Məhkəmə qərarları › İş №1(099)-573/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-573/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-573/2022 30.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Şirvan Regionla Vəkil bürosunun vəkili Müdafiəçi4 Mehti qızının, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1979-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Saatlı Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 7 mart 2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1986-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsilə təqsirli bilinib qazancından dövlət nəfinə 20% tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, işsiz, Saatlı şəhəri, Ə.Hüseynov küçəsi ev 3-də qeydiyyatda olmaqla Saatlı rayon Mollaəziz kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa- Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş külli miqdarda, -1535 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü 28 may 2022-ci il tarixdə saat 20:20 dəqiqədə Təqsirləndirilən şəxs3 idarə etdiyi «Chevrolet Cruze» markalı **-NP-*** dövlət nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Süd zavodunun yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla avtomobilin arxa sol ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər İranlı Vahid adlı şəxslə hər hansı bir münasibəti olmamışdır. Sadəcə olaraq təxminən 2022-ci ilin may ayının ortalarında iranlı Vahid onunla “vatsap”la əlaqə saxlamış, söhbət əsnasındaVahidə öz istifadəsi üçün narkotik göndərməsini bildirmişdir. 28 may 2022-ci il tarixdə Vahid onunla əlaqə saxlayaraq narkotiki Biləsuvar rayonuna göndərdiyini bildirmişdir. Biləsuvar rayonuna tək getmək istəməmiş və buna görə də tanışı Raufla telefon əlaqəsi saxlayıb Biləsuvar rayonunda olan tanışından pul alması üçün ora getməli olduğunu,Raufdan rayona rahat gedib-gəlmələri üçün tanış olan taksi sürücüsü tapmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Rauf taksi fəaliyyəti ilə məşğul olan Saatlı rayon sakini Yadigar adlı şəxsi tapmış və onlar Saatlı rayonundan Biləsuvar rayonu istiqamətində hərəkətə başlamışlar. O, maşına minən zaman əvvəlcədən rayon sakini kimi tanıdığı Samit adlı şəxsin maşının arxa hissəsində əyləşməsini görmüşdür. Biləsuvar rayonunun girişində yanacaqdoldurma məntəqəsinin həyətində Yadigara maşını saxlamasını demişdir. Yanacaqdoldurma məntəqəsində olarkən Vahid ona “vatsap”la narkotik qoyulan yerin şəklini göndərmiş, maşında olan şəxslərə-Yadigara və Raufa narkotik götürmək üçün gəldiklərini demişdir. Sonra Vahidin göndərdiyi “Bakı-Astara-İran sərhədi” sözləri yazılmış yol nişanı olan şəkili onlara göstərərək maşını ora sürməyi demişdir. Bir qədər yol getdikdən sonra həmin yeri axtarıb tapmışlar. Qarşıdan dönüb “Bakı-Astara-İran sərhədi” sözləri yazılmış yol nişanına yaxın çatmışlar və Yadigar maşından düşüb yol nişanının altından stəkan boyda qabda olan narkotiki götürüb maşına əyləşmiş, bağlamanı Raufa, sonuncu da ona vermişdir. Təxminən 5-10 dəqiqə hərəkət etdikdən sonra Yadigara polis əməkdaşları saxla işarəsi vermişlər. Yadigar da dərhal maşını saxlamış və polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək üzərlərində və ya maşında narkotik olmasında şübhəli olduqları üçün Biləsuvar RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində baxış zamanı özü maşının sol arxa oturacağının ayaqaltı hissəsində olan bağlamanı təqdim etmişdir. Samit adlı şəxs yolda olarkən maşında yatmış, baş verənlərdən onun xəbəri olmamışdır. Heç kimə narkotik satmamışdır. Özünü narkotik istifadəsi ilə bağlı təqsirli bilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Cevrolet Cruze” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Saatlı rayonunda taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanışı Samitlə birlikdə Saatlı rayonunuda çayxanaya getmişdir. O, çayxanada olan zaman əvvəlcədən rayon sakini kimi tanıdığı, Təqsirləndirilən şəxs2 Samitə zəng vuraraq Pərvizi Biləsuvar rayonuna aparmaq lazım olduğunu demiş, o da razılaşaraq Biləsuvar rayonuna gedib gəlməyə 30 (otuz) manat pula razılaşmışdır. Bundan sonra o, yanında olan Samitə onunla gəlməsini demişdir. O, Samit, Pərviz və rayon sakini kimi tanıdıqları, Pərvizlə gələn Rauf adlı şəxslə birlikdə Biləsuvar rayonuna yola düşmüşlər. Biraz sonra Biləsuvar rayonuna çatmışdır. Yola çıxmamışdan əvvəl Pərviz ona Biləsuvar rayonu Çaylı kəndində yaşayan dostu ilə görüşəcəyini, dostunun Pərvizi rayonun girişində yanacaqdoldurma məntəqəsinə gözləyəcəyini demişdir. Yolun kənarında, Biləsuvar rayonunun girişində yanacaqdoldurma məntəqəsinin həyətində avtomobili saxlamışdır. Yanacaqdoldurma məntəqəsinin həyətində olan zaman Pərvizə mesaj gəlmiş və bundan sonra Pərviz onlara narkotik götürmək üçün gəldiklərini demişdir. O, Pərvizlə mübahisə etmiş və ona narazılığını bildirmişdir. Bundan sonra onlar telefonda “vatsap”la Pərvizə göndərilən şəkili görmüşlər və narkotikin gizlədiyi yol nişanı istiqamətində hərəkət etmişlər. Bir qədər yol getdikdən sonra “Bakı-Astara-İran sərhədi” sözləri yazılmış yol nişana çatıb özü maşından düşüb içində narkotik olan bağlamanı nişanın altından götürüb Raufa, sonuncu da Pərvizə vermişdir. Bağlamanı götürüb dərhal oradan yüksək surətlə uzaqlaşmış, təxminən 700-800 metr getdikdən sonra yol polisi əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onlara narkotik vasitələrin əldə edilməsində şübhəli olduqlarını bildirmişlər. Sonra Biləsuvar RPŞ-yə aparılmışlar. Şöbədə onların işirakları ilə maşına baxış keçirilmiş və maşının sol arxa oturacağının ayaqaltından narkotik olan bağlamanı təqdim etmişlər. Pərviz bağlmanın ona məxsus olduğunu etiraf etmişdir. Bundan başqa o, əlavə olaraq ifadəsində göstərmişdir ki, tanışı Samit yolda maşında yatdığı üçün narkotik məsələsindən xəbəri olmamışdır. Samit onların Biləsuvar rayonuna narkotik dalınca getdiklərini bilməmişdir. Məhkəmə istinatqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Saatlı rayonunda yaşadığı evdə olan zaman tanışı Pərviz ona zəng edərək Biləsuvar rayonunda yaşayan tanışı ilə görüşməli olduğunu, Biləsuvar rayonuna rahat gedib-gəlmək üçün ona tanış taksi tapmasını xahiş etmişdir. O, da tanışı Samitə zəng edib “taksi sürücüsü Yadigara denən bizi Biləsuvar rayonuna aparıb gətirsin” sözlərini demişdir. Saatlı rayon Xəstəxanasının yanında görüşüb Yadigarın idarə etdiyi “Cevrolet Cruze” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola düşmüşlər. Samit də onlarla getmişdir. Həmin vaxt avtomobildə qabaqda əyləşmişdir. Onlar Biləsuvar rayonunda yanacaqdoldurma məntəqəsinin həyətində olan zaman Pərvizə “vatsapa”mesaj gəlmiş və bundan sonra Pərviz onlara rayona narkotik üçün gəldiklərini demişdir. Onlar telefonda Pərvizə gələn şəkil üzrə “Bakı-Astara-İran sərhədi” sözləri yazılmış yol nişanı istiqamətində hərəkət etmişlər. Yol nişanına çatdıqdan sonra Yadigar maşından düşüb içində narkotik olan bağlamanı götürmüş, ona vermiş, o, da arxada oturan Pərvizə vermişdir. Bağlamanı götürüb dərhal həmin ərazidən uzaqlaşmağa başlamışlar. Təxminən 700-800 metr getdikdən sonra yol polisi əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışlar. Onların iştirakı ilə maşına baxış keçirilmiş və maşının sol arxa oturacağın ayaqaltı hissəsindən narkotik olan bağlamanı təqdim etmişlər. Samitin yolda yatıb yatmadığına fikir verməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı rayon sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən 28 may 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə digər polis əməkdaşları da daxil olmuşlar. 28 may 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 içərisində olduğu ehtimal olunan “Chevrolet Cruze” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidəyə götürülmüş və Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Süd zavadonun yaxınlığında hərəkətdə olan zaman yol patrul bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və onları polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid4 üzərlərində qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı hər birinin vəkili iştirak etmişdir. Bundan sonra “Chevrolet Cruze” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda arxa sol oturacağının alt hissəsindən bir ədəd şəffaf rəngli içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur.Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -1570 qram olması məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 Şahid1 ifadəsində göstərilənlərini bir daha təsqiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli 19/640 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs3 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1535,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, heroinin təmiz çəkisi -1535,0 qram qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq -1534,95 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 28 may 2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Şahid4, X1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, Şahid4 üzərindən bir ədəd “kgtel” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 isə üzərindən bir ədəd “TEXET” markalı mobil telefon aşkar edilərək götürülmüş, iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmişdir. 28 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonun arxa sol oturacağının alt hissəsindən bir ədəd şəffaf rəngli sellofan aşkar olunmuşdur. Həmin bükülüyə Yadigarın və digər iştirakçıların iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -1570 qram olması məlum olmuşdur. 31 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1535,0 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1534,95 qram qalığının tərəfimdən qəbul edilmiş ilə iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. 28 iyul 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş zənglərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** mobil nömrə sini Təqsirləndirilən şəxs1 və ***-***-**-** mobil nömrəni Təqsirləndirilən şəxs2 istifadə etmişdir. Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMSlərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: xx.xx.2022-ci il tarixdə saat 00:26 da həmin nömrədən ***-***-**-** nömrəsinə (abi gelim raufdi pil var mene de heresinen bidene isterem bi soz de) smsi göndərilmişdir. xx.xx.2022-ci il tarixdə saat 04:54 də həmin nömrədən ***-***-**-** nömrəsinə (supan cix qapuzun aqzina qelyanida getirem pilmi ver mileti menim s) smsi göndərilmişdir. Bu barədə olan disk və məktub cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Biləsuvar RPŞ-nın 28 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 22 avqust 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Biləsuvar rayronu ərazisində Təqsirləndirilən şəxs1 onlara narkotki dalınca gəlməlini deməsi, bundan sonra narkotikin gizlədidiyi yerə axtarıb tapmaları və Yadigər Qurbanlının bağlamanı Bakı-Astara-İran sərhədi” sözləri yazılmış yol nişanının altından götürüb hadisə yerindən uzaqlaşmdıqdan sonra polis əməkdaşları tərfindən saxlanılaları və işin digər halları təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitəni qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımaları məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübuta yetirilmiş və onların bu əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 28 may 2022-ci il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət törətməsində şübhəli şəxs qismində tutulmuşlar, 30 may 2022-ci il tarixdə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Biləsuvar Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqələrin surətlərindən və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Mərifət adında və xx.xx.2018-ci il təvəllüdlü Ramal adında oğul övladları, Təqsirləndirilən şəxs1 himayəsində 6 iyul 2015-ci il təvəllüdlü Fatimə adında qız övladı və Təqsirləndirilən şəxs3 himayəsində 2015-ci il təvəllüdlü Rəşid adında oğul, 2018-ci il təvəllüdlü Məryəm adında qız övladları vardır. İş materiallarında olan İV –JQ 383905 No-li blüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 atası Rəşid Qurbanov 6 yanvar 1994-cü ildə güllə yaralnmasından Ağdam rayonuTağıbəyli kəndində Qarabağ uğrunda gedən döyüşlərdə vəfat etmişdir. İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakerizə olunurlar. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş mater iallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Əzizov X2 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay azadlıqdan məhrum edilmiş və 7 mart 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Saatlı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə 06 ay islah işləri cəzası verilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən atası Rəşid Qurbanovun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən atası Rəşid Qurbanovun 6 yanvar 1994-cü ildə güllə yaralnmasından Ağdam rayonu Tağıbəyli kəndində Qarabağ uğrunda gedən döyüşlərdə vəfat etmsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndiriən şəxslərin bir qrup şəxs halında qeyd olunan cinayət əməlini törətmələri bir daha onu göstərir ki, onlar törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmalarına və məhkumluqlarının ödənilməsinə baxmayaraq onlar əvvəlki cəzalardan hər hansı bir müsbət nəticə çıxarmayaraq tərbiyə və islah olunmamışlar, yenidən ictimai təhlükəli əməl törətmişlər. Bu hallar onu göstərir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməsinə meyillidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmaların və onların həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzanı çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, hər birinin cəzaçəkmə müddətinin əvvəli 28 may 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 barəsində polinarkomaniyadan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan 1534,95 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediliməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 21 (iyirmi bir) manat 67 (altmış yeddi) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan 1534,95 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 21 (iyirmi bir) manat 67 (altmış yeddi) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar