Məhkəmə qərarları › İş №1(099)-568/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-568/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-568/2023 10.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə “Sabir” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Sabir” adlı şəxsin külli miqdarda 2 kq 143,591 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3 kq 65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3 kq 905 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 152 qram təşkil edən 3800 ədəd metadon həblərini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimata, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra 14 dekabr 2022-ci il tarixdə gecə saatlarında idarə etdiyi Opel-Astra minik markalı, **-MU-*** qeydiyyat nömrə nişanlı avtomobillə Bakı-Ələt-Astara avtomobil yolunun 171-ci kilometrliyinə çatmış, İİR vətəndaşı “Sabir” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitələri gizlədildiyi müəyyən edilməmiş yerdən götürüb qeyd edilən çəkidə narkotik vasitə heroinin 28,591 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, qalan kütlələri idarə etdiyi Opel-Astra markalı **-MU-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşıyaraq saxlamış, 14 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 23 radələrində Bakı-Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində yerləşən 143-cü kilometrliyində yerləşən Yol Patrul Xidmətinin 10 N-li stasionar postunda idarə etdiyi Opel-Astra markalı, **-MU-*** qeydiyyat nişanlı avtomobildə saxlanılmış, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 28,591 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq 15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində onun idarə etdiyi Opel-Astra minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda 2115 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 1050 qram və 1065 qram olmaqla iki ədəd bağlamada, külli miqdarda 3905 qram çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda 985 qram, 1000 qram, 1000 qram və 920 qram olmaqla dörd ədəd bağlamada, külli miqdarda 3065 qram çəkidə qurudulmuş marixuana ayrı-ayrılıqda 380 qram, 270 qram, 935 qram, 635 qram və 845 qram olmaqla beş ədəd bağlamada və külli miqdarda hər birində 10 ədəd olmaqla 380 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 152 qram təşkil edən 3800 ədəd metadon həbləri bir ədəd sellofan bağlamaya bükülmüş halda olmaqla avtomobilin yük yerində olan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulana qədər, icarəyə götürdüyü «Opel Astra» markalı, **-MU-*** qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. İran vətəndaşı Sabir adlı şəxslə «İnstaqram» vasitəsilə tanış olmuşdur. Sabirin göndərəcəyi narkotiki onun dediyi yerdən götürüb Bakı şəhərində dediyi yerə apamağının qarşılığında 2000 manat pul təklif etmiş, pula ehtiyacı olduğundan Sabirin təklifi ilə razılaşmışdır. 14 dekabr 2022-ci il tarixdə gecə saatlarında idarə etdiyi «Opel-Astra» avtomobili ilə Salyan rayonu istiqamətinə yollanmış, narkotik olan bağlamanı Salyan rayonunda 171-ci kilometr yazılmış lövhənin yanından götürüb maşının yük yerinə qoymuş, sonra Bakı istiqamətində yola düşmüş, Salyan rayonu ərazisində olan DYP-nın postuna çatmamış polis əməkdaşları tərəfindən saxlanılmış və Salyan stasionar postuna aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkarlanan heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Heç kimə narkotik satmamışdır. Maşının yük yerində aşkar olunan külli miqdarda narkotik vasitələr özünə məxsusdur. Əməlindən peşmandır, ibtidai istintaq zamanı ifadəsində üzərində aşkar olunan heroinin ona məxsus olmasına dair göstərdiyi xüsusatı təsdiq etmir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması xüsusatı üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək 14 dekabr 2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi Opel markalı maşınla Ələt-Astara avtomobil yolu ilə Bakı istiqamətinə hərəkətdə olarkən Salyan rayonu ərazisində saxlanılıb yol polisinin stasionar postuna aparılıdığını, orada üzərinə keçirilən şəxs axtarış zamanı şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə heroini çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu, həmin narkotiki “Sabir” adlı İran vətəndaşının ona pay göndərdiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 14 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin və DSX-nın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, həmin gün saat 23 radələrində Rabilin idarə etdiyi Opel-Astra markalı avtomobil YPX-nın Salyan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılmış, postun inzibati binasında onun üzərinə şəxsi axtarış aparılmışdır. O, üzərində olan “Samsunq” markalı mobil telefonu və şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə heroini çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi heroin ona məxsusdur, Sabir adlı İran vətəndaşı öz istifadəsi üçün ona pay göndərmişdir. Bundan sonra avtomobilin yük yerinə baxış keçirilmiş, Rabil avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və yük yerindən bir ədəd qara selofan torba ilə bükülmüş çantanı çıxarıb təqdim etmişdir. Çantada 05 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər, 04 ədəd bükümdə tiryəkə bənzər, 02 ədəd bükümdə heroinə bənzər kütlələr və hər birində 10 ədəd olan 380 ədəd listdə metadon-40 tabletinə bənzər tabletlər aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuana cəmi 3 kiloqram 715 qram, tiryək 4 kiloqram 025 qram, heroin 2 kiloqram 160 qram, metadon - 40 tabletlər cəmi 2 kiloqram 315 qram çəkidə olmuşdur. Sonra həmin kütlələr və tabletlər qablaşdırılmış, çantanın üstü möhürlənərək imzalanmışdır. Şifahi sorğu zamanı Rabil bildirmişdir ki, narkotikləri Sabir adında iranlı Salyan yolunun 171-ci kilometrliyində lövhəciyin yanına qoydurmuş, özü bağlamanı oradan götürərək Bakı şəhərinə aparıb iranlının dediyi yerə qoyduqdan sonra bunun müqabilində iranlı ona 2000 manat pul verməyi söz vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Ədalət oğlu və DSX-nın əməkdaşı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli 19/1271 №li rəyi ilə müəyyən olunur ki: - üzərində “..Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 əddə bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-28,591 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Vət, Təqsirləndirilən şəxs idarə etdiyi Opel-Astra markalı **-MU-*** №-li avtomaşından aşkar olunmuş qurudulmuş marixuanaya bənzər, tiryəkə bənzər, heroinə bənzər kütlələr və metadon tabletinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bağlamadakı, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1050 qram, 1065 qram ümumi təmiz çəkisi -2115 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 1000 qram, 1000 qram və 920 qram, ümumi təmiz çəkisi 3905 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri; -380 qram, 270 qram, 935 qram, 635 qram və 845 qram, ümumi təmiz çəkisi – 3065 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri eynidirlər; 380 dədə konvalyutda ümumi saylı 3800 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı -152 qramdır (bir həbdə 0,04 qram). - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomaşından aşkar olunaraq götürülmüş ümumi sayı 3 büküm, ümumi təmiz məkisi 2143,591 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2023-cü il tarixli 1122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı deməsinə görə arabir narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixatrik ekspertizasının 15 may 2023-cü il tarixli 1323 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 15 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması”, eləcə də “avtomobilə baxış keçirilməsi” haqqında 15 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir büküm heroinə bənzər narkotik vasitə, «Samsunq» markalı mobil telefon və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitələr –qurudulmuş marixuana, tiryək, heroin və metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 26 fevral 2023-cü il tarixli «mobil telefon apartına baxış keçirilməsi haqqında» protokola əsasən, Təqsirləndirilən şəxs oğluna məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun “Whatsapp” tətbiqində zənglər bölməsində adı “Sabir” kimi qeyd olunmuş İran İslam Respublikası vətəndaşına məxsus +98 939 *** **** nömrəsi ilə 14-16 dekabr 2022-ci il tarixlərində gündüz və gecə saatlarında 15 dəfədən çox telefon danışığının və zəngin olduğu müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatlar müəyyən edilməmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə 14 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 3064,75 qram narkotik vasitə-qurudulmuş marixuana, 2143,291 qram çəkidə narkotik vasitə olan heroin, 3904,6 qram çəkidə narkotik vasitə tiryək və 3762 ədəd narkotik tərkibli metadon həbləri maddi sübut hesab edilməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. İş materiallarında olan 9 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında » qərarın 5 və 7-cı bəndlərinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını, həmçinin avtomobilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş «Samsunq» markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. 9 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində aşkar olunan külli miqdarda narkotik vasitə heroinin ona məxsus olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq onun məhkəmə istintaqında verdiyi ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən ibtidai istintaq başa çatanadək izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü təqsirli bilərək üzərində aşkar olunan heroinin özünə məxsus olduğunu səmimi etiraf etmişdir. Həmin ifadələrində o, üzərində aşkar olunan heroinin ona məxsus olmaması barədə hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə üzərində aşkar olunan heroinin ona məxsus olmaması xüsusatı ilə bağlı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun bu mərhələdə qeyd olunan xüsusat üzrə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin izahat və ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ilkin izahatını, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, tiryək, metadon və qurudulmuş marixuana narkotik vasitərdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və narkomaniya xəstəliyindən əzab çəkməyən Təqsirləndirilən şəxs külli miqdarda və müxtəlif çeşidlərdə narkotik vasitələri sifariş verməsi və işin digər halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. 15 dekabr 2022-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci ildə saat 23.40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 dekabr 2022-ci ildən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1, və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 3064,75 qram narkotik vasitə qurudulmuş marixuana, 2143,291 qram çəkidə narkotik vasitə heroin, 3904,6 qram çəkidə narkotik vasitə tiryək və 3762 ədəd narkotik tərkibli metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Samsunq» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 3064,75 qram narkotik vasitə qurudulmuş marixuana, 2143,291 qram çəkidə narkotik vasitə heroin, 3904,6 qram çəkidə narkotik vasitə tiryək və 3762 ədəd narkotik tərkibli metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «Samsunq» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar