Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-571/2023 16.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X9, onun nümayəndəsi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4,120.2.9 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs keçmiş arvadı X2 başqa kişilərlə münasibətinin olmasından şübhələnərək bunu öz şəxsiyyətini aşağılayıcı hərəkət kimi qiymətləndirib qıcıqlanaraq Gülşən Qəhrəmanovanı qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə yaşadığı Gəncə şəhərindən Astara rayonunun Maşxan kəndinə gələrək, həmin gün saat 11 radələrində keçmiş qayınatası X7 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə gedib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan həmin evdə yaşayan şəxslərin iradəsi ziddinə evə qanunsuz daxil olaraq yataq otağında yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olub, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan Gülşən Qəhrəmanovanı qəsdən öldürmək məqsədilə özü ilə Gəncə şəhərindən gətirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış dəstəyi sarı, tiyəsi boz rəngli məişət təyinatlı mətbəx bıçağı ilə xx.xx.2019-cu il təvəllüdlü azyaşlı qızı Mənsumə Verdiyevanın gözü qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək Gülşən Qəhrəmanovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla ümumilikdə Gülşən Qəhrəmanovaya ölümünə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön və arxa divarlarını dəlib keçən, döş boşluğuna nüfuz edən, ürək aortasını, sol plevranı, sol ağ ciyəri zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 3 ədəd kəsilmişdeşilmiş yaralar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ yanaq (ord) (1 ədəd), sağ alt çənə bucağı (1 ədəd), sağ bazu (4 ədəd), sağ said (2 ədəd), sol bazu (3 ədəd), döş qəfəsi (6 ədəd), qarın (1 ədəd) nahiyələrində kəsilmiş yaraları xəsarətlərini yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Gülşən Qəhrəmanovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə zərərçəkmiş şəxs X6 mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4,120.2.9 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək işin mahiyyəti üzrə sərbəst ifadə verməkdən imtina etmişdir. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs son söz söyləyərək özünü CMin 120.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmuş, həmin ifadəsində o, özünü yalnız CM-nin 120.1-ci maddəsilə təqsirli bilərək göstərmişdir ki, 2018-ci ildə Astara rayonu, Maşxan kənd sakini Gülşən ilə ailə qurmuş və bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Oğlu Əliəkbərin iki, qızı Məsumənin isə dörd yaşı var. Tutulana qədər rəsmi olaraq heç bir yerdə işləməmişdir. Gülşənlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonraki dövrlərdə ailə münaqişələri nəticəsində münasibətləri pisləşmiş, qayınatası X12 şəhərinə gəlib qızını və nəvələrini öz yaşadığı Astara rayonu, Maşxan kəndinə aparmışdır. Daha sonra Gülşən Astara rayon məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada ondan boşanmış və atası ilə birlikdə yaşamağa davam etmişdir. Gülşənin ona xəyanət etdiyini öyrəndikdən sonra sonuncudan düz yola qayıtmasını və barışmasını xahiş etsə də, Gülşən onun sözlərinə məhəl qoymamışdır. Belə ki, o, “gmail” proqramı vasitəsi ilə Gülşənin “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “gulsen_m_0411” adlı profilə daxil olaraq Gülşənin Günel, Elnurə və adını xatırlamadığı digər bir qohumu ilə birgə qrup açdığını görüb həmin qrupa gələn mesajları və səsləri izləməyə başlamışdır. Gülşən müxtəlif vaxtlarda həmin qrupa səslər göndərib Astara rayon sakini İlqar Mirzəyevlə münasibətinin olduğunu, sonuncu ilə maykalı formada görüntülü danışdığını, İlqarın Bakı şəhərində ev tutacağını və birlikdə oraya gedəcəklərini bildirmiş, o da, başqa bir mobil telefonla həmin səsləri qeydə almışdır. Həmçinin, Gülşən “İnstagram” sosial şəbəkəsində İlqar adı şəxslə yazışmış, adıçəkilən şəxslər intim münasibətlərdən danışmasa da, mütəmadi olaraq bir-birinə mesajlar yazıb, mehriban münasibətlərini davam etdirmişlər. Buna görə də, bir müddət sonra Gülşənə İlqar adlı şəxslə danışdığından xəbəri olduğunu, həmin şəxslə münasibətini bitirəcəyi təqdirdə onu bağışlayacağını bildirmiş, lakin Gülşən boşandığı üçün həyatını istədiyi kimi yaşayacağını bildirib onun fikirlərinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə Gülşənin xəyanətlərindən bezib onu öldürmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində ət doğrayan bıçağı özü ilə götürərək Astara rayonuna, oradan isə Maşxan kəndinə gəlmiş, saat 11 radələrində keçmiş arvadı Gülşənin həmin kənddə yaşadığı atasının yaşadığı evin qarşısına çatmışdır. Həmin vaxt həyətin qarşısında qaynatası Şaiq Qəhrəmanova məxsus avtomobilin olmadığını görərək sonuncunun evdə olmadığını düşünüb həyətə daxil olmuş və evin giriş qapısı istiqamətində hərəkət etmişdir. Evin giriş qapısı örtülü olsa da, açarla bağlanmamış, buna görə də, qapıya hər hansı bir zor tətbiq etmədən dəstəyindən tutub içəri daxil olmuşdur. Dəhlizdə oğlu Əliəkbər qarşısına çıxmış, oğlunu kənara çəkib arvadı Gülşənin harada olduğunu müəyyən etmək məqsədi ilə otaqlara baxmışdır. Yataq otağına daxil olduqda qızı Məsumənin və arvadı Gülşən Qəhrəmanovanın ikinəfərlik çarpayıda yatdığını görmüşdür. Həmin vaxt Gülşən Qəhrəmanova üzü pəncərəyə tərəf sağ böyrü üstə, qızı Məsumə isə üzü yataq otağının giriş qapısına tərəf sol böyrü üstə yatmışdır. Otağa daxil olub pəncərənin yaxınlığına getmiş və Gəncə şəhərindən gətirdiyi bıçağı əynində olan gödəkçənin içəri döş cibindən çıxarıb həmin istiqamətdə yatmış arvadı Gülşən Qəhrəmanovaya zərəbələr endirməyə başlamışdır. İlk bıçaq zərbəsini Gülşənin kürək nahiyyəsindən vurmuş, daha sonra kürək nahiyəsinə iki bıçaq zərbəsi də vurmuş, Gülşən onun zərbələrinin təsirindən oyanmış və ona tərəf dönüb qışqırmaq istəmişdir. Gülşənin qışqırmasının qarşısını almaq məqsədi ilə sol əli ilə Gülşənin ağzını tutmuş, sağ əli ilə isə Gülşənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirmişdir, lakin vurduğu bıçaq zərbələrinin sayı dəqiq yadında deyil. Gülşən oyanıb ona tərəf dönən zaman əlində olan bıçaq baş barmağına xəsarət yetirsə də, müqavimət göstərmədiyi üçün bıçaq zərbələrini vurmağa davam etmiş, Gülşən hərəkətini tam itirdikdən sonra isə yataq otağından çıxmışdır. Gülşənə çoxsaylı bıçaq xəsarətləri yetirməkdə məqsədi sonuncunu öldürmək olmuşdur. Buna görə də Gülşənə bıçaq zərbələri vurduqdan sonra həmin evdən heç nə götürmədən və uşaqlarına toxunmadan bıçağı özü ilə götürüb evdən çıxmışdır. Belə ki, o, Gülşənə bıçaq zərbələri vuran zaman anasının səsini eşidən Məsumə ana deyib çağırsa da, başqa bir hərəkət etməmiş və qızına toxunmadan otaqdan çıxmış, tanımadığı başqa taksi ilə Gəncə şəhərində yerləşən evə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları gəlib onu yaşadığı evdə tutmuş, bıçağı və üzərində qan ləkələri olan paltarları götürüb, onu Astara rayonuna gətirmişlər. Onun paltarlarının üzərində olan qan ləkələri sol əlinin baş barmağının kəsilməsi nəticəsində axan qan ləkələri olmuş, çünki Gülşəni bıçaqlayarkən sonuncunun qanı az axmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən göstərmişdir ki, keçmiş arvadı Gülşən Qəhrəmanovanı öldürərkən azyaşlı övladları Məsumə və Əliəkbər həmin vaxt evdə olmadığına görə hadisəni görməmiş, həmçinin Gülşən Qəhrəmanovanı öldürdüyü zaman Gülşən üzü pənəcərəyə tərəf sağ böyrü üstə uzandığı üçün onun yatıbyatmamasını dəqiq bilməmişdir. Elan olunmuş sərbəst ifadə ilə bağlı Təqsirləndirilən şəxs verilən suallara cavab verməkdən imtina etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum qızı Gülşən 2018-ci ildə Gəncə şəhər sakini Yusiflə ailə qurmuş, bu nikahdan onların Məsumə və Əliəkbər adında iki övladları dünyaya gəlmişdir. Gülşən ailəsi ilə birlikdə Gəncə şəhərində yaşamışlar. Yusif heç yerdə işləməmiş, ailəsini dolandıra bilmədiyi üçün arvadı Gülşənlə aralarında tez-tez mübahisələri olmuşdur. Bu hadisədən təxminən 3 il əvvəl Yusif Gülşəni döydüyü üçün qızını və uşaqlarını Gəncə şəhərindən yaşadığı Astara rayonu, Maşxan kəndinə getmişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Gülşən və Yusif boşanmışlar. Qızı Gülşən uşaqları ilə birlikdə onunla bir evdə yaşamışlar. Yusif bir neçə dəfə yaşadığı Gəncə şəhərindən onun yaşadığı Astara rayonu Maşxan kəndinə gəlib ona uşaqları ilə görüşməyə şərait yaratmışdır. 2023-cü ilin yanvar ayında Yusif kəndə gəlib qızı Gülşəni və uşaqlarını öz evinə, Gəncə şəhərinə aparmaq istəmiş, lakin qızını Yusiflə getməyə qoymamışdır. 2023-cü ilin mart ayının 13-də saat 9 radələrində kənddə yaşayan dostu Mirzadgilə getmiş, saat 12 radələrində isə evə qayıtmış, yataq otağında qızı Gülşənin uzanmış vəziyyətdə görmüş və onun yatdığını düşünmüşdür. Nəvəsi Məsumə isə Gülşənin yanında oturub telefonla oynayarkən «dədə gəlib ananın başını kəsdi» demiş, əvvəlcə buna əhəmiyyət verməmiş, sonra Gülşəni çağırmış, qızı cavab vermədiyi üçün ona yaxınlaşıb bədənində çoxsaylı bıçaq xəsarətlərin olduğunu görmüşdür. Dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və qızı Gülşəni Lənkəran RMX-yə aparmış, orada qızının öldüyünü bilmişdir. Evdən heçnə oğurlanmamışdır.Yusif onun evinə qanunsuz daxil olmuş, bununla mənzil toxunulmazlığı pozulmuşdur. Sonra ona məlum olmuşdur ki, Yusif azyaşlı uşaqlarının gözü qarşısında Gülşəni öldürmüşdür. X9 verilən suallara cavab olaraq bildirmişdir ki, azyaşlı nəvələri Məsumə və Əliəkbər 2023-cü ilin aprel ayında Astara Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə onun qəyyumuluğuna verilmiş və hazırda onun himayəsindədirlər. Nəvələrinə özü baxır. Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmır, onu bağışlamır, Yusifə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Gülşən onun yaxın rəfiqəsi olmuşdur. Gülşən əri Yusifdən 2022-ci ilin avqust ayında boşanmış və uşaqları ilə birlikdə atası evində Astara rayonu Maşxan kəndində yaşamışdır. «İnstaqram»da bacısı Güneldən və rəfiqəsi Gülşəndən ibarət qrup yaratmış, bir-birləri ilə yazışmışlar. Gülşən «İntsqram» da İlqar adlı şəxslə tanış olmuş, onları münasibətləri yaranmış, bunu Gülşənin keçmiş əri Yusif bildikdə Gülşənin profilini dondurmuşdur. Buna görə Yusiflə Gülşənin arasında mübahisə baş vermişdir. 13 mart 2023-cü ildə eşitmişdir ki, Yusif Gülşəni uşaqlarının gözləri qarşısında atasının evində öldürüb. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Yusif Gülşənlə 2018-ci ildə ailə qurmuş və iki övladı dünyaya gəlmişdir. Oğlu Yusif ailəsi ilə birlikdə Gəncə şəhərində yaşamışlar. Onların arasında tez-tez mübahisə baş vermiş, Gülşənin atası hər bir xırda məsləyə qarışmışdır. Buna görə də Şaiq gəlib qızı Gülşəni Gəncədən yaşadığı Astara rayonu, Maşxan kəndinə aparmışdır.Bir daha Gülşəni görməmişdir. 2022-ci ildə onlar boşanmışlar. Buna baxmayaraq oğlu Yusif Astara rayonuna gedib uşaqları ilə görüşürdü. Yusif Gülşənin «İnstaqram» səhifəsinə daxil olub onun hansısa bir oğlanla yazışmasını bilmiş və bunu qəbul edə bilməmişdir. 12 mart 2023cü il tarixdə oğlu Yusifi evdə görmüşdür. Səhərisi günü saat 10 radələrində Yusifin evdə olmadığın görüb ona zəng etmiş, lakin telefona zəng çatmamışdır. Həmin günün axşamı Yusif evə gəlib Gülşəni bıçaqla vurub öldürdüyünü demişdir. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 oğlunun ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Gülşən onun bacısı idi. Özü ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Bacısı Gülşən əri Yusifdən boşanmış və bir ildən artıq idi ki, atası Şaiqin evində yaşamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən atası Şaiq ona zəng edərək Gülşənin keçmiş əri Yusif tərəfindən bıçaqla yaşadığı Maşxan kəndindəki evində öldürüldüyünü bildirmişdir. Gülşənin iki azyaşlı uşağı yetim qalmışlar. Hazırda uşaqlara atası Şaiq baxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş azyaşlı Şahid5 ifadəsində göstərmişdir ki, hazırda babası Şaiqin evində yaşayırlar. Hadisə günü atası Yusif anasının yatdığı vaxt otağa girmiş və onunla görüşmədən anasına bıçaqla vurmuş, boğazını kəsmişdir. Hadisə vaxtı anası pəncərəyə tərəf yatmış vəziyyətdə olmuşdur. Otaqda ondan başqa balaca qardaşı da olmuşdur. Babası Şaiq hadisə vaxtı evdə olmamışdır. Atasının anasını yataq otağında bıçaqla vurduğunu görmüşdür. Babası evə gəldikdən sonra bu barədə ona demişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 04 saylı rəyində göstərilmişdir ki, X2 ölümü zorakıdır, ölüm döş qəfəsinin sol hissəsinin daxilinə keçən ürək aortasını, sol plevra, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayət olunan döşün 3 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. Qeyd olunan xəsarətlə onun ölümü arasında səbəbli əlaqə vardır. Gülşən Qəhrəmanovanın ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Gülşən Qəhrəmanovanın bədənində - döş qəfəsinin sol yarısının ön və arxa divarlarını dəlib keçən, döş boşluğuna nüfuz edən, ürək aortasını, sol plevranı, sol ağ ciyəri zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, sağ yanaq (ord) (1 ədəd), sağ alt çənə bucağı (1 ədəd), sağ bazu (4 ədəd), sağ said (2 ədəd), sol bazu (3 ədəd), döş qəfəsi (6 ədəd), qarın (1 ədəd) nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyatı olub, kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə ekspertizaya təqdim edilmiş bıçaqla (bıçaq xx.xx.2023-cü il tarixdə təqdim edilib) xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə ürək aortasını, sol plevra, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayət olunan döşün 3 ədəd kəsilmiş-deşilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Gülşən Qəhrəmanovanın qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Həmçinin sonuncunun cinsiyyət üzvləri ətrafında zorlama və digər növ seksual xarakterli xəsarətlər aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 89 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol əlin İ barmağı nahiyəsində kəsilmiş yara, sağ gözaltı nahiyəsində qançır, sağ göz almasında hissəvi qansızma aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol əlin İ barmağı nahiyəsindəki kəsilmiş yara iti kənarlı əşyanın, ola bilsin ki, bıçağın kəsici kənarının təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə qarşılıqlı mübarizə zamanı və ya qarşı tərəfə bıçaqla xəsarət yetirən zaman sol əlin İ barmağı nahiyəsində kəsilmiş yaranın əmələ gələ bilməsi inkar olunmur, müddəti müayinədən 3-4 gün əvvələ, digər xəsarətlər isə müayinədən 5-7 gün əvvələ uyğun gəlirlər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 129-MTKŞ/2023 saylı rəyində göstərilmişdir ki, mərhum X3 məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində altı ədəd, köynəyin arxa səthinin sol nahiyəsində üç ədəd, köynəyin sol qolunda bir ədəd, köynəyin sol qoltuqaltı tikişi üzərində bir ədəd; maykanın ön səthinin sol nahiyəsində beş ədəd, maykanın ön səthinin sol nahiyəsində iki ədəd, maykanın arxa səthinin sol nahiyəsində bir ədəd, maykanın sol yan tikişi üzərində bir ədəd və maykanın sol qoltuqaltı tikişi üzərində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Gülşən Qəhrəmanovaya məxsus şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus şalvarın belin arxa sağ nahiyəsində tikilmiş 3 saylı ilgəyin aşağı hissəsində və şalvarın belin arxa sağ nahiyəsində tikilmiş emblemin aşağı kənarında aşkar edilmiş cırılma zədələri, şalvarın müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Təqsirləndirilən şəxs məxsus pencək, jilet, köynək, mayka, şərf və papaq üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Hadisə yerindən götürülmüş odeyal və döşək üzü üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 178/2023 saylı rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qan qrupu- Oalfa,beta/İ/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, mələfə, odeyal, çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus papaq, şalvar, şərf, Gülşən Qəhrəmanovaya məxsus şalvar, alt mayka və kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Gülşən Qəhrəmanovaya məxsus ola bilər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 75 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsinə görə, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən “emosional davamsız şəxsiyyət pozuntusundan” əziyyət çəkmişdir. Emosional davamsız şəxsiyyət pozuntusu nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meylliliklə səciyyələnən, əsasən emosional kontrolun çatışmazlığı, əhvali-ruhiyyənin qeyri-stabilliyi, ətrafdakılarla tez-tez konfliktlərinin olması kimi əlamətlərlə ifadə olunan psixi patologiyadır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi emosional davamsız şəxsiyyət pozuntusu ifadə olunma dərəcəsinə görə onu təqsirləndirilidiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da əziyyət çəkdiyi müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu ifadə olunma dərəcəsinə görə onu hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir, o, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə onun törətdiyi cinayət əməli CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməmiş və hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmasa da, onda aşkarlanan şəxsiyyət pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti qənaətbəxşdir, onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 75 saylı rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsinə görə Təqsirləndirilən şəxs emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, impulsivlik, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, neqativ amillərə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq, konfliktə və aqressiv davranışlara meyillilik müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərininin mahiyyətini adekvat olaraq dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəb, aqressiya kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayon Maşxan kəndində yerləşən X7 məxsus fərdi yaşayış evidir. Hadisənin baş verdiyi yer giriş qapısından sol tərəfdə ikinci sırada yerləşən yataq otağıdır. Baxış zamanı evin bütün pəncərələri bağlı vəziyyətdə olmuşdur. Yataq otağında yerləşən çarpayının üstündə olmuş və üzərində qanabənzər ləkələr aşkar edilmiş döşək üzlüyü və odeyal, Gülşən Qəhrəmanovaya məxsus 01 ədəd “X15 11” markalı mobil telefon, həmçinin qanabənzər ləkə nümunələri iş üçün əhəmiyyət kəsb etdiyindən tampon vasitəsilə müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli odeyal və 01 ədəd bəzəkli döşək üzlüyü üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya Təqsirləndirilən şəxs təqdim etdiyi və cinayətin aləti olan 01 ədəd bıçaqdır. Bıçaq sarı rəngli dəstəkdən və boz rəngli tiyədən ibarətdir. Bıçağın dəstək hissəsinin uzunluğu 13 sm, tiyəsinin orta xətt boyu uzunluğu 13 sm-dir. Bıçağın üzərində gözlə görünən qanabənzər ləkələr müşahidə edilmişdir. İş materiallarında olan Gülşən Qəhrəmanovanın istifadəsində olmuş “mobil telefona baxış” keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxslə mərhum Gülşən Qəhrəmanova arasında sonuncunun Təqsirləndirilən şəxs xəyanət etməsi məzmununda yazışmaların olması aşkar edilmişdir. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirməsi haqqında” qərarla: - 01 ədəd silah hesab olunmayan məişət təyinatlı bıçaq, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar –01 ədəd boz rəngli pencək, 01 ədəd qara rəngli şərf, 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli mayka, 01 ədəd mavi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd boz rəngli jilet; Gülşən Qəhrəmanovaya məxsus hadisə zamanı əynində olmuş paltarlar –01 ədəd qara rəngli üzərinə ayı şəkli həkk olunmuş qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli tuman, hadisə yerinə baxış zamanı aşkar edilən 01 ədəd göy rəngli odeyal, 01 ədəd bəzəkli döşək üzlüyü və qanabənzər ləkələrin hopdurulduğu 01 ədəd pambıq tampon; - Təqsirləndirilən şəxs və Gülşən Qəhrəmanovanın istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD-R disk; - Təqsirləndirilən şəxs məxsus “Xiaomi, Redmi Note 6 Pro” markalı mobil telefon və Gülşən Qəhrəmanovaya məxsus “Xiaomi, Redmi Note 11” markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanılması üçün Astara rayon prokurorluğuna təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində Gülşən Qəhrəmanova ilə Təqsirləndirilən şəxs arasında nikahın pozulması, uşaqların anasının himayəsində saxlanması və Təqsirləndirilən şəxs hər ay 260 (iki yüz altmış) AZN alimenti Gülşən Qəhrəmanovaya ödəməsi göstərilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz hüququndan istifadə edərək ifadə verməkdən imtina etməsinə baxmayaraq onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmuş həmin ifadəsində o, məntiqli və ardıcıl olmaqla hadisənin səbəbini, xarakterini, mexanizmini və inkişafını səmimi olaraq təsvir etmişdir. Həmçinin, onun məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi iş üzrə bütün sübutların məcmusu ilə - zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, “hadisə yeriən baxış aparılması haqqında” protokolu, çoxsaylı ekspertizanın rəyləri, istintaq hərəkətnin protokolları və digər sənədlərlə təsdiq olunur və işin obyektiv hallarına uyğun gəlir. Buna görə də, məhkəmə tərkibi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, çoxsaylı eskpertizanın rəylərini, «hadsiə yerinə baxış keçirilməsi», «əşyalara baxış keçirilməsi» haqqında protokolları və digər istintaq hərəkətinin protollarını, sənədləri Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bundan başqa, məhkəmə tərkibi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı Gülşəni bıçaqla vurarkən azyaşlı qızı Məsumənin yatdığını və ümumiyyətlə uşaqların bu hadisəni görmədikləri ilə bağlı göstərdiyi xüsusatı işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətini yüngülləşdirmək, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs məişət təyinatlı bıçaqla yaşadığı Gəncə şəhərindən Astara rayonunun Maşxan kəndinə getməsi, evdə qaynatası Şaiq Qəhrəmanovun olmadığına əmin olub içəri sonuncunun iradəsi ziddinə qanunsuz daxil olması, yataq otağında çarpayıda yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qəhrəmanovanı azyaşlı qızı Məsumənin göznün qarşısında çoxsaylı bıçaq zərbələri vurması və işin digər halları təqsirləndirilən şəxsin aşkar surətdə köməksiz vəziyyətdə olan keçmiş arvadı X4 xüsusi amansızlıqla qəsdən öldürməsi, habelə zərərçəkmiş şəxs X6 mənzil toxunulmazlığı hüququnu pozması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş azyaşlı Şahid5 ifadəsində atası Yusifin anası Gülşəni onun gözü qarşısında bıçaqla vuraraq öldürdüyünü israrla təsdiq etmişdir. Odur ki, məhkəmə şahidin bu ifadəsini Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edir və mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhərİcra Hakimiyəti başçısının 1 N-li SİƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, mərhum Gülşən Qəhrəmanova yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 6 iyun 2023-cü il tarixli 1857 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü qızı Şahid5 və xx.xx.2020-ci il təvəllüdlü oğlu Əliəkbər Verdiyev vardır, onlar ünvan 2 ünvanda yaşamırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 271 N-li arayışdan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Şaiq Qəhrəmanovun ailə tərkibi nəvələri - Şahid5, X1 ibarətdir. Məhkəməyə təqdim olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2023-cü il tarixli 50 N-li sərəncamına əsasən Şahid5 və X5 babaları X6 qəyyumluğuna verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs himayəsində iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən düzgün olmayaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirimşdir. Belə ki, məhkəməyə təqdim olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2023-cü il tarixli 50 N-li sərəncamına əsasən Şahid5 və X5 babaları X6 qəyyumluğuna verilmişdir. Eyni zamanda, Astara Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli nikahın pozulması haqqında qətnaməsində uşaqların mərhum anası Gülşən Qəhrəmanovanın himayəsinə verilməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, hazırda mərhum Gülşən Qəhramanovanın azyaşlı uşaqları - Şahid5 və Əliəkbər Verdiyev babaları Şaiq Qəhrəmanovun qəyyumluğunda və himayəsində olduğundan, onların maddi və mənəvi tələbatlarını babaları ödədiyindən Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının onun himayəsində olması kimi qəbul etmir və bu halı cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Odur ki, məhkəmə, təqsirləndirilən şəəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşıdran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 120.2.4 və 120.2.9-cu maddələri “xüsusilə ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, CM-nin 157.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında alternativ cəzalarla yanaşı bir ilədək islah işləri cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzas, təyin edilməli və təyin olunmuş cəza çəkilməldir. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs 13 mart 2023-cü ildə saat 20-də saxlanılmış, 14 mart 2023-cü ildə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Astara Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldığı müddət təyin olunacaq cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara rayon prokurorluğunda saxlanılan : - 01 ədəd silah hesab olunmayan məişət təyinatlı bıçaq, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar –01 ədəd boz rəngli pencək, 01 ədəd qara rəngli şərf, 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli mayka, 01 ədəd mavi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd boz rəngli jilet; Gülşən Qəhrəmanovaya məxsus hadisə zamanı əynində olmuş paltarlar –01 ədəd qara rəngli üzərinə ayı şəkli həkk olunmuş qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli tuman, hadisə yerinə baxış zamanı aşkar edilən 01 ədəd göy rəngli odeyal, 01 ədəd bəzəkli döşək üzlüyü və qanabənzər ləkələrin hopdurulduğu 01 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs və Gülşən Qəhrəmanovanın istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD-R diski cinayət işində saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus “Xiaomi, Redmi Note 6 Pro” markalı mobil telefon və Gülşən Qəhrəmanovaya məxsus “Xiaomi, Redmi Note 11” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalıdır; İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərci) yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 157.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cü maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunmuş qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamq yolu Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara rayon prokurorluğunda saxlanılan : - 01 ədəd silah hesab olunmayan məişət təyinatlı bıçaq, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar –01 ədəd boz rəngli pencək, 01 ədəd qara rəngli şərf, 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli mayka, 01 ədəd mavi rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd boz rəngli jilet; Gülşən Qəhrəmanovaya məxsus hadisə zamanı əynində olmuş paltarlar –01 ədəd qara rəngli üzərinə ayı şəkli həkk olunmuş qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli tuman, hadisə yerinə baxış zamanı aşkar edilən 01 ədəd göy rəngli odeyal, 01 ədəd bəzəkli döşək üzlüyü və qanabənzər ləkələrin hopdurulduğu 01 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs və Gülşən Qəhrəmanovanın istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD-R diski cinayət işində saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus “Xiaomi, Redmi Note 6 Pro” markalı mobil telefon və Gülşən Qəhrəmanovaya məxsus “Xiaomi, Redmi Note 11” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın; Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Neymət Məmmədov Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-571/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-571/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver