Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-569/2024 05.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında yaşamış, 13 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(099)-569/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 13 aprel 2024-cü il tarixdə, Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə istintaqa və məhkəməyə məlum olmayan mənbədən 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda-2,181 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 13 aprel 2024-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saat 20:15-də Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda-2,181 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək demişdir ki, 13 aprel 2024-cü il tarixdə, saat 16-17 radələrində «Şəhidlər xiyabanı» ilə velosipedlə evə getmişdir. Yaşadığı küçədə «Nissan» markalı avtomobilin dayandığını görmüşdür. Küçədən araya dönüb evinə tərəf gedərkən «Nissan» markalı avtomobil arxasınca gəlmişdir. Həyətin küçə qapısına az qalmış avtomobildən polis əməkdaşları düşüb üstünə hücum edərək onu yerə yıxıb tutmuşlar. Polis əməkdaşları mülki geyimdə olduqları üçün oğlu həyətdən çıxıb onların üstünə getmiş və onu hansı səbəbdən tutduqlarını demişdir. Polis əməkdaşları oğlunun əllərini tutub saxlamışlar. Sonradan polis əməkdaşları «bilmədik bura sizin həyətdir və bu oğlan da sənin oğlundur» demişlər. Onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üstünü yoxlamışlar, üstündən heç nə aşkar etməmişlər. Polis əməkdaşları «sənə 20 manat pul verilmişdi, cibində 20 manat da yoxdu, narkotik vasitə də yoxdu» demişlər. Polis əməkdaşlarına ona heç kimin heç nə vermədiyini demişdir. Sonradan polis əməkdaşları ona əynində olan idman şalvarını çıxarmasını demişlər. İdman şalvarının altından dizdik (alt geyimi) geyindiyi üçün idman şalvarını çıxarmışdır. Polis əməkdaşı idman şalvarının ciblərinə yenidən baxış keçirəndə şalvarının cibindən narkotik vasitə aşkar etmişdir. Polis əməkdaşları ona, «20 manatlıq narkotik vasitədir, buna görə sənə heç nə etməyəcəklər, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəndə cinayət işi başlanılacaq və səni buraxacaqlar demişlər». Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bu vaxta kimi heç kim həbs olunmamışdır. 2023-cü ildə arvadı oğlunun avtomobilində avtoqəza nəticəsində öldükdən sonra narkotik vasitədən və psixotrop maddədən istifadə etməyə başlamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitədən və psixotrop maddədən istifadə etmişdir. 5 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etmirdi, arvadı avtoqəzada öldükdən sonra özünə qapanmış, bundan sonra narkotik vasitədən və psixotrop maddədən istifadə etməyə başlamışdır. Ancaq polis əməkdaşları tərəfindən saxlanılan zaman üstündə psixotrop maddə olmamışdır. Üzərini birinci dəfə yoxlayanda, üzərindən psixotrop maddə metamfetamin aşkar edilməmiş, ikinci dəfə üzərini yoxlayan zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşlarına aşkar olunmuş psixotrop maddədən xəbəri olmadığını, şeytan tərəfindən həmin psixotrop maddənin cibinə qoyulduğunu demişdir. Saxlanılan zaman əynində idman şalvarı olmuşdur. Xəstə olduğu üçün idman şalvarının altından dizdik (alt geyimi) geyinmişdir. Polis əməkdaşları onu təxminən saat 16-17 radələrində saxlamışlar. Polis əməkdaşları onu saxlayanda oğlu Şəkər dostları ilə həyətdə avtomobilin oturacaqlarını təmir etmişlər. Şəkər və dostları polislərin onu saxlamasını görmüşlər. Şəkərin dostunun birinin adı Allahverdi, digər dostunun adını isə bilməmişdir. Onu polis şöbəsinə aparandan təxminən 1 saat sonra videoçəkilişlə müdafiəçinin yanında üzərinə baxış keçirilmişdir. Çəkilişdən qabaq polislər ona «xəstə adamsan onsuzda səni buraxacaqlar, çəkiliş vaxtı narkotik vasitə mənimdir» deməsini bildirmişlər. Bu sözləri ona deyən polis əməkdaşının adı yadından çıxmışdır. Birinci dəfə üzərində polis şöbəsinin inzibati binasının ikinci mərtəbəsində şəxsi axtarış aparılan zaman vəkil olmamış, ikinci dəfə birinci mərtəbədə videoçəkliş aparılan zaman vəkil Vəliəhəd orada iştirak etmişdir. Polis əməkdaşları «boynuna götürməsən, üzərinə başqa şeylər qoyacağıq» demişlər. Onu döyməmişlər, aldadıb cinayət işinin materiallarında olan bütün sənədlərə imza etdirmişlər. İbtidai istintaq vaxtı izahat və ifadələr verən zaman müdafiəçisi yanında olmuşdur. Ərazi Narkoloji xəstəxanasında narkoman kimi qeydiyyatda durmuş və müalicə almışdır. Çiyərlərində, o cümlədən narkotik vasitə və psixotrop maddə qəbul etmədiyi üçün bədəninin hər yerində ağrılar vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Lənkəran şəhəri, ünvan 2 ünvanında özünə məxsus evdə övladları Şəkər Səfərov və Sevanə Səfərova ilə birlikdə yaşayır. Arvadı bir il qabaq avtomobil qəzasında vəfat etmişdir. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Arvadı vəfat etdikdən sonra psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyildir. 13 aprel 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə olarkən orada üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümdə təxminən 2,5 qrama yaxın «şüşə» deyilən psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsə şüşəyə görə 20 manat pul vermişdir. Daha sonra şüşəni cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün, saat 20 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində, evinin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Şöbənin inzibati binasında polis əməkdaşları ona müdafiəçi siyahısını təqdim etmişlər və o, həmin siyahıdan özünə hüquqlarının müdafiəsi üçün Vəliəhəd Həbibovu seçmişdir. Daha sonra ona hüquq və vəzifələri elan edildikdən sonra üzərində şəxsi-axtarış keçirmişlər və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü surətdə təqdim etməyini bildirmişlər. O, da həmin gün «Böyük bazar» ərazisindən tanımadığı şəxsə 20 manat verməklə aldığı şüşəni əynindəki şalvarın sol yan cibindən, mobil telefonunu isə şalvarının sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bir bükümdə psixotrop maddə metamfetamin vardır, metamfetamini saxlanılmamışdan qabaq, saat 15 radələrində Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır. Lakin üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin sellofanla birlikdə 2,28 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin metamfetamin zərfə qoyulmuş və zərfin üzəri yazılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra zərf ekspertizaya təqdim olunması üçün möhürlə möhürlənmişdir. X1 verdiyi suala cavab olaraq bildirmişdir ki, usta kimi çalışır, arvadı öldükdən sonra təxminən bir ildir ki, metamfetamindən istifadə edir, aşkarlanmış metamfetamin ona məxsusdur, 20 manata tanımadığı şəxsdən əldə etmiş, polis əməkdaşları onu məhəllədə saxlamışlar, saxlanılarkən və ya polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmiş, polis işçilərindən şikayəti yoxdur. Aşkarlanmış mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, da tərtib edilmiş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən peşmandır. Üzərində axtarış keçirilən zaman və ya polis şöbəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada zor tətbiq edilməmişdir. Üzərindən aşkarlanmış metamfetamini 13 aprel 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə tanımadığı şəxsə 20 manat verməklə öz istifadəsi üçün əldə etmişdir. O, metamfetamini üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən əldə edir. Bundan başqa narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirmir. O, ***-***- **-** saylı mobil nömrədən istifadə etmişdir. Narkotik vasitəni əldə etdiyi şəxs orta yaşlı, uzun boylu, arıq, qarayanız bir kişi olmuşdur. Həmin şəxs barəsində başqa məlumatı olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, polis əməkdaşlarının onu yaşadıqları evin həyətindən apardıqlarını, oğlunun da polis əməkdaşlarının onu apardıqlarını gördüyünü, üzərində şəxsi axtarış aparılan zaman heç nə olmadığını, üzərindən aşkar olunmuş 2,181 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarının üzərinə qoyaraq götürdüklərini, polis əməkdaşları ona qarşı zor tətbiq etməsələrdə onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli biləcəkləri ilə aldadaraq sənədlərə imza çəkdirdiklərini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının onu yaşadıqları evin həyətindən apardıqlarını, üzərində şəxsi axtarış aparılan zaman üzərində heç nə olmadığını, üzərindən aşkar olunmuş 2,181 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarının üzərinə qoyaraq götürdüklərini, polis əməkdaşları onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli biləcəkləri ilə aldadaraq sənədlərə imza çəkdirdiklərini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, satışı, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və mərhum X9 iştirak etmişlər. 13 aprel 2024-cü il tarixdə, saat 20:15-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə, evinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs onları görüb qaçmaq istəmiş, lakin tutub saxlamışlar. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Şöbənin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd büküm, şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və bükümdə «şüşə» deyilən psixotrop maddə olduğunu bildirmişdir. Aşkarlanmış bir ədəd sellofan bükümün içərisinə baxdıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxminən 2,28 qram olması müəyyən edilmiş və həmin kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə «şüşə» deyilən psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin kütləni saxlanılan günü günorta saatlarında Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd «Nokia» markalı mobil telefon da götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman onun oğlu orada olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuş, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs özü psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə onun və ya digər polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetamin qoyulmamışdır. Dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman onun oğlu orada olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs özü psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə onun və ya digər polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetamin qoyulmamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 13 aprel 2024-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etmə, satma, üzərində saxlama və daşımasında şübhəli bilinib həmin tarixdə, saat 20:15-də Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilməsi, şöbənin inzibati binasında sonuncunun üzərində aparılan şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 2,181 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-46) -Lənkəran ŞRPŞ-in CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Lənkəran ŞRPŞ-nin rəisinə ünvanlanmış 13 aprel 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, satışı, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.(i.v.4) -«təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.(i.v.5- 6) -«şübhəli şəxsin tutulması haqqında» 13 aprel 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.13) -«şəxsi axtarış keçirilməsi haqqında» 13 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün rayon polis şöbəsinə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə, 2,28 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin «şüşə» deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni saxlanılan günü, günorta saatlarında Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir.(i.v.30-31) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 14 aprel 2024-cü il tarixli, 19/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə... » sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: - 2,181qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir(Siyahı İ).(i.v.43-45) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 15 aprel 2024-cü il tarixli, 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildə «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur.(i.v.55) -«təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında» 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v. 58-59) -«polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 17:00 dəqiqədə saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icrası Lənkəran ŞRPŞyə tapşırılmışdır.(i.v.83) -«maddi sübut kimi tanınma haqqında» 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,181 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılması barədə videogörüntünü özündə əks etdirən CD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından qaytarılmış 2,081 qram metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və videogörüntünün əks olunduğu CD diskin cinayət işinin materiallarında olması nəzərə alınmışdır.(i.v.107-108) -«Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından» verilmiş 19 aprel 2024-cü il tarixli, 1289 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.114) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu yaşadığı evin həyətindən apardıqlarını, oğlu Şəkərin polislərin onu aparmalarını gördüyünü, aşkar olunmuş psixotrop maddə metamfetaminin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyindən psixotrop maddə metamfetamini 13 aprel 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, «Böyük bazar» adlanan ərazidə olarkən orada üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümdə təxminən 2,5 qrama yaxın «şüşə» deyilən psixotrop maddə metamfetamin aldığını bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi Ramid İsmayılov, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğlu Şəkər Səfərovla telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasına gəlməsini, atasının barəsində olan cinayət işi üzrə şahid qismində dindirilməsi üçün məhkəməyə vəsatət vermək istədiyini bildirdiyini, lakin Şəkər Səfərovun məhkəmədə ifadə verməkdən imtina etdiyini və faktiki olaraq məhkəmə iclasına gəlmədiyini demişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi nəticəsində etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə hədələnməsi barədə hər hansı orqana müraciət etməmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, digər istintaq hərəkətləri protokolları, məhkəməfiziki kimyəvi ekspertizasının və ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.94) -Lənkəran Şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, xx-xx/1169 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v.115-116) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarda olmaqla 2,181 qram təşkil etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi), təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X10rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(099)-569/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilməli və onun ərazi Narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-2,081 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə həbsə alındığı vaxtdan, 24 iyun 2024-cü il tarixdən hesablansın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(099)-569/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin və onun ərazi Narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-2,081 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-569/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-569/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver