Məhkəmə qərarları › İş №1(099)-575/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-575/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-575/2024 27.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X1 iştirakları ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, F.Ağazadə küçəsi ev 18A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra birlikdə istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Hacıqabul rayonu Navahi kəndi ərazisinə daşıyıb, 16 mart 2024-cü il tarixdə, saat 21 radələrində Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahi kəndindən keçən hissəsində yerləşən BDYPİ-nin 720 saylı stansionar postunun yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və avtomobilə baxış zamanı bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba kəsiyi bükümündə 20 kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri, 4,38 qram, 3,34 qram, 4,44 qram, 4,03 qram, 4,65 qram, 4,77 qram, 3,24 qram, 3,96 qram, 3,59 qram, 4,38 qram, 3,83 qram, 3,97 qram, 4,44 qram, 3,87 qram, 4,26 qram, 3,31 qram, 5,02 qram, 3,57 qram, 3,53 qram və 3,90 qram olmaqla ümumilikdə 80,48 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 19,567 qram külli miqdarda ağımtıl rəngli, kristallık hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 640,0 qram külli miqdarda qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin avtomobilin salonunda yerləşən ön sərnişin oturacağının altında olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış plastik qutunun içərisindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında yazılanlarla razı deyildir. Elmanla qabaqcadan əlbir olmamış, bu barədə səs yazıları da vardır. Elman ona zəng etdikdən sonra çıxmışlar və yolda bu barədə məlumat almışlar. O, narkotik vasitə marixuana istifadəçisi olmuşdur. Elmanla birlikdə istirahətə Gəncə şəhərinə getmək üçün Bakı şəhərindən çıxmış, yolda Elmanın tanışı olan şəxsin Hacıqabul rayonu ərazisinə qoyacağı qurudulmuş marixuananı götürüb çəkmək istəmişlər. Torbanı götürdükdən 300 metr qabaqda Bakı şəhəri istiqamətində Nəvahi postunda polis əməkdaşları onları saxlamışlar. Orada baxış keçirilməmiş, onları Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar. Həmin torbanın içinə narkotik vasitə qoyub onların qarşısına gətirərək narkotik vasitəni üzərlərinə götürmədikləri təqdirdə onları 2 kiloqram narkotik vasitə metamfetaminlə sənədləşdirəcəklərini bildirmişlər. Məcburiyyət qarşısında həmin narkotik vasitənin onlara aid olduğunu söyləmişlər. O, marixuanadan başqa narkotik vasitə istifadə etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Elmanla 3 ilə yaxındır tanışdırlar. Onlar Gəncə şəhərinə istirahətə gedərkən narkotik vasitə götürməklə bağlı Təqsirləndirilən şəxs1 zəng gəlmiş, həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə götürmüşlər, çəkisini bilmədikləri üçün onu götürdükdən sonra pulunu ödəyəcəkmişlər. Saxlanılan zaman üzərlərinə şəxsi axtarış və maşına baxış keçirilmişdir, həmin vaxt orada vəkil olmamış, sonradan gəlmişdir. Onların əvvəldən narkotik vasitə götürmək kimi planları olmamış, yolda gələn zəng əsasında hərəkətə keçmişlər. Şöbədə üzərlərinə baxış keçirilərkən onlara fiziki zorakılıq göstərilmişdir. 3 dəfə çəkiliş olmuş, çəkiliş zamanı o, narkotik vasitə marixuana üçün gəldiyini bildirmişdir. Təzyiqlər qarşısında etirafedici ifadə verməyə məcbur qalmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Qaradağ rayonu ərazisində olan zaman Təqsirləndirilən şəxs1 ona “nəşə” götürmək üçün getdiklərini, qarşılığında isə ona nəşə kimi tanıdığı narkotik vasitə marixuana verəcəyini bildirmişdir. Lakin, həmin vaxt ona nə qədər nəşə verəcəyini və nə qədər nəşə götürəcəkləri barədə heç bir məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmışdır. Verilmiş suallara cavab olaraq narkotik vasitə marixuananı Bakı şəhərinə çatdırmaq və qarşılığına marixuananın istifadəçisi olduğu üçün özünə narkotik vasitə götürmək məqsədilə etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinin həqiqi olduğunu, Gəncəyə istirahət üçün gedərkən orada marixuana çəkmək məqsədilə həmin torbanı götürdüyünü bildirmişdir. Sonda təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs2 ilə eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, ona narkotik vasitə ilə bağlı zəng gələcəyindən xəbərsiz olmuşlar. Onlar narkotik vasitəni götürəndə onun marixuana deyil, başqa narkotik vasitə olduğunu bilməmişlər. Həmin narkotik vasitəni şəxsi istifadə üçün götürmüşlər. Üzərinə baxış keçirilən zaman az miqdarda pul, siqaret və telefon aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış zamanı aşkar edilən torba onların götürdüyü torba olmuşdur, ancaq içindəki narkotik vasitələr fərqli olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə səhər saatlarında təxminən 8 il bundan əvvəl Bakı şəhərində tanış olduğu, hal-hazırda Rusiya Federasiyasında yaşayan şəxsiyyəti barədə tam məlumatı olmayan Məlahət adlı şəxs istifadəsində olan Samsung Galaxy A14 markalı üzərində +**********45 saylı operator nömrəsi olan mobil telefonuna zəng edərək, Hacıqabul rayonu ərazisində gül, yəni nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni götürərək, Bakı şəhərinə gətirməli olduğunu bunun müqabilində ona narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. O, Məlahətə bildirmişdir ki, nəşə gətirəcəksə gedə bilər, o birilərdən olsa getməyəcəkdir. Məlahət birdaha qeyd etmişdir ki, “kakos” olmaz gətirəcəyi nəşədir. O, Məlahətin dediyinə razı olmuşdur. Bundan sonra Məlahət onu bir nəfər Gürcüstan vətəndaşı ilə tanış edəcəyini bildirmişdir. Daha sonra tanımadığı şəxs ona məxsus olan mobil nömrəyə +**********64 saylı nömrə ilə zəng etmişdir. O, həmin şəxslə bir neçə dəfə danışdıqda sonra görmüşdür ki, həmin şəxs ləhcəsindən Gürcüstan yox, daha çox İran İslam Respublikası vətəndaşına oxşayır. Tanımadığı şəxs ona Hacıqabul rayonuna çatdıqda onunla əlaqə saxlamasını, narkotik vasitə marixuananın atılacağı yerin məkanını atacağını bildirmişdir. Bundan sonra o, istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə dostu Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***- **-** saylı nömrəsinə vatsap vasitəsi ilə zəng edib, Hacıqabul rayonuna narkotik vasitə marixuana atacaqlarını, həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərinə çatdıracaqlarını, bunun müqabilində onlara narkotik vasitə qurudulmuş marixuana verəcəklərini, birlikdə Hacıqabul rayonuna gedərək, həmin narkotik vasitəni götürməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla Hacıqabul rayonuna gələrək, narkotik vasitə marixuananı götürməyə razılıq vermişdir. Verilmiş suallara cavab olaraq narkotik vasitə marixuananı Bakı şəhərinə çatdırmaq və qarşılığına marixuananın istifadəçisi olduğu üçün özünə narkotik vasitə götürmək məqsədilə etmişdir. Sonda təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, İş üzrə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində gösətrmişdir ki, 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Nəvahi postunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqları yerdə əlverişli şərait olmadığından şəxsi axtarış keçirilməmiş, şübhəli şəxslər polis şöbəsinə aparılmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyat qrupunda o, Şahid1 və Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxsləri Bakı istiqamətində saxlamışlar. Onların maşınından narkotik vasitə marixuana və heroin, üzərlərindən mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni İİR vətəndaşından aldıqlarını bildirmişlər. Saxlanılarkən onlara qarşı zor tətbiq edilməmiş və onların qeyd etdiyi narkotik vasitələrin dəyişdirilməsi kimi hallar baş verməmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə Bakı sakinlərinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupa O, Şahid2, Şahid1 və Şahid4 daxil olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə onların məlumatına əsasən Nəvai postunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanıldıqları yerdə əlverişli şərait olmadığından şübhəli şəxsləri polis şöbəsinə aparmışlar. Avtomobilə baxış zamanı marixuana, metamfetamin və heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 onlara İİR vətəndaşı ilə danışığına əsasən narkotik vasitəni həmin yerə qoyduğunu bildirmişdir. Verilən suallara cavab olaraq E.Sultanov bildirmişdir ki, şəxsləri saxlayan zaman onlara qarşı heç bir fiziki zor tətbiq edilməmişdir, avtomobillərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən yerləşdirilməsi kimi hal baş verməmişdir. Təqsirləndirilən şəxslərin üzərindən pul aşkar edilməsi barədə məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 Şahid2 və Şahid3 ilə eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, şəxsləri Nəvahi postu yaxınlığında saxlamışlar, onlar şöbədə olarkən vəkillə təmin olunmuşlar. Avtomobillərinə baxış keçirilərkən ön sərnişin oturacağında sellofon paketdə içərisində üç ədəd narkotik vasitə heroin və metamfetaminə bənzər bükümlər olan kapron qab aşkar edilmişdir. Onlar narkotik vasitəni Bakı şəhərində satacaqlarını və qarşılığında pay alacaqlarını bildirmişlər. Saxlanılan zaman təqsirləndirilən şəxslərə qarşı fiziki zor tətbiq edilməmiş və onların qeyd etdiyi digər hallar baş verməmişdir. Məhkəmə tərkibi CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 16 mart 2024-cü il tarixli protokollardan dan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarxidə şübhəli şəxs qismində tutulmuşdur.(C-İ, i.v. 23-24, 44-45) - «Şəxsi-axtarış və götürmə aparılması barədə» 16 mart 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd üzərində ***-***-**-** saylı nömrəsi olan “Samsung” markalı və Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd üzərində ***-***-**-** saylı nömrəsi olan “Redmi Not 10S” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən aşkar edilərək götürülmüşdür.(C-İ, i.v. 29-31, 50-52) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 18 mart 2024-cü il tarixli, 398 və 403 saylı müvafiq qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrlə ittiham elan edilmişdir. (C-İ, i.v. 94-95, 114-115) - Hacıqabul Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 4(071)-20/2024 və 4(071)-21/2024 nömrəli müvafiq qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 mart 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v 189, 198) - «Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası»nın 17 mart 2024cü il tarixli, 3-16-16/2-18/301-302 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki kağızda “Hunday Elantra” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildən...” sözləri yazılmış kağız paketdə 20 kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri, 4,38 qram, 3,34 qram, 4,44 qram, 4,03 qram, 4,65 qram, 4,77 qram, 3,24 qram, 3,96 qram, 3,59 qram, 4,38 qram, 3,83 qram, 3,97 qram, 4,44 qram, 3,87 qram, 4,26 qram, 3,31 qram, 5,02 qram, 3,57 qram, 3,53 qram və 3,90 qram, ümumi çəkisi 80,48 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi-19,567 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd üzəri qara rəngli polietilen bükümdə təmiz çəkisi 640,0 qram olan qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.(C-İ, i.v. 68-71) - «Məhkəmə-narkoloji ekspertizası»nın 05 aprel 2024-cü il tarixli, 2189 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( C-İİ, 100-101) - «Məhkəmə-narkoloji ekspertizası»nın 31 may 2024-cü il tarixli, 3871 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, 106-107) - «Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 20 aprel 2024-cü il tarixli, 1065 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etməklə idarə etmək qabiliyyətinə malik olmuşdur. (C-İİ, 102-105) - «Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 20 may 2024-cü il tarixli, 1430 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 halhazırdada öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etməklə idarə etmək qabiliyyətinə malik olmuşdur.(C-İİ, İ.v. 108-111) - «Məhkəmə-tibbi ekspertizası»nın 18 mart 2024-cü il tarixli, 124 saylı rəyinə əsasən müayinə zamanı, Təqsirləndirilən şəxs1 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (C-İİ, i.v. 96-97) - «Məhkəmə tibbi ekspertizası»nın 18 mart 2024-cü il tarixli, 125 saylı rəyinə əsasən müayinə zamanı, Təqsirləndirilən şəxs2 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (C-İİ, i.v. 98-99) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, xx/xx-4050 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs1 27 oktyabr 2023-cü il tarixdən Kannobinoid qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə (dispanser-5 illik) narkoloji qeydiyyatdadır. (C-İİ, i.v.6) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, xx/xx-4052 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs2 narkoloji qeydiyyatda yoxdur.(C-İİ, i.v. 7) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 4504 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs2 psixiatriya xəstəxanasında müalicə almamışdır.(C-İİ, i.v.8) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 24 mart 2024-cü il tarixli, 463 saylı qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 80,08 qram narkotik vasitə qurudulmuş marixuana, 19,467 qram psixotrop maddə metamfetamin, 639,90 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. avtomobilə baxış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (C-İ, i.v. 193-194) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 24 mart 2024-cü il tarixli, 466 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Redmi Note 10 S” markalı **********08585 və **********08593 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və həmin telefona baxış aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. ( C-İİ, i.v. 202-203) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 27 may 2024-cü il tarixli, 765 saylı qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş yaddaşında telefon məlumatları olan CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( C-İİ, i.v. 90-91) - «Baxış keçirilməsi haqqında» 27 may 2024-cü il tarixli 764 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 994-***-***-**-** saylı mobil nömrəyə 17 sentyabr 2023-cü il tarixdən 17 mart 2024-cü il tarixədək olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı xüsusat aşkar edilməmişdir. - «Baxış aparılması haqqında» 24 mart 2024-cü il tarixli, 464 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 10 S” markalı telefonda “Elman” adı ilə qeydiyyata alınmış +**********45 saylı operator nömrəsi ilə aşağıdakı məzmunda yazışma və səs yazıları olmuşdur: Emin: “Elman neynirsən, yatmısansa Elman sən canı saba səhər-səhər mən zəng eləginən görüşəkdə qardaşım olar sabah pul lazımdı brat”. (səs qeydi 12 saniyə) 03:33 Elman: “Ə yox ey nə yatmağ ala bütün belə, şakoynan danışmışam emin sabah günorta ona pul vurmalıyıx axşama atacay, kankret danışdım bu gün dedi gejdi, sabah deyir günorta vurun, axşama atım deyir götürün, inşallah deyir yaxşı olacax narahat olmuyun Elman, sabah onu vurax Emin 300 manat, atsın axşam götürəy yaxşı qaqa bu heç bu belə getdi, sabah mənim bidənə işim gedib uşağı bidənə xəstəxanadan götürüb səhər tezdən götürüb gətirim evə, i fisyo onnan sora problem yoxdu gedəy göstərəy hara deyirsən ayıb döyül” (səs qeydi 37 saniyə) 03:35 Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi :

1. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən onların aşkar olunmuş narkotik vasitə və psixotrop maddə dolu torbanın onlara məxsus olduğunu etiraf etməyəcəkləri təqdirdə onları 2 kq metamfetaminlə sənədləşdirəcəkləri ilə hədələmələri barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrıayrılıqda avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetamini vatsap vasitəsilə tanıdığı şəxsdən əldə etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. (i.v. 133-137, 138- 144)

2. Həmçinin, işdə olan «Məhkəmə-tibbi ekspertizası»nın 18 mart 2024-cü il tarixli, 124 saylı və 125 saylı rəylərindən də görünür ki, müayinə zamanı müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Həmçinin, hər iki rəydə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözlərindən saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmədikləri və xəsarət almadıqları qeyd edilmişdir.(C-İİ, i.v. 96- 97, C-İİ, i.v. 98-99)

3. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin, avtomobilə videoçəkilişlə baxış keçirilərkən verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan torbanı onun götürüb öz ayaqaltısına qoyduğunu, saxlanılarkən torbanın maşında olduğunu, qurudulmuş marixuana dolu torbanı Hacıqabul rayonu ərazisindən götürüb narkotik vasitəni qoyan şəxsin dediyi yerə çatdırmalı olduqlarını, bunun müqabilində ona çəkməyə marixuana veriləcəyini, Təqsirləndirilən şəxs1 isə qurudulmuş marixuana növündə narkotik vasitəni İran vətəndaşının dediyi ünvana çatdıracağı müqabilində ona çəkməyə qurudulmuş marixuana veriləcəyini, saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişlər.

4. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi istirahət etmək üçün Gəncə şəhərinə yola çıxdıqlarını, orada istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmək niyətləri barədə dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin bu dəlilləri də həm özlərinin ibtidai istintaqdakı ifadələri, həm də iş materialları ilə təkzib olunur. Belə ki, hər ikisi ibtidai istintaq dövründə qurudulmuş marixuananı Hacıqabul rayonundan Bakı şəhərinə çatdırmaq üçün gəldiklərini, bunun müqabilində çəkmək üçün marixuana əldə edəcəklərini bildirmişlər. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin çəkisi ilə birlikdə təqsirləndirilən şəxslərin Bakı şəhəri istiqamətində yaxalanmaları da nəzərə alındıqda məhkəmə onların narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımaları barədə ittiham sübutlarını inandırıcı hesab edir.

5. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin onlara narkotik vasitə marixuananın atılması barədə Qaradağ rayonu ərazisində olarkən xəbər verildiyini, bundan əvvəl bu barədə planlaşdırmadıqları ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin bu dəlilləri də iş materialları ilə təkzib olunur. Belə ki, telefona baxış keçirilməsi haqqında tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 mart 2024-cü il tarixdə narkotik vasitənin əldə edilməsi barədə mesajlaşmışlar, Təqsirləndirilən şəxs1 narkotik vasitə qoyacaq şəxsə günorta pul göndərilməli olduğunu, axşama isə bir yerə atacaqlarını demiş, yola çıxmaq üçün Təqsirləndirilən şəxs2 tələsdirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaqla onlardan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin yalnız özlərinin istifadə etmələrindən ötrü narkotik vasitə əldə etmək niyəti ilə bağlı göstərdiyi dəlilləri işdə olan digər sübutlarla təkzib olunmuş, müdafiə tərəfinin polis əməkdaşları tərəfindən göstərilən zorakılıq nəticəsində etirafedici ifadə vermələrinə dair dəlillər məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqni tapmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra birlikdə istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 idarə etdiyi qeydiyyat şəhadətnaməsi ilə X2 məxsus “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Hacıqabul rayonu Navahi kəndi ərazisinə daşımışlar, 16 mart 2024-cü il tarixdə, saat 21 radələrində Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahi kəndindən keçən hissəsində yerləşən BDYPİ-nin 720 saylı stansionar postunun yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və avtomobilə baxış aparılan zaman onların qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə qanunsuz olaraq satış məqsədilə əldə etdikləri bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba kəsiyi bükümündə 20 kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri, 4,38 qram, 3,34 qram, 4,44 qram, 4,03 qram, 4,65 qram, 4,77 qram, 3,24 qram, 3,96 qram, 3,59 qram, 4,38 qram, 3,83 qram, 3,97 qram, 4,44 qram, 3,87 qram, 4,26 qram, 3,31 qram, 5,02 qram, 3,57 qram, 3,53 qram və 3,90 qram olmaqla ümumilikdə 80,48 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 19,567 qram külli miqdarda ağımtıl rəngli, kristallık hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 640,0 qram külli miqdarda qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin avtomobilin salonunda yerləşən ön sərnişin oturacağının altında olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış plastik qutunun içərisindən aşkar edilib götürülmüşdür. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, şəxsi-axtarış və götürmə aparılması barədə protokol və ona əlavə edilmiş videoçəkliş, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (ARCM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmasını, hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməlidir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 09 aprel 2024-cü il tarixli tələbnaməyə əsasən Balışov X4 Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli hökmü ilə ARCM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarı ilə 25 sentyabr 2017-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 02 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş, 29 sentyabr 2023cü il tarixdə cəza müddəti başa çatmışdır.(C-İİ, 3-5) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 09 aprel 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 177.3.2ci maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Binəqədi rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilib, Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə 27 fevral 2018-ci il tarixli qərar dəyişib, 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 14 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (C-İİ, i.v. 1-2) BRİHB-nin Xocasən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 5-10-4/2-38/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi F.Ağazadə küçəsi 18A saylı evdə ailə tərkibi xx.xx.2011-ci il təvvəlüdlü qızı X3 ilə yaşamışdır. Təqsirləndirilən şəxs2 barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (C-İ, i.v. 209) Bakı şəhəri NRİH Nəsimi rayonu Mənzil-Kommunal təsərrüfatı birliyinin 59 saylı mənzil kommunal istismar sahəsidən verilmiş 13 may 2024-cü il tarixli, 533 saylı arayış və 13 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda qeydiyyatda olmaqla 3 nəfər ailə tərkibi ilə birlikdə yaşamışdır. Onun haqqında yaşadığı ərazi üzrə nümyəndəliyə heç bir şikayət daxil olmamışdır. ( C-İİ, i.v. 94-95) Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ARCM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə ARCM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. ARCM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. ARCM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə təyin ediləcək cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə iki hissəsindən az ola bilməz. ARCM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Cinayət Məcəlləsinin sadalanmış normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. ARCM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlıqlarının faktiki məhdudlaşdırıldığı 16 mart 2024-cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 4(071)-20/2023 və 4(071)- 21/2023 nömrəli müvafiq qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan qalıq çəkisi 80,08 qram narkotik vasitə qurudulmuş marixuana, 19,467 qram psixotrop maddə metamfetamin, 639,90 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. “Redmi Note 10 S” markalı **********08585 və **********08593 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Avtomobilə baxışı əks etdirən 03 ədəd DVD disk və mobil telefona baxış aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 63.90 ( altımış manat doxsan qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 31 manat 95 qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. ARCM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan qalıq çəkisi 80,08 qram narkotik vasitə qurudulmuş marixuana, 19,467 qram psixotrop maddə metamfetamin, 639,90 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Redmi Note 10 S” markalı **********08585 və **********08593 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışa dair 02 ədəd, avtomobilə baxışı əks etdirən 01 ədəd DVD disk və mobil telefona baxış aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 63.90 (altımış manat doxsan qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ( hər birindən 31 manat 95 qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar