Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-582/2022 05.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 03 avqust 1993-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda-3970,927 qram çəkidə narkotik vasitə olan həşiş qətranını satış məqsədilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlayaraq daşımış, bir hissəsini Astara rayonu, Şahağacı kəndində dəniz kənarında torpağa basdıraraq saxlamış, qalan hissəsini isə ünvan 1 ünvanında yerləşən mənzildə satış məqsədi ilə saxlamış, 31 may 2022-ci il tarixdə, saat 22:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2 ünvanının yaxınlığında saxlanılaraq BNMİyə aparılmış, 01 iyun 2022-ci il tarixdə, saat 00:10-da üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd folqa paketin içərisindəki 02 ədəd sellofan bükümlərdə ümumi çəkisi 59,790 qram olan narkotik vasitə həşiş qətranı onun əynində olan şalvarın sağ yan cibindən, həmin gün, saat 02:00-da ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə keçirilən baxış zamanı 01 folqa paketin içərisində olan 01 ədəd sellofan bükümdə 945 qram çəkidə və həmin folqa paketin içərisində olan 1 ədəd üzərində “mafiya 2022-23” yazıları olan qızılı rəngi sellofan torbacıqda təmiz çəkisi 3,510 qram olan narkotik vasitə həşiş qətranı evin eyvanında olan dolabın içərisindəki dəmir seyfdən, tədbirlərin davamı olaraq həmin gün, saat 07:00-da Astara rayonu, Şahağacı kəndində dəniz kənarında keçirilmiş baxış zamanı 05 ədəd şəffaf sellofan bükümlərdə 88,460 qram, 96,096 qram, 95,959 qram, 98,000 qram və 83,232 qram çəkilərdə, 03 ədəd folqa paketin içərisində sellofan bükülülərdə ümumi təmiz çəkisi 2495 qram, həmin folqa paketin içərisində 02 ədəd üzərində “mafiya 2022-23” yazıları olan qızılı rəngli sellofan torbacıqlarda ayrıayrılıqda təmiz çəkiləri 3,070 qram və 2,810 qram olan narkotik vasitə həşiş qətranı torpağın altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə axşam saat 9 tamamda, anasına dərman almaq üçün, Əhmədli metrosunun yaxınlığında yerləşən aptekə getmiş, aptekdən çıxdıqdan sonra saçını düzəltdirmək üçün bər-bərə getmiş, orada gözləyərəkən telefonuna zəng gəlmiş, telefonla danışmaq üçün çölə çıxan vaxt, 12-13 nəfər tanımadığı adamlar ona yaxınlaşaraq özlərini təqdim etmədən onu vurmuşlar. Sonra da onu maşına əyləşdirmişlər. Maşında özünü Şirəli kimi təqdim edən şəxs polis əməkdaşları olduqlarını bildirmişdir.Sonra da Şirəlinin telefonuna zəng gəlmiş, zəng edənin səsindən onun iranlı olduğunu bilmişdir. Şirəli həmin adama birini tutduqlarını deyib onun adını çəkmiş, o isə adamı səhv tutduqlarını Şirəliyə demişdir. Şirəli telefon danışığından sonra onda narkotik olduğunu demiş, o isə onda narkotik olmadığını amma yerini bildiyimi bildirmişdir. Sonra da onu Polis şöbəsinə aparmışlar. Orada onun cibinə narkotik qoyub, öz bildikləri kimi ifadə verməyə məcbur etmişlər. Bir neçə saatdan sonra onu yaşadığı evə aparıb, evdə olan xanımı başqa otağa salıb, ona evdə olan narkotikin yerini bildirməyini demişlər. O da evdə olan narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Onu daha sonra Astara rayonu Şahağacı kəndinə gətirib, dəniz kənarında narkotiki basdırıb yenidən çıxarı, ona biz nə desək videoçəkilşdə onları deməsini taoşırıb. Sonra da videoçəkilişlə baxış keçirilmlşdir. O ifadəsində daha sonra göstərmişdir ki, Şahağacı kəndində dəniz kənarında basdırılan narkotikdən xəbəri olmuşdur. Onu istifadə etmək üçün əldə etmişdir. Həmin narkotikdən bir hissəsini Bakı şəhərinə aparmışdır ona görə ki, onun mədəsində xəstəlik olduğu üçün ondan istifadə edəcəkdi. Evdə aşkarlanan narkotik vasitələr ona məxsus olmuşdur. Həmin narkotik vasitədən Rəşanənin məlumatı olmamışdır. Narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, 2022-ci ilin mart ayında istirahət etmək məqsədi ilə Astara rayonu, Şahağacı kəndinə getmiş, saat təxminən 22 radələrində təmiz hava qəbul etmək məqsədilə dəniz kənarına getmiş, dəniz kənarında piyada yeriyərkən daşlıq ərazidə qara rəngli sellofan torba olduğunu və torbanın üzərində daş qoyulduğunu görmüşdür. Həmin sellofan torba onun diqqətimi cəlb etmiş və içərisində nə olduğu ona maraqlı gəldiyindən o, torbanın ağzını açıb, içərisinə baxmışdır. Torbanın içərisinə baxdıqda narkotik vasitə olduğunu görmüş, belə ki, torbanın içərisində 08 ədəd bükümdə narkotik vasitə olan həşiş qətranı olmuşdur. Həmin sellofan torbanı yerindən götürüb, Astara rayonu, Şahağacı kəndində yerləşən evinə aparmış, bir neçə gündən sonra Bakı şəhərinə getməli olmuş, lakin narkotik vasitənin miqdarı çox olduğundan Bakı şəhərinə gedərkən narkotik vasitənin hamısını aparmaq istəməmişdir. O, qorxmuşdur ki, postlarda onu saxlayarlar və sellofan torba polislərin diqqətini cəlb edər. Buna görə də narkotik vasitədən 1 ədəd böyük bükümü və 5 ədəd kiçik bükümləri Astara rayonu, Şahağacı kəndində saxlamaq qərarına gəlmişdir. O, fikirləşmişdir ki, narkotik vasitəni evdə saxlamaq təhlükəlidir, belə ki, narkotik vasitəni tapdığı gündən 3 gün keçdikdən sonra narkotik vasitədən 1 ədəd böyük büküm və 5 ədəd kiçik bükümləri yaşadığı evin yaxınlığında, dəniz kənarında torpağa basdırmışdır. Daha sonra isə 2 ədəd bükümü özü ilə Bakı şəhərinə aparmışdır. Özü ilə Bakı şəhərinə apardığı 1 ədəd böyük büküm və 1 ədəd kiçik bükümü ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilin eyvanında olan dəmir seyfdə qoymuş, 2022-ci ilin may ayının sonlarında isə 1 ədəd kiçik bükümü seyfdən götürüb, üzərində daşımağa başlamışdır. 31 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış və avtomobildən düşən bir neçə mülki geyimli şəxslər qaçaraq ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib, özlərini ona təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra onu avtomobilləri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarəyə daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Daha sonra onun üçün dəvət edilən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunduğundan o, əyninidə olan şalvarın sağ yan cibindən 1 ədəd yapışqanlı lentə bükülmüş şəffaf sellofan bükümü təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, əynimdə olan şalvarın sol yan cibindən 3 ədəd açar, 1 ədəd mobil telefon, 1 ədəd plastik bank kartı və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. 3 ədəd açar baxış zamanı ona qaytarılsa da digər əşyalar götürülmüşdür. Təqdim etdiyi, içərisində narkotik vasitə həşiş qətranı olan 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Şəxsi axtarış zamanı onunla şifahi sorğu aparılarkən o, ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə də həmin narkotik vasitədən saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona yaşadığı evə də baxış keçirilməli olduğunu bildirmişlər. O da buna heç bir etiraz etməmiş, bundan sonra polis əməkdaşları onu müdafiəçi ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə aparmışlar. Həmin evə müdafiəçi, birlikdə yaşadığı Şahid4 və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı o, könüllü olaraq evin eyvanında olan dolabın içərəsindəki seyfdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra seyfin içərisindəki sellofan torba götürülmüş, sellofan torbanın içərisindən 1 ədəd bükümdə narkotik vasitə olan həşiş qətranı, 1 ədəd pnevmatik tapança, 3 ədəd tapançanın qaz balonu və qutunun içində mərmilər aşkar edilmişdir. Bundan sonra seyfin içərisindən aşkar edilən narkotik vasitə olan həşiş qətranı elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Baxış zamanı onunla şifahi sorğu aparılarkən ondan başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı soruşulmuş, o, Şahağacı kəndində, dəniz kənarında da narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Astara rayonu, Şahağacı kəndinə aparmışlar və müdafiəçinin iştirakı ilə narkotik vasitələri basdırdığı yerə baxış keçirilmişdir. Baxış zamanı torpağın altından 05 ədəd kiçik sellofan bükümlərdə narkotik vasitə olan həşiş qətranı və 1 ədəd böyük sellofan bükümdə narkotik vasitə olan həşiş qətranı aşkar edilmişdir. Üzərindən, Bakı şəhərində yerləşən yaşadığı mənzildən və Astara rayonu, Şahağacı kəndində dəniz kənarında gizlətdiyi yerdən aşkar edilmiş narkotik vasitə olan həşiş qətranı kütlələrini o, dəqiq xatırlamadığı tarixdə, təxminən saxlandığı gündən 3 ay əvvəl, 2022-ci ilin mart ya da aprel ayında Astara rayonu, Şahağacı kəndində, dəniz kənarında tapmış, o, narkotik vasitəni kimdənsə almamışdır. O, narkotik vasitələrdən istifadə etmir və sadəcə olaraq bir neçə il əvvəl yoxlamaq məqsədi ilə 2-3 dəfə narkotik vasitədən istifadə etmişdir. Həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmur. Mədəsində ağrılar var və narkotik vasitə istifadə etdikdə ağrıların kəsildiyini eşitmişdir. Buna görə də narkotik vasitənin bir hissəsini özü ilə Bakı şəhərinə gətirmişdir. Bakıya gətirdiyi narkotik vasitəni onsuz da heç istifadə etməmiş və evdə seyfdə saxlayırmış, sadəcə olaraq maraq üçün narkotik vasitələrin bir qismini üzərində gəzdirirmiş. Üzərindən, yaşadığı mənzildən və Astara rayonu, Şahağacı kəndində torpağın altından aşkar edilmiş narkotik vasitə olan həşiş qətranından heç kimə verməmiş və özü də istifadə etməmişdir. Məhkmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi, özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindəb başqa, dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut, səndlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə Astara rayonun Şahağacı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib, Bakı şəhəri Nizami rayonunu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmiş, dərhal aldığı məlumatla bağlı idarə rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da iştirak etmişlər. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 31 may 2022-ci il tarixdə, saat 22:40-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində piyada hərəkətdə olarkən saxlanılmış və işlədikləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Daha sonra 1 iyun 2022-ci il tarixdə, saat 1 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olan otaqlardan birində videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın sağ yan cibindən 1 büküm çıxarıb, bükümün içərisində həşiş qətranı olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən bükümün içərisində həşiş qətranına bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, plastik bank kartı, “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra həşiş qətranına bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq üzəri imzalanıb, möhürlənmişdir. Sorğu zamanı o Bakı şəhəri, Nərimanov rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını bildirdiyindən, 1 iyun 2022-ci il tarixdə, saat 2 radələrində Fəridin yaşadığı ünvana gedib, orada videoçəkilişdən istifadə edilməklə, ev sahibi Şahid4 və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə mənzilə baxış keçirməyə başlamışlar. Onların təklifi ilə Təqsirləndirilən şəxs həmin mənzilin girişlə üzbəüz yerləşən otağının eyvanına keçərək orada olan taxta dolabın içərisində olan dəmir seyfdən sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisindən 1 bükümdə həşiş qətranına bənzər kütlə, 1 ədəd üzərində “Makarov ultra” yazısı yazılmış odlu silaha bənzər tapança, həmin tapançaya aid 3 ədəd qaz balonu və qutunun içərisində tapançanın mərmiləri aşkar olunmuşdur. Tapançanın sandığını açdıqda sandığın içərisində də bir ədəd qaz ballon aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra kütlələr və əşyalar qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq mənzildən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır.Bununla əlaqədar olaraq protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Astara rayonu, Şahağacı kəndində yol kənarında da narkotik maddə saxladığını və həmin narkotik maddəni təqdim etmək istədiyini dediyindən. əməliyyat tədbirinin davamı olaraq 1 iyun 2022-ci il tarixdə Astara rayonun Şahağacı kəndinə gedib, saat təxminən 7 radələrində Təqsirləndirilən şəxs təqdim etdiyi yol, həmçinin dəniz kənarında videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitənin yerini göstərib, narkotik vasitəni təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs Xəzər dənizi sahilinə yaxın ərazidən keçən piyada yolun kənarında bir yeri göstərib, narkotik vasitəni həmin yerdə torpağa basdırdığını bildirmişdir. Bundan sonra onun dediyi qazaraq, torpağın altından 1 ədəd böyük həcmli və bir ədəd kiçik həcmli sellofan bağlama aşkar edilmişdir. Baxış zamanı kiçik həcmli bağlamanın içərisindən 5 ədəd sellofan büküm aşkar edilmişdir. Bağlamaların hamısının içərisindən həşiş qətranına bənzər kütlələrin olması aşkar edilmişdir. Kütlələrin hamısı birlikdə elektron tərəzidə çəkilmiş, sonra kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Sonra da bu barədə protokol tərtib edimişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə müdafiə və ittiham tərəfin razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid4 ifadəsindən görünür ki, o həmin ifadəsində 31 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixə keçən gecə yaşadığı evdə olarkən Fəridin polis əməkdaşları ilə birlikdə onun yşadığı evə gəldiyini, polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirdiklərini, o, polis əməkdaşlarının yaşadığı evə baxış keçirmələrinə etiraz etmədiyini və bununa bağlı ərizə ilə müraciət etdiyini, baxış zamanı yaşadığı mənzilin eyvanında olan dolabın içərisindəki seyfdən 1 ədəd sellofan torba , həmin torbanın içərisindən isə bir ədəd tapança, həmin tapançanın sursatı və narkotik vasitə aşkar edildiyini, o evindən narkotik vasitə və tapança aşkar edildiyini görüb, təəccübləndiyini, aşkar olunmuş tapança və narkotik vasitənin qablaşdırıldığını, daha sonra polis əməkdaşları Fəridlə şifahi sorğu apararkən o, Astara rayonu, Şahağacı kəndində də narkotik vasitə gizlətdiyini bildirdiyini, Fəridin evdə narkotik ya da tapança gizlətdiyini ona demədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq eilmiş məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...’’ yazıları və imzalar olan kağız paketdəki folqa paketdə 02 (iki) ədəd sellofan bükülüdə ümumi çəkisi-59,790 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan mavi rəngli polietilen bağlamadakı 05(beş) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 88,460 qram; 96,096 qram; 95,959 qram; 98,000 qıram; 83,232 qram və həmin bağlamada 03(üç) ədəd folqa paketin içərisində sellofan bükülülərdə ümumi çəkisi-2495 qram, həmin folqa paketdə iki ədəd kişik ölçülü üzərində “mafiya 2022-23” yazısı olan qızılı rəngli sellofan torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,070 qram; 2,810 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Tədqiqata təqdim üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs ... ünvan...” yazıları və imzalar olan mavi rəngli polietilen bağlamadakı 01 (bir) ədəd folqa paketin içərisində sellofan bükülüdə təmiz çəkisi-945 qram və həmin folqanın paketin içərisində bir ədəd kişik ölçülü üzərində “mafiya 2022-23” yazısı olan qızılı rəngli sellofan torbacıqlarda təmiz çəkisi-3,510 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Həşiş qətranının ümumi çəkisi-3970,927 qramdır (3kq 970,927 qram). Təqdim edilmiş həşiş qətranları tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 01 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə, saat 00:10-dan başlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olan otaqlardan birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 büküm çıxarıb təqdim etmiş, bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan həşiş qətranına bənzər kütlənin olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 3 ədəd açar, **********309112 №-li plastik bank kartı, içində ***-***-**-** №-li sim kart olan “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Həşiş qətranına bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq üzəri imzalanıb, möhürlənmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı şəxsi axtarış zamanı götürülmüş, 3 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər və evə baxış keçirilməsinə etirazı yoxdur. Cinayət işinin materiallarında olan «Mənzilə baxış keçirilməsi və götürmə aparılması» haqqında 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 02 radələrində videoçəkilişdən istifadə edilməklə, ünvan 4 ünvanda yerləşən mənzilə, evdə yaşayan Şahid4, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə başlanılmış, baxış keçirlməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs, həmçinin birlikdə evdə yaşayan Şahid4 baxış keçirilməsi ilə bağlı etirazlarının olubolmaması soruşulmuş, Şahid4 və Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər, baxış başlanarkən Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanı təqdim etməsi təklif edimiş, təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişlə üzbəüz yerləşən otağının eyvanına keçərək orada olan taxta konstruksiyalı dolabın içərisində olan dəmir seyfdən sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisindən 1 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan həşiş qətranına bənzər kütlə, 1 ədəd üzərində “Makarov ultra” yazısı yazılmış odlu silaha bənzər tapança, həmin tapançaya aid 3 ədəd qaz balonu və qutunun içərisində tapançanın mərmiləri aşkar olunmuşdur. Tapançanın sandığını açdıqda sandığın içərisində də bir ədəd qaz ballon aşkar olunmuşdur. Aşkar olunmuş kütlə çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, sonra kütlələr və əşyalar qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq mənzildən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Astara rayonu, Şahağacı kəndində yol kənarında da narkotik maddə saxlayır və həmin narkotik maddəni təqdim edə bilər. Baxışda iştirak edən Şahid4 yaşadıqları mənzildə narkotik maddələrin olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan «Təqdim edilən yerə baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 01 iyun 2022-ci il tarixdə saat 07 radələrində Astara rayonun Şahağacı kəndində Təqsirləndirilən şəxs təqdim etdiyi yerə videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitənin yerini göstərib, narkotik vasitəni təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs Xəzər dənizi sahilinə yaxın ərazidən keçən piyada yolun kənarında bir yeri göstərib, narkotik vasitəni həmin yerdə torpağa basdırdığını bildirmiş, Fərdi Abbaszadənin dediyi yer, yəni torpağ qazıldıqda torpağın altından 1 ədəd böyük həcmli sellofan bağlama və bir ədəd kiçik həcmli bağlama aşkar edilmişdir. Baxış zamanı kiçik həcmli bağlamanın içərisindən 05 ədəd sellofan büküm aşkar edilmiş, bağlamaların hamısının, yəni ki, 1 ədəd böyük həcmli bağlamanın və 5 ədəd sellofan bağlamaların hamısının içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan həşiş qətranına bənzər kütlələrin olması aşkar edilmişdir. Aşkar olunmuş kütlələrin çəkilərinin müəyyən edilməsi məqsədi ilə kütlələrin hamısı birlikdə elektron tərəzidə çəkilmiş, sonra kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Daha sonra ərazinin digər hissələrinə də baxış keçirilmiş, lakin əlavə olaraq ərazidən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. İşdə olan Astara rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə təhqiqat orqanının əməliyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərində, evdə və dənizkənraında aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə həşiş qətranının ona məxsus olmadığını, daha sonra isə Şahağacı kəndində dəniz kənarında basdırılan narkotikdən xəbəri olduğunu,onu istifadə etmək üçün əldə etdiyini, həmin narkotikdən bir hissəsini Bakı şəhərinə özü istifadə etmək üçün apardığını, evdə aşkarlanan narkotik vasitə həşişin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə onun həmin hissədə ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olmaqla məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübur kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış, vəkilin iştirakı ilə videoçəkilişlə evə və Astara rayonu Şahağacı kəndi ərazisində dənizkəharı sahədə onun təqdim etdiyi yerə baxış keçirilməsi haqqında protkollardan görünür ki, o axtarış və baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş külli miqdarda həşiş qətranını ona məxsus olduğunu və xəstə olduğu həmin maddəni istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra ona hər hansı zor tətbiq edilməmişdir. İşdə olan məhkəmə tibbi ekspertizasının rəyi ilə də bu xüsusat öz təsdiqini tapır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs külli miqdarda həşiş qətranını çox hissəsini gizlədərək, bir hiussəsini evdə saxlaması, bir hissəsini isə üzərində gəzdirməsi və həmin narkotik vasitənin şəxsi istehlak miqdarından min dəfələrlə çox olması, habelə onun narkotik vasitələrin satışı ilə məşqul olması haqqında əməliyat məlumatının olmasını onun külli miqdarda həşiş qətranını məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 1993-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur.Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Astara rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 31 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3970,647 qram narkotik vasitə həşiş qətranı məhv edilməli, 1 ədəd 4,5 mm kalibrli, 14G00269 nömrəli, “Makarov Ultra” modelli pnevmatik tapança, həmin tapançaya aid 1 ədəd sandıqça, 4 ədəd balon və 285 ədəd mərmi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təzhizat İdarəsinə təhvil verilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 142 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3970,647 qram narkotik vasitə həşiş qətranı və 1 ədəd 4,5 mm kalibrli, 14G00269 nömrəli, “Makarov Ultra” modelli pnevmatik tapança, həmin tapançaya aid 1 ədəd sandıqça, 4 ədəd balon və 285 ədəd mərmi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təzhizat İdarəsinə təhvil verilsin, 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 142 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-582/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-582/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver