Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-579/2024 09.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu, Dəllər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu, Nərimanov kəndində qeydiyyatda olmaqla yaşamış, 28 fevral 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 4(055)-10/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda- 9,621 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 12:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən «Muğan Park»da həmin narkotik vasitəni əynindəki gödəkçənin sağ yan cibində daşıyarkən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, orada həmin tarixdə saat 13:35-dən saat 14:10-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd selofan bükümdə həmin külli miqdarda-9,621 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və demişdir ki, 28 fevral 2024-cü il tarixdə səhər saat 11-12 radələrində ona zəng gəlmış, onu Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən «Muğan Park»a çağırmışlar, parka gələn zaman onu çağıran şəxslərin polis əməkdaşları olduqlarını görmüşdür. 3 nəfər polis əməkdaşı onu avtomobilə əyləşdirmiş və polis şöbəsinə aparmışlar. Polis Şöbəsində ona bildirmişlər ki, «sən həbs olunursan», həbs olunma səbəbini soruşanda polis əməkdaşları həbs olunmasının səbəblərini bilmədiklərini demişlər. Məcbur olub polis əməkdaşları dediklərini qəbul etmişdir. Polis şöbəsində onu döyməmişlər, ancaq ona psixoloji təzyiqlər olduğu üçün polis əməkdaşları deyəni qəbul etmişdir. Siqaret belə çəkməmiş, ancaq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı onu ittiham etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhərrəmlik ayı ilə bağlı əvvəllər polis əməkdaşları tərəfindən ona tapşırıqlar olmuş, ancaq heç vaxt polis şöbəsinə aparmamışlar. 3 nəfər polis əməkdaşı onu saxlamış, onu saxlayan polis əməkdaşlarını üzdən tanımışdır. Həmin polis əməkdaşları saxlanıldığı gün ona zəng etmişlər. Zəng edən polis əməkdaşı telefonda ona problem var gəl görüşək, buna görə gələrək polis əməkdaşları ilə görüşmüşdür. Onu polis şöbəsinə aparandan sonra narkotiklə həbs olunmalısan demişlər, səbəbin soruşanda polis əməkdaşları heç bir səbəb deyə bilməmişlər. Müstəntiq də ona heç bir səbəb deməmişdir. Ancaq hesab etmişdir ki, dindar olduğu üçün onu həbs etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Demişdir ki, Saatlı rayonu, Nərimanov kəndində ailə üzvləri ilə birlikdə yaşayır, ailəlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Saatlı rayonu və digər rayonların ərazisində yas mərasimlərində mollalıq edib əldə etdiyi pul ilə dolanır. Əvvəllər bir dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Bu səbəbdən də heroini tanıyır. 27 fevral 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Saatlı rayonu, Nərimanov kəndinin ara küçələri ilə evə piyada tək gedərkən təsadüfən yolun kənarında yerdə selofan büküm görmüşdür. Maraq üçün həmin bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində qəhvəyimtil maddə görmüş, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bilmiş və dərhal maraq üçün həmin heroin olan selofan bükümü əynindəki gödəkçənin cibinə qoyub ev istiqamətində hərəkət etməyə başlamışdır. Tapdığı büküm elə gödəkçəsinin cibində qalmışdır. 28 fevral 2024-cü il tarixdə yaşadığı evdən çıxıb işləri ilə bağlı Saatlı rayon mərkəzinə gəlməli olmuş, saat 12 radələrində rayon mərkəzində yerləşən «Muğan Parkı»nın qarşısında olan zaman Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı RPŞ-yə dəvət etmişlər. Bu zaman başa düşmüşdür ki, onlar onun heroin saxladığını bilirlər və buna görə də etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə getmişdir. Saatlı RPŞ-də təhqiqatçı Azər Əliyev ona şübhəli şəxs qismində saxlanıldığını, hüquq və vəzifələrini izah etmiş, sonra ona vəkillərin siyahısını təqdim etmiş, o hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin olunmasını bildirmişdir. Buna görə də vəkil Vüsal Abbasov dəvət olunmuş, sonra onun tutulmağı barədə mobil telefonla zəng edib tanışı X2 məlumat vermişlər. Bundan sonra isə ona izah edilmişdir ki, onun üstünə şəxsi axtarış aparılacaqdır. Polis əməkdaşları onun üstünə şəxsi axtarış keçirərkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd selofan bükümü aşkar edib, onun yanında bükümü açarkən içərisindəkinin narkotik vasitə olan heroin olduğunu görmüşlər. O, da səmimi olaraq üstündən aşkar edilən sellofan bükümdəki kütlənin heroin olduğunu və maraq üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş heroin selofan büküm ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 9,83 qram olduğu müəyyən olunduqdan sonra 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, protokolda imza etmişdir. O, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfin üzərində imza etmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, sonradan ekspertiza rəyi ilə tanış olarkən üstündən aşkar edilmiş heroinin çəkisinin 9,621 qram olduğunu bilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, qeyd etdiyi kimi narkotik vasitə olan heroini maraq üçün öz üzərində saxlamış, heç vaxt narkotik vasitə və psixotrop maddə satmamış, üzərində narkotik vasitə heroin saxlamağı barədə heç kimin xəbəri olmamış, bu barədə heç kimə deməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona hər hansı təsir və təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, polis əməkdaşlarının onu yaşadıqları evindən parka çağıraraq saxladıqlarını, üzərində şəxsi axtarış aparılan zaman heç nə olmadığını, üzərindən aşkar olunmuş 9,621 qram təmiz çəkidə narkotik vasitə heroini polis əməkdaşlarının üzərinə qoyaraq götürdüklərini, polis əməkdaşları ona psixoloji təzyiqlər etdikləri üçün ibtidai istintaq zamanı etirafedici izahat və ifadələr verdiyini, sənədlərə imza çəkdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, polis əməkdaşlarının onu yaşadıqları evindən parka çağıraraq saxladıqlarını, üzərində şəxsi axtarış aparılan zaman üzərində heç nə olmadığını, üzərindən aşkar olunmuş 9,621 qram çəkidə narkotik vasitə heroini polis əməkdaşlarının üzərinə qoyaraq götürdüklərini, polis əməkdaşlarının ona psixoloji təzyiqlər etdikləri üçün ibtidai istintaq zamanı etirafedici izahat və ifadələr verdiyini, sənədlərə imza çəkdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə Saatlı rayonu, Nərimanov kəndində yaşayan Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması barədə məlumat daxil olmuş, raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 12 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən «Muğan Park»da piyada hərəkət edən zaman tərəflərindən müəyyən edilib saxlanılaraq Saatlı RPŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otağında təhqiqatçı Azər Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, hüquq və vəzifələri izah edilib, vəkil dəvət etdikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir ədəd selofan büküm aşkar edilmişdir. Həmin bir büküm açılarkən içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin bükümdəki narkotik vasitə heroinə oxşar kütlə onun özünün yanında elektron tərəzidə olduğu büküm ilə birlikdə çəkilərkən çəkisinin təxminən 9 qramdan çox olması müəyyən edilmiş, heroin götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümündəki kütlənin heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, maraq üçün saxladığını bildirmişdir. Sonda axtarış və götürmə aparılması ilə bağlı təhqiqatçı Azər Əliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, Təqsirləndirilən şəxs, müdafiəçi Vüsal Abbasov və polis əməkdaşları həmin protokola imza etmişlər. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs zəng vuraraq çağırmamış, özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamışdır. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuş və onun özü tərəfindən şəxsi axtarış zamanı çıxarılaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs dindar olduğuna görə saxlamamışlar. Dindirilmiş şahid Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və aidiyyəti üzrə verilməsi haqqında» 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı 1 ədəd selofan bükümdə təmiz çəkisi-9,621 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 24070007 nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-41) -«şübhəli şəxsin tutulması haqqında» 28 fevral 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.24) -«şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən selofan bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür.(i.v. 27-28) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 29 fevral 2024-cü il tarixli, 3-16-16/2- 18/223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd selofan torbacıqda təmiz çəkisi 9,621 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 9,621 qram olmuş, tədqiqata 0,05 qram istifadə olunmuş, 9,571 qram qalıq qalmışdır.(i.v.36-39) -«maddi sübut kimi tanıma haqqında» 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, 9,571 qram çəkidə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir.(i.v.44) -Saatlı Rayon Məhkəməsinin «əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması haqqında» 29 fevral 2024-cü il tarixli, 5(055)-14/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və saxlaması ilə əlaqədar cinayət əməlinin ifşa olunması üçün cinayət başında yaxalanmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Saatlı RPŞ-nin CAB-nin əmliyyat müvəkkili, polis mayoru Şahid1 28 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.53-54) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Saatlı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 4(055)- 10/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir.(i.v. 55- 56, 73-76) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 19 aprel 2024-cü il tarixli, 2515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.108- 109) -«ambulator məhkəmə psixiatrik ekspertizası»nın 29 mart 2024-cü il tarixli, 808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.110-112) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu yaşadıqları evindən parka çağıraraq saxladıqlarını, üzərində şəxsi axtarış aparılan zaman heç nə olmadığını, üzərindən aşkar olunmuş 9,621 qram çəkidə narkotik vasitə heroini polis əməkdaşlarının üzərinə qoyaraq götürdüklərini, polis əməkdaşları psixoloji təzyiqlər etdikləri üçün ibtidai istintaq zamanı etirafedici izahat və ifadələr verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə ona psixoloji təzyiqlər olunması barədə hər hansı orqana müraciət etməmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının, ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v. 96) -Saatlı rayon İcra Hakimiyyəti Başçısının Nərimanov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 124 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Saatlı rayonu, Nərimankənd kəndində yaşayır, himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v. 77-78) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində az yaşlı uşaqlarının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi) yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi), təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X5 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 fevral 2024-cü il tarixdən hesablanmalı, Saatlı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 4(055)- 10/2024 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-9,571 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 28 fevral 2024-cü il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 4(055)-10/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-9,571 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-579/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-579/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver