Məhkəmə qərarları › İş №1(099)-577/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-577/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-577/2023 17.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran şəhəri, X9 küçəsi, ev 34-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 04 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 mart 2023-cü ildə, saat 09 radələrində Lənkəran şəhəri, Hənifə Abdullayeva küçəsində yerləşən çörək sexinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs onu spirtli içki aludəçisi adlandırmasından əsəbiləşərək, bu bəhanə ilə cüzi səbəb üzündən, yəni xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə üzərində gəzdirdiyi məlum olmayan iti kənarlı və uclu xassəyə malik predmetlə (bıçaqla) Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edib, böyük piyliyi zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımış, münasibətləri həmişə normal olmuş, lakin son vaxtlar sonuncu onunla yersiz zarafatlar etməyə başlamış, bu barədə ona irad bildirəndə, Heybət ona kobud cavablar vermişdir. 2023-cü ilin mart ayının 1-də, saat 09 radələrində Zərərçəkmiş şəxslə Lənkəran şəhərində görüşmüş, ondan iş olub-olmadığını soruşarkən sonuncu ona kobud formada içki düşkünü - əyyaş olduğunu, ondan iş görən olmadığını demiş və onun ünvanına nalayiq söyüşlər söymüş, sonra yerdən daş parçası götürüb üzərinə hücum etmiş, Heybətin onu vuracağını görüb gödəkcəsinin qoltuq cibində olan qatlanan cib bıçağını çıxardıb onun qarnının sol hissəsinə bir dəfə bıçaq zərbəsi vurmuş, Heybət qışqıraraq yerə yıxılmış, sonuncunun səsinə yaxınlıqda olan və çörək sexində işləyən sexin müdiri Qurban və Bəhruz küçəyə çıxıb hadisəni görmüş, Faiq adlı şəxs Heybəti idarə etdiyi juquli markalı avtomobilə əyləşdirib Lənkəran RMX-na aparmış, hadisədən sonra bıçağı rayonunun Sütəmurdov kəndində olan Lənkəran çay körpüsündən çaya atmış, növbəti gün atası polisə zəng etmiş, polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Samirlə münasibətləri normal olmuş, Samir spirtli içkilərin düşkünü olmuş, hər gün spirtli içkilər qəbul etmiş, sonuncuya bir neçə dəfə irad bildirsə də nəticəsi olmamış, münasibətləri pisləşmişdir. 01 mart 2023-cü ildə fəhləlik etmək məqsədi ilə yaşadığı Liman şəhərindən Lənkəran şəhərinə gəlmiş, orada Samirlə görüşmüş, Samir ona “sən nə üçün mənə alkaş deyirsən” demiş, sonuncuya mən sənə elə söz deməmişəm demiş, bu sözdən sonra Samir onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, əlini əynində olan gödəkcəsinin qoltuq cibinə salaraq cibindən bıçaq çıxarıb onun üzərinə hücum edərək onu sol qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurmuş, onun qışqırıq səsinə yaxınlıqda olan çörək sexinin işçiləri Bəhruz, Qurban və Faiq gəlmiş, X3 uzaqlaşdırmış, sonra onu Faiqin avtomobilinə qoyub Lənkəran RMX-na aparmışlar. Hazırda təqsirləndirilən şəxslə bağışladığını, ona qarşı heç bir şikayəti və ya tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Samirə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü ildə, saat 09:30 radələrində xidmətdə olarkən ona Lənkəran şəhəri, Zərərçəkmiş şəxsa küçəsində bıçaqlanma hadisəsi baş verməsi barədə əməliyyat məlumatı daxil olmuş, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, orada bilmişdir ki, rayon sakini Təqsirləndirilən şəxs Liman şəhər sakini Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, sonra Samirin yaşadığı evə gedərək sonuncunun atası ilə profilaktiki söhbətlər aparmış, 02 mart 2023-cü ildə saat 14:30 radələrində Şahid4 telefonla zəng edərək oğlu Samirin evdə olduğunu demiş, Samir polis şöbəsinə gətirilərək şöbəyə təhvil verilmiş, şifahi sorğu zamanı sonuncu tanışı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü ildə işdə olarkən küçədə bir nəfərin qışqırıq səsini eşidib çölə çıxan zaman Heybəti sexin qapısından təxminən 15-20 metr aralıda yolun qarşı tərəfində yerə yıxılmış vəziyyətdə olduğunu və qarın nahiyəsindən qan axdığını, Samir adlı şəxsin isə Heybətdən iki-üç metr aralıda dayandığını görmüş, Heybəti Faiqin avtomobilinə qoyub Lənkəran RMX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid7 da Şahid6 ifadəsində göstərilənləri təsdiq etməklə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 01 mart 2023-cü il tarixli məlumatdan görünür ki, həmin gün saat 11:58-də Lənkəran şəhər-rayon polis şöbəsinin növbətçi hissəsinə Lənkəran mərkəzi rayon xəstəxanasından telefonla verilmiş məlumatdan görünür ki, Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 28-də yaşayan, X2 qarnın sol ön nahiyyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə daxil olduğu, gətirənlərin deməsinə görə Lənkəran şəhəri, Zərərçəkmiş şəxs küçəsində bıçaqla vurulduğu göstərilmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli raportdan görünür ki, Rəhimli X4 ŞRPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evində saxlanılaraq şöbəyə gətirilmiş, o şöbədə 01 mart 2023-cü ildə, səhər saat 09 radələrində Lənkəran şəhəri, Zərərçəkmiş şəxs küçəsində tanışı Zərərçəkmiş şəxs ona əyyaş deməsi üçün ona bu barədə irad bildirməsini, başqalarının yanında onu tənqid etməməsini tələb etməsini və Zərərçəkmiş şəxs isə onu küçə söyüşləri ilə söyüb-təhqir etməsini, üzərinə gəlib daşla onu vurmaq istəməsini, o da tanışı Zərərçəkmiş şəxs Nəriman oğlunun qarnına bıçaqla bir zərbə vurub hadisə yurindən spirtli içki alıb dəniz kənarına getməsi orada içki içməyə davam etməsi barədə məlumat vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 aprel 2023-cü il tarixli 618 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qarın boşluğuna nüfuz edən, böyük piyli zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan 1 ədəd kəsilmişdeşilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi inkar olunmur, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, yəni 01 mart 2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 05 iyun 2023-cü il tarixli, 933 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada şeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur, onunla barışıb və onu bağışlamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici, zərər çəkmiş şəxs və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPMin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında 6 (altı) ildən 11 (on bir) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin cinayətin ictimai təhlükəliliyi ondadır ki, bu əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, sosial ədalətin bərpa olunmasını və məhkumun islah edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti xuliqanlıq niyyəti ilə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 yanvar 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il, 8 (səkkiz) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 yanvar 2009-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Rəhimli X4 şəhəri, Vidadi küçəsi, ev 34-də qeydiyyatda olmaqla pensiya yaşında olan validenləri ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, eləcə də zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 02 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Lənkəran rayon məhkəməsinin 04 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 02 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384 - 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar