Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-585/2024 18.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1975-ci ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, 6 azyaşlı övladı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263 -1.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il saat 19 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli-Qaradonlu avtomobil yolunun Çaxırlı kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 50-60 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ tərəfi ilə onunla eyni istiqamətdə piyadanın hərəkətdə olmasını nəzərə almalı və həmin piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olmasına baxmayaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün aparmaması ilə əlaqədar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, yolun hərəkət hissəsinin sağ tərəfi ilə onunla eyni istiqamətdə qarşıda hərəkət edən X1nu vaxtında görməyərək, cinayətkarcasına etinasızlıq etməklə 50-60 km/saat sürətlə avtomobilin ön sağ tərəfi ilə ehiyatsızlıqdan H.Şamıyevi vurub yolnəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan H.Şamıyevə təpə sümüyünün yerdəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş-beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, qaraciyərin cırılmış yarası və daxili qanaxma ilə müşayiət olunan qarının qapalı küt travması, təpə nahiyəsində ortada yara, alın nahiyəsində ortada, burnun üstündə, çənəaltı nahiyədə, qarnın ön divarında, sağ diz oynağının ön səthində, sağ əlin arxa səhtində 2, 3, 4-cü daraq sümükləri proyeksiyasında, sağ ayağın 4-cü barmağının üst səthində, sol mil-bilək oynağının iç səthində, sol əlin 2-ci baramağının 3-cü falanqası proyeksiyasında arxa səthdə, sol diz oynağının ön səthində sıyırıqlar, sol əlin 1-ci barmağının arxa səthində qançırdan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, başın küt travması nəticəsində kəllə sümüyünün sınığı və baş-beyin toxumasına qansızma səbəbindən ehtiyatsızlıqdan H.Şamıyevin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, şahid ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyi və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı, “AE 800678” seriyalı sürcülük vəsiqəsi vardır. Sürücülük vəsiqəsinin müddəti 2 oktyabr 2023-cü il tarixdə başa çatmışdır. Lakin, onun yaddaşında sürücülük vəsiqəsinin müddətinin 2025-ci ilin oktyabr ayında başa çatacağı qalmışdır. 28 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində həmin avtomobil ilə İmişli rayonu, Çaxırlı kəndindən İmişli rayonu istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkət edirmiş. Yolun Çaxırlı kəndinə yaxın hissəsində qəfil onunla eyni istiqamətdə hərəkət edən piyadanı görməyib vurmuşdur. Piyada vurduğu yerdən 4-5 metr uzağa düşmüşdür. O, dərhal avtomobili yolun kənarında saxlayıb piyadanı avtomobilinə mindirib və rayon xəstəxanasına aparmışdır. Xəstəxanaya çatan kimi piyada dünyasını dəyişmişdir. Piyada yolun hərəkət hissəsində, onun hərəkət etdiyi istiqamətdə, yolun hərəkət hissəsində, asfalt-beton örütüyünün 1 metrində hərəkət edirmiş. Piyada yolda əl-qol hərəkətləri edirmiş. Piyadanın arxa tərəfi ona tərəf olmuşdur. Hadisə vaxtı o və yanında olan 5 yaşlı oğlu Ayxan heç bir xəsarət almamışdır. Avtomobili idarə edərkən hər hansı bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Piyadanı vurmamışdan əvvəl əyləcdən istifadə etməmişdir. Əyləcdən piyadanı vuran vaxt istifadə etmişdir. Avtomobilində heç bir problem olmamışdır. O, hadisəni qəsdən törətmədiyini, peşman olduğunu və mənəvi cəhətdən əzab çəkdiyini bildirmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, mərhumu əvvəllər tanımamış və aralarında heç bir ədavət, düşmənçilik olmamışdır, hadisənin baş verdiyi yer çox vaxt tüstü dumanlı olduğundan, şəxsi çatana yaxın görmüş, ona elə gəlmişdir ki, mərhum qabaqda gedən maşınlara əl etmişdir, əl edərək maşına tərəf qaçmışdır, həmin ərəfələr başı qarışıq olduğundan sürücülük vəsiqəsini yeniləməmişdir, böyük uşağı 2013cü il təvəllüdlüdür, hadisədən sonra vurduğu şəxsi birbaşa xəstəxanaya çatdırmışdır, İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə 2018-ci ildə rəsmi olaraq boşanmışdır, uşaqlar onunla yaşayır, uşaqlara bacısı baxır, hadisədən sonra ondan qabaqda gedən maşınlar sürüb getmişlər. Sonda təqsirləndirilən şəxs 6 azyaşlı övladının onun maddi və mənəvi dəstəyinə möhtac olduğunu nəzərə alaraq, ona cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə günü ona zəng edib oğlunun xəstəxanada olduğu bildirilmiş, yoldaşı ilə xəstəxanaya getmişdir. Xəstəxanada oğlunun vəfat etdiyini öyrənmişdir. Xəstəxanada olanda H.Camaldan şikayətçi olmadığını bildirmiş, sonradan Camalla uzaqdan qohumluq əlaqələrinin olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs Həsənin yas mərasimini yola vermək üçün ona köməklik etmək istəmiş, o da razı olmamışdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət tələbi yoxdur. Verilən suallara cavab olaraq X7 bir daha bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, onun barəsində heç bir şikayət tələbi yoxdur, mərhum oğlunun psixi xəstəliyi olmamış, yoldaşı rəhmətə gedəndən sonra içkiyə qurşanmışdır, hadisə günü mərhumun həmin əraziyə nəyə görə getdiyini bilməmişdir, oğlu hadisə günü içkili olmamışdır, mərhum oğlunun oğlu onların himayəsinə verilmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli Rayon Polis X22 Patrul Xidməti bölüyünün inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 28 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən İmişli-Qaradonlu avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal İmişli-Qaradonlu avtomobil yoluna gedib, hadisənin həmin yolun Çaxırlı kəndindən keçən hissəsində baş verdiyini müəyyən edib və hadisə yerinin müayinə olunması üçün zəruri tədbirləri icra etmişdir. Hadisə yerində yol-nəqliyyat hadisəsini törətmiş nəqliyyat vasitəsinin hadisə yerində olmadığını müəyyən etmişlər. Hadisəni törətmiş nəqliyyat vasitəsinin yerinin müəyyən edərkən, məlum olmuşdur ki, piyadanı vurmuş “Ford Transit” markalı avtomobilin sürücüsü piyadanı vurduqdan sonra onu avtomobilinə mindirərək İmişli RMX-ya aparmışdır. Hadisə yeri müayinə edilkdən sonra xidmətlərinə davam etmişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar hadisə yerinə çatanda qəza törədilən maşın orada olmamışdır, hadisə yerini oraya yığışmış adamlar işarə etmişlər, hadisə yerində nə təqsirləndirilən şəxs, nə zərərçəkmiş şəxs olmamışdır, o da xəstəxanaya daxil olmuş, təqsirləndirilən şəxsin özü ilə söhbət etməmişdir, hadisənin səbəbini bilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varsininin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş sənədləri, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi» haqqında 28 yanvar 2024-cü il tarixli, 121 nömrəli protokoldan görünür ki, hadisə İmişli-Qaradonul avtomobil yolunun İmişli rayonu, Çaxırlı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü, yolda düz xətt olmaqla, quru və hamardır. Həmin yolda hərəkət surəti 60 km/saatdır. Asfalt yolun hərəkət hissəsinin eni 8,90 metr olmaqla, 2 zolaqlıdır. Yolun İmişli rayonu istqamətində hər iki tərəfdən 3,40 metr enində yol çiyni vardır. Yol çiynindən sonra isə hər iki tərəf dərə olmaqla torpaq sahəsidir. Hadisə zamanı “Ford Transit” markalı, **- HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilidə bir nəfər sərnişin olmuş, yük yerində əlavə yük olmamışdır. “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İmişli rayonu, Çaxırlı kəndi istiqamətindən, İmişli rayonu istiqamətində 50-60 km/saat saat sürətlə hərəkətdə olmuşdur. “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. X1 vurulduğu yerdən 5,10 metr kənara düşmüşdür. X1 asfalt yolla 1,0 metr daxil olmaqla, İmişli rayonu, Çaxırlı kəndi istiqamətindən İmişli rayonu istiqamətində, yəni “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə asta yerişlə hərəkətdə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiy “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön tərəfi ilə X1nu ehtiyyatsızlıqdan vurmuş və piyada vurulduğu yerdən 5,10 metr irəliyə, asfalt-beton örtüklü yolun üzərinə düşmüşdür. (i.v. 4-13) - «Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası»-nın 7 iyun 2024-cü il tarixli, 8/1273 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanl avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Resppublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( i.v.92-95) - «Avtomobilə və nəqliyyat vasitəsinə baxış keçirilməsi» haqında 29 yanvar 2024-cü il tarixli, 134 saylı protokoldan görünür ki, baxış keçirilən avtomobil "Ford-transit" markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilidir. Avtomobil 1998-ci ilin buraxılışı olmaqla, ağ rəngdədir. Avtomobilin ban nömrəsi isə “WF2LXXGBVLWL25484” olmaqla, AC № 419729 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır qismən çirkli vəziyyətdədir. Avtomobilin sağ ön farası və ön alın şüşəsi sınmış vəziyyətdədir. Avtomobilin mühərrik hissəsinin kapotu əzilmişdir. Avtomobilin ön eynəyi sınmışdır. Avtomobilin salonunda ön tərəfdəki sərnişin oturacağının üzərində şüşə qırıntıları vardır. Avtomobilin ön və arxa oturacağları cırılmış vəziyyətdədir. (i.v. 24-27) - «Məhkəmə-tibbi ekspertizası»-nın 28 yanvar 2024-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər: Təpə sümüyünün yerdəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, qaraciyərin cırılmş yarası və daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travması, təpə nahiyəsində ortada yara, alın nahiyəsində ortada, burnun üstündə, çənəaltı nahiyədə, qarnın ön divarında, sağ diz oynağının ön səthində, sağ əlin arxa səhtində 2,3,4-cü daraq sümükləri proyeksiyasında, sağ ayağın 4-cü barmağın üst səthində, sol mil-bilək oynağının iç səthində, sol əlin 2-ci baramağının 3-cü falanqası proyeksiyasında arxa səthdə, sol diz oynağının ön səthində sıyırıqlar, sol əlin 1-ci barmağının arxa səthində qançır həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 28 yanvar 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın avtomaşınla vurulması ilə nəticəsində əmələ gələ bilərdi. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təcir edici maddələr aşkar edilməmişdir. X3 ölümünün müddəti 28 yanvar 2024-cü il tarixinə uyuğun gəlir və ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüyünün sınığı və baş-beyin toxumasına qansızma olmuşdur. ( i.v. 59-66) - «Məhkəmə tibbi-kimyəvi ekspertizası»-nın 23 fevral 2024-cü il tarixli 616/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenatiozan, pirazalon, 1,4 benzidiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. ( i.v. 53-56) - AR DİN BDYP İdarəsinin İmişli Regional Qİ və TB şöbəsindən daxil olmuş 14 fevral 2024-cü il tarixli 016-3-13-16-4/2-49/2024 məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2013-cü il tarixdə, 10 il müddətinə “BC” dərəcəli, “800678” seriyalı sürücülük vəsiqəsi verilmişdir. (i.v. 50) - «Zərərçəkmiş şəxs kimi tanıma» haqqında 4 fevral 2024-cü il tarixli, 88 saylı qərardan görünür ki, X9 öldüyündən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.32) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması» haqqında 4 fevral 2024-cü il tarixli, 89 saylı qərardan görünür ki, X8 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 35) - «Təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında 10 iyun 2024-cü il tarixli, 385 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( i.v. 106-107) - «Qətimkan tədbirinin seçilməsi» haqqında 10 iyun 2024-cü il tarixli, 387 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir(i.v. 131-132). - «Sübutların qiymətləndirilməsi» haqqında 9 iyun 2024-cü il tarixli, 378 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi «Ford Transit» markalı, **-HD- *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və məhkəməyə qədər saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır ( i.v. 104) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü hissəsi və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla ehtiyatsızlıqdan piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qənaətinə görə isə bu əlamətlərin hamısı toplanmış sübutlarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyləri, Təqsirləndirilən şəxs hadisəni törətdiyi «Ford Transit» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaradonlu kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, həmçinin doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X18, xx.xx.2020-ci il təvəllüdlü X14 və X15 adında 6 (altı) azyaşlı uşağı vardır. O, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir.(i.v.57-58) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan 21 fevral 2024-cü il tarixi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( i.v. 51) - İmişli Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasındakı nikah pozulmuş, uşaqların kimin yanında qalması müəyyən olunmamışdır. - İmişli RİHB-nin Qaradonlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilə X6 arasındakı nikah pozulduqdan sonra 6 uşağın hamısı Təqsirləndirilən şəxs himayəsindədir və onların bütün maddi və mənəvi ehtiyacları ataları Təqsirləndirilən şəxs tərəfindən ödənilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 şifahi və yazılı qaydada məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 6 (altı) azyaşlı uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza şərti hesab edilməklə, sınaq müddəti müəyyən edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, təyin oluna bilməz. Məhkəmə əlavə cəza məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmək növündə əlavə cəzanın aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşadığı yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, himayəsində 6 azyaşlı övladının olmasını, ailənin yeganə gəlir gətirən üzvü olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını şəxsin islah olunmasına məhkəmə tərkibinin qənaətincə kifayət etməsini nəzərə alaraq hesab edir ki, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, bununla belə, ARCM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etsin. Həmçinin, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış «Ford Transit» markalı, **-HD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs qalmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cündə nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah etməlidir. Məhkəmə tərkibi, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göründüyü kimi cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli və əlavə cəzanın çəkilmə müddəti-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış “Ford Transit” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs qalması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 85 (səksən beş) manat məbləğdə pul tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-585/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-585/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver