Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-57/2025 08.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9 və müdafiəçi-Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Biləsuvar şəhəri, S.Abdullayev adına 1 saylı ümumorta məktəbdə müəllim işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 104,950 qram narkotik vasitə olan tiryək əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasında 20 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Neymət market”in yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki paltonun cibindən bir ədəd bükümdə külli miqdarda-104,950 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşamış, himayəsində dörd uşağı vardır. Tutulan vaxtadək Biləsuvar şəhəri, S.Abdullayev adına 1 saylı ümumorta məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 20 fevral 2024cü il tarixdə, saat 10-dan sonra məktəbdə olmuş, saat 13 radələrində uşaqları məktəbdən götürüb qayınatası ilə birlikdə avtomobillə evə apararkən yolda “Cümə məscidi”in yanında maşından düşüb məscidə girib namaz qılmış, sonra məscidən çıxıb qohumu Asifin mağazasına girib çay içdikdən sonra oradan çıxıb mikroavtobusla yenidən məktəbə işə qayıtmış və saat 17:15-də məktəbdən çıxmışdır. Sonra mikroavtobusla Biləsuvar şəhərinin mərkəzində olan, qohumu Asifə məxsus dükana gəlmişdir ki, saat 19 radələrində Nizami küçəsində yerləşən “Cümə məscidi”ndə axşam namazı qılsın. Məsciddə axşam namazını qılıb saat 20 radələrində məscidən çıxıb yenidən Asifin mağazasına getmişdir. Orada qayını Dəyanəti görüb orada onu gözləməsini atasının pensiyasını bankomatdan çıxarıb gələcəyini deyib Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Kapital bank”-ın Biləsuvar filialının qarşısına gedib orada olan bankomatdan atası Ağacan Ağayevə məxsus pensiya kartından 403 manat pul çıxarıb yenidən küçə ilə mağazaya tərəf getməyə başlamışdır. Küçə ilə piyada hərəkət edərkən yolun sağ tərəfində “Neymət market”inin yanında qara rəngli “Cip” maşının dayandığını görmüşdür. Həmin maşının yanına çatanda bir qrup polis əməkdaşlarının, o cümlədən tanıdığı Eldəniz və Tofiq adlı polis əməkdaşlarının maşından düşüb ona yaxınlaşdıqlarını görmüş, polis əməkdaşrı Eldəniz ona “gəl otur maşına” demiş, o da etiraz etməyib avtomobilin arxa oturacağına əyləşmişdir. Polis əməkdaşları ona tutulmasının səbəbini izah etməmiş, sadəcə olaraq ona maşına oturmasını demiş, o da etiraz etməyib maşına oturmuşdur. Maşına oturan kimi əllərinə qandal vurulmuş və onu Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində bir otaqda adlarını bilmədiyi bir neçə polis əməkdaşı onu döymüş, hədə-qorxu gəlmiş, təzyiq və təsirlər göstərmiş, yaşadığı evdən narkotik vasitə və silah çıxarmaqla, ailə üzvlərini polis şöbəsinə gətirəcəkləri ilə hədələnib ondan təqdim etdikləri bükümdə olan narkotik maddənin özünə məxsus olmasını və həmin maddəni yerdən tapmasını deməyi tələb etmişlər. O, polis əməkdaşlarının ona qarşı olan hədələrindən qorxub və onların bu təzyiqlərə dözməyib polislərin dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Sonra tanımadığı və adını bilmədiyi bir nəfər polis əməkdaşı bir ədəd bükümü onun əynindəki paltonun cibinə qoymuş, bundan sonra vəkil çağırılmış və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan, yəni bir az əvvəl polisin cibinə qoyduğu bir ədəd bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Bükümün içərisində nə olmasını bilməmiş, orada polis əməkdaşların deməsindən bilmişdir ki, bükümdə olan maddə narkotikdir, lakin həmin narkotikin hansı növ narkotik olmasını bilməmişdir. Həmin vaxt o, polislərin dediyi kimi izahat verib bildirmişdir ki, üzərində aşkar olunan narkotik maddəni küçədə işıqforun yanında yerdən tapmışdır. Əslində isə belə bir hal olmamış, həmin narkotik maddəni üzərinə polis əməkdaşı qoymuş və ona təzyiqlər və zorakı hərəkətlər edilərək narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilmişdir. Həmçinin polis şöbəsində ona məzmununu bilmədiyi bir neçə sənədə imza etdirmişlər. Üzərində aşkar olunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik (tiryək) polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (tiryək kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. Üzərində aşkar olunmuş narkotik maddə (tiryək) ona məxsus deyil, həmin narkotik maddəni (tiryəki) üzərinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 21 və 22 fevral 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, Biləsuvar şəhəri 1 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. 20 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində rayon mərkəzinə getmiş, Nizami küçəsində Nemət adlı şəxsə məxsus mağazanın yaxınlığında yerdə bir ədəd qara rəngli sellofan büküm görüb götürmüşdür. Həmin bükümün içərisində tiryək olmuş və gələcəkdə lazım olacağını düşünüb bükümü cibinə qoymuşdur. Həmin gün saat 20 radələrində atasının təqaüd pulunu çıxarmaq üçün rayon mərkəzinə getmiş, sonra Biləsuvar şəhəri Nizami küçəsində yerləşən “Nemət market”in yanında, küçədə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb X4 dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarş zamanı özü əynindəki paltonun cibinə qoyduğu içərisində tiryək olan bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş tiryəki saxlanılan gün rayon mərkəzində “Nemət market”in yanında yerdən tapdığını, narkotik istifadəçisi olmadığından narkotik maddəni qəbul etmək üçün yox, gələcəkdə dərman kimi lazım olacağını fikirləşib üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş tiryək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 23 may və 08 iyun 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, 20 fevral 2024-cü il tarixdə saat 20:15 radələrində Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Kapital bank”-ın Biləsuvar filialının qarşısına gedib orada olan bankomatdan atası Ağacan Ağayevə məxsus pensiya kartından 403 manat pul çıxarıb yenidən mağazaya qayıtmağa başlayıb Nizami küçəsi ilə yolun əks istiqamətində hərəkətdə olarkən qarşısında qara rəngli, “Cip” maşının dayandığını görmüş və həmin avtomobilə çatarkən avtomobdən 4 nəfər polis əməkdaşı düşüb ona yaxınlaşıb avtomobilə əyləşməsini demiş, o da heç bir etiraz etməyib və müqavimət göstərməyib avtomobilin arxa oturacağına əyləşmiş və onu Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində bir otaqda polis əməkdaşları onu döymüş, hədə-qorxu gəlmiş, təzyiq və təsirlər göstərmiş, yaşadığı evdən narkotik vasitə və silah çıxarmaqla, ailə üzvlərini polis şöbəsinə gətirməklə hədələmişlər. Polis əməkdaşlarının təzyiqindən, hədəsindən və təsirlərindən qorxduğuna görə qara rəngli bükümü adını bilmədiyi polis əməkdaşı tərəfindən əynindəki paltonun cibinə qoyulmasına razılaşmışdır. Sonra polis şöbəsində başqa bir otaqda polis əməkdaşlarının və ona təyin edilmiş vəkilin iştirakları ilə, həm də videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı özü əynindəki paltonun sol cibindən bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyub bükümün içərisində nə olmasını bilmədiyini demiş, hətta bükümdə nə olmasını özü polislərdən soruşmuşdur. Polislər qayçı ilə kəsib baxırkən bükümün içərisində qara çaya oxşar maddənin olmasını görmüşdür. Sonra polis əməkdaşları həmin bükümü tərəziyə qoyub çəkmiş, sonra da ona məzmununu bilmədiyi bir sənədə imza etdirmiş və bundan sonra o, müvəqqəti saxlama yerinə (MSY-nə) təhvil verilmişdir. 20 fevral 2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman, habelə 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs, 22 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ona işgəncə, təhdid, hədə-qorxu gəlindiyi üçün məcbur olub bükümü yerdən tapdığını bildirmiş, lakin, həmin bükümün içərisində olan narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. 20 fevral 2024-cü il tarixdə Biləsuvar RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni onun üzərinə tanımadığı polis əməkdaşı qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 21 və 22 fevral 2024-cü il tarixli ifadələrini təsdiq etməyib, 23 may və 08 iyun 2024-cü il tarixli ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində narkotik maddəni küçədə yerdən tapması barədə yazılanlar doğru deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, təhdid və təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddəni (tiryəki) üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Biləsuvar Rayon Məhkəməsində) üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. 20 fevral 2024-cü il tarixdə Biləsuvar RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni onun üzərinə polis şöbəsində tanımadığı polis əməkdaşı qoymuşdur. O, narkotik vasitə istifadəçisi deyildir. O, saxladıqdan sonra ona həm fiziki təsir göstərdiklərinə, həm də ailəsini təhdid etdiklərinə görə məcbur qalıb belə ifadə vermişdir ki, üzərində olan narkotik maddə özünə məxsusdur. O, müəllim işləmiş, pis vərdişlərdən uzaq olmuş, ibadət əhli olmaqla dövlətə sadiq insan olmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş, ona görə də barəsində verilən narkoloji rəyi ilə də razı deyil, həmçinin o, narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (tiryəklə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 20 fevral 2024-cü il tarixdə ona, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 20 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, az sonra Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yanında saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Azər Qəmbərli tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki paltonun cibindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (tiryəki) Biləsuvar şəhərində “Nemət marketi”n yaxınlığında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirində şöbənin əməkdaşı Eldəniz Təhməzov və Tofiq adlı əməkdaşı iştirak etməmiş, əməliyyat tədbiri özü rəhbər olmaqla, Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Rövşən Musayev və Kənan Kazımovdan ibarət əməliyyat qrupu tərəfindən həyəta keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, X10 və X12 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış və aralarında yaxın münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir əməliyyat tədbirinin keçirilməsi barədə onun heç bir məlumatı olmamış və onun tutulmasında iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Biləsuvar RPŞ-nin əməkdaşı Şahid1 və digər polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulub polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs harada, hansı şəraitdə tutulması barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra o, onunla görüşməmiş və ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər etməmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 20 fevral 2024-cü il tarixli “Raport”ları və “Əməliyyat tədbirinin keçirilməsi barədə” 20 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 20 fevral 2024-cü il tarixdə, saat 20:20-də Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində işıqforun yanında yerləşən “Nemət market”in yaxınlığında saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 20 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Azər Qəmbərli tərəfindən müdafiəçi Səfərəli Baxşiyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki paltonun sol yan cibindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Nemət market”in yanında yerdən tapıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi-104,950 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 104,850 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınması barədə” 24 fevral və 22 may 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 104,850 qram tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Biləsuva RPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Evə axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, məhkəmənin 22 fevral 2024-cü il tarixli qərarına əsasən (Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması ehtimalı əsası ilə) 22 fevral 2024-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Biləsuvar şəhəri, “Təyyarə Meydanı” küçəsində olan evdə və evin həyətyanı sahəsində axtarış aparılmışdır. Axtarış zamanı evdən dini ədəbiyyata aid kitabçalar və kitablar aşkar edilib götürülmüşdür. Axtarışda iştirak edən Təqsirləndirilən şəxs aşkar olunmuş dini ədəbiyyata aid kitabçalar və kitabların özünə məxsus olmasını, kitabçalar və kitablar dini təyinatlı olmaqla dini ayinlərin icrası zamanı istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kitabçalar və kitablar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-linqvistiq və dinşünaslıq ekspertizasının 22 fevral 2024-c -cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən götürülmüş və ekspertizasıya təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələrində aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini təyinatlı materialları dini təyinatlı ədəbiyyat nümunələri hesab olunur. Dini təyinatlı məlumat materialların ölkədə yayılmasına X24 üzrə Dövlət Komitəsinin müvafiq razılıq verilmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələrində dini etiqatı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərayanın və ya dini cərayanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında cap olunmuşdur. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 23 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2024-il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyac yoxdur, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs şikayəti üzrə (Biləsuvar RPŞ-nin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı) Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublbikası CM-nin 167-2, 167-3 və 283-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübut və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Rövşən Musayev, Kənan Kazımov və Eldəniz Təhməzovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin (tiryəkin) olmaması, polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiqlərin olması və polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (tiryəkin) özünə məxsus olmasını deməyə məcbur edilməsi, üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) ona məxsus olmaması, həmin narkotik maddəni (tiryəki) cibinə polis əməkdaşları tərəfindən qoyulması və narkotik vasitələrdən heç vaxt istifadə etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Rövşən Musayev, Kənan Kazımov və Eldəniz Təhməzovun ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş tiryəkin özünə məxsus olmasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi 23 may və 08 iyun 2024-cü il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin (tiryəkin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiqlərin olması və polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (tiryəkin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) ona məxsus olmaması, həmin narkotik maddəni (tiryəki) cibinə polis əməkdaşları qoyması və narkotik vasitələrdən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Rövşən Musayev, Kənan Kazımov və Eldəniz Təhməzovun ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tiryəkin ona məxsus olmasını, həmin maddəni yerdən tapdığını və üzərində saxladığını, habelə ona qarşı hər hansı zorakılıq hallarına yol verilmədiyini bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 21 və 22 fevral 2024-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş narkotik maddənin (tiryəkin) özünə məxsus olmasını, həmin tiryəki yerdən tapdığını və üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi 23 may və 08 iyun 2024cü il tarixli ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-104,950 qram narkotik vasitə olan tiryək əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında 20 fevral 2024-cü il tarixdə, saat 20:20 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Neymət market”in yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki paltonun cibindən bir ədəd bükümdə külli miqdarda-104,950 qram tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddəni (tiryəki) yerdən tapıb üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Habelə 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 104,950 qram tiryək əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitədir. Tiryəkin 0,5 qramdan artıq hissəsi xeyli miqdar, 50 qramdan 5000 qramadək hissəsi külli miqdir, 5000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan tiryəkin miqdarı 104,950 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-104,950 qram tiryək əldə edib, saxlayıb, üzərində daşımış və daxil olmuş məlumat əsasında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən 20 fevral 2024-cü il tarixdə, saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saxlanılıb üzərində şəxsi axtarış zamanı qeyd olunan tiryək aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Biləsuvar şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 mart 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Ç.Mustafayev küçəsində olan evdə (ev 32-də) qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə sakinlərlə münasibəti yaxşı olmuş və onlara köməklik etmiş, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Biləsuvar şəhər S.Abdullayev adına 1 nömrəli ümumi orta məktəbindən verilmiş 28 fevral 2024-cü il tarixli xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məktəbdə fiziki tərbiyə müəllimi işləmiş, işlədiyi müddətdə o, intizamlı, bacarıqlı, nəzakətli və xoşrəftar müəllim olmaqla kollektivin hörmətini qazanmış, habelə məktəbdə keçirilən ictimai tədbirlərdə iştirak etmişdir. İşdə olan, Biləsuvar şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 mart 2024-cü il tarixli arayışla və döğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 104,850 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktiv qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 104,850 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-160 (bir yüz altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-57/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-57/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver