Məhkəmə qərarları › İş №1(099)-573/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-573/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-573/2025 04.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs və onun müdafiəçiləri- Bakı şəhəri 18 saylı Vəkil Burosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X9 iştirakları ilə, xx xxxxxx 1998-ci il, Rusiya Federasiyası Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qubden kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əsassız ittiham olunmuş ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 14 iyun 2025-ci il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda – 196.095 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “X15 Tasimaciligi İc ve dis Ticaret Limited” şirkətinin sifarişi ilə İran İslam Respublikasında fəaliyyət göstərən Ramin Hoseinzadeh tərəfindən həmin Respublikanın Ərdəbil şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Sarmant-Ug” şirkətinə “təzə qarpız” yükü apardığı “Volvo” markalı “T435KK- 05/AK7183-05” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə qarpız yığılmış 48 paletdən 16 ədədində olan qarpız yeşiklərinin içəri alt hissəsində təzə qarpız yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 64 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 14 iyun 2025-ci il saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 14 iyun 2025-ci il tarixdə saat 10:50-dən saat 14:15-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, iki ildir ki, Rusiyadan gəlib, İrandan meyvə-tərəvəz götürüb deyilən ünvanlara daşımaqla pul qazanır, 12 iyun 2025-ci il tarixdə dayanacaqda olarkən Həzi adlı dispetçer ona yaxınlaşaraq, Məmməd adlı şəxsə yük göndərmək istədiyini və yükün qarpızdan ibarət olduğunu bildirmiş, 13 iyun tarixdə sənədləri əldə etmək üçün həmin şəxsə yaxınlaşmış, şəxs ona sənədlərin bir gün sonra hazır olacağını bildirmişdir. 14 iyun tarixində dayanacaqda olarkən yükləmə prosesi zamanı Kamran adlı şəxs də iştirak etmişdir. O, yükləmə prosesini sadəcə kənardan müşahidə etmiş, yükə yaxınlaşmaq imkanı olmamışdır. Belə ki, yükün olduğu maşınla onun idarə etdiyi yük maşını bir-birinə yapışdırılmış vəziyyətdə fəhlələr yükləmiş, o, yükləmədə iştirak etməmişdir. Yükləmə başa çatdıqdan sonra yoxlama üçün sıraya durmuşdur. 15 iyun tarixində gömrük xəttində yoxlama zamanı maşından narkotik vasitə aşkar olunmuşdur. Həmin adamdan ilk dəfə yük qəbul etmiş, onu əvvəldən tanımamışdır. Sürücü yoldaşları həmin adamın etibarlı biri olduğunu demişlər, bu səbəbdən inanmışdır. Telefonunda aşkar edilmiş yaş marixuana şəkilini o, 17 yaşında olanda internetdən maraq üçün yükləmişdir, hətta, həmin şəkil köhnə telefonunda olmuş, yeni telefon alanda oradakı şəkilləri bura yükləmişdir, həmin şəkil də ümumi şəkillərlə birlikdə yeni telefonun yaddaşına köçürülmüşdür, marixuananın şəklinin telefonuna yükləndiyinə fikir verməmişdir, görsəydi silərdi, külli miqdarda pulların olduğu videonu isə sürücülərin olduğu qrupa göndərmişlər, kimin göndərdiyini xatırlamır, həmin video da çoxdan onun telefonunda var, bu işlə heç bir əlaqəsi yoxdur, yoldaşları internetdən götürüb maraq üçün qrupa atmışlar. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü səhər saat 11 radələrində əməliyyat məlumatı daxil olmuş və həmin nəqliyyat vasitəsinin yük yerini açdıqda orada qarpız yükünün olduğunu müəyyən etmişlər. Yük boşaldılmış və gömrük xidmətinə təqdim olunmuşdur. Qarpızların alt hissələrində narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitə ilə bağlı şəxsə sual verməmiş, şəxs dindirilərkən orada olmamışdır. Aşkar edilən narkotik vasitənin şəxsə məxsus olması barədə onlarda məlumat olmamşdır. Təqsirləndirilən şəxsin narkotik vasitə yüklənərkən görmək ehtimalı olmamışdır, buna səbəb isə qarpızların əvvəldən yüklənərək sonradan maşına yığılmasıdır. Həmçinin, yükləmə prosesində bir qayda olaraq yükün olduğu maşınla yükün daşındığı maşın bir-birinə yapışdırılmış vəziyyətdə olur, iki maşın arasında ancaq fəhlələr olur və sürücünün malları tək-tək görmək imkanı mümkün olmur. Həmçinin, belə faktlarda mütləq əksər hallarda onlar sürücünün yükün içərisində narkotik vasitə olduğundan məlumatının olmadığını müşahidə etmişlər. Bundan əlavə, yük İran ərazisində plomplandığı və sürücüyə o vəziyyətdə təhvil verildiyi üçün sürücünün mallarının içərisindəkini görmək imkan ola bilməz. Məhkəmə istintaqında dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verərək, verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü səhər saat 11 radələrində M.Maqomedin maşını yoxlanış olan hissəyə daxil olmuş, yük boşaldılan vaxt it reaksiya vermiş, hər paletdə 4 büküm olmaqla ümumilikdə 207 kiloqram narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid4 şahidlər Şahid1 və Şahid3 ilə eyniməzmunlu ifadə verərək ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitə yüklənərkən onu görmək ehtimalı olmamışdır, maşından narkotik vasitə aşkar edilən vaxt onun halı pisləşmişdir. Həmçinin, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıda qeyd olunan iş materiallarında qeyd olunmuşdur: - 14 iyun 2025-ci il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı X4 idarə etdiyi “Volvo” markalı “T435KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ramin Hoseinzadeh tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən xx.xx.2025-ci il tarixli, “11” nömrəli İnvoysa əsasən “təzə qarpız” yükü apararkən, xx.xx.2025-cü il tarixdə, saat təqribən 05 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “Volvo” markalı “T435KK- 05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatlarına əsasən, sözügedən yük nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsindəki yükə xx.xx.2025-ci il tarixdə, saat təqribən 11 radələrində gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “Volvo” markalı “T435KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 48 (qırx səkkiz) ədəd paletdə olan “təzə qarpız” yükü yerə boşaldılmış və həmin yükə “Lolo” ləqəbli kinoloji xidməti it tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 16 (on altı) ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletlərə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 16 (on altı) ədəd paletdə qarpız yükünün altında hər paletdə 4 (dörd) ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş, ümumilikdə 64 (altmış dörd) ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 64 (altmış dörd) ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 207 (iki yüz yeddi) kq 620 (altı yüz iyirmi) qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Yoxlamalar tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X6 idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş ümumilikdə 64 (altmış dörd) ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 207 (iki yüz yeddi) kq 620 (altı yüz iyirmi) qram təşkil edən narkotik vasitəyə oxşar maddə gömrük əməkdaşları tərəfindən götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. (C-İ, 16-19) - «Şübhəli şəxsin tutulması haqqında» 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da ARCM-in 206.3.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 51) - «Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmısi barədə» 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ( C-İ, i.v. 163-164) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyun 2025-ci il tarixli, 19/250 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 128 ədəd bükülüdə ümumi təmiz çəkisi 196095 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan əvvəl qurudulmuş marixuana narkotik vasitəsinin çəkisi 196.095 qram təşkil etmiş, tədqiqat zamanı 2 qramı sərf edilmiş, qalıq çəkisi 196.093 qram təşkil etmişdir. (C-İ, i.v. 79-81) - “Mobil telefona baxış keçirilməsi” haqqında 15 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış obyekti olan, Rusiya Federasiyası vətəndaşı X5 məxsus “İphone 15 pro” və “iphone 6s” markalı mobil telefonlar olmuşdur. İş üzrə “İphone 15 pro” markalı mobil telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı qeyd edilməmiş “Reza“ adlı şəxsin (mobil telefon: +**********610), “Mohammədreza” adlı şəxsin (mobil telefon:+**********06), “Kamran” adlı şəxsin (mobil telefon: +**********76) telefon nömrələri olduğu müəyyən edilmişdir. İş üzrə “İphone 6s” markalı mobil telefonun “şəkillər” bölməsindən “marixuana” bitkisinin fotoşəkili olduğu müəyyən edilmişdir. Mobil telefonun “Qalareya” bölməsindəki videogörüntüdə bir bağlamada külli miqdarda xarici valutanın yerləşdirilməsinə dair görüntülər olduğu müəyyən edilmişdir. Bundan başqa, Rusiya Federasiyası vətəndaşı X2 “Whatsapp Messenger” mesajlaşma proqramında digər şəxslərlə olan danışıqlarından iş üzrə əhəmiyyət kəsb edəcək digər hallara rast gəlinməmişdir. ( C-İ, i.v. 120-121) - «Əşyaların maddi sübut kimi tanınması və saxlanc yerinin müəyyən olunması haqqında» 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti hesab edilən ekspertiza tədqiqatı zamanı 2 qramı sərf edilmiş, qalıq çəkisi 196.093 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (C-İ, i.v. 170-175) - “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi” haqqında 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs 14 iyun 2025ci il il tarixdə saat 15:02-də Astara DSBM vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. X8 Sisteminə "Görülmüş Tədbirlər: Saxla/Gömrük xidmətinin qabaqlayici məlumatı əsasında NV-i Rentgen qurğusundan keçirilmiş şübhəli cizgilər aşkar edilmiş və əsaslı baxışa verilmişdir.Birgə baxış zamanı NV-nin yük yerində qarpız yükünün altında list şəklində gizlədilmiş şəkildə olan 64 bağlamada qablaşma ilə birgə çəkisi 207 kq 625 qr narkotik vasitə Marixuana aşkar edilərək saxlanılmışdır. Astara Gİ-nə təhvil verildi." məzmununda qeyd əlavə edilmişdir. ( C-İ, i.v. 184-188) - İş üzrə „Qiymətləndirmə Xidməti Mərkəzi“ MMC-nin 09 iyul 2025-ci il tarixli, G-016 nömrəli, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı X2 idarə etdiyi “Volvo” markalı, 691210 modelli, T435KK-05 dövlət qeydiyyat nişanlı, YV2A4DMAX2B310768 şassi nömrəli, 2011-ci il buraxılışlı yəhərli dartıcının 14 iyun 2025ci il tarixə faktiki bazar qiyməti 32000 manat və həmin dartıcının “SCHMİTZ SKO24” markalı, ABCD tipli, AK7183-05 nömrə nişanlı, WSMS**********018 şassi nömrəli, 1998-ci il buraxılışlı yarımqoşqusunun həmin tarixə faktiki bazar qiyməti isə 11000 manat təşkil edir. ( C-İİ, i.v. 07-23) - 21 iyul 2025-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmış qurudulmuş marixuana narkotik vasitəsinə ekspertlərin iştirakı ilə baxış keçirilmiş və ümumilikdə təmiz çəkisi 196.095 qram (ekspertiza tədqiqatından sonra qalıq qalmış 196093 qram) təşkil edən qurudulmuş marixuana narkotik vasitəsindən xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 50000 qram çəkidə olması üçün tələb olunan qablaşdırma ilə birlikdə 57300 qram nümunə götürülərək ayrıca qablaşdırılmışdır.(C-İİ, i.v. 43) - “Azərterminalkompleks” Birliyindən daxil olmuş 29 iyul 2025-ci il tarixli, 3-33-5600/2- 001042/2025 nömrəli məktubda göstərilmişdir ki, Astara Gömrük İdarəsində “Volvo” markalı “T435KK-05/AK7183-05” qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlanılan “təzə qarpız” yükünün gömrük hərraclarında satışının təmin olunması məqsədilə “Azərterminalkompleks” Birliyinin sifarişi əsasında qiymətləndirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 dəfə gömrük hərracına çıxarılmış, alıcının olmaması səbəbindən 20 iyun 2025-ci il tarixli G-07 saylı, 23 iyun 2025-ci il tarixli G-08 saylı və 25 iyun 2025-ci il tarixli “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışı üzrə komissiyanın hərracın baş tutmaması barədə protokolu” tərtib olnmuşdur. Sözügedən mal satışa yararsız olduğu üçün növbəti gömrük hərraclarına çıxarılmamışdır. ( C-İİ, i.v. 59-62) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyul 2025-ci il tarixli, 3922 nömrəli rəyindən görünür ki, Rusiya Federasiyası vətəndaşı X3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( C-İİ, i.v. 74-75) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2025-ci il tarixli, 3-16-16/2-7/962/2025 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitə qurudulmuş marixuana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 19/250 nömrəli rəyinə əsasən) xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 50000 qram çəkidə olması üçün tələb olunan 60900 qram (60 kq 900qram) (qablaşdırma ilə birlikdə) qurudulmuş marixuana nümunə götürülərək 8 ədəd ağ rəngli kisəyə, qalan ayrılmış hissəsi olan qablaşdırma ilə birlikdə 57300 (57kq 300qram) çəkidə narkotik vasitə marixuana 06 ədəd göy rəngli bağlamaya qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsi Tədqiqat obyekti N2” ştamp əksi ilə möhürləndi və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılmışdır. (C-İİ, i.v. 82-85) - Cinayət işi üzrə 15 iyun 2025-ci il tarixdə içərisindən xüsusilə külli miqdarda – 196.095 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmiş və maddi sübut qismində tanınaraq “Volvo” markalı “T435KK-05/AK7183-05” qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində olan, 12 iyun 2025-ci il tarixli, 11 nömrəli invoysa əsasən netto çəkisi 18000 kq, dəyəri isə 6300 ABŞ dolları təşkil edən “təzə qarpız yükü yararsız olduğundan məhv edilməsi haqqında qərar qəbul edilmiş və qərarın icra edilməsindən ötrü xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinə xidməti qeyd göndərilmişdir. (C-İİ, i.v. 63-66) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 5(004)- 973/2025 nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan və xüsusilə külli miqdarın aşağı həddi miqdarında – 50000 qram çəkidə olması üçün tələb olunan qablaşdırma ilə birlikdə 57300 (57kq 300 qram) nümunə götürüldükdən sonra qalıq qalan qablaşdırma ilə birlikdə 150600 (150kq 600qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrası Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat-İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilməsi qərara alınmışdır, sözügedən məhkəmə qərarının 16 sentyabr 2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına göndərilmişdir. (C-İİ, 114-115) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 26 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (C-İ, i.v. 224) Əmələ hüquqi qiymət verilməsi : Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdıraraq nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham sübuta yetirilmir. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübutnarkotik vasitənin məhz onun idarə etdiyi yük avtomobilinin qoşqusunda aşkar olunması faktıdır. Təqsirləndirilən şəxs qarpız yükünün hələ qoşquya yüklənməsinə qədər, qarpız yükünün içərisinə narkotik vasitə qoyub gizlətməsi, və ya bundan məlumatının olması faktı da ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə dövründə verdiyi ifadələrində sözü gedən qarpız yükünü daşımaq barədə iranlı dispetçerlərlə razılaşdığını, bu işlə iki ilə yaxın müddət məşğul olduğunu, aşkar edilmiş narkotik vasitələrdən məlumatı olmadığını bildirmiş, ttiham tərəfi bu halı təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfi narkotik vasitənin məhz Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindəki qarpız yükünün yerləşdiyi paletlərdən tapılmasını və onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürsə də, əməlin cinayət kimi qiymətləndirilməsi üçün subyektiv cəhətinin mövcudluğunu, yəni, təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə qəsdini sübuta yetirə bilməmişdir. Belə ki, cinayət -hüquq nəzəriyyəsindən məlum olduğu kimi, əməlin cinayət kimi qiymətləndirilməsi üçün cinayət tərkibinin dörd elementi, yəni, cinayətin obyekti və obyektiv cəhəti, subyekti və subyektiv cəhəti mövcud olmalıdır. Tədqiq olunmuş cinayət işinin materialalrından görünür ki, təqsirləndirilən şəxs 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir, yəni, cinayətin subyektidir, cinayətin obyekti, yəni, narkotik vasitələr mövcuddur, obyektiv cəhət qismən var, yəni, xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz daşıma mövcuddur, lakin, cinayətin subyektiv cəhəti, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondna gizli, yaxud, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə yönəlmiş qəsdi, həmçinin xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaq və daşımaqda qəsdi və satış məqsədi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət tərkibinin subyektiv cəhətinin zəruri şərti ödənilməmiş, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yalnız ehtimallara əsaslanmış, ehtimal edilən cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olması sübuta yetirilməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs elan edilmiş ittihamın hüquqi qiymətləndirilməsi zamanı məhkəmə həmçinin nəzərə almağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulduğu “Beynəlxalq yol yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, həmçinin onların markalanması və nömrələri ilə bağlı fakturada yazılan qeydlərin dəqiqliyini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq, daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünun) nəzarət sahəsinə aid deyil. Həmin Konvensiyanın 11-ci maddəsində yük göndərənin yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin ikinci hissəsinə görə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə daxil deyil. Qanunvericiliyin qeyd olunan normasına əsasən beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücünün qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Əks yanaşma beynəlxalq yük daşıma qaydalarının prinsiplərinə zidd olar. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarında da əks olunmuşdur. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsinin yük yerinə yüklənmiş yükü açmaq və onu yoxlamaq kimi vəzifəsi olmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş mobil telefona məhkəmədə baxış zamanı müəyyən edilmişdir ki, aşkar edilmiş marixuana şəkilləri təqsirləndirilən şəxsə məxsus “İphone 15” markalı mobil telefona narkotik vasitələrin aşkar edildiyi tarixdən xeyli əvvəl tarixdə, külli miqdarda xarici valyutaların olduğu video isə 2024-cü ilin aprel ayında, yəni, təqsirləndirilən şəxsin idarə etdiyi yük maşınından narkotik vasitənin aşkar edildiyindən bir ildən də çox müddət əvvəl aşkar edilmişdir. Buradan da görünür ki, həmin yaş marixuana şəkillərinin və pul videosunun verilmiş ittihama aidiyyəti yoxdur, istintaq orqanı həmin foto və videoya sübut kimi istinad etsə də, onların ittihama aidiyyətini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun daşıdığı yükün içərisində narkotik vasitənin yerləşdirilməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin mövcud olması təsdiq olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəldiyini və cinayəti törətmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan şəxs(lər)in cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan çəkisi 57.300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana müvafiq materiala əlavə edilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan çəkisi 196.093 qram olan narkotik vasitə qurudulmuş marixuanın 150.600 (150 kq 600 qram) hissəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 5(004)- 973/2025 nömrəli qərarına cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrasının Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat-İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilməsinin qərara alınması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilməlidir. Həmçinin, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan çəkisi 18000 kq, dəyəri 6300 ABŞ dolları təşkil edən “təzə qarpız” yükünün məhv edilməsi nəzərə alınmalı. Cinayət işinin materiallarında saxlanılan “İphone 15 pro” və “iphone 6s” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan “Volvo” markalı, T435KK-05 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO24” markalı, AK7183-05 dövlət qeydiyyat nişanlı qoşqunun faktiki sahiblərində olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğdə ekspertiza xərci var və Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməli, həmin məbləğ dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4-1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan çəkisi 57.300 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan çəkisi 196.093 qram olan narkotik vasitə qurudulmuş marixuanın 150.600 (150 kq 600 qram) hissəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 5(004)- 973/2025 nömrəli qərarına cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrasının Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat-İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilməsinin qərara alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan çəkisi 18000 kq, dəyəri 6300 ABŞ dolları təşkil edən “təzə qarpız” yükünün məhv edilməsi nəzərə alınsın. Cinayət işinin materiallarında saxlanılan “İphone 15 pro” və “iphone 6s” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan “Volvo” markalı, T435KK-05 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO24” markalı, AK7183-05 dövlət qeydiyyat nişanlı qoşqunun faktiki sahiblərində olması nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə olan 300 (üç yüz) manat manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar