Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-582/2023 28.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 318.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, işsiz, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əliyev X1 Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 318.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 20 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 24,206 qram çəkidə narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində saxlanılaraq İmişli RPŞ-də üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 24,206 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İmişli rayonu Qaragüvəndikli kəndində özünə məxsus olan torpaqda tikinti işi ilə məşğul olmuşdur. 30 mart 2023-cü il tarixdə saat 18 radələrində içərisində tanımadığı şəxslər olan iki avtomobil yanından keçərək qarşıda duran kənd sakinlərinin yanına getmiş və həmin şəxslərlə kənd sakinləri arasında qarşıdurma yaranmışdır. Onların yanına getdikdən sonra Vasif adlı polis əməkdaşı onun adını soruşmuş, adını öyrəndikdən sonra generalın göstərişi olduğundan onlarla getməli oduğunu bildirmişdir. Şöbədə olarkən Vasif adlı polis əməkdaşı ona narkotik təqdim edərək üzərinə götürməsini bildirmiş, götürməsə onu vətən xaini adlı ilə tutacaqlarını bildirmişdir. Polislərin hədəsindən qorxduğu üçün müstəntiqə ifadəsində narkotikin özünə məxsus olduğunu yalandan etiraf etmişdir. Saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, tutulana qədər narkotikdən istifadə etmişdir, üzərində aşkar olunan narkotik polis əməkdaşı tərəfindən üzərinə qoyulmuşdur. X3 Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmuş, 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmini ifadələrində özünü qismən təqsirli bilərək üzərində aşkar olunan 24,206 qram heroini saxlanılmamışdan bir gün əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığını, həmin bükümü götürüb üzərində saxladığını, məqsədi narkotiki tanışlarına göstərmək, istəyən olarsa onlara hədiyyə etmək və bir hissəsini də gələcəkdə özünün istifadə etməsi olduğunu, 30 mart 2023-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd heroin olan sellofan bükümü çıxarıb təqdim etdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 İmişli rayonu, Qaragüvəndikli kənd sakini Təqsirləndirilən şəxs rayonun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satışı barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin günü saat 18 radələrində Təqsirləndirilən şəxs İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində saxlanılaraq İmişli RPŞ-yə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Tərxanın üzərinə şəxsi axtarış aparılarkən o, üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə olan heroini çıxarıb təqdim etmiş, narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Narkotik vasitə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, heç kim tərəfindən Tərxanın üzərinə narkotik vasitə qoyulmamış, polis əməkdaşları tərəfindən ona hədə-qorxu gələn olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusat üzrə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs qarşı hədə-qorxu gəlmədiklərini, onun üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 31 mart 2023-cü il tarixli 6/1874 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №7” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 24,206 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi – 24,206 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 24,106 qram. Məhkəmədə tədqiq edilimiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli 1784 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 1262/K nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar olunur, barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəmədə tədqiq edilimiş və iş materiallarında olan 30 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. 1 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 24,106 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 7 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 2-ci bəndinə əsasən «Şəxsi axtarış və götürmə» zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxladığına, qanunsuz əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə olaraq bildiriləcəkdir. 12 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində hədə-qorxuya və təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, habelə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan külli miqdarda bir büküm heroini çıxarıb təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, döyülməsi, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Eyni zamanda, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 132/MEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zorakılıq və hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatı, habelə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində külli miqdarda -24,206 qram heroinin aşkar edilməsi təqsirləndirilən şəxsin həqiqətən də heroini qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2013-cü ildən hesablanmışdır. Təqsirləndirilən şəxs ona təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş və xx.xx.2022-ci ildə azadlığa buraxılmışdır. CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər ağır cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs 6 il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməsi cinayətlərin təhlükəli residivini yaradır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini (təhlükəli) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İşdə olan 30 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 1 aprel 2023-cü il tarixdə CMnin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddənin son həddinin - 12 ilin üçdə ikisindən, yəni 8 ildən az ola bilməz. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş 8 ildən az olmayaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 24,106 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 24,106 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-582/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-582/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver