal iştirakçısı bilavasitə baş etibarnamə əsasında “Priora” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Zərərçəkmiş şəxs1 olmuşdur. Belə ki, iş materiallarında olan “yol nəqliyyat hadisələri ekspertizasının” rəyindən görunür ki, o, avtomobili yol nişanı ilə 70 km/ saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat surətlə idarə edərkən idaretməni itirmiş, hadisənin qarşını almaq üçün tormoz sistemindən istifadə etməklə nəticədə avtomobil qarşı zolağa çıxmış və qarşıdan gələn QAZ 52 markalı avtomobilin sol qabaq hissəsinə dəyərək toqquşmuş, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisə yerində, avtmobildə olan digər sərnişin Zərərçəkmiş şəxs2 isə aldığı çoxsaylı bədən xəsarətlərdən 20 gün sonra ölmüşlər. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs1 cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəməyə təqdim olunmuş Beyləqan RİHB İkinci Şahsevən kənd İƏD-si üzrə nümayəndəliyinin 11 noyabr 2022-ci il tarixlii 467 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi heç yerdə işləməyən - arvadı Mahirə Həsənovadan və oğlu Möhübbət Həsənovdan ibarətdir . İş materiallarında olan 10 avqust 2022-ci il tarixli 093 No-li ziyan aktından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 52 markalı avtomobilə 2995 manat miqdarında ziyan dəymişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə ictimai işlərdə fəal iştirak etmiş, kənd əhalisi arasında dərin hörmət qazanmışdır, kənd əhalisi və inzibati orqanlardan heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisləri-İsgəndər Soltanovla və Rüfanə Zeynallı ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi Rüfanə Zeynallıya cinayət nəticəsində dəymiş ziyanı könüllü tamamilə ödəməsini, həmçinin, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və ailə üzvlərinin heç yerdə işləməmələrini, onun ailəyə yeganə qazanc gətirən şəxs olmasını, hadisə nəticəsində onun özünə və avtomobilinə maddi ziyan dəyməsini, habelə yol nəqliyyat hadisəsinin baş verməsinin əsas səbəbkarı, təşəbbüskarı və fəal iştirakçısı bilavasitə “Priora” markalı avtomobilin sürücüsü mərhum Zərərçəkmiş şəxs1 olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Bundan başqa, Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 10 il olduğundan ona həmin cəzaının dörddə üçündən, yəni 7 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞnın avtomobil duracağında saxlanılan 217050 markalı 02-BR-07 dövlət qeydiyyat nişanlı avtomobil mərhum Zərərçəkmiş şəxs1 yaxın qohumlarına və QAZ 52-01 markalı nömrəsiz yük avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası-əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-nın avtomobil duracağında saxlanılan VAZ 217050 markalı 02-BR-07 dövlət qeydiyyat nişanlı avtomobil mərhum Zərərçəkmiş şəxs1 yaxın qohumlarına və QAZ 52-01 markalı nömrəsiz yük avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 ( yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar