Məhkəmə qərarları › İş №1(099)-570/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-570/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-570/2022 26.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1971-ci ildə Əli Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 1, ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evinin bağ sahəsində qanunusuz olaraq külli miqdarda-60 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq edib becərməklə yetişdirərək kultivasiya etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 may 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış keçirilərkən 60 ədəd köküstə olan, yaşıl çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin may ayında bir nəfər adını bilmədiyi şəxsdən 45 manat pul verməklə bir ədəd kibrit qutusunda öz istifadəsi üçün qurudulmuş marixuana almışdır. Həmin marixuananın içərisində toxumlar olmuşdur. Marixuananı istifadə etmiş, toxumlarını isə özündə saxlamışdır. Həmin toxumları 2022-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanında yerləşən evinin bağ sahəsində əkərək becərmişdir. Məqsədi həmin bitkilərdən öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək olmuşdur. 20 may 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında küçədə olduğu zaman X4 Şöbəsinin əməkdaşları yaşadığı evin həyətinə gələrək bağ sahəsində çətənə bitkilərini əkməsi barədə məlumat aldıqlarını və bağ sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Onun razılığı və iştirakı ilə bağ sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən 60 ədəd köküstə olan, yaşıl çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyat müvəkkili vəzifəsində işləyir. 20 may 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkbili bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məlumat daxil olduğunu və evinin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq vermiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün, mütəxəssis sifətində dəvət olunmuş aqronomun və əməliyyat qrupunun üzvlərinin iştirakları ilə videoçəkiliş aparılmaqla evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin bağ sahəsində 60 ədəd köküstə, yaşıl vəziyyətdə olan çətənə bitkiləri aşkar olunmuşdur. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy vermişdir. Həmin 60 ədəd çətənə bitkiləri köklərindən çıxarılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin toxumlarını yaşadığı evin bağ sahəsində 2022-ci ilin may ayında öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. 20 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan protokola əlavə edilmiş videogörüntülərdən və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri İ.Qayibov küçəsi 22 ynvanında yerləşən evin bağ sahəsində 60 ədəd köküstə olan, yaşıl çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. 20 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində aşkar olunmuş 60 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 may 2022-ci il tarixli, 18/561 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində aşkar edilərək ekspertizaya təqdim edilmiş 60 ədəd, yaş vəziyyətdə olan bitki nümunələri əkilibbecərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərə aqronom (mütəxəssis) rəyinə görə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 25 iyun 2022- ci il tarixli, 1692 nömrəli rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 4135 nömrəli rəyindən görünür ki, Mehdi Hüsenyov narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkib becərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 60 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 60 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar