Məhkəmə qərarları › İş №1(099)-576/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-576/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-576/2023 16.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 70, mənzil 58-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 196, mənzil 18-də yaşamış, barəsində 05 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı Şahid4 və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə qrup üzvü Şahid4 mobil telefon vasitəsi ilə narkotik vasitələrin Lənkəran rayonu ərazisində olması barədə verdiyi məlumat əsasında sonuncu 23 iyun 2022-ci ildə onun tapşırığı ilə Bakı şəhərindən Lənkəran rayonuna getmək üçün “BOLT” taksi xidmətindən 115 manat gediş haqqı ödəməklə sifariş verdiyi, əvvəllər tanımadığı, onun əsl niyyətindən xəbərsiz olan Bakı şəhəri, Suraxanı rayon sakini X1 olduğu, sonuncuya məxsus “Opel Astra minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu istiqamətində yola çıxmış, yol boyu mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemində əlaqə saxlayaraq qrupun üzvləri olan digər şəxslər tərəfindən qoyulmalı olan külli miqdarda narkotik vasitələrin Lənkəran rayonu ərazisində əldə edəcəyi ünvan barədə Şahid4 məlumatlar vermiş, qeyd olunan tarixdə, saat 22 radələrində onun tapşırığı ilə Şahid4 sifariş verdiyi taksi avtomobilində yeni Ələt-Astara magistral yolun Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, əvvəlcədən əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq, qrupun məlum olmayan digər üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 ədəd sellofan bağlamada təmiz çəkisi 730,0 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 ədəd sellofan bağlamada olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 3670,0 (3 kq, 670 qr) qram olub xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 1 ədəd sellofan bağlamada, təmiz çəkisi 141,129 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı Ələt-Astara avtomobil yolunun üzü Bakı şəhəri istiqamətində, Lənkəran rayonu ərazisində yerləşən, üzərində 58 yazısı həkk olunmuş dəmir lövhə ilə paralel qaranlıq ərazidə gizlədilməsi barədə məlumatı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Şahid4 ötürmüş, Şahid4 onun məlumatı əsasında satış məqsədi ilə qanunsuz olaraq, qrupun digər üzvlərinin gizlətdiyi çəkilərdə və növlərdə olan narkotik vasitələri onların gizlədildiyi yerdən götürməklə əldə etməsinə nail olmuş, narkotik vasitələri götürməsi və onların növləri barədə mobil telefon vasitəsi ilə mesajlar göndərməklə Şahid4 məlumatlar almış və sonuncuya Bakı şəhərində yerləşən “Vasmoy” deyilən əraziyə gəlməsini tapşırmış, Şahid4 sürücü Sədi Abdullayevin idarə etdiyi avtomobildə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı DİN-nin BDYPİ-nin Masallı rayonu ərazisində yerləşən 11-ci stasionar yol patrul xidməti postunun yaxınlığında saxlanılaraq həmin postun ərazisində avtomobilə baxış keçirilərkən Şahid4 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar satış məqsədi ilə əldə edib, avtomobildə saxladığı və Bakı şəhərinə daşıdığı qeyd olunan çəkilərdə və bağlamalarda külli miqdarda narkotik vasitələr olan heroin, tiryək və qurudulmuş marixuana “Opel Astra minik” markalı avtomobilin arxa sağ oturacağının ayaqaltı hissəsində bir ədəd qara rəngli sellofanın içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni İran vətəndaşı ilə tanışı Şahid4 arasında əlaqə yaratdığına görə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 istifadə etdiyi mobil telefonda “WhatsApp” olmadığı üçün 2022-ci ilin may ayında onun istifadəsində olan mobil telefondakı “WhatsApp” dan istifadə edərək İranlı tanışı ilə narkotik barədə danışmış, 23 iyun 2022-ci ildə səhər saatlarında İranlı “WhatsApp” la ona səsli mesaj göndərərək narkotik vasitəni axşam saatlarında Lənkəran rayonuna atacağını bildirmiş, o da bu barədə Namiqə məlumat vermiş, Namiq İranlı ilə danışmağa davam etməsini, narkotikin qoyulacağı yer barədə ona bildirməsini xahiş edərək Lənkəran rayonuna yola çıxmış, mütəmadi olaraq İranlı ilə əlaqə saxlayaraq aldığı məlumatları Namiqə demiş, içərisində narkotik vasitə olan bağlamanın qoyulan yerin şəklini çəkib ona göndərmiş, conradan sonuncunun anasından onun həmin gün polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Namiqi Lənkəran rayonuna o, göndərməmiş, sonuncu özü İranlı ilə danışıb narkotik vasitə əldə etmiş, həmin narkotik vasitələr ona məxsus olmamış, İranlı ilə danışarkən Namiqin adından danışmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Şahid4 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və satması barədə icraatına daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, 23 iyun 2022-ci ildə, gecə saat 23 radələrində Şahid4 Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində, Baş Dövlət Yol Polisinin 11-ci YPX postunun yaxınlığında Bakı şəhər sakini Sədi Abdullayevin idarə etdiyi Opel-Astra markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olarkən saxlanılaraq Regional Şöbəyə aparılmış, orada hər iki şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı sürücünün üzərində qanunsuz heç bir şey aşkar edilməsə də, Şahid4 əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, sonra onların iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilmiş, baxış zamanı Şahid4 avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltısının üstündən bir ədəd bağlama götürüb onlara təqdim etmiş, həmin bağlamanın içərisində narkotik olduğunu bildirmiş, bağlamalara baxılarkən onların içərisində külli miqdarlarda narkotik vasitə tiryəkə, marixuanaya və heroinə bənzər kütlələr olmuş, sonra protokol tərtib edilərək içərisində narkotik vasitələrə oxşar maddələr olan bağlamalar qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Şahid4 həmin bağlamaları Bakı şəhərində yaşayan Elşən adlı şəxsə apardığını, onları götürmək üçün Elşənin təklifi ilə Bakı şəhərindən Lənkərana gəldiyini, narkotik vasitələri Elşənə çatdıracağını, bunun müqabilində sonuncu ona narkotik vasitə heroin verəcəyini, bağlamaları Astara-Ələt avtomobil yolundan götürdüyünü, sürücünün isə bu işlərdən xəbərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinb 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Şahid4 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı eləcə də barəsində çıxarılmış və hazırda qanuni qüvvəyə minmiş hökm üzrə məhkəmədə vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuş, onun narkotik vasitə istifadə etdiyini bilmiş və onunla birlikdə əvvəllər narkotik istifadə etmişdir. 23 iyun 2023-cü ildə Elşən ona zəng edərək Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində, Astara rayonundan Bakı şəhəri istiqamətində, yolun kənarında narkotik vasitə qoyulacağını, həmin bağlamanı götürməsini, bağlamada 1 kq heroin, 200 qram metamfetamin olduğunu, bunun müqabilində isə həmin narkotikdən öz istifadələri üçün götürəcəklərini bildirmiş, o, həmin gün saat 17 radələrində Lənkəran-Astara rayonuna getmək üçün "Bolt" taksi şirkətinə kartla 115 manat ödəniş edərək taksi sifariş etmiş, Elşənin dediyi istiqamətdə Lənkəran rayonuna yola düşmüş, bağlamanın haradan götürməsi ilə bağlı Elşənlə yol boyu istifadəsində olan mobil telefonun "WhatsApp"ı ilə danışmış, Lənkərana çatdıqda Elşənə məlumat vermiş, sonuncu dediyi yerdə, yəni ”Ələt-Astara” magistralyolunun “58-ci kilometr” yol nişanının yanında taksini saxlatdırıb maşından düşərək narkotik vasitələr olan bağlamanı götürüb avtomobilin arxa oturacağına əyləşmiş, həmin taksi ilə Lənkəran rayonundan Bakı şəhəri istiqamətinə qayıdarkən saat 22 radələrində Yol Patrul Xidmətinin Masallı postuna çatmamış polis əməkdaşları tərəfindən saxlanılaraq regional şöbəyə aparılmış, orada videoçəkilişlə avtomobilə baxış keçirilmiş, avtomobilə qoyduğu narkotik vasitələr olan bağlama aşkar edilərək götürülmüş, sorğu-sual zamanı həmin bağlamaların tanışı Elşənə məxsus olduğunu və ona çatdırmaq üçün götürdüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, məhkum olunmuş Şahid4 barəsində olan cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsində də avtomobilə qoyduğu narkotik vasitələr olan bağlamanın Bakı şəhərində yaşayan Elşən adlı şəxsə apardığını, onları götürmək üçün Elşənin təklifi ilə Bakı şəhərindən Lənkərana gəldiyini, narkotik vasitələri Elşənə çatdıracağını, bunun müqabilində sonuncu ona kakos deyilən narkotik vasitə heroin verəcəyini, bağlamaları Astara - Ələt avtomobil yolunun 58-ci kilometrliyindən götürdüyünü göstərməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə keçirilmiş və Şahid4 ifadəsində göstərdiyi xüsusatları, yəni, Təqsirləndirilən şəxs onu narkotik vasitəni götürmək üçün göndəridiyini, İranlı ilə narkotik vasitənin əldə edilməsi barədə razılığa gəldiyini, özünün İranlı ilə heç bir əlaqəsinin olmadığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid4 Opel-Astra markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama çıxarıb polis əməkdaşların təqdim etmiş, həmin bağlamanın içərisindən 02 ədəd bükülüdə tiryəkə bənzər, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şahid4 aşkar edilmiş bükülüləri Bakı şəhərində yaşayan Elşən adlı tanışının təklifi ilə Bakı şəhərində 115 manat pulu kart vasitəsi ilə ödəyib «Bolt» taksi sifarişi verdikdən sonra Sədi adlı şəxsin idarə etdiyi avtomaşınla gəlib Astara - Ələt avtomobil yolunun 58-ci kilometrliyindən özü götürmüş, sürücü Sədinin narkotik maddədən məlumatı olmamış, ilk dəfədir cənub bölgəsinə narkotik vasitə üçün gəlmiş, yol kənarından götürdüyü narkotik vasitələri Bakı şəhərinə aparıb Elşən adlı şəxsə çatdıracağını, bunun müqabilində Elşən ona kakos deyilən narkotik vasitə heroin verəcəyini bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyun 2022-ci il tarixli 19/729 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X3 idarə etdiyi Opel-Astra markalı **-TS-*** nömrəli avtomaşından Şahid4 məxsus 02 ədəd bükümdə tiryəkə bənzər, 01 ədəd heroinə bənzər və 01 ədəd qurudulmuş marixuanaya bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 02 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri -3190,0 qram, -480,0 qram, ümumi təmiz çəkisi -3670,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 01 ədəd bükülüdə təmiz çəkisi -730,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükülüdə təmiz çəkisi -141,129 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid4 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -18,237 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. X3 idarə etdiyi Opel-Astra markalı **-TS-*** nömrəli avtomaşından Şahid4 məxsus 02 ədəd bükümdə tiryəkə bənzər, 01 ədəd heroinə bənzər və 01 ədəd qurudulmuş marixuanaya bənzər kütlələr.” və “Vət. Şahid4 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd bağlamadakı və bir ədəd zərfdəki, ümumilikdə sayı 2 büküm olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023cü il tarixli, 275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan telefona baxış keçirilməsi haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 saxlanılarkən üzərində olan 01 ədəd boz rəngli “İphone” markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefon “İphone” markalı olmaqla kənar və arxa hissəsi boz rənglidir. Telefonda "xxxx" MMC-yə məxsus ***- ***-**-** saylı sim nömrə vardır. Telefonda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemində olan sms mətnlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid4 tutulduğu gün telefonun kontaktında adı “STARŞİY BRAT” olaraq qeyd edilən şəxslə yazılı və səsli ismarıclarla söhbət etmişdir. Həmin ismarıcların məzmunundan görünür ki, həmin şəxs Şahid4 Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsinə getməsini, orada narkotik vasitə qoyulacağını, narkotik vasitənin dəqiq yerini isə deyilən yerə çatdıqdan sonra ona məlumat verəcəyini bildirir. Şahid4 Lənkəranda olduğunu bildirdikdən sonra, həmin şəxs Astaraya gedərək təzə yola daxil olmasını, narkotik vasitənin təzə yolda qoyulacığını bildirir. Daha sonra həmin şəxs narkotik vasitənin təzə yolda, Astaradan Bakı şəhərinə gedəndə 58 kilometr nişanın yanında qoyulduğunu bildirir, Şahid4 da narkotik vasitəni götürdükdən sonra həmin şəxsə məlumat verir və kütlənin çox olduğunu deyir. Həmin şəxs Şahid4 ehtiyatlı olmasını bildirir, kütlənin içərisində tiryək də olduğunu qeyd edir. Mobil telefonun kontaktına baxış keçirildikdə adı “STARŞİY BRAT” olaraq qeyd edilən şəxsə məxsus telefon nömrəsinin +99***-***-**-** olması müəyyən edilmişdir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Şahid4 istifadəsində olan telefondakı “WhatsApp” ani mesajlaşma mübadilə sistemində olan sms mətnlərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, adı “STARŞİY BRAT” olaraq qeyd edilən şəxs özüdür, ismarıcları özü Şahid4 yazmışdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 02 ədəd bükülüdə - qalıq çəkisi 3670,0 qram narkotik vasitə tiryək, 01 ədəd bükülüdə - qalıq çəkisi 141,129 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə - qalıq çəkisi -730,0 qram olan narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır, istintaq hərəkətləri aparılmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayəti törətmədiyini göstərməklə özünü təqsirli bilməməsi hissəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yaxa qurtarmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi iş materialları, Şahid4 oğlunun məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadələri, həmçinin preyudisial qüvvəyə malik olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Şahid4 olduğu avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələr olan tiryəki və heroini həmçinin qurudulmuş marixuananı Təqsirləndirilən şəxs bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz yolla qazanc əldə etmək üçün əldə etmişdir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr olan tiryək və heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 04 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan ədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 70, mənzil 58-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 196, mənzil 18-də himayəsində arvadı və iki azyaşlı uşaqları ilə birgə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s.müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi - 3670,0 qram narkotik vasitə tiryəkin, 01 ədəd bükülüdə, təmiz çəkisi 141,129 qram narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd bükülüdə, təmiz çəkisi - 730,0 qram narkotik vasitə heroinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(099)- 280/2023 saylı hökmü ilə məhv edilməsi nəzərə alınmalı, istintaq hərəkətləri aparılmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan, 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi - 3670,0 qram narkotik vasitə tiryəkin, 01 ədəd bükülüdə, təmiz çəkisi 141,129 qram narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd bükülüdə, təmiz çəkisi - 730,0 qram narkotik vasitə heroinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(099)- 280/2023 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın, istintaq hərəkətləri aparılmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar