Məhkəmə qərarları › İş №1(099)-574/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-574/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-574/2022 23.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respubilikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə xx xxxxxx 1958-ci ildə Cəlilabad rayon, Abışabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" ASC-nin X3 X6 üzrə elektrik montyoru vəzifəsində işləyən, Cəlilabad rayonu, Şiləvəngə kəndində qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən “Qızıl Tac” şadlıq sarayının həyətində tanışı Zərərçəkmiş şəxs toy şənliyində narazılıq yaratması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən elektrik alətini (elektrik indikatorunu) əynində olan pencəyin sağ yan cibindən çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsinin sol hissəsinə bir dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən daxili üzvləri zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yara xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. 19 mart 2022-ci il tarixdə qaynı oğlu X4 şəhərində yerləşən Qızıl Tac şadlıq sarayında toy şənliyi təşkil edildiyindən o da həmin toy şənliyində iştirak etmişdir. Toy şənliyinə dəvət edilmiş qonaqları yerləşdirmək ona tapşırıldığından hər hansı bir masada oturmamışdır. Təxminən saat 20 radələrində arvadının xalası oğlu Zərərçəkmiş şəxs əynində boz rəngdə köynək olan bir nəfər şəxslə tutaqlaşmış vəziyyətdə şadlıq sarayının qapısından foyeyə çıxardığını görmüş və Əfqana yaxınlaşaraq hansı səbəbdən toy məclisində narazılıq yaratdığını soruşmuş və bu səbəbdən Əfqanla aralarında mübahisə yaranmış, Əfqan onun yaxasından tutub yumruqla onun alnından bir dəfə vürmuş, o zərbədən özünü itirmiş və əsəblərini cilovlaya bilməmiş, elektrik olduğundan həmişə üzərində gəzdirdiyi indikatoru əynində olan pencəyin sağ yan cibindən çıxarıb, Əfqanın sol qabırğa nahiyyəsindən bir dəfə vurmuşdur, zərbənin təsirindən Əfqan yerə yıxılmışdır. Həmin vaxt oğlu Elşən və kürəkəni Şahin onu hadisə yerindən uzaqlaşdırmışlar. Əfqanı isə tanımadığı şəxslər xəstəxanaya aparmışlar. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Əfqan onun arvadının doğma xalası oğludur. Etdiyi əməldən peşmandır. Əfqanın müalicəsinə kömək göstərmişdir. Onunla barışmışdır. 64 yaşlı olmaqla xəstədir. Xahiş edir ki, ona həbslə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünü ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə edilmiş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə xalası nəvəsi X4 şəhərində yerləşən Qızıl Tac şadlıq sarayında təşkil edilmiş toy məclisinə o da dəvət alaraq iştirak etmişdir. Saat təxminən 20 radələrində həmkəndlisi Vüsal adlı şəxsin şadlıq sarayının daxilində kiminləsə sözlü mübahisə etdiyini görmüş və mübahisənin yaranmasının qarşısını almaq üçün Vüsalı qucaqlayaraq şadlıq sarayının qapısından çölə çıxarmışdır. Həmin vaxt spirtli içkilərin təsiri altında olduğundan Vüsala hansı formada yaxınlaşdığını və onu çölə hansı formada çıxardığını xatırlamamışdır. Onlar Vüsalla şadlıq sarayının arxa hissəsində onu başa salıb yola saldıqdan sonra şadlıq sarayının arxasında dayanmış Təqsirləndirilən şəxs onun yanına gəlib hansı səbəbdən Vüsalla mübahisə etdiyini soruşmuş, o isə Ərşaddan ondan uzaq durmasını demiş, Ərşad isə ona söyüşlə cavab vermiş, o, bundan əsəbləşərək yumruqla Ərşadın alın nahiyəsinə vurmuş, Ərşad da onun yaxasından tutub əlindəki deşici alətlə onun sol qabırğa nahiyəsinə bir dəfə vurmuş, zərbənin təsirindən o yerə yıxılmışdır.Sonra da dayısı Camal hadisə yerinə gəlib, onu yerdən qaldırıb Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. O Xəstəxanada 3 gün qaldıqdan sonra evə buraxılmışdır. Xəstəxanada olarkən Ərşad onun müalicəsinə köməklik etmişdir. Ərşad onun arvadının xalası oğludur. Onlar barışmışlar. Ərşaddan heç bir tələb və şikayəti yoxdur. Qohum olduqları üçün Ərşada yüngül cəza təyin edilməsini xahiş edir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə dayısı oğlu X4 şəhərində yerləşən Qızıl Tac şadlıq sarayında toy şənliyi təşkil edildiyindən o atasi ilə birlikdə həmin toyda iştirak etmişlər. Təxminən saat 20 radələrində anasının xalası oğlu Zərərçəkmiş şəxs əynində boz rəngdə köynək olan bir nəfər şəxslə tutaqlaşmış vəziyyətdə şadlıq sarayının qapısından foyeyə çıxardığını görmüş, o da foyeyə çıxmış, orada atası Ərşad və kürəkəni Şahinin foyedə dayandığını görmüşdür. Onlara yaxınlaşıb Əfqanın bir nəfər şəxslə tutaqlaşaraq çölə çıxdığını bildirmiş, atası da şadlıq sarayının arxasında tanımadığı şəxslə söhbət edən Əfqana yaxınlaşmışdır. O Şahinlə birlikdə şadlıq sarayının arxasına keçdikdə Əfqanın yerdə uzandığını atasının isə əlində indikator tutmuş vəziyyətdə dayandığını, alın nahiyəsində xəsarət olduğunu görmüş və atası ilə Əfqan arasında münaqişə baş verdiyini düşünərək onu hadisə yerindən aparmışlar. Orada atası Əfqanın onu nəlayiq ifadələrlə təhqir etdiyini, əlavə olaraq ona alın nahiyəsindən yumruq zərbəsi vurduğunu, buna görə də üzərində gəzdirdiyi elektrik indikatoru ilə Əfqana xəsarət yetirdiyini bildirmişdir. Dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 10 avqust 2022-ci il tarixli 682 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən daxili üzvləri zədələməyən 1 ədəd deşilmiş-kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti 19 mart 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 01 avqust 2022-ci il tarixli 360/MTKŞ-2022 saylı rəyində göstərilmişdirki, təqdim edilmiş predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı elektrik alətidir (elektrik indikatoru) və soyuq silah hesab edilmir. Təqdim edilmiş elektrik indikatorunun üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 iyul 2022-ci il tarixli 1907 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, təhqirə qarşı həssaslıq, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situsasiyası ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan hadisə yerinin baxışının aparılması haqqında 20 mart 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin baş verdiyi yer Cəlilabad şəhəri ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayının arxa hissəsidir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, 19 mart 2022-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayının arxa hissəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranan müanqişə zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi elektrik aləti ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Hadisə baş verməsi insanların narahatçılığına səbəb olmamışdır. Münaqişəyə Şahid2 və Şahid1 şahid olmuşdur. İbtidai istintaq orqanının 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs aralarında yaranan münaqişə zəmnində Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bir ədəd elektrik indikatoru maddi sübut qismində tanınaraq saxlanmasından ötrü Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İşdə olan Cəlilabad rayon mərkəzi xəstəxanası X5 verilmiş 26 iyul 2022-ci il tarixli, 1019 N-li məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın psixoloji və narkoloji kabinetlərinə mraciət etməmiş və dispanser qeydiyyatında yoxdur. İşdə olan Cəlilabad rayon mərkəzi xəstəxanası X5 verilmiş 26 iyul 2022-ci il tarixli, 1018 N-li məktubda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xəstəxananın psixoloji və narkoloji kabinetlərinə müraciət etməmiş və dispanser qeydiyyatında yoxdur. İşdə olan ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan iş baxılmasından ötrü Cəlilabad rayon Polis Şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, əsasən Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1958-ci ildə Cəlilabad rayonu, Abışabad kəndində anadan olmuşdur, Cəlilabad rayonu, Şiləvəngə kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşayır. Qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 178.3.1, 308.2, 313.3.1 və 313.3.3-cü maddələri ilə təqsirli bilinib, 3 il sınaq müddəti müəyyən edilməklə 2 il dövlət və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 3 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 30 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti 23 aprel 2021ci tarixdə müəyyən edilmiş başa çatdığında o qeydiyyatdan çıxarılmışdır. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə qərarın icra edilməsi üçün Cəlilabad rayon Polis şöbəsinə göndərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslə qohumluq münasibətində olmasını və yaşını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, 04 aprel 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmünə əsasən CM-in 178.3.1, 308.2, 313.3.1 və 313.3.3-cü maddələri ilə təqsirli bilinib, 3 il sınaq müddəti müəyyən edilməklə 2 il dövlət və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 3 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 30 avqust 2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti 23 aprel 2021-ci tarixdə müəyyən edilmiş sınaq müddəti başa çatdığında o qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi onun məhkumluğu CM-nin 83-cü maddəsində nəzərdə tutulan qaydada ödənilmişdir. O məhkumluğu olmayan şəxsdir. CM-in 60-cı maddəsinin tələbinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10–59.1- 13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallar olmamaqla kifayət qədər yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 62-ci maddəsi tətbiq edilərək barəsində təqsirləndirildiyi maddədə müəyyən ediləndən də daha yüngül cəzanın təyin edilməsi məqsədə uyğundur . Bu cəza onun islah edilməsinə və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Ona görə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub,cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirə bilərlər. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə ona CM-nin 62-ci maddəsinin tətbiq edilərək barəsində təqsirləndirildiyi maddədə müəyyən ediləndən də daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Bu cəza onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd elektrik indikatoru məhv edilsin. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 132, 346, 351- 353, 356-358,383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan bir ədəd elektrik indikatoru məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar